Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:23

Dunya Miyatoviç: «Fikrini deyən həbsə atılmamalıdır»


Dunya Miyatoviç
Dunya Miyatoviç
ATƏT-in Söz və Media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatović) AzadlıqRadiosunun «İşdən Sonra» proqramına müsahibə verib.

- Siz mətbuat konfransında hökumətlə görüşlərinizdə qaldırdığınız məsələləri qeyd etdiniz. Mən dinləyicilərimiz üçün təkrarlayım ki, bu, Eynulla Fətullayevin azadlığa buraxılması, Cabbar Savalanlının məsələsi, «Azadlıq» qəzetinin müxbirlərinə olan təzyiqlər, beynəlxalq radiolar və s. məsələlərdir. Təəssüratınız nədir? Tənqidlərinizi necə qəbul edirlər və bu tənqidlərin real addımlarla nəticələnməsi ehtimalı nə qədər böyükdür?

- Bu işi görmək üçün mən optimist olmalıyam. Amma mən həm də realist olmalıyam. Amma bu məsələlər barədə konkret mühakimə yürütmək üçün nəticələri görməliyəm. Hələ ki, ancaq onu deyə bilərəm ki, səfərim çox dostcasına və açıq şəraitdə keçirilib. Qarşımda bütün qapılar açıq idi, xahiş etdiyim bütün görüşlər təşkil edilmişdi. Ölkə rəhbərliyindən tutmuş nazirliklərə, qeyri-hökumət təşkilatları və mediaya qədər heç kim mənimlə görüşdən imtina etmədi.

«MƏSƏLƏLƏR ÇÖZÜLƏNƏDƏK QALDIRILACAQ»


Bu, artıq yaxşı başlanğıcdır. Çünki əgər biz söz və media azadlığından danışırıqsa, dialoq çox önəmlidir, o cümlədən tənqid məsələsində də. Tənqid çox konstruktiv qəbul edilirdi. Mən müxtəlif məsələləri müxtəlif nazirliklər qarşısında qaldırırdım. Məsələn, jurnalistlərin təhlükəsizliyi məsələsini Daxili İşlər Nazirliyi qarşısında qaldıranda, «Azadlıq» qəzetinin jurnalistlərinə qarşı hücumları xatırlatdım və mən nazir, Mətbuat Şurası və media icması arasında dialoqun başlanmasını eşitməkdən çox həvəsləndim. Çünki fikrimcə, bu, jurnalistlərə qarşı hər hansı hücumların səbəbini, günahkarlarını tapmaq və onlarla bağlı narahatlığın ifadə olunması üçün ilk addımdır. Mən həmçinin, Elmar Hüseynovun işini müzakirə etdim, çünki jurnalistlərə hücumların cəzasızlığı məhz bu işdə bariz əksini tapır.

Eynulla Fətullayev və Cabbar Savalanlının da məsələsi çözümünü elə bir şəkildə tapmalıdır ki, fikrini ifadə edən, o cümlədən provokativ və təzadlı fikirlər söyləyən insanlar buna görə həbsə atılmasın. Bu, son deyil, mən bu məsələləri onlar həllini tapana qədər qaldırmaqda davam edəcəyəm. Ümid edirəm ki, bu, tezliklə baş verəcək.

«ÜMİD EDİRƏM, CABBAR SAVALAN YENİ EYNULLA OLMAYACAQ»

- Siz həm professional media, həm də Cabbar Savalanlı kimi «Facebook» fəallarının işlərini qaldırırsınız. Bu məsələlərin müzakirəsində fərq varmı? Hökumət bu məsələlərin müzakirəsinə, konstruktiv dialoqa eyni dərəcədə hazırlıq nümayiş etdirirmi? «Facebook» fəallığı yeni, bəlkə də o qədər anlayışla qarşılanan sahə deyil axı.

