Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:26

Rövşən Yerfi "Ziyanlılar" (Hekayə)


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.


Qara “cip” darvazaya yetişəndə evdə səs-küy çoxaldı. Hamı əl-ayağa düşdü.

Kimisi darvazaya qaçdı, kimisi də yır-yığış eləməyə.

Şəhərdən qonaