Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Ağa Laçınlı. Şeirlər (1980-85)

















QAPINI AÇ

Qapını yüyrək aç mən qayıdanda,
Ay qədir bilənim, üzə gülənim.
Barı öz qapıma gəlib qonanda
Açar qabağıma yüyürsün mənim.

Qapılar önündə ürəyim yanıb,
Yolsuzlar daş olub yolu hörəndə.
Üzümə oxarta qapı qapanıb,
Qorxuram qapını bağlı görəndə.

Mənim xoşum gəlmir söz böyütməkdən,
Sözün də yalanı ölüb-itibdi.
Qapı qabağında boyun bükməkdən
Az qala boynum da əyri bitibdi.

Kürlük görə-görə kürküm od alır,
Arılıq öyrədir ad-sanı kirli.
Kəsib qapıları hay-haray salır
Büllura bürünən qızıl zəncirli.

Qapı qabağında qaraldı qanım,
Öyrəşə bilmədim düzü danmağa.
Öyrəşdi varlığım, günüm, gümanım
Qanmaz qapısında donub-durmağa.

Yoruldu, dirəndi diribaş dilək,
Dünyadan iriymiş keçilməz qoruq.
Ölüm kilidləri önə sərilcək
Asılı qalırıq, adsız oluruq.

Bağlıca qapılar bağrı çatladır,
Bəzən də ölümdən qaçıram birbaş.
Ərkim bir evimə, bir sənə çatır,
Qapını yüyrək aç, istəkli sirdaş.

1980


MAMAM KƏKLİYƏ

Üzünə baxmağa gəlmişəm ancaq,
Gəlmişəm evində doğmalıq duyum.
Tez süfrə bəzəmə, bir sözümə bax,
Dizini yastıq et – başımı qoyum.

Ta möhtac deyiləm yağlı tikənə,
Bir görüş acıyam, istəkli mama.
On taxta tumanı yellədib yenə,
Uyumuş ocağı çox qurdalama.

Bu dönə yanımdan uzağa getmə,
Gəl, ay ağbirçəyim, bir eşit məni.
Bu dönə uşağa quzu mələtmə,
Bu dönə çığırtma toyuq-cücəni.

Oturaq diz-dizə, ovunaq bir az,
Dayanaq üz-üzə, közərsin yaram.
Qorxma, bu ağrıdan ağlım azıxmaz,
Qorxma, bu sevincdən dəli olmaram.

Gəl yenə baş çəkək o qəbirliyə,
Darıxmış daşlara sığınaq orda.
Düzü, gümanlıyam sonku birliyə,
Azımız burdadı, çoxumuz gorda.

Perikən quşlarıq – pərən-pərənik,
Ay mama, dilləndi yaralı yaddaş.
Baxışı yol əkən yorulmaz ləlik
Bir sənsən, bir yurddu, bir ulu dam-daş.

O solğun gözündə gözləri gəzdim,
Nənənin-babanın işığı səndə.
Adını bir belə əziz bilməzdim,
Nəslin qoxusu var gül nəfəsində.

Eh, mənim taledən nə umacağım?
Demirəm süd dolu arxım olaydı.
Dərdə tüstü verən odum-ocağım,
Dərdi dəhrələyən arxam olaydı.

Demirəm qaynaşsın ballı arılar,
Duyğum da özümlə çox döyüşməsin.
İşığa yığışan qonaq-qaralar
Bizim qapımıza düşmür-düşməsin.

Qurdlar arxacı da qurudub axı,
Gözümə görünmür o erkəc təkə.
Bir də qızıl naxır, göydəmir ilxı
Kimi yarıtmışdı – məni də çəkə?!

Ən gözəl çağımdı görüşlü çağım,
Bitməz diləklərdən axı nə fayda?
Kaş elə sağala odşülək dağım,
Kaş elə gedənlər geri qayıda...

Közərib könlümün örtülü yası,
Qarışmaq istərəm umu-küsünə.
Gəl otur yanımda, atam bacısı,
Gəl otur sığınım bacı köksünə.

1980


* * *

Dərdimə dağ çəkdin, a doğma dağım,
Yadıma düşmədi qayğımın adı.
Çınqılı çığırdan yalın ayağım
Yonula-yonula heç ağrımadı.

Bərədə bəslənmiş nəzik nərgizim,
Uzun ayrılıqmı saraltdı səni?
Alın yazımız da oxşardı bizim
A yol bənövşəsi, selab süsəni.

Qürub boyalısan, a novruzgülü,
Qoxuna qarışdı qarın ağ buğu.
Kökün daş üstündə, canın üzgülü,
Sıxdı varlığını daş gobudluğu.

A təpə, çənindən çal papaq qoyam,
Tamahım yeriməz dünya malına.
Budağı budanmış alça koluyam,
Günəş can sarıya, calaq alına.

Döşə qorxu sərən silvi sıldırım,
Yolumun ağzında az dur, az şini.
Danıb qəlbimdəki çarpaz şırımı,
Yenidən başlaram qurd yerişini.

Havada oynayan havalı ürgə,
Gəmini gəmirmə, ağıllı gəzin.
Boyunu sevəndən çox ürkə-ürkə
Əlinə keçərsən qədirbilməzin.

A gözəl talada otlayan cüyür,
Tanı yol güdəni, bərə kəsəni.
Ovçun oyanmamış üstümə yüyür,
Ölümün gözündən gizlədim səni.

Batan gün, ömürün belə gödəkmi?
Sürüyüb apardın xoş çağlarımı.
A bulaq saflığı, a zirvə zəhmi,
Sizə tapşırıram uşaqlarımı...

A şehli çəmənə örtülən gecə,
Məni bələmisən yaz qoxusuna.
Üzümü üzünə qoyub beləcə,
Gedərəm illərin dev yuxusuna.

A meşə, nə yaxşı ev-eşiyin var,
Qulağım dincəlir sizə gələndə.
Sizə bir balaca ilişiyim var, –
O da olmayacaq sap üzüləndə.

Sən ağrı yoğurma, yurdum-sirdaşım,
Buyruğa baxaram söz uydurunca.
Farağat dayanan əsgər başdaşım
Çəkər keşiyini dünya durunca...

1981


QARI ÇİÇƏK BİLMİŞİK

Çölçüydük,
odunçuyduq,
karvançıydıq, kim idik...
Gedirdik güney-güney,
aşırdıq gədik-gədik.
Biz ürəklə gedirdik – ürək gümana bağlı,
Yayımız xoş üzlüydü, qışımız qaş-qabaqlı.
Qışımız titrədəndə bükülüb-büzüşürdük,
Boran qopan quzeydə qalın qara düşürdük.
Heç duymurduq –
gözümüz necə alacalandı,
Bizə elə gəlirdi, –
dünya birdən dolandı,
bu qış yaza calandı.
Biz üşünüb, düşünüb – ağarırdıq ağappaq,
Qarda çiçək görürdük – tar üstündə göy yarpaq.
Yoldaşın bir toxtağı –
süzüb tufanlı dağı,
süzüb donan uşağı
hay salırdı çaparaq.
Biz şenliyə çatırdıq quru qar yağa-yağa,
Özümüzü verirdik köz süfrəli ocağa.

Gördüyümüz o qışlar şükürlüymüş, ötənmiş,
Dərdin polad güclüsü dəmir canda bitənmiş.
Aylar, illər dolanıb – ayrı qara düşmüşük,
Soyuqluğun içində yanğılara düşmüşük.
Bələnmişik günlərin qayğısızlıq qarına,
Çaparımız olmayıb varlığımız qoruna.
Ancaq dilək buyurub – biz yenə də getmişik,
Qarçiçəyi olmuşuq – qar altında bitmişik.
Bəlkə ovsunlanmışıq?..
Ya bir anlam var bunda, –
dünyanın qar düzünə könüllü sərilmişik!
Həyatın adam udan,
baş qatan, baş ovudan
qasırğalı qoynunda
qarı çiçək bilmişik!

1981


OCAQ DAŞI

Bürünmür qazanın, sacın ətrinə,
Qalıb yurd yerində, qəhərlənib o.
Tənha qəbir kimi allah xətrinə
Vəhşi gül-çiçəklə çəpərlənib o.

Az qalıb üstünü qar qəlbiləyə,
Hopur bərkliyinə nəmişli külək.
Təskinlik gətirib lal qəribliyə
Səhrada görünən insan izi tək.

Susub aşağılar, donub qəlbilər,
Qorxur taleyinin boz payızından.
Elə yuxalıb ki, ovula bilər
Qırov darısından, duman tozundan.

Sinəsi çör-çöplə çarpaz əkilib,
Yamanca qaralıb o his köynəyi.
Üstündən bir sığal, bir əl çəkilib,
Kirimir istəyi, kəsmir göynəyi.

Tənha ocaq daşı! Nə deyim ondan?
Taleyi kömürdən qismət alıbdı.
Kim bilir, bəlkə də çox yandığından
Belə yaddan çıxıb, yurdda qalıbdı...

1981




SIXIN BİZİ

Dağ basdıqca belindən
su çavıdı – əlləşdi.
Su birdən süngüləşib,
daşı da deşdi-keçdi.
Su dağa güc göstərib,
qaya devlə güləşdi.
Su çıxıb qaranlıqdan
gümüşü bulaq oldu!
Yerin ağırlığını çiynindən atsın deyə
toxum torpağı dəldi,
baş qaldırdı, dikəldi.
Toxum boylanıb göyə,
kök atdı, budaq oldu!..

Sıxın bizi, bərk sıxın, –
bəlkə biz də dirçələk!
Bəlkə bir başa düşək,
sözləşək,
yola gələk.
Bəlkə bir təpərlənək,
tərpənək,
qurcalanaq.
Bəlkə bir acılanaq,
acıqlanaq,
calanaq!

Biz qapqara qullarıq – aclarıq, yoxsullarıq,
yığıb öz varımızı yağılara yollarıq.
Sıxın bizi, bərk sıxın!
Döyün bizi, bərk döyün!
Yıxın bizi, bərk yıxın!
Yeyin bizi, bərk yeyin!
Bəlkə bir mənliklənək,
qəlbilərə diklənək.
Toplayaq özümüzü,
göstərək gücümüzü!..