- Müzakirəyə hazırlıq məsələsi ümumiyyətlə, problem deyildi. Əksinə, bütün məsələlər, hətta ən həssas məsələlər belə çox açıq müzakirə olunurdu. Bunu qeyd etdik. Amma bu yeni münasibəti alqışlamağımız üçün həm də nəticə görməliyik. Çünki müzakirə etdiyimiz, müəyyən mənada vəd edilən real addımları görmədən tərif, yaxud tənqid etməyi xoşlamıram. Biz də öz növbəmizdə köməyimizi təklif etmişik. «Facebook», bu əlçatan vasitədən səslərini, razılığını, narazılığını, sevincini, kədərini çatdırmaq üçün istifadə edən gənclər Azərbaycanda, yaxud dünyanın hər hansı başqa ölkəsində təhlükə kimi qəbul edilməməlidir. Bu məsələni qaldırdım. Düşünürəm ki, daha tolerant olmalıyıq, bu yeni dalğaya qarşı bir az açıq olmaq lazımdır. Təkcə burda baş vermir, bütün dünyada baş verir. Məncə, heç yerdə təzyiqə məruz qalmamalıdır.
Elmar Hüseynov
Ümid edirəm ki, Cabbar Savalanlının işi tezliklə çözüləcək, Savalanlı yeni Eynulla olmayacaq. Çünki indi Azərbaycanın hər şeydən az məhz buna ehtiyacı var.

«ELMAR HÜSEYNOVUN QƏTLİNİN SİFARİŞÇİLƏRİ TAPILMALIDIR»

- Elmar Hüseynovun işinə toxundunuz. Görünən budur ki, istintaqda olan açıq suallar bu işin çözümünün dalana dirənməsinə səbəb olub. Təhqiqatın həm də Gürcüstanda getməli olduğunu nəzərə alaraq, Sizin ofisiniz, yaxud ATƏT çətiri altında hər hansı qurum bu istintaqın bir nəticəyə varması, yaxud müstəqil istintaqın aparılması üçün yardımçı ola bilərmi?

- Söz azadlığı üzrə nümayəndənin çox aydın mandatı var, ATƏT-ə üzv olan 56 ölkə tərəfindən qəbul edilib. Mən hökumətin yadına sala, suallar verə bilərəm. Mən təhqiqatın aparılmasında yardımçı ola bilmərəm. O ki qaldı başqa qurumlara və imkanlara, vacibdir ki, Azərbaycan hökuməti bundan ötrü müraciət etsin. Çünki hökumətin istəyi, razılığı olmadan ədliyyə prosesinə qarışmaq ATƏT-in gördüyü işlərdən deyil. Mən məsələni Daxili İşlər Nazirliyi ilə müzakirə etdim, bilirəm ki, istintaq davam edir, konkret bu məsələdə əvvəlcədən mühakimə yürütmək çətin olardı. Mən proses haqqında xəbərdaram və bilirəm. Gürcüstanla bağlı olan məqamları da bilirəm. Amma hətta killerin tutulub mühakimə olunması bu işin çözümü deyil. Çünki sifarişçilərin tapılması daha vacibdir.

- Əslində killerlərin mühakiməsi ilə yanaşı, onların dindirilməsi vacibdir.


- Onların mühakiməsi hər şeydən vacibdir, çünki bununla qurbanlar, mərhumun ailəsi və 21-ci əsrdə bu cür hadisələrin baş verməməsini istəyənlər ədalət tapmış olarlar. Çünki kiminsə fikrini ifadə etməsi, yaxud cəmiyyəti məlumatlandırmağa çalışmasına görə öldürülməsi və təzyiqə məruz qalması tamamilə qəbuledilməzdir. Əlbəttə ki, dindirilmələr çox vacibdir, amma sonda yenə də ədalətli və şəffaf mühakimə olmalıdır, saxta qərar yox.

«HÖKUMƏTLƏRİN SÖZDƏN QORXMASI…»

- Sələfiniz Mikloş Haraşti vəzifəsi ilə vidalaşmazdan əvvəl ondan müsahibə götürmüşdüm. Onun tez-tez işlətdiyi söz məyusluq idi. İndi siz iş müddətinizin başlanğıcındasınız. Narahat deyilsiniz ki, mənzilbaşında Siz də məyus olasınız?


