Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:29

Dindarlara cinayət işi açılıb


Təhsil nazirliyi qarşısında dini şüarlar
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid
Mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya ilə bağlı cinayət işi qaldırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, aksiya zamanı polisin ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığına məhəl qoyulmayıb: «Aksiya iştirakçılarının aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulub. Vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub».

Aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərdiyi deyilir.

Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb.

Nazirliyin açıqlamasında aksiya zamanı necə nəfərin saxlandığı açıqlanmır.

«HİCABA AZADLIQ» AKSİYASI

Bir qrup dindar mayın 6-da Təhsil Nazirliyinin qarşısında növbəti dəfə aksiya keçib. 100-ə yaxın dindar «Hicaba azadlıq!», «Allahu Əkbər!» kimi şüarlar səsləndiriblər, təhsil nazirindən tələb ediblər ki, orta və ali məktəblərdə hicaba qadağanı aradan qaldırsın.

Hələ aksiya başlamamışdan – səhər saatlarından Nazirliyin ətrafında polis qüvvəsi gücləndirilib. Şüarlar səsləndirməmişdən əvvəl polis artıq bir neçə dindarı maşınlara mindirib ərazidən uzaqlaşdırıb. Aksiya zamanı isə bir qrup dindar Nazirliyin binası qarşısında, digər qrup isə arxa küçədə şüarlar səsləndiriblər. Şahidlərin dediyinə görə, jurnalistlər arxa küçədə çəkiliş aparan zaman nazirliyin binası qarşısında aksiya iştirakçıları polisə daş atıblar, hər iki tərəfdə yüngül xəsarət alan olub. İştirakçılardan bir neçəsini polis saxlayıb.

Aksiyada bir neçə hicablı qadın da iştirak edib, polis onlardan birinin oğlunu saxladığına görə qadının halı pisləşib, hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.

Misir Mərdanov
«GƏRGİNLİK YARATMAĞA EHTİYAC YOXDUR»


Bundan öncə də bir qrup dindar orta məktəblərdə şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulmasına etiraz aksiyası keçiriblər. Təhsil naziri Misir Mərdanov isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan dünyəvi dövlətdir və bu məsələdə gərginlik yaratmağa ehtiyac yoxdur. Nazir bildirib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır.

HAKİMİYYƏTİN QƏRBƏ MESAJI

Siyasi şərhçi Azər Rəşidoğlu isə hesab edir ki, dindarların aksiyasında hər hansı qüvvənin və ya dövlətin izini axtarmaq düzgün deyil, aksiya iştirakçıları sadəcə bir qrup hüququ pozulmuş insanlardır. O ki qaldı polisin bu cür aksiyaları dağıtmaq mexanizminə:

«Dindarların aksiyasının daha qəddarlıqla dağıdılması qərbə verilən mesaj kimi dəyərləndirilə bilər ki, burda islam fundamentalizmi yetişir və əgər biz hakimiyyətdən gedəriksə bizim alternativimiz məhz bu qaraguruh islam mövhumatı olacaq».

ABŞ Dövlət Departamentinin ötən ilin noyabrında açıqladığı dünyada din azadlığına dair hesabatında qeyd olunurdu ki, Azərbaycanda müsəlmanların baş örtüyü ilə pasport yaxud digər sənəd şəkli çəkdirməsinə icazə verilmir.
XS
SM
MD
LG