1981


NƏ BÖYÜK VAXT İMİŞ

Nə böyük vaxt imiş qırx il, qırx üç il,
Nə tez dağılışıb tay-tuş yığnağı.
Dünən, srağagün olub elə bil
Çöpə oxşarların çör-çöp yığmağı.

Meşə... dəhrəsiz əl... düyünlü çırpı...
İlan sicimlə də bərk sarışardıq.
Şələ götürməmiş armudu çırpıb
Öynəlik edərdik, yalı aşardıq.

Yeldən söz alardıq alatoranda,
Dünən deyildimi kəl mindiyimiz?
Qırovlu örüşdə mal otaranda
Alovlu ocaqda isindiyimiz.

Çəpəki sürünmək, çəpəri keçmək,
Duyulan hənirti, düşən gup-gurup;
Bostan qoruyanla dildə öcəşmək,
Ürəkdən barışmaq çoxdanmı olub?

Evcik qonşuları, inciyəm, incik,
Sizin hamınızı yer udub, nədir?
O tovus görkəmli gözəl gəlincik
Bu ovsun qulunu unudub, nədir?

Anımlar atını yüz yana qovur,
Hanı o bərboduq – ütülən sütül?
Kirkirə ağzından qapılan qovud,
Sərçə dimdiyindən sürüşən sünbül...

Biz ovçu zamanın kar-sala ovu,
Ovun kürəyində çölçü heybəsi;
Duza bənzəyirsə payız qırovu,
Bəs niyə dadlanmır meşə meyvəsi?

Baxmırıq timsahtək tilsimli çaya,
Pencərdən pay verir yoxsul çöl-bayır;
Qurdun gəmirdiyi körpə quzuya
Quzuçu yazığın əli çatmayır.

Çovğun çəpik gəlir, qar birəm-birəm,
Cığırı gizləyir girvəli gecə;
Yalın ayaqlar da elə bilirəm
İndicə soyulur, elə indicə.

Bu azan gəminin avarı külək,
Yara baş qaldırır can qəbirində.
O çoxdan çalınan bağrışan tütək
Dindirir yaddaşı qəlbin dibində.

Görəsən bəs niyə ağlayıram mən,
Bəs niyə hər gedən yuxuma dönür?
Bəlkə o dostları çox sevdiyimdən
O illər bir belə yaxın görünür...

1983


YALVARIRAM, A ÇAPAR...

Uzaqdayam, yalvarıram, a çapar,
Məndən bizə salam apar, söz apar.
Salam apar quzeydəki ulasa,
Yazdan danış qar çiçəyi dalasa.
Bala-bala başa sal ki palıdı,
Həsrətlisi hər qəmindən halıdı.
Bənövşəni and verib öz canına
İnandır ki, can atıram yanına.
Zillənməsə qartalımın qıy səsi,
İnandır ki, hələ sağdır yiyəsi...

Uzaqdayam, yalvarıram, a çapar,
Salamımı yeyin apar, tez apar.
Yalvarıram, bu qayğıma ortaq ol,
Günümüzdən danışanda toxtaq ol.
Yaylaqlarım bilməsin ki, yanıram,
Bulaqlarım bilməsin ki, donuram.
Dərələrim eşitməsin dərdimi,
Bərələrim bərk dayansın nər kimi.
Yarğanlarım çoxdan köçüb bağrıma,
Loğmanlarım tutulmasın ağrıma.
Çiçəklərim sezməsin ki, solğunam,
Göyçəklərim yozmasın ki, yorğunam.
Yalvarıram, şirinlik qat ləhcəyə,
Xal düşməsin güman adlı ləçəyə.

Darıxmışam, yalvarıram, a çapar,
Məndən bizə salam apar, söz apar.
Tələssən də yavaşca gir o kəndə,
Çox büdrəmə axşam kəndə çökəndə.

Soruş... amma sızıldama, yuxalma,
Danış... amma haray salma, ün salma.
Yoxsa dərdim bütün eli üşüdər,
Əzizlərim qara soraq eşidər.

11 aprel, 1981


QORXURAM

Mən heç inanmıram bu ağ günlərə,
Ucalıq bilmirəm bu qələbəni.
Qorxuram kin odu külə döndərə
İnsafı qıtalan insan qəlbini.

Qorxuram qarala qırmızı Gün də,
Qorxuram ağ güman gözdə sarala.
Qorxuram qoynunda sınaq gedəndə
Gecə ağulana, yuxuda qala.

Qorxuram... qorxumun yuxusu dərin,
Axı ilan çalan çatıdan qorxar.
Başı qar qapazlı nazik güllərin
Balaca yeldən də ürpənməsi var.

Qorxaq olmasam da çox qorxuram mən,
Taleyin sükanı yüz-yüz əldədir.
Kefin kök çağında bir də görürsən
Tufan tüğyan edir, ağac tarp gedir...

Görürsən göz tökür biclik sapandı,
Kim zamin dünyanın gələcəyinə?
Paxıllıq tiyəsi azmı saplandı
Pəhləvan uğurun lay kürəyinə?

Tufan üstündədir gəminin yolu,
Qorxuram qorxuya qorxu ələnə.
Qorxuram qırıla o kürək qolu,
Kömək qayığı da qana bələnə.

Yamanlıq görənlər yaxşı bələddi,
Qorxuram daş yağa toy-düyünlərə.
Bu sevinc özü də bir himə bənddi,
Mən heç inanmıram bu ağ günlərə.

Ucar, 1984



AXŞAM QÜRUBU

Göydən axıb gəldi axşam qürubu,
Üfüqlər dağların səhnəsi oldu.
Qalaylı gündüzlə ağaran qobu
Qaranlıq gecənin təhnəsi oldu.

Nə tez dəyişildi o üzügüləş,
Ay da göy dənizdə üzən balıqdı.
Dünyanı qovzayan o boyda Günəş
Nə tez quyulandı, tez yoxa çıxdı.

Şaxıyan ildırım nəyisə əydi,
Buludlar şığıdı yanan şilkütə.
Bildirki tufan da elə beləydi,
Beləydi, beləydi inişilki də.

Hamıdan qəlbidir haman gur ocaq,
Bir cana yaxşı bax, bir də ad-sana.
Necə olubdusa elə olacaq,
Yubadıb özünü dilə tutsana.

Tarixin qəlbində az adam qalar,
Hələ öyünmək də hədərdi, hədər.
Sellər daşa-daşa daşda qırılar,
Güllər aça-aça ölümə gedər.

Dünya bizim kimi, biz dünya kimi,
Hər qismət uzaqda, hər inam dərin.
Son payı gündüzmü, yoxsa gecəmi,
Əri Göylər olan bu ana Yerin?..

Oğuldərə, 1983


GECƏ GƏZƏRGİSİ

Bu gecə gəzirəm payi-piyada,
Əlimdə kolların yumşaq qız əli.
Yatır qızıl maral qızıl qayada,
Yatır sıldırımda yorğun dağkəli.

Bu da göy çəmənin gözəl kilimi,
Biçinçi neylədi otu biçəndə.
Bir ana bildirçin can verən kimi
Cücə civildəşdi cilin içində.

Yaxşı ki, şenliyə sığınıb sürü,
Yalmana-yalmana qaçdı yalquzaq.
Belə qoruyalar yesir-yüsürü,
Beləcə dağıla qurulan duzaq.

Bəzən çəkişmələr adamı çəkər,
Adam uduzar da öz uğurunda.
Qoy nəfəs-nəfəsə yatan çiçəklər
Tufana düşməsin məclis quranda.

Qorxaq küçüklər də kölgəmə hürür,
Gecə Ay ətirli, yolçu səllimə.
Ayılmış ayılar elə düşünür
Gəzən ya dəlidi, ya da çölləmə.

Dağlarsa hay verir həyanlı olum,
Dolur qulağıma ilahi bir səs:
İlham qaynağına qovuşan oğlum,
Bulaq duruxarsa qayanı dəlməz.

Gedirəm cığırla qarabaqara,
Gecə dirsəklənib yaşıl yosuna.
Gah çənə düşürəm, gah qalın qara,
Gah ürcah gəlirəm gül quyusuna.

Boylanır qəlbidən közərən gözlər,
Ana Yer ağbirçək, ata Göy ulu.
Qoynu xəzinəli gədiklər, gəzlər
Dolu küpəlidi, dərin quyulu.

Ayın gur saçında xurmayı xına,
Kim işıq istəməz yolu üstündə.
Qalxıram üfüqün ağ yuvasına,
Gedirəm şəfəqin qolu üstündə.

Qızılqaya, 1983


QIŞ QABAĞI

Şaxta yaxınlaşdı əlində yaraq,
Gündüz isinəni gecə keyitdi.
Qışın nəfəsindən saralan yarpaq
Elə sərələndi, sanki meyitdi.

Yel dəyən budaq da ürpənib ürkdü,
Uçdu bildirçini lüt biçənəyin.
Qırov dənər-dənər qurğuşun tökdü
Üskük boğazına çildimçiçəyin.

Kollar sümsürüklü, ağaclar alız,
Bostan uralanıb, tozanaq urva.
Gələndə istidən partlayan payız
Gedəndə büründü kətan qırova.

Kötük çilik-çilik, odunlar çin-çin,
Meşənin çırağı yanan çıl-çırpı.
Qışı qarğışladı hey için-için
Dərə lıqqa-lıqı, bulaq çıp-çıpı.

Yağış yolda dondu gur yağa-yağa,
Yolda düyünləndi kəndin arxları.
Yumru dabanına yağ yığa-yığa
Ayı yumalandı çiləyə sarı.

Darıxan maral da sığındı dağa,
Yiyəsiz yazığın dərdinə bax bir:
Nə vaxtsa nənəsi gəlmiş ocağa
Nəvəsi qorxudan üzükə bilmir.

Ağyalı çaparaq qış yaxınlaşır,
Düşünən torpaqdı, sustalan sudu.
Duman korun-korun qaynayıb-daşır,
Təhnədə qıjqırır dəhnə buludu.

Göyün də yarğanı basılı, dümdüz,
Artıq ağ çuvalın ağzı açılmış.
Üfüqün tərkində yellənən gündüz
Axşamın dar vaxtı dardan asılmış.

