Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:30

Ermənistan cəbhə xəttində itkilərdən danışır


Erməni əsgəri
Erməni əsgəri
Dağlıq Qarabağda cəbhə xəttində baş verən atışma zamanı 3 erməni əsgəri ölüb.

Bu haqda Xankəndindəki hərbi dairələr məlumat verib.

Mayın 1-də tanınmayan «Dağlıq Qarabağ Respublikası»nın Müdafiə Nazirliyindən bildiriblər ki, ölən əsgərlərdən biri - Vazgen Baxşiyan aprelin 29-da, digər ikisi isə ondan sonrakı gün öldürülüb. İki əsgərin adı dəqiqləşdirilməyib. Atəşkəsin pozulmasına Azərbaycan tərəfinin səbəb olduğu bildirilib.

Hadisəyə Ermənistanın Xarici İşlər Nazirliyi dərhal reaksiya verib. Ölüm hadisələrini pisləyib və Bakını kövrək atəşkəs rejiminin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səyləri sarsıtmaqda ittiham edib.

Aprelin 30-da verilən həmin bəyanatda deyilir ki, «bu cür hərəkət beynəlxalq ictimaiyyət tərəfindən çox sərt şəkildə pislənməlidir».

Azərbaycan Xarici İşlər Nazirliyi də mayın 2-də buna reaksiya verib, ittihamları rədd edib. Nazirliyin sözçüsü Elman Abdullayev deyib ki, «Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Erməni tərəfinin bu cür ittihamları adekvat deyil».

Yerevandakı hərbi mənbələrə istinad edən tert.am portalı bildirir ki, aprelin 30-da Qarabağdakı erməni hərbi birləşmələrinə Azərbaycana qarşı cavab əməliyyatı keçirmək əmri verilib. Ermənistan Müdafiə Nazirliyinə yaxın hərbi ekspert David Camalyan iddia edir ki, cavab olaraq 3 Azərbaycan əsgəri öldürülüb.

Azərbaycanın Müdafiə Nazirliyi isə Azərbaycan tərəfdən heç bir itkinin olmadığını bildirib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev:

Üzeyir Cəfərov
«Cəfəngiyatdır, yalan məlumatdır. Dezinformasiyadan başqa bir şey deyil. Heç bir əsgərimiz ölməyib, ya da yaralanmayıb. Heç bir əsası olmayan məlumatdır».

Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, Azərbaycanda ƏSGƏR ÖLÜMLƏRİ İLƏ BAĞLI MƏLUMATLAR ƏVVƏLLƏR GİZLƏDİLİRDİ, İNDİ İSƏ BU, MÜMKÜN DEYİL:

«Azərbaycanda əvvəlki vaxtlarda belə bir şey mümkün idi. Belə şeylər olurdu. Açıq etiraf etmək lazımdır ki, bəzən əsgər ölümlərində məlumat vaxtında ictimaiyyətə çatdırılmırdı. Ancaq indiki halda ermənilər yanlışlığa yol veriblər. Yanlışlıq da ondan ibarətdir ki, həqiqətən atışma olub. Amma ölən olmayıb. Ona görə də demək olmaz ki, ölən var və Azərbaycan tərəfi bunu gizlədir. İndi Ermənistanda daxili vəziyyət bir az gərgindir. Özlərinə yaxın hərbi ekspertlər vasitəsilə dövriyyəyə belə bir məlumat buraxırlar ki, Azərbaycan tərəfdən də itkilər var. Bir növ daxili auditoriyaya hesablanmış açıqlamadır».

Atəşkəsin tez-tez pozulması nəticəsində hər iki tərəfdən itkilər son illərdə daha da artıb. Bu da beynəlxalq ictimaiyyəti ciddi narahat edir.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri zamanı onlar bu cür insidentlərin təhqiqatı üçün mexanizm layihəsi təklif ediblər. Bu mexanizmdə bütün tərəflərin iştirakı nəzərdə tutulur. Ancaq mexanizmin təfərrüatları hələ açıqlanmayıb.
XS
SM
MD
LG