- Mən düşünmürəm ki, cənab Haraşti çox məyus olmuşdu. Əlbəttə ki, neqativ məqamlar var, amma onun mandatı dövründə yaxşı şeylər də baş verib. Onun əvəzinə danışmaq istəmirəm, əziz dostumla indi də tez-tez ünsiyyətdə oluruq. Tək bu ölkədə deyil, bir çox ölkələrdə media və ifadə azadlığının boğulması halları ilə bağlı, belə demək olarsa, xəyal qırıqlığımızı bölüşürük. Çünki dünyanın bir çox ölkəsində, hətta oturuşmuş demokratiyalarda belə danışan səsləri susdurmaq cəhdləri olur. Bəzi ölkələrdə hökumətlərin onlara zərbə vuracaq hər şeydən qorxduğunun şahidi oluruq. Onların SÖZdən nə qədər qorxduğunu görmək çox maraqlıdır. O ki qaldı məyusluğa, məndə bu hiss yoxdur. mouth ukraine
«Onlar hər şeydə medianı günahlandırırlar. Sanki, cəmiyyətin bütün problemlərində media günahkardır»
Məni adamlar məyus edə bilər, amma bu şəxsi həyata bağlı məsələdir. Neqativ halları görəndə, mübarizə əzmim, enerjim daha da artır.

«ELƏ BİLİRLƏR, MEDİANI SUSDURSALAR, HƏR ŞEY YAXŞI OLACAQ»


- Bilmirəm, artıq müşahidələriniz bu suala cavab üçün kifayət edirmi, amma yenə də soruşum. Azərbaycanda media və söz azadlığı ilə problemlər Sizcə, sistem problemidir, yoxsa şəxsiyyətlərə bağlıdır?


- Bu, yəqin ki, ikisinin qarışığıdır. Əlbəttə, hələ ki tezdir. Bilmirəm, mən bu məqamda fikrimi söyləyə bilərəmmi, amma məncə, burda hər şeydən bir az var. Amma mən bir çox problemli - bura öz ölkəmi, Bosniya Herseqovinanı da əlavə edirəm - bir çox problemli ölkələrdəki yanaşmanın əleyhinəyəm. Onlar hər şeydə medianı günahlandırırlar. Sanki, cəmiyyətin bütün problemlərində media günahkardır. Düşünürlər ki, medianı susduranda, hər şey yaxşı olacaq. Bu, çox yanlış yanaşmadır. Media sadəcə, cəmiyyətdəki problemləri əks etdirir. Media ilə bağlı problemlər də təkcə azadlıq məsələsi ilə bitmir, daha mürəkkəbdir. İfadə azadlığı uğrunda mübarizədə həllini tapmalı çoxlu məsələlər var. Mən də inanıram ki, bunlar bir gecədə həll olunacaq məsələlər deyil, amma «biz fərqliyik, həssas məsələlərimiz var deyə, bizə daha çox vaxt lazımdır» yanaşmasının da əleyhinəyəm. Məncə, ATƏT-in bəzi başqa ölkələri kimi, Azərbaycan da daha sürətlə hərəkət etməlidir. Yenə də keçmiş sistemin irsindən azad olmağa çalışan Balkan ölkələri ilə müqayisə edəcəyəm. Bu, çox ağrılı yoldur, onu başa vurmaq üçün daha səbirli, daha tolerant olmaq, amma həm də ləngiməmək lazımdır. Elə buna görə də ofisimdən basqı göstərməkdə, qapıları döyməkdə davam edəcəyəm ki, dəyişikliyə nail olum. Amma yaxşı olan budur ki, mənim burda düşmən deyil, dost olduğumu anlayırlar.

«BEYNƏLXALQ RADİOLARIN YERLİ TEZLİKLƏRDƏ YAYIMI BƏRPA OLUNMALIDIR»


- Mətbuat konfransında dediniz ki, beynəlxalq radioların yerli dalğada yayımı ilə bağlı məsələni qaldırmısınız, amma aldığınız cavab nə aydın, nə də qənaətbəxş olub. Dinləyicilərimiz bu barədə daha çox eşitmək istəyər yəqin ki...