Artıq nəm qaranlıq qaşlara qonur,
Qaralır get-gedə palıdı qürub.
Dağın ətəyində ovlar qorunur,
Dağın təpəsində tufan qudurub.

Gecənin canında soyuq əsməcə,
Oğrunca-oğrunca sızlayır gecə.
Çoxaldır ağlığı Ayın çiliyi,
Donub-darılaşır çənlər, çisəklər.
Göynəyir torpağın duyan iliyi,
Çırpınır can verən güllər, çiçəklər.

Qubadlı, 4 dekabr, 1982



PƏNCƏRƏDƏN BAXASAN

Pəncərədən baxasan o qarışıq şəhərə,
Boylanasan arabir avtobusdan, qatardan.
Xəyalını bələyib qızılgülə, şəkərə,
Düşməyəsən maraqdan, düşməyəsən tutardan.

Göz qoyasan göylərdən bic bulvarın toruna,
Anmayasan bardakı barabanlı kefi də.
Görməyəsən göy qoca necə qıyır varına
Bir özünü satmışı hövkələrkən kafedə.

O həyasız küçəylə getməyəsən yanaşı,
Cınqırıqlı qapı da çımxırıqlı gəlindi.
Qaytaranda dəhlizdən səni böyük bir naşı
Biləsən ki, düşmənin bombolomboş əlindi.

Aralıdan süzəsən evlərin ağ büstünü,
Axı duzlu duzaq da uzaqdan ağ görünür.
Bir yoxsulun başından havalanan tüstünü
Yozasan ki, buxardı – dəmkeşlərdən kürünür.

Dalanlardan tez dönüb dayanasan daldada,
Dalamaya qəlbini od küləyin yalmanı.
Hövsələni tovlayıb him-cim ilə aldada
Dükanların bəzəyi, bəzəklərin yalanı.

Ürəyində saf qala olan tanış-bilişin,
Xəyalının şan balı qarışmaya zəhərə.
Nə tamahın düşə heç, nə bir yönün, bir işin, –
Pəncərədən baxasan o qarışıq şəhərə...

28 oktyabr, 1982


ELDƏN UZAQDA – EVDƏN UZAQDA

Harda yelə verim bu yalqızlığı,
Kim yaxın gələcək, üzə güləcək?
Bağrıma yük olan bu alızlığı
Kim alıb əlimdən yarı böləcək?

Hara üz çevirmək, kimə küsünmək?
Adam istəmir ki, minnət götürə.
Qorxuram özgədən alınan kömək
Sonra qar yağdıra, qaxınc gətirə.

Ürək gül açıbdı qan uda-uda,
Bəzən yaxınlıq da aranı əyir.
Dərdini dəm edən yazıq dostu da
Vaxtsız oyatmağa üzüm gəlməyir.

Bəs harda bulunum bu axşam-axşam,
Duyğumun kökünü kim görəcəkdi?
Cırtdan ürəkliyə könlümü açsam,
Qəmin solanı da göyərəcəkdi.

...Deyirəm özündə bir qorunasan,
Açıla başından bu cin yığını.
O halal ocağa təmiz qonasan,
Qaytara biləsən ilk saflığını.

Umsunub uçasan o doğma yurda,
Nəğməyə tutasan toyu-mağarı.
O qoyma-harayda, o vurhavurda
Sən də qaynadasan çığır-bağırı.

Köçünü yaylağa tökəsən yenə,
Süfrə bəzəyəsən suluq-muluqla.
Orda dirsəklənib xalı çəmənə,
Duz-çörək dadasan çoban-çoluqla.

Ya da bəxt çiçəyin çırtlaya sənin,
Şənlənib yırtasan qəmli kəfəni.
Çöməlib köşkündə çəkməsilənin
Tüstüyə qatasan tünd lətifəni.

Ürəyin saz teli tarım köklənib,
Vallah bu arzuyla bir ömür azdı.
İndi yorğaladıb kürən köhləni
Yalda yellənmək də yaman olmazdı.

Həsrətin göynəmi qanda, ilikdə,
Yalqızam... alnıma yazılıb dərdim.
Bu qərib gecədə, bu dinməzlikdə
Doğma söyüşü də nəğmə bilərdim...


ELLƏR KÖÇÜB

Ellər köçüb, dağlar qalıb başına,
Yurd yerinin yükək daşı yıxılıb.
Yaylaqları qana salan al xına
Yarğanların dodağına yaxılıb.

Yastı bomboz, sinə sarı, qırmızı,
Gur ocaqda köz sovulub, gül solub.
Töküldükcə kolun-kosun pırpızı
Gözəllik də perik düşüb, sovrulub.

Qırov səpib göyün gecə ələyi,
Güzdək çiçək qorxa-qorxa çırtlayıb.
Nər göyrüşün qızılyarpaq ürəyi
Xal bitirib, şırımlanıb, partlayıb.

Tək qarağac qəmli-qəmli durmada,
Batan günəş him elədi, göz qırpdı.
Uzaq yerə uçub gedən durna da
Soyuqdan yox, qəriblikdən qaçıbdı.

Örüşdəcə dolu qalıb daş yalaq,
Kim bacarar o kör-köçü əyləsin?
Güyümlünü gözətləyən baş bulaq
Çağlamasın, çağırmasın, neyləsin?

Neyləsin bu ağlamsınan axşamlar?
Nə səs-küy var, nə işıq var, nə haray.
Göy üzündə əl çatmayan ağ şamlar,
Yer üzündə bənd tutmayan axar çay...

Yasa batdı yastana da, yamac da,
Dəli külək çör-çöp ilə güləşdi.
Qoyun-quzu əmişdiyi arxacda
Sel simləri quzu kimi mələşdi.

Hanı şenlik, hanı haman alaçıq?
Dərd ürəkdə şaxələnib zoğ kimi.
Tala döşə pərçimlənən tolamıx
Oyur yerin kürəyini ox kimi.

Quyu sükut hökm eləyir dağ uda,
Yalçın qaya qanad umur quş olsun.
Yalqızlıqdan qorxub-hürkən yolçu da
Az qalır ki, qurda-quşa qoşulsun.

1983


DURUB ÖZ-ÖZÜNƏ DANIŞIR ADAM

Bir vaxt bilməmişəm, lağ eləmişəm
Durub öz-özünə danışanlara.
Bir vaxt bilməmişəm, lağ eləmişəm
Vurub öz dizinə danışanlara.

Beləsi çox imiş, kişi, sən demə,
Belə küskünlərdən küsüb incimə.
Bəzən alışqansız alışır adam,
Cinlənib canına daraşır adam!
Dərdi dalağını bərk dalayanda,
Çərçivə içində çapalayanda,
Sirdaş tapmayanda dil tərpətməyə,
Sarğı olmayanda yara örtməyə,
Deyə bilməyəndə ürək sözünü,
Kimsəsiz bir yerə tutub üzünü
Düşünür: hamıya özgəyəm, yadam, –
Durub öz-özünə danışır adam!

Sinələr dağlanır göz görə-görə,
Dil qına çəkilir, sümük qışqırır.
Gümanı ütəndə közərən kürə
Külü sovrulanın kini fışqırır.
Neyi kiriməyən neyləsin axı,
Dinsinmi axırda tək qalacaqsa?
Sirrini o kimə söyləsin axı,
Arada öz burnu ovulacaqsa?!
Beləcə-beləcə üşünüb-qorxur,
Sonra olasını öncə duyuxur!
Başı qapazlanıb işi donanda,
Ağrı bərəsində dərdi dananda,
Kökünə, ilkinə turp əkiləndə,
Öz könül oduna bərk büküləndə
Kükrəyib fələklə atışır adam, –
Durub öz-özünə danışır adam!

Mənliyi olanda – ya qız, ya oğlan –
Havayı üfləmir harayı, ünü.
Özgə quyusunda gizli boğulan
Özündə qoruyur həya gülünü.
Beləsi öyrəşib nisgil yükünə,
Yaxşını-yamanı götür-qoy edir.
Ömrünü səpsə də qayğı ləkinə,
Vayın qucağında neçə toy edir.
Təklik tor quranda, canı yoranda,
Anım bal axıdıb qəlb doyuranda –
Beləsi şadlanıb şaqqanaq çəkir,
Göyərən göynəmə qızıl dağ çəkir.
Təklənib, teylənib deyir azadam, –
Durub öz-özünə danışır adam!

İnsan, yazıq insan, çəp gedən insan,
Yol toru toxuyur öz dünyasına.
Hayıf ala-ala hər yağısından
Sonsuzluq gətirir elin yasına...
Qalın buzlağını bomba isidir,
Yarağı sallanır Aydan, ulduzdan.
Bəzən də yayınıb uzağa gedir
Raketdın-maketdən, qara quduzdan.
Bəzən də – qınaqla yuyulan çağı,
Topların ağzına qoyulan çağı, –
Düşünür: dönüyəm, zalım inadam, –
Durub öz-özünə danışır adam!

Kiminin üzü şən, ürəyi şan-şan,
Kiminin çağlığı ağrı çığnağı.
Hayana baxırsan yalqız danışan,
Hayana baxırsan dərd dağınığı.
Kimi qınayasan yağı torunda?
Bəzən daş dibində quruşur adam!
Taleyi hönkürüb üzə duranda,
Sözünün belini qanmaz qıranda
Gedib görünməzə qonuşur adam!
Gedib yal-yamaca yanaşır adam!
Durub öz-özünə danışır adam!

26 noyabr, 1982


SILDIRIMLA YOLÇU QALXDI

Sərt sıldırım –
şırım-şırım,
tarım-tarım!
Görkəmində özgə qırım!

Sıldırımla yolçu qalxdı,
daşlar onu az peyləsin!
Getdiyi yol geri axdı, –
o neyləsin, bəs neyləsin?

Yol yolçunu
yerə sərdi!
Yıxıb onu
daş dəbərdi!

Kötüklər də qopub düşdü,
O dırmaşdı – yol sürüşdü.
Yol yolçuyla düşünüşdü!

Çox düşündü cavan oğlan:
Yol yolçunu əyərmi heç?
O qəlbidə axtarılan
bu itkiyə dəyərmi heç?

