Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:21

Məhkəmədə şahid Nemət Pənahlının əleyhinə ifadə verib


Mayın 17-də Nəsimi rayon Məhkəməsində Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının və onun dostu Ceyhun Fərzullayevin məhkəməsi davam edib.

Nemət Pənahlı və Ceyhun Fərzullayev Eldəniz Rzayev adlı şəxsi döyməkdə təqsirləndirilirlər.

Məhkəmə iclasında şahid Böyükbəy Əliyarbəyov ifadə verib. O, bildirib ki, bu il yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevin Nemət Pənahlı və Ceyhun Fərzullayev tərəfindən döyüldüyünün şahidi olub. Onun deməsinə görə, Nemət Pənahlı ilə Ceyhun Fərzullayev Eldəniz Rzayevi təpiklə və yumruqla döyəndən sonra zorla avtomobilin yük yerinə mindirmək istəyiblər. Ancaq o, mane olub.

Şahid tərəflərin suallarını cavablandırarkən Eldəniz Rzayevin üzündə döyülmədən xəsarətlər olduğunu deyib.

NEMƏT PƏNAHLI ŞAHİDİN İFADƏSİNƏ ETİRAZ EDİB

Deyib ki, zərərçəkmiş Eldəniz Rzayev özü ötən məhkəmə iclaslarında maşının yük yerinə oturdulmasını inkar edib. Həmçinin üzündən yox, başından zərbə aldığını deyib. Nemət Pənahlı şahidin saxta ifadə verdiyini söyləyib.

Nemət Pənahlı
Vəkillər məhkəmə qarşısında bir neçə vəsatət qaldırıblar. Vəkil Samir İsayev deyib ki, hadisənin baş verdiyi deyilən ərazidə müşahidə kamerası var. O, hadisə baş verən gün müşahidə kamerası tərəfindən çəkilənlərin məhkəməyə təqdim olunmasını xahiş edib.

İkinci vəsatət polis əməkdaşlarının məhkəməyə dəvət olunması və dindirilməsi ilə bağlı olub: «4 polis işçisi var ki, ibtidai istintaq onları dindirsə də, adları məhkəməyə çağırılan şahidlərin siyahısına salınmayıb».

Üçüncü vəsatət zərərçəkmiş Eldəniz Rzayevin xəstəxanada müalicə aldığı vaxt çıxarılmış epiqrezlərlə bağlı olub. Vəkillər xahiş ediblər ki, Eldəniz Rzayevin xəsarətlərinin və hansı istiqamətdə müalicə aldığının araşdırılması üçün həmin epiqtezlər məhkəməyə təqdim olunsun. Hakim vəsatətləri təmin edib.

MƏHKƏMƏ İCLASI MAYIN 24-DƏ DAVAM EDƏCƏK

Nemət Pənahlı və Ceyhun Fərzullayev xuliqanlıqda ittiham olunurlar. Hər ikisi Eldəniz Rzayevin hüquq mühafizə orqanlarına etdiyi şikayət əsasında bu il yanvarın 8-də həbs olunub.

İttihama görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüblər, ona yumruq və metal əşya ilə xəsarət yetiriblər. Nemət Pənahlı ilə Ceyhun Fərzullayevin müdafiəçiləri isə ittihamların saxta olduğunu, hər iki şəxsin sifarişlə həbs olunduğunu bildirirlər.

Bu ittihamlar Azərbaycanda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
XS
SM
MD
LG