- Mən məsələni qaldırdım, Milli Teleradio Şurası ilə görüşdə səbəbləri soruşdum. Mənə verilən cavab aydın və qənaətbəxş deyildi. Səfərdən geri dönəndən sonra bir daha bu məsələni yazılı şəkildə qaldıracağam. Mətbuat konfransı və press-reliz mənim başladığım prosesin başlanğıcıdır. Biz bütün görüşlərimizi yenidən analiz edəcəyik və hər məsələyə yenidən baxacağıq. Məncə, beynəlxalq kanalların yerli dalğada yayımı bərpa edilməlidir. Amma Sizə heç bir təminat verə bilmirəm, bundan ötrü, Azərbaycanda hansı proseslərin getdiyini görməliyəm. Hər bir ölkənin öz media nizamlama mexanizmi var, amma onlar öz işlərini beynəlxalq standartlara uyğun qurmalıdırlar. Bu standartlar isə lisenziyaların şəffaf, qərəzsiz verilməsini tələb edir.

«HÖKUMƏT TƏNQİDLƏRİ HƏZM ETMƏLİDİR»


- Burda ən çox məmnun olduğunuz görüş hansı idi?

Dunya Miyatoviç və İlham Əliyev
- Mən ayrı-seçkilik etməsəm yaxşı olar. Amma dediyim kimi, ən çox xoşuma gələn media ilə ünsiyyətim idi. Kömək etməyə çalışdığım insanlarla görüşlər. Çoxlu hökumət nümayəndəsi ilə görüşdüm, onların hansı ilə görüşdən daha çox məmnun olduğumu deməsəm yaxşıdır. Amma məsələn indi, sizinlə ünsiyyətdən çox məmnunam, bunu saatlarla edə bilərəm.

- Hökumət rəsmiləri Sizin fikrinizi bölüşmür, hesab edirlər ki, biz onları iynələyirik.


- Media bəzən iynələyir, amma hökumət də bu tənqidləri həzm etməyi öyrənməlidir, xüsusilə də ictimai şəxslər. Mənim xoşuma gəlir tənqidi suallar eşitmək. Bu, mənə də öz işimdə düzəlişlər etmək imkanı verir. Məncə, ictimai vəzifə tutan şəxslər də özlərində tənqidlərə dözümü tərbiyə etməlidirlər.

- Biz jurnalistlər deyirik ki, biz ayrı-seçkilik qoymadan, hər kəsə qarşı eyni dərəcədə tənqidçiyik. Amma deyəsən, Sizinlə söhbət çox yumşaq oldu. Bəlkə qüsuru düzəldək? İşinizin faydalı olduğunu düşünürsünüzmü? Gəlirsiz, gedirsiz, Azərbaycanda isə vəziyyət, hesabatlara inansaq, pisləşir. Belə çıxır ki, vaxt və vergiödəyicilərin pullarını boşuna sərf edirsiz?


- Bu, çox yaxşı sualdır, çox da faydalı və realistik sualdır. Mən özüm özümə bu sualı verirəm. Yüksək vəzifə tutan hər kəs özünə məhz belə tənqid mövqeyindən yanaşmağı bacarmalıdır. Sual verməliyik ki, həqiqətən də öhdəsindən gəlirikmi? Nəyisə dəyişə, irəliyə apara bilirikmi? İndiki məqamda mən durumumdan razıyam, çünki burada media icması tərəfindən müsbət qəbul olunduğumu düşünürəm. Bəzən komandamla birgə uğurlara da imza atırıq. Bəzi hallarda bu uğurlar çox xırda olur, hər halda 56 ölkə ilə işləyirik, cəmi 11 nəfərik.

- Nə deyirsiz, büdcənizi artırsınlar?

- Yox, kifayətdir. Biz ATƏT içində ən gənc və çox effektiv işləyən qurumuq. Büdcəmiz kiçikdir, amma işimizi görməyə imkan verir. Ölkələrə gedir, hadisəni yerində izləyə bilirik. Amma işimi qiymətləndirmək üçün başqalarını eşitməyə ehtiyacım var. Amma əvvəldə danışdığımız kimi, hələ yeniyəm və nəyi bacarıb, nəyi bacarmadığımı ölçmək üçün bəlkə bir az tezdir. Müddətimin sonunda yenə məndən müsahibə götürərsiniz, onda o ki var iynə batıra bilərsiniz.

- Gəlin, Sizin uğurunuzu hər səfərinizdə ölçək.

- Danışdıq. Razıyam.
XS
SM
MD
LG