Yuxarıda qorxunc bərə,
aşağıda dərin dərə.
Yorğun yolçu yortub qalxdı
o dünyanı görə-görə.

Yolçu qalxdı,
dönüb baxdı.
Gedə-gedə
daşlıq gördü.
Zirvədə də
boşluq gördü!..

1983


ÇOVĞUN

Çovğun qarı çalğulayır,
Sovruq basır yolu, izi.
Çovğun məni çulğalayır,
Uğuldayır qar dənizi.

Nə qorxuncdu bu yan-yörə,
Gecə yaxın, şenlik uzaq.
Az qalır ki, gözə girə
Ağzıqara öc yalquzaq.

Qurd qudurub axşam-axşam,
Girələyib öz ovunu.
O istəyir qorxub qaçam,
Verəm həyat girovunu.

At kişnəyir, kırıldayır,
Gözündə son duralğası.
Qarda qarğa qarıldayır,
Qarıldayır qurd qarğası.

At vurnuxur insan kimi,
Hay verirəm haqqı-sayla.
Mən bəxtimi bəzərəmmi
Dost qəmiylə, dost qanıyla?

Bir də axı bu nə marıq,
Biz təklənsək tez ölərik;
İkimiz də aldanarıq,
İkimiz də didilərik.

Çovğun qarı çalğulayır,
Qar altında buz qazmağı.
Qənşərimdə qurd ulayır,
Heç unamır uduzmağı.

Çovğun ütən, çöl ütülü,
Çilə ayı ağnağında.
Gümanımın tülü-gülü
Qalıb çovğun çığnağında.

Hava hirsli, qurd qudurğan,
Deyirəm ey, mən də varam!
Fırlatsa da yüz burulğan,
Yanılmaram, yayxınmaram.

Yaşayaram inam ilə,
Hökmü verən aydı, gündü.
Öclərimdən ötən güllə
Bərk ayaqda özümündü.

Çovğun qarı çalğulayır,
İmza izim qar kağızda.
Çovğun məni çulğalayır,
Çırpınıram ac ağızda.

At yeriyir yavaş-yavaş,
Köhlənimə deyirəm mən:
Yaxşı yoldaş, yaxşı qardaş,
Qurtar məni bu ölümdən...

28 mart, 1981


ÇARPAYI

Yat, ay mənim can-ciyərim, balacam,
Bu ay sənə bir çarpayı alacam.
Oxuyursan... axı yeddi yaşın var,
Hər baxanda könlüm səndən yaşınar.
Beşiyə də baş qoymadın barı heç,
Utanıram... günahımdan özün keç.
Yeməyini düzməsəm də cirəyə,
Geyimini qurban verdim çörəyə.
Heç bilmədim bu yaxşıdı, yamandı,
Güman bala, var-yoxumuz gümandı.
Utanıram... bu suçumda üzür gəz,
Əyin dözər, qarın yamaq götürməz.

Yox, bəlkə də alınsaydı çarpayı,
Gözəl bacın heç olmazdı yer payı.
İraq səndən, qulağına qurğuşun,
Əldən uçdu oğul adlı bir quşum.
Mən onun da məzarına borcluyam,
Şadlıq hanı qəm arıdam, dərd yuyam?

Yat, ay quzum, keşiyində mən durum,
Qoy ömrümü qayğılara yondurum.
Yox, onsuz da utanıram, utanı,
Başa düşsən bağışlarsan atanı.
Utanıram... ta nə gəlir əlimdən?
Gözün aydın deməmişəm hələ mən.
Hələ sənə verməmişəm o payı,
Önə düşüb çörək payı, su payı.
Vallah, hələ könlümdədir o istək
Bir çarpayı alım gərək... isinək.
Yat, ay quzu, başa vurcaq bu ayı,
Durub bizə gələcəkdi çarpayı!..

8 sentyabr, 1980


BİZ DƏ EV OLMUŞUQ

Gəlin, a dostlarım, gəlin yaxına,
İndi yerimiz var, yuvalı quşuq.
Bu nə qazarmadı, nə yataqxana,
Biz də ev olmuşuq, külfət olmuşuq.

Budur, güman dolu bir dolanışıq,
Bizimdir gur ocaq, ruzulu bucaq.
Süfrədə öpüşən gümüş qab-qaşıq
Elə bil sevincdən xor oxuyacaq.

Bu da yaz naxışlı yumşaq xalılar,
Gəlin bir dincələk, bərk yorulmuşuq.
Bu da gül ətirli göyçək balalar,
Biz də ev olmuşuq, külfət olmuşuq.

Danışdım... xəyalım geriyə döndü,
Aldəyiş geyərdik köhnə köynəyi.
Üzə göyərdikcə günlərin tündü
Tütünə bükərdik gizli göynəyi.

İndi bu ev mənim, bu var mənimki,
Sirrimi açıram – sınmasın anam.
Keçdi o dar dəkəm, o dəmlərim ki,
Donora qan verəm – çörək qazanam.

Keçdi tələbəlik, pulsuzluq qorxum,
Demirəm hər bəla düzlüyə gəlir.
Dünən qəpiyinə qıymayan qohum
Bu gün yaxa yırtıb yüzlüyə gəlir.

Varını verməyən barı dinməsin,
Pis adam özünə güllə çaxırmış.
Yağlını üyüdən heç öyünməsin,
Yavanı yeyən də yaza çıxırmış.

Çoxları çolpuyub bərədə qalıb,
Yoğrula-yoğrula biz doğrulmuşuq.
Çoxunun gözləri bərələ qalıb –
Biz də ev olmuşuq, külfət olmuşuq.

Kötək də görmüşük zirvə bəhsində,
Kömək satanlara dil tökməmişik.
Dilək duyanların dağ sayəsində
Ürək qıranlara üzükməmişik.

Eh, tumu törədən qismət ləkidi,
Bəxtin boyaları azmı döyüşmüş?
Hər ağ gün, qara gün pay buketidi,
Həyatda hamının püşkünə düşmüş.

Uğur saç ağartmış, qayğı bel əymiş,
Vurğunluq ucundan çox vurulmuşuq.
Dünyanın gedişi elə beləymiş,
Biz də ev olmuşuq, külfət olmuşuq.

16 iyun, 1982


ÇİSKİNLİ HAVADA

Dumanın dibində itdi alaçıq,
Qəlibə düzüldü şeh almazları.
Ocaqdan tez qalxıb tez əriyən cığ
Özündə göstərdi gücü azları.

Yanıb-çatıldadı çırpılar-şaxlar,
Dəyişdi dəyənin suru-suyumu.
Közdə ütələnən umsuq uşaqlar
İçdi göbələyin göbək suyunu.

İçindən gül açdı odlu samavar,
Başına el yığdı dovğalı qazan.
Dəyədən diklənən buxarlı havar
Milləndi havanın son qatınacan.

Tüstünün dirəyi buluda çatdı,
Nehrə asılıda, nənə işində.
Baba qocalığa bürünüb yatdı,
Bəbə mışıldadı ana döşündə.

Çölünsə boynunda büllur muncuğu,
Gözəldir çəmənin çiçək çimişi.
Qənşərə çıxartdı çoban-çoluğu
Qoyun mələrtisi, quzu əmişi.

Çiskinli havada qara mısmırıq,
Yağdı qara yağış yamyaşıl ota.
Göyün çaxmağından qopan çımxırıq
Şırıltı axıtdı soyuq sükuta.

Külək kürəklədi qatı dumanı,
Dumanın altında gizli irilmə...
Uzaqdan sızılan parlaq gümanı
Yolda qaralası qığılcım bilmə.

8 aprel, 1981


YORĞALA, KÖHLƏNİM

Yorğala, köhlənim, yaxşı yorğala,
Belə ötüşmələr çox yorar səni.
Çıxmısan yarışa, çıxmısan yola,
Mənzilə çatmasan çər vurar səni.

Könüllü dəhmərlən can üzə-üzə,
Qorun şallağın da şapalağından.
İrəli ötəndə özünü gözlə
Geridə qalmışın kin qılığından.

Səni qorxutmasın bu tarap-turup,
Ağciyər olarsan çox ürkə-ürkə.
Bizim başımıza əkiləcək turp
Yadın ürəyində bitəcək bəlkə.

Biz dilək quluyuq, ər oğlu ərik,
İstəklər sığınıb vicdanımıza.
Dar gündə heç kəsi bada vermərik,
Qənim kəsilsək də öz canımıza.

Tumumuz göyərməz o qərib ləkdə,
Ulu beşiyimiz bu dərə, bu dik.
Hərdən incisək də, hərdən küssək də,
Yurdun çöl üzünə düşən deyilik.

Suyunu soyunsa ölər balıqlar,
Əyrilik əyirən düzdən çəkindi.
Hardasa Vətəni bizdən alıblar,
Bizi bu Vətəndən almaq çətindi.

Niyə mızıldandı qısıq nökərlər?
Muştuluq gününə mərcliyəm, mərcli.
Qalın meşəni də qırıb-tökərlər,
Qazıya bilməzlər köklü-köməcli...

Yorğala, köhlənim, yaxşı yorğala,
Çoxları göz dikib qurd yerişinə.
Töyşüyüb sıradan sən qala-qala
Keçərsən qanığın qarmaq dişinə.

Yorğala, gümanım, uç birər-birər,
Düşmən dostdan olur... baxma igidsən.
Səni qoç oğlanlar bir qoçaq bilər,
Dala dartınanda öncüllük etsən.

Gözünü qırmasın gəmili yüyən,
Hələ aşmalıyıq tilsimli dağı.
Yarış meydanında ucalım deyən
Qansız da qazanar çox azadlığı.

Qoy uğur gətirsin halal girəvə,
Təki bacaranın gücü doğrulsun.
Mənim qonmadığım günəşli zirvə
Barı başqasının yuvası olsun.

23 oktyabr, 1981


ELÇİ GEDİB

Elçi gedib qız evinə, qızgilə,
İndi oğlan öz evində bir qərib...
İstəyir ki, o xoş xəbər tez gələ,
Bir uşağı söz çəkməyə göndərib.

Rahatsızdı... düyün düşüb qaşları,
Bacarsaydı buyurardı küləyi.
Dən verərdi, dərs verərdi quşlara,
Deyərdi ki, yol gözləyir diləyi.

