Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:32

Gül Bayramı necə keçdi? (VİDEO)


Bakıda "Gül Bayramı" keçirildi
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00
Direct-ə keçid
- Saat 10-dan burdayıq, dedilər 11-də açılacaq, saat 1-dir, amma ortalıqda heç nə yoxdur. Buraxmırlar, heç yolu da keçə bilmirik. Evə gedə bilmirik.

Heydər Əliyev adına Sarayın qarşısında Zəminə Əhmədova kimi yüzlərlə Bakı sakini yolunu çaş-baş salıb. Ətraf küçələrin əksəriyyətində gediş-gəliş məhdudlaşdırılıb.

Parkın qarşısına yığılan yüzlərlə adam isə maşınların hərəkətinə maneə yaradıb.

BƏZƏNMİŞ PARKA KƏNARDAN TAMAŞA


Onların məqsədi birdir – Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş prezident Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təşkil etdiyi Gül bayramında iştirak etmək, parkda sərgilənən güllərə tamaşa etmək. Amma bunun üçün saatlarda gözləmək gərəkmiş.

- Saat 11-də gəldim, bağlıydı, gedib evdə yeyib-içib təzədən gəlmişəm, hələ ki, qoyun sürüsü kimi fırlanırıq. Hamı işini- gücünü atıb gəlib ki, uşaq bayram görsün, amma səhərdən fırlanırıq.

- Saat yarımdır burdayıq uşaqlarla, amma heç nə edə bilməmişik, uşaqlar deyir ana budur sənin konsertin?

50 ÖLKƏDƏN GƏTİRİLMİŞ GÜLLƏR


Parka giriş yalnız günorta saat 1-dən sonra mümkün oldu. Hər il olduğu kimi bu dəfə də park büsbütün güllərlə bəzədilib, hətta ötən illərdən fərqli olaraq bu dəfə güllərlə bəzədilmiş müxtəlif nağıl qəhrəmanları, Heydər Əliyevin daha böyük ölçülü portreti və digər eksponatlar sərgilənib.

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Şövqi Vəzirovun dediyinə görə, bu il 50 ölkədən gül gətirilib, dekorasiyaların hazırlanmasında xarici ölkələrin dizayn şirkətlərinin nümayəndələri də iştirak edib.

– Bu kompozisiyaların qurulmasında 50 ölkədən gətirilmiş güllər istifadə olunub. Həm də böyük dizayn şirkətlərinin nümayəndələri burda iştirak ediblər.

GİZLİ SAXLANAN MİLYONLAR


Bütün bu bər-bəzəyə xərclənən vəsait barədə informasiya isə hər il olduğu kimi bu il də qaranlıq qalır. Bakı Şəhər İcra Hakimiyyəti məbləği açıqlamır. Amma ekspertlər söhbətin bir neçə milyon manatdan getdiyini deyirlər.

İqtisadçı Natiq Cəfərli deyir ki, dövlət büdcəsindən xərclənən məbləği gizli saxlamaqla İcra Hakimiyyəti nəinki vətəndaşların informasiya almaq haqqını pozur, həm də ölkənin qanunvericiliyinə əməl olunmur. Çünki 50 min manatdan yuxarı məbləğdə vəsaitin xərcləndiyi tədbir düzənlənirsə, bununla bağlı mütləq tender elan olunmalıdır:

- Azərbaycan cəmiyyətinə bu haqda məlumat vermirlərsə, heç nə izah olunmursa və büdcədən külli miqdarda vəsait xərclənirsə, bunu ancaq ailə bayramı kimi qiymətləndirmək mümkündür. Azərbaycanın böyük problemləri olduğu halda, Azərbaycanda orta aylıq təqaüdün çox aşağı olduğu zamanda külli miqdarda vəsaitin bir gün üçün xərclənməsi təəssüfverici bir faktdır.

«BİZİM ÜÇÜN BAYRAMDIR»


Parka tamaşaya gələn Bakı sakinlərinin bu məsələyə münasibəti də birmənalı deyil:

- Xərclənən bu pulların yarısını əhaliyə sərf etsələr, daha yaxşı olar.
- Düzdür, başqa ağrılı yerlərimiz də var, amma bu da ildə bir dəfə olur da. Məncə bu da olmalıdır, başqa problemlər də inşallah həll olunar.
- Məncə bu pulu qaçqınlara, daha yaxşı yerlərə xərcləsələr, daha düzgün olar.
- Hər il qeyd edirik, bizim üçün bayramdır.

Azərbaycanda gül bayramı 2004-cü ildən, keçmiş prezident Heydər Əliyevin doğum günündə qeyd olunur.
XS
SM
MD
LG