Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:15

Balaş Azəroğlu "Təbrizlə görüş"


(40 il ayrılıqdan sonra)


Bir zülmət gecədə itirdim səni,
Bir aydın gecədə tapdım təzədən.
Bəlkə də gözlərim aldadır məni,
Bəlkə bu gördüyüm heç sən deyilsən?

Mən bu ayrılığa bir ömür dözdüm,
Caçım, saqqalım da ağarmış Təbriz.
Hər yerdə, hər yanda mən səni gəzdim,
Ayrılıq nə yaman olarmış Təbriz!

Gəzdim Avropanı, Şərqi dolandım,
Min şəhər gördümsə Təbriz olmadı.
Gəzdim, nə yoruldum, nə də usandım,
Bu şərq gözəlindən bir iz olmadı.

Özgə bir cəlalın var idi sənin,
Ağ badam çiçəyi ağ örpəyindi.
Dillər də gəzirdi adın, hünərin,
Söylə, o illərin hardadır indi?

Gəldim görüşünə, dedim xəyaldı –
Mərmər evlər gordüm ulduzlar sanı.
Bir anda qəlbimi həyacan aldı,
Bəs mənim gördüyüm o Təbriz hanı?!

Necə doğma idi o kərpic evlər,
Bu mərmər binalar necə soyuqdur!
Çax-çaxlı qapıdan görmədim əsər,
“Əndərun-birun”lu həyətlər yoxdur.

Qədim küçələrin çıxmır yadımdan,
Axı, o yerlərdə ayaq izim var.
Hardadır, Lilava, Əhrab, Maralan?
Mənim xəyalımda o Təbriz yaşar.

* * *

Bilirəm yamandır hökmü zamanın,
Sən də zəmanənin hökmünə düşdün.
Gör necə dəyişib halı dünyanın,
Sən də əlli ildə belə dəyişdin.
Desəm bir Avropa şəhərisən sən,
Yəqin bu sözümdən inciyəcəksən.
İstərəm nə London, nə də Paris ol,
Donun dəyişsə də qəlbən Təbriz ol.
Sən ümid yerimiz, and yerimizsən,
Məşrutə haraylı şəhərimizsən.
Dəyişmə qəlbinin hərarətini,
Unutma Sərdarın vəsiyyətini.
Özünü, əslini unutma Təbriz,
Gələcək nəslini unutma Təbirz!
Unuda-unuda unudulmuşuq,
“Mühacir” olmuşuq, “qaçqın” olmuşuq.
Gəzir övladların diyarbadiyar,
Bizim nə qəribə taleyimiz var.
Ömrün baharında ayrildim səndən,
Ömrün yorğun vaxtı tapdım təzədən.
Gedirəm, həsrətim sona yermədi,
Görüşdük, ayrılıq hələ bitmədi.
Mənimçin alınmaz qalasan Təbriz,
İstərəm Təbriztək qalasan Təbriz.

1993, Təbriz
XS
SM
MD
LG