Oğlan belə qərar tutmur... neyləsin?
Yada salır həm qaranı, həm ağı.
Elə qorxur şeytan nağıl söyləsin,
Çözələsin üçyüzillik yumağı.

Heç olmaya kəlmələrin “amma”sı,
Oğlan qorxur bəxti keçə kəndirə.
Qorxur qızın ikidilli anası
Minnətçini cin atına mindirə.

Daldalanıb ot tayası dalında,
Tütün eşir... ürəyində sözü var.
Axı elçi “yox” cavabı alanda
Oğlan evi sınıq düşər, sızıldar.

Elçi gedib qız evinə, qızgilə,
İndi oğlan öz evində bir qərib...
İstəyir ki, xoş xəbəri tez bilə,
Bir uşağı söz çəkməyə göndərib.


BARIŞMARAM

Gedirsənsə, gözünü məndən tamam kəsib get,
Gözünlə barışaram – özünlə barışmaram!
Yoxluğumun ucundan, həsrətimin ucundan
Yuxuna qarışaram – özünlə barışmaram!

Dilinin kor tiyəsi öyrənibdi pis kəsə,
Pisini də öyərəm, özgə səni pisləsə.
Dərd qəlbini tək görüb qarmalamaq istəsə,
Dərdinə darışaram – özünlə barışmaram!

Sən yanılan, yandıran, sən küsdürən, sən küsən,
Heç qapından girmərəm, qayıt desən, gəl desən.
Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,
Yağınla vuruşaram – özünlə barışmaram!

Çox əyri düzələrdi qovuşsaydı düz-düzə,
İllər ilmə toxudu, söykənmədi söz-sözə.
Elin yığnaq yerində birdən gəlsək üz-üzə,
Halını soruşaram – özünlə barışmaram!

Axı mənə kim çatar ağ günü diləməkdə,
Qələbəni gəzmərən qırmaqda-şiləməkdə.
Oğul-uşaq böyüdüb başçılıq eləməkdə
Yolunla yarışaram – özünlə barışmaram!

Qəlbə hopur sirdaşın hər baxışı, hər izi,
Düşmən çıxan dostun da ağır olur itkisi.
İşdir, səndən başlayıb ölüm ayırsa bizi,
Qəbrinə sarışaram – özünlə barışmaram!

8 aprel, 1982


ÖLÜMDƏN O YANA

Ölümdən o yana yol varsa əgər,
Onu mən getməli, mən aşmalıyam.
Öldürüb ölümü, necə deyərlər,
Ulduzdan ulduza yol açmalıyam.

Ölümdən o yana yol varsa əgər,
Yolumun yolunda ölməyə dəyər.
Onda mən nə haqla sürünməliyəm?
Göydə süzməliyəm uçan ley kimi.
Onda mən dünyanı bürüməliyəm
Ölməz Homer kimi, Qaliley kimi.

Ölümdən o yana yol yoxsa əgər,
Bəs niyə ölməyir böyük əsərlər?
Bəs niyə yorulmur,
ölümlük olmur
Dünya yolçuları Nizami, Balzak?
Niyə unudulmur, heç unudlmur
Şərqli Qaçaq Nəbi,
Qərbli Spartak?

Ölümdən o yana yol var əslində, –
Əgər biz yolları yarıda bilsək.
Əgər bu yaşayan saatda, gündə
Ölümsüz sabahı yarada bilsək...

Ölümdən o yana yol var əslində.

Oğuldərə, 1983


ÇIRAQ

Sənə sığınmışam söz qoşa-qoşa,
Hamıya göz olub, göz qoyan çıraq.
Ağrı içirdilib içi yanmışa,
Piltəsi dilimcə sızlayan çıraq.

Qalayın çəkilib ağ alaçığa,
Hisli işığında qəm boyası var.
Sənin papağında alovdan cığa,
Mənim ürəyimdə köz tayası var.

Ortan qız ortası, özün alyanaq,
Bəlkə bir gözəlin od heykəlisən.
Sən ay sevənini yandıran qoçaq,
Mənim dostum kimi necə dəlisən.

Xəyal üzə-üzə yaddaşım kişnər,
Gəl evin göyündən biz səni asaq.
Deyirlər saf işlər, sayalı işlər
Sənin işığında görülüb ancaq.

Sənin işığına sinib yatardıq,
Əsirlik çəkərdi əsrin o çağı.
Səni qəmə kimi qəlbi tutardıq
Atasız qalanda ata ocağı.

Adın bir dəyədə günəş olardı,
Güllər açılardı dəmir döşündə.
Gecənin gen alnı əbrəş olardı
Gümüşü tellərin çölə düşəndə.

Gecənin qarnında qara xortdanlar,
Dumanlı təpələr devə dönərdi.
Meşədə yol azan yoluq cırtdanlar
Tutub işığından evə dönərdi.

Elə bilirəm ki, indi də acam,
Elə o zamandan dərd bizi yeyir;
İşığı sönməkdən qorxunan qocam
Çırağı söndür yox, söyündür deyir.

Yamanca dolmuşam, çıraq, ay çıraq,
Güman ki, yuxuma binələr gələ.
İstərəm hər axşam bir məclis quraq,
Bəlkə işartına nənələr gələ.

Gələ nər igidlər, gözəl gəlinlər,
Əllərdən, dillərdən düyün açıla.
Nehrə çalxayanlar, ip əyirənlər
Nağıl da qondara, nanay da çala.

Axşamdan basıla çölçü xurcunu,
Basıla qablara yağlı yavanlıq.
Elə sözgəlişi deyirəm bunu,
Gələ o yanımlıq, o mehribanlıq...

Gör nəyi arzular köksünə qonan,
Ay çıraq, özüm də çılğınam axı.
Nəzik piltə kimi yağında yanan,
Coşqun dalğa kimi dalğınam axı.

Şirinlik ummaram şirin qılıqdan,
Qorxum dost-doğmanın dönməsindəndi.
Qorxum bir ölümdən, bir ayrılıqdan,
Bir də son işığın sönməsindəndi...

1983


ÖMÜRLÜK QONASAN

Ömürlük qonasan bu ölməzliyə,
Bu köhlən dağları gündə minəsən.
Dumanın qanadı səni gizləyə,
Gülün xırmanında gülə dönəsən.

Gələsən ilk yazın ilıq çağında,
Görəsən gözəllər boynunu burub.
Gümüşü göllərin süd işığında
Çimişə səninlə qızılı qürub.

Ya da geyinəsən yay axşamını,
Gün dağa dırmaşa, kölgə alçala.
Aşasan o külək aşırımını,
Ağac qol götürə, budaq əl çala.

Payızın kəfəni sapsarı küləş,
Ürəyin yanırsa mələ ki, mələ.
Elə qıy çəkəsən – o batan günəş
Qəbir qapısından qayıdıb gələ.

Gəzirsən... atının başını burax,
Duruluq çiləmiş çillə ayazı.
Qarın göbəyində buğlanan bulaq
Düzüb yaxasına yaşıl qotazı.

Görürsən dünyanın düzümü necə,
Üz-üzə dayanıb quzeylə güney.
Ağlaya-ağlaya gülər indicə
Çayın dodağında çalınan o ney.

Hər isti-soyuğa alışmaq asan,
Ömürlük sevəsən umub-küsəni.
Sən doğma torpağı əziz tutasan,
Torpaq ürəyində yaşada səni.

1985


YAZ GƏLİŞİ

Günəşdən pay aldı yaz günortası,
Həlimlik yayıldı yal küləyinə.
Sancıldı yağışın gümüş gordası
Dağın qar qarnına, buz kürəyinə.

Çiçəklər çırtladı qar çadırında,
Mindi ac arılar üskük minbərə.
Dərə duruxmadı don çidarında,
Bərəltdi gözünü bəzəkli bərə.

Çöllər də soyundu kör-köhnəsini,
Göllər daşa-daşa duruya çıxdı.
Sellər sürütlədi gül pöhrəsini
Palçığı-pasağı kürüyən vaxtı.

Bu nə qoyma-haray, bu nə qovhaqov,
Yeyilmə düşübdü, Yer dağılacaq.
Qıjovun qarnında mələyən buzov
Burulğan burnunda ilan olacaq.

Ağrı var çayın da çərçi səsində,
Qaya çəpərində o darıxıbdı;
Çırpınıb çək-çevir çərçivəsində,
Özündən çıxanda yoxa çıxıbdı.

Yox olub meşənin qış durğunluğu,
Kökü qazınanın başı əyilmiş.
Dəyişkən suyunun zəlzələ zoğu
Dəmircan dağların bağrını dəlmiş.

Yenicə bitən də halını anmış,
Qan-qada yükləmiş hər yüksəlişi.
Qışın dincliyini dünyadan almış
Yazın çalxanışı, yazın gəlişi.

1985


KÖÇ YOLUNDA

Arana tel vurdu dağın şimşəyi,
Yelləndi göyün də o yaş yaylığı.
Köçün yır-yığışla yola düşməyi
Çiçəklə bəzədi qərib yaylağı.

Erkəci yormadı buruq buynuzu,
Qoyun qlafladı, at daşırğadı.
Çobanın boynunda mələyən quzu
Qara yetimliyi belə qarğadı.

O yelli maşınlar gədiyi aşdı,
Güclüyə yükləndi ən ağır yüklər.
Yükün ortasında şirin yalaşdı
Uşaqlar, pişiklər, danqı küçüklər.

Getdi göy naxır da gül vura-vura,
Yol yolu uzatdı, yoxuş enişi.
Buğa böyürdükcə toy qura-qura,
Dəyişdi düyənin dəli yerişi.

Titrədi qoçun da qumroylu dizi,
Höyürə çağırdı yaz mıqqıltısı.
Çağırdı qulanın qız kişnərtisi,
Çağırdı ürgənin ər kırıltısı.

Hamıya güc verdi yazlı umacaq,
Qurd-quş da sarışdı çala-çuxurda.
Düşərgə yerində qalanan ocaq
Basdı damğasını yolüstü yurda.

Gecə duyuq saldı çoban-çoluğu,
Sorğular saxladı gəlib-keçəni.
Quyuda sulanan əmlik suluğu
Ətirə bürüdü hər dəyəçəni.

Qıyyalar oyatdı axar-baxarı,
Ayı çoban oldu yunu yolunca.
Yortdu yalquzaq da yaylağa sarı,
Sürünə-sürünə sürü dalınca.

Partladı barıtlar, düşdü gilizlər,
Güllədən gül çəkdi qapqara pərdə.
Sancıldı dağlara süngülü səslər
Toppuzlu çomaqlar çaqqışan yerdə.

Havalı yağının hansını deyim,
Girəvə tapanlar gözə soxuldu.
Yolçunu yoran da yoxuşlar deyil,
Qorxulu quduzdan qorunmaq oldu.

1985


ÇİÇƏK SARIĞI

Məni əzizləyir çay həzinliyi,
Başıma əl çəkir yelpikli budaq.
Yuyur canımdakı hər əzginliyi
Ağzı gül yaşmaqlı utancaq bulaq.

Yamyaşıl çəmənlər yonca çıraqlı,
Yapışqan qoxuyur südlü sütüllər.
Yeddi boyalıdı, yeddi qurşaqlı
Yerin göyqurşağı süsən-sünbüllər.

Özümə deyirəm diləyin gülsün,
Elə sarmaşıq da bir sarı simdi.
Qoy ütük şairlər əl payı güdsün,
Göyün göz olmağı mənim bəsimdi.

Belə duruluğa batıb qalasan,
Yaxa verməyəsən qilü-qala da.
Çaylar layla çala, yatıb qalasan
Durna gecələyən yaşıl talada.

Yoldaşlıq edəsən köçəri quşa,
Daşı da qucasan bir dost bilərək.
Elə mənim kimi şalğam olmuşa
Bu loğman otların ovsunu gərək.

Deyirəm bu duman çətin çəkilə,
Boğulan buluddan alov sağılar.
Üz gedən yaramı yarpaqla bələ,
Dərini sağalar, sonra sağalar.

Yanar diləyin də qızıl çırağı,
Düşər yaddaşımdan ölüm qorxusu.
Ağrılı canımda çiçək sarığı,
Gümanlı qəlbimdə çiçək qoxusu...

1983


ÖZÜMDƏN BAŞQA

Qayğı çəkə-çəkə başım ucalıb,
Fil yükü daşıyır bax bu qarışqa.
Dərdimin əlacı özümə qalıb,
Mən kimə küsünüm özümdən başqa?

Qəlbən sevdiyim də sevincə yağı,
Özümdən özümə dost tutmalıyam.
Bu dönük dünyada kimim var axı,
Arabir özümə yas tutmalıyam.

Arabir tox durub yalan yozmalı,
Arabir gül olub buzda bitməli;
Ağrını dözümlə daşa basmalı,
Ağını gülüşlə tez kiritməli...

Düşmərəm anımın ağ qanadından,
Gücümü artırar qayğımın tığı.
Pis tay-tuş adından, yoldaş adından
Verərəm özümə göz aydınlığı.

Güllərim açılar od geyə-geyə,
Nəyimə gərəkdi qaxınclı yardım?
Asılı olmaqdan qorxmuşam deyə
Ölüm qazmamı da özüm qazardım.

Mən məni hamıdan yaxşı tanıyan,
Hamıdan çox sevən, çox da sınayan.
Əriyib tökülsəm polad özüləm,
Hörülsəm qalayam, gərilsəm qalib.
Dönməz dostlarımdan qalan özüməm,
Dərdimin əlacı özümə qalıb.

1983


ÖLÜMSÜZLÜK

Nə həkimdən dilə onu, nə dərmandan,
Kömək durmaz kötək güclü bəhsəbəsin.
Darı necə diri çıxsın dəyirmandan,
Üyüdənin özü necə üyünməsin?

Yaranmışın biri insan, biri maral,
Yara vurduq... ət yeyildi, gön geyildi.
Yarış açıb öyüd verdik:
vur al, qır al,
Yarımadıq... başımıza nələr gəldi.

Acığımız çox boşaldı daraq-daraq,
Hamımızı qarsaladı hirsin odu.
Bu nə yaraq, bu nə soraq, bu nə maraq?
Yaman işlər döl artırıb ölüm oldu.

Ölümsüzlük belə-belə ölüb getdi,
Hələ ona bolca-bolca borcumuz var.
Ölümsüzlük yanımızdan ötüb getdi,
Boynumuzda su arıtmaz suçumuz var.

Ölümsüzlük, ölümsüzlük, ölümsüzlük,
Ölümsüzlük verməz bizə kin adlı yük.
İnsan ara qaynatmasa tapar onu,
İnsan könül qanatmasa tapar onu,
İnsan tufan qopartmasa tapar onu,
İnsan iblis çoxaltmasa tapar onu.

İnsan oğlu insan kimi tanınarsa,
Könlümüzdə yer taparsa halal düzlük, –
Tanrı bizə yaxşı-yaxşı inanarsa,
Ömrümüzə bağışlanar ölümsüzlük...

1985


DAĞIM

Pay verdin uzaqdan gələn qonağa,
Güllənən güllərdən sovqatlı dağım.
Salma hər gözəli gur boğanağa,
Ovçulu, ovlaqlı, sayatlı dağım.

Duruşun sanballı, adın urvatlı,
Altın bol yatırlı, üstün baratlı.
Axşam qürubunda qonur çarğatlı,
Səhər işığında ağ atlı dağım.

Yazda seli axan, yayda duruxan,
Payızda soluxan, dərdi duyuxan.
Qışda gözü qorxan, gölü donuxan,
Buğlanan bulağı suatlı dağım.

Dünya fırrancaqmış, üzən qayıqmış,
Fəsilin hayıfı fəsildən çıxmış.
Çovğunlu günlərin qəlbimi sıxmış,
Çiçəkli çağları elatlı dağım.

Ölüm çox sülənir candan bac ala,
Alıcı ruhumu qoyma qocala.
Bir qaya ömrünü ömrümə cala,
İnadlı, qanadlı, nicatlı dağım.

Sən ki ölməzliyin mətin himisən,
Gəminin içində üzən gəmisən.
Yığval sorağında Ağa kimisən,
Dərdi narın dağım, nabatlı dağım.

1982


ÇOBANIN ÖLÜMÜ

Dağlar yetim qalıb yazın yaz günü,
Göy də havayıdan belə hönkürmür.
Dan yeri üfüqdən qıyıb gözünü,
Hamını görsə də bir onu görmür.

Sızlayır suyundan içdiyi bulaq,
Görüşə umsunur uçuq binə də.
Sürü qabağına atılan çomaq
Çarpazı dağ olub yaşıl sinədə.

Yaman doluxsunub yaslı yal-yamac,
İçində doğranır doğma comalaq.
Belə boşalarmış basılan arxac,
Belə yomrularmış qərib yol-yolaq.

Külək kürlük edir dilində dilək,
Dərə dərd əyirir yuxa suyunda.
Bağrı şan-şan olan ağrılı tütək,
Ağlayır quzunun yuxu hayında.

Qənim qıyya baxmır, oğru oyuğa,
Ağac əldən düşüb, yaraq çiyindən.
Qoyun paçalayan qarmaqlı koğa
Asılı qalıbdı öz dimdiyindən.

Örüşə qan salıb sürühasürü,
Tünbəki tülkü də toğlu kisləyir.
Duzdaq daşlarını yalayan sürü
Mələşə-mələşə onu səsləyir.

Əmlik isidərdi qara yapıncı,
O da didiklənmiş, o da səpilmiş.
Qıncılı papaqdan qaçan qapıcı
Qana yerikləmiş, gözə təpilmiş.

Yiyəsiz qoçu da yiyəli vurmuş,
Buynuzlar sındırmış salbaçı qanıq.
Öddək bir öyəcə ödün uddurmuş
Kolu qurd göstərən alaqaranlıq.

Yalı yalaqdadı küsən bənəyin,
Heyhasız təkə də çöldə bürüşüb.
Ayını anqırdan ayıq əniyin
Quyruğu sallanıb, süksünü düşüb.

Qorxudan sınıxıb şişman şişəklər,
Suatlar sustalıb qürreyli ünə.
Təzəcə çırtlayan nübar çiçəklər
Köçüb o qəribin qəbri üstünə.

Dağlar yetim qalıb, yaylaq sınsıyıb,
Göy də havayıdan belə hönkürmür.
Ağaran dan yeri gözünü qıyıb,
Hamını görsə də bir onu görmür.

1985


UNUDULMUŞ EV

Heç kimin üzünə soyuq baxmazdın,
Ana qayğılıydı isti beşiyin.
Qonaq bolluğunda heç darıxmazdın,
Yorğunu qucardı yorğan-döşəyin.

Qapın oxuyardı cırınqhacırınq,
Sayıq telefonun... sözü sıyıqlar...
Xalını-xalçanı başmaqlar cırıb,
Yonub daş pilləni dəmir ayaqlar.

Sorağın düşərdi şəhərə, kəndə,
Sinəndə çəkərdin el təpiyini.
Qovğalı zamanda, cirəli gündə
Bölərdin boxçanın son qəpiyini.

Boya çatdırmısan quru çubuğu,
Aca-yalavaca pay verən oldun.
Oxudub-öyrədib neçə yoluğu,
Böyüklük atına mindirən oldun.

Ağlına gəlməzdi indiki dərdin,
Onda pir olmuşdu öyümlü adın.
Neçə kimsəsizə gəlin gətirdin,
Neçə azarlını ölümdən aldın.

Sahibən döşəli, yiyən qəbirdə,
Bomboş bucağına kədər yeridi.
Axı sən yazığın bir ləqəbi də
güman yeriydi.

İndi soğulubdu kömək şırranın,
Bomboş otaqların donub-buyuxmuş.
Yalmanıb-yarınıb iş aşıranın
Bu daş-divarcan da ilqarı yoxmuş.

1983


YAĞIŞLI BİR GECƏ

Gecəni odladı göyün çaxmağı,
Gül açdı gürşadın od axışında.
Havada bulunan bulud çaxnağı
Qırdı çanağını yerin başında.

Şimşəyə görsəndi uzaqda duran,
Qızılgöz ildırım qızıb mələdi.
Döşlərə döşənən o ipək duman
Üşüyən çiçəyi tülə bələdi.

Yağışı yalladı çapar boğanaq,
Daşların helləni qayanı qırdı.
Qəriblik qoynunda boğulan qonaq,
Yalqız qəbirin də yası ağırdı.

Gəl açıq danışaq. Onsuz da yaşıq.
Qoyaq ortalığa olub-olmuşu.
Ömür-gün ağartmaz bu ani işıq,
Dil-ağız diriltməz bu ovulmuşu.

Köhlən şuma düşüb, gəmi buzlağa,
Uğur da uğradı gecə selinə.
Baxsan başımızdan diklənən buğa,
Gülərdin həyatın hər fəsilinə.

Ölməzlik özü də ölüm yaşıdı,
Nəyinə vurulduq heykəllik daşın?
Bilək yaxşıların nəyi yaxşıdı,
Bilək nəyi pisdi pis tanınmışın?

Adi ağaclıqdı palıdlıq, şamlıq,
Təki hər bitənin başı dik olsun.
Bir udum azadlıq, bir könül şadlıq,
Bir arzu boyunca genişlik olsun.

1985


GECƏ YUXUSU

Yeddi yaşından sonra hovur-hovur yatdığım,
Doyunca hövkənməyən tül döşəyim, yastığım;
İşimin gur çağında qaçıb xumarlığından,
diləyimin hökmünə hökmən qulaq asdığım;
Talçığını quş kimi
buğum-buğum aldığım,
Alanda uduzduğum,
daldan-dala qaldığım;
Bir azını kövşəndə arpa-buğda “ovuna”,
Bir azını yaylaqda yaylıma, qarovula,
Bir azını çalmanın çalınmış ot vərinə,
Bir azını kitaba, tələbə dəftərinə,
Bir azını sərhədin qüllə qədəhlərinə,
Bir azını fabrikin çığıran çarxlarına,
Bir azını qəzetin o sətir arxlarına,
Bir azını şəhərin oyaq apteklərinə,
Bir azını qatarla ölkənin hər yerinə,
Bir azını xəyalın göy məcralı çayına,
Bir azını zamanın toyuna, ya vayına,
Bir azını beləcə misraların boyuna,
Bir azını sevginin ovsunlu qədəminə,
Bir azını bal edib ağlayanın qəminə
qat verdiyim, səpdiyim,
şipşirinim, noğulum!
Şirnikib çox demişəm:
kaş ölməmiş bircə yol,
ya gündüz, ya da gecə,
ya da elə indicə
sənin qonağın olum!
Ah! Ey gecə yuxusu,
ürəyimdən keçən su!..

1983


GƏL SƏNƏ SIĞINIM

Nə yaxşı yamacdı, nə yumşaq xalı,
Yağışdan yağan gül necə də parlaq.
Özüllü qayalar özü arxalı,
Çayların çarxında sular yuvarlaq.

Qanad var buludun qəmər atında,
Dumanın dəvəsi bir otu yeməz.
Göylüyə göy qatan göyün altında
İlik inildəməz, sümük göynəməz.

Meşə mürgü döyür az aralıda,
Döşümü açıram ağaclı döşə;
İstəklim deyirəm anaş palıda,
İstəklim deyirəm qaqaş göyrüşə.

Körpüyə çevrilib o qoşa paya,
Buluda baş qoyub artırma daşı.
Yolçunun hayına qıy verən qaya
Qonşunun keyindən yaxşıdı, yaxşı.

Yelləndi bərənin gül cığaları,
Dərdimi dəbərtdi dərənin simi.
Kaş elə dünyanın çəp cığalları
Düzlüyə çəkəydi bu cığır kimi.

Yüz şeytan asılıb hər böyük addan,
Sözü köpürdənin varlığı köpük.
O qırğın qaynadan qırxdilli yaddan
Qırx dönə gözəldi bu sığnaq kötük.

Qolboyun durubdu qohum gədiklər,
Dağın qaşqasına ulduz ələnmiş.
Ağrılı gecəni ağardan diklər
Qaşqabaq tökəndən urvatlı imiş.

Qoy belə çoxalsın çataqlı yollar,
Həyanı olanın bəxti açıqdı.
Kölgəsi gərilən kolpanlı kollar
Yayxıntı dostlardan inamlı çıxdı.

Gör nədə axtardıq gümanı, nədə,
Dünya dənizləşdi qan sıza-sıza.
Az qaldı çöllülər düzlük öyrədə
Adı insan olan qanlı qanmaza.

Yamanca dolaşdı bu əriş-arğac,
Ömür od üstündə, qorxu bolluca.
Gəl sənə sığınım, qocam qarağac,
Gəl sənə küsünüm, bacım ballıca.

1983

AYRICA QALARIQ

Ayrıca qalarıq min il, milyon il,
Torpağın torunda görüşmək çətin.
Bağlanaq birliyə barı beş-on il,
Alaq hayıfını uzun həsrətin.

Əzizim, ömür də bir haqqı-saydı,
İnsan bu dünyada gərək sevinə.
Səni görməyimə güman olsaydı,
Yalvarıb gedərdim qəbir evinə.

Dünya bəndə vurub bizə də gülər,
Ürək sayğacında hesabını çək.
Anın yarısıdı yaşanan günlər,
Yatılan illəri ölçü götürsək.

Ayrıca qalarıq bir qarışlıqda,
Qaralar gözünün qara çırağı.
Vallah, üşüməzdim mən o qışlıqda,
Eşidə bilsəydim bu səs-sorağı.

Orda qarğışın da könül oxşardı,
Durğunluq gölündə duyğu göyərməz.
Darıxsaq bəlkə də ruh qovuşardı,
Amma ruh görüşü bu dadı verməz.

Ayrıca qalarıq qaranlıq qatda,
Orda ödənici ödəmək çətin.
Gəl yaxşı dolanaq yaman həyatda,
Alaq hayıfını uzun həsrətin.

1984


ÜZR İSTƏYİR

Evdə qan-qan deyir quduz xan kimi,
İşdə əyri yolla yüzünü əyir.
Küçədə birinə toxunan kimi
Üzünü çevirib üzr istəyir.

Adamlar gözündə toyuq dənidi,
Yolub yolçunun da payını yeyir.
İncədi-mincədi, çox mədənidi,
Başları üzərək üzr istəyir.

Əlindən su içir hər dava-dalaş,
Neçə don dəyişir, neçə don geyir.
Gedib orda-burda mırt vuran o yaş
Gəlib arvadından üzr istəyir.

Adı adamyeyən, nəfəsi çovğun,
Qəmi daşanın da qəlbinə dəyir.
Qanacaq qanlısı o boynuyoğun
Utancaq sayağı üzr istəyir.

Arsızlıq yuyubdu ar hənasını,
Səni bəndəmləsin – bəyir ki, bəyir.
Aldada-aldada el-obasını
Yalandan-palandan üzr istəyir.

Çıxıb yaddaşından sinifi-silki,
Bilərək pis olur – bilmədim deyir.
Yüksək yer tutsa da adam deyil ki,
Alçala-alçala üzr istəyir.

1983


VURHAVUR

İndi revolverdi, dönüm başına,
Nagah olur gülləfəşan partapart.

M.Ə.Sabir

Yenə dünya guruldayır gurhagur,
Qırhaqırla başa çatır vurhavur!

Bəzən belə açıq-aşkar qovhaqov,
Yağlı ovu xarthaxartla ovhaov!

Bəzən quzu qurdu görür xaphaxap,
Asan olur qaphaqapla çaphaçap!

Bəzən öncə dost donunda qonhaqon,
Sonra birdən zorhazorla yonhayon!

Harda varsa şarthaşartla parthapart,
Orda düşür hay-harayla darthadart!

Harda yerli yatıb qalır xorhaxor,
Orda gəlmə yatır yığır sorhasor!

Harda xalqı soyhasoyla qaçhaqaç,
Orda yaltaq yadı öpür marçhamarç!

Hər ölkədə bir gorvagor, zırvazır,
Küyə basır, qan tökdürür şırhaşır!

Necədirsə şeytan şərli salhasal,
Sona yetmir çəkişməli çalhaçal!

1983


ULDUZ ÇAĞIRIŞI

Yuxum çox qarışır bu son zamanlar,
Hamı gedən yoldan axı nə giley?
Necə ki, sıxlaşa qatı dumanlar,
Necə ki, ayrılaq... yuxuya bax ey.

Necə ki, yellənə yaslı kalağay,
Qaranlıq örtülə qara tabuta.
Necə ki, ucalıb qızıl gözlü Ay,
Ruhumun evində şam-çıraq tuta.

Heç çıxmaz yadımdan dünən gecəki,
Necə ki, aldanam bir gizli himə.
Vallah, unamazdım, belə necə ki,
Adamlar and içə ulu qəbrimə.

Başqadı gözləməm, başqadı halım,
Necə ki, bir şivəm – yerə təpiləm.
Necə ki, açıla donuq yığvalım,
Ölümdən sonra da boy verə biləm.

Necə ki, hay alam uzaq ulduzdan,
Özüm orda qalam – adım qayıda.
Göz-qulaq olarsan oğuldan-qızdan,
Necə ki, yatmağım yadı ayılda...

Göz-qulaq olarsan havadan, sudan,
Xəyala bal əndər ağrı içəndə.
Urvatı qoruyub könül ovutsan,
Ulduzun yanacaq bulud içində.

Göz-qulaq olarsan gözəl gözündən,
Bərkisin evin də qoruq çəpəri.
Yuxum çox qarışır, nə danım səndən,
Bir gediş görürəm o gündən bəri.

1985


HƏR GECƏ GƏL

Dədə, belə hər gecə gəl,
Gəl tapışaq, gəl görüşək.
Bu həsrətin bağrını dəl,
Ayrılıqdan ayrı düşək.

Ayrılığa necə kürsən,
Var olursan yox çağında.
Yenə bizi düşünürsən
Baş barmağın dodağında.

Dədə, yaran nə qövr elər,
Dərdin çoxu dəhrələnib.
O gördüyün çubuq şivlər
Ağaclanıb, pöhrələnib.

El demişkən, barlı bağıq,
Arxayın ol biz sarıdan.
Özün kimi göz-qulağıq
Qədir bilən o qarıdan.

Göz qoyuruq hər addıma,
Öyüdünlə quruluruq.
Tor atmadan bir adama
Torçulardan qorunuruq.

O gümanlar heç ölmədi,
Qoy sağalsın sinə dağın;
Tüstüsü də kəsilmədi
Ruh isidən bir ocağın.

Dədə, odu yaşadırıq,
Niyə qəlbi üyüdürsən?
Bizləri də bizdən artıq
Yad edirsən, şad edirsən.

Belə üzmə qara qəmdə,
Canım qurban, ay cəfakeş.
Görüşünə sevinsəm də,
Gəlişinə qıymıram heç.

Sən ay tanrım, ağsaqqalım,
Heç qıymıram yol gələsən.
Bir yer elə – köçüm qalım,
Bəlkə bir az dincələsən.

Hövsələdən lap çıxmışam,
İltimas bil bu nəğməni.
Dədə, yaman darıxmışam,
Dərdin alım, apar məni.

1985


KİLİD SÜZGƏCİ

Su quyuda çıppıldayır
çıppır-çıppır.
Quş budaqda cıppıldayır,
damcı tapmır.

Qış ayına gərək olan
bitir yazda.
O da belə gendə qalan,
əlçatmazda.

Qazancı da qənim udur,
qəmi kirit.
Acıqlını zəncir tutur,
acı kilid.

Yüz də danış öz gücündən,
cilov gəmir.
Ömür kilid süzgəcindən
keçib gəlir.

Qapılar da belə kip-kip,
öyünmə sən.
Kinimizdən kilid bitib,
nə deyəsən.

Alt kilidli, üst kilidli,
yol kilidli!
Yad kilidli, dost kilidli,
dil kilidli!
Dinməz dayan öz yerində, –
qal kilidli,
öl kilidli!

1982



YAZIQLARIN VƏTƏNİ

Yazıq Vətən yem olub yad yerə getməlidi,
Elə öz qoynunda da yadı yedirtməlidi!
Gileyli nəğməsini alçaqdan ötməlidi,
Bəzən də balasını boğub üyütməlidi!
Yanmaqda,
talanmaqda,
ağrısını danmaqda
hamını ötməlidi!
Hədə-qorxu gülləsi
onu kiritməlidi!
Boyunduruq kündəsi
boynunda bitməlidi!
Sürülüb sürgünlüyə,
orda da bitməlidi!
Tüpürüb doğmaları barışdıran birliyə,
Qəniminin yolunda özünü ütməlidi!
Yazıq Vətən, can Vətən,
Qəlbi ağrıyan Vətən!
“Günüm ağ,
kefim də çağ,
işim düz...”
deyib-deyib,
Özünü hərifləyib,
özgəni tərifləyib,
Dağ boyda dərdlərini
Uydurma sevinc ilə suvayıb örtməlidi!
Yazıq Vətən!
Deyən yox hirsi dəbərtməlidi,
Qılıncını siyirib iti gəbərtməlidi!
Yadlar onu sağmada...
heç deyən yox dardan çıx!
Qalıb sıxma-boğmada,
yazıq Vətən, ah, yazıq!

1985


BU BOYDA YALAN OLMAZ

El bir belə döyülməz,
bu boyda talan olmaz!
Özgələrin önündə
belə alçalan olmaz!
Andına,
gümanına,
adına,
öz canına;
Öz çölünə,
gülünə,
öz dərdinə dəm tutan
bu xarı bülbülünə;

Elinə-ulusuna,
namına-namusuna;
Keçmişli-gələcəkli
nəyi var...
hamısına
güllə oxunan yerdə –
bunca gülüb açılan,
belə alçalan olmaz!

Canım, daha bəsdi, bəs,
yozmaq belə istəməz!
Yarılan ev boş qalar,
soyulan kalan olmaz!
Bu zorrama qoşqular
fal açan filan olmaz!
Qanı içilən xalqın, yurdu kiçilən xalqın
qara gün ovutmağa yatır xəzinəsi yox!
Cızdağı çıxmışların qaldırmağa səsi yox!
Sən də belə inadsan,
öyünürsən yetəndə,
Guya tamam azadsan
özü dustaq vətəndə!
Bu boyda yalan olmaz,
belə alçalan olmaz!

1985


ŞAH İSMAYIL

Şah Xətai, sənin dərdin deşilməz,
Dərdi olmayanlar dərdə tuş olmaz.
Mürşidsiz, rəhbərsiz yollar açılmaz,
Mürşid ətəyində əlin varmıdır?
Şah İsmayıl Xətai

Ayıl, ayıl,
Şah İsmayıl!
Hamı sənə
Hayıl-mayıl!
Saydır bizi,
Yenə sayıl!
İnam olub, güman olub
Ev-ev yayıl,
El-el yayıl!
Ayıl, ayıl,
Şah İsmayıl!

Ayıl, ayıl,
Şah İsmayıl!
Yer calandı, göy calandı!
Sənin xalqın
Dalğın-dalğın
Haçalandı,
Parçalandı!
Sənin ordun
Şaqqalandı!
Sənin yurdun
Ha talandı!

Ayıl, ayıl,
Şah İsmayıl!
Yenə şığı sola-sağa,
Enli-boylu uğur gətir
Elin kimi bir umsuğa!
Ayıl, şahım, ayıl, şeyxim,
Endir mənlik qılıncını
Bu torpağın birliyini,
dirliyini
quyulayan qurumsağa!
Ayıl, ayıl,
Şah İsmayıl!
Biz nüzülük,
Biz dözürük, –
Sən dözməzdin belə dağa!

Ona-buna biz lağ olduq,
Çırmansaq da çay keçmədik.
Özgələrə yamaq olduq,
Özümüzlə birləşmədik.

Ayıl, ayıl,
Şah İsmayıl!
Bərk əzirlər əzməyəni.
Ayıl, bəlkə yatırdasan
Mənəm-mənəm deyə-deyə
Onu-bunu məzləyəni.

Ayıl, ayıl,
Şah İsmayıl!
İstəkləri
İsit,
Kirit!
Parçalanmış
Bir ölkəni
Yenə irilt,
Yenə dirilt!

Saydır bizi,
Yenə sayıl!
Ayıl, ayıl,
Şah İsmayıl!

1983


YAŞASIN VƏTƏNİN ƏR ÖVLADLARI

Yaşasın Vətənin ər övladları,
Yaşasın yanımlı doğmalarımız.
Yaşasın yaxşının qol-qanadları,
Yaşasın alınmaz namus-arımız.

Yaşasın dözümlə qəm üstələyən,
Yaşasın havanı öncə duyan dost.
Yaşasın yağıya fikir təliyən,
Yaşasın ağılla can qoruyan dost.

Yaşasın qəlbində qədir bilənlər,
Yaşasın döyülüb öldürülənlər.
Yaşasın başına hava gələnlər,
Yaşasın dırnaqla dağı dələnlər.

Arı bəla çəkir bal üsküyündə,
İçməyə nə var ki şirin şirəni.
Gəlin yada salaq daşlar üstündə
Azadlıq toxumu yetişdirəni.

Gəlin alqışlayaq tükənməz tabı,
Dönüklər çox mindi dövrün atına.
Elcanlı dustağı sıxan yatabı
Tapşıraq o Tanrı amanatına.

Min istək mələdi el baxışında,
Kimimiz var axı? Yaxına yadıq.
Yığval boyasının axtarışında
Qaranı verdilər, ağı tapmadıq.

Yaşaya bilmədi yaşayasılar,
Zalıma yem oldu mərdin ömürü.
Qəlbində bol insaf daşıyasılar
Döşündə daşıdı dəmir-dümürü.

Bilsən hamısını huşun dağılar,
Hələ tanımırsan bizim “lordları”.
Qoy yaxşı yağlansın harın yağılar,
Qoy yaxşı kökəlsin qəbir qurdları.

Sizdən danışıram, a dərd verənlər,
Arada yellənən bir veyilsiniz.
A başda oturub baş gəmirənlər,
Yurdun yaraşığı siz deyilsiniz.

Yurdun qəhrəmanı siz olmadınız,
A mənlik qanını keyidən keylər.
Elə quyulanar batmış adınız,
Çatmaz hamınıza bu haylar-küylər.

Hələ dönməmişdir igidin üzü,
Kişilər tutuldu elin dərdinə.
Keçirib ələkdən əyrini-düzü,
Küsünə-küsünə deyirəm yenə:

Yaşasın yaxşının qol-qanadları,
Yaşasın alınmaz namus-arımız.
Yaşasın Vətənin ər övladları,
Yaşasın yanımlı doğmalarımız.

1983



GÖZƏL DÜNYA

Karvanları yola salar, boş qalmaz,
Allah, Allah, bu nə gözəl dünyadı!
Ağ yağışı pas götürməz, korşalmaz,
Allah, Allah, bu nə gözəl dünyadı!

Ağ dumanı uca dağa kürk elər,
Ana kimi hamımıza ərk elər.
Birimizi birimizə görk elər,
Allah, Allah, bu nə gözəl dünyadı!

Kələyindən kəfən biçər çox bicə,
Havanı da süzgəcləyər hər gecə.
Suçumuzu suya çəkər beləcə,
Allah, Allah, bu nə gözəl dünyadı!

Biz dolarıq, bıçağını o çərtər,
Fil qanını qarışqaya içirdər.
Hamımızı bir körpüdən keçirdər,
Allah, Allah, bu nə gözəl dünyadı!

Qoruq qoyub qorunana, qorxana,
Hər diləyi bağlayıbdı çarxına.
Qul olmuşuq dəyişilməz nırxına,
Allah, Allah, bu nə gözəl dünyadı!

Bilməyəni bilən kimi öyündü,
Ağlımız da axtarışda üyündü.
Gizlənci var, özü boyda düyündü,
Allah, Allah, bu nə gözəl dünyadı!

Başı qatır, ağrıları bal dadır,
Heç demirik görəcəklər daldadır.
Yalançının özünü də aldadır,
Allah, Allah, bu nə gözəl dünyadı!

1985
XS
SM
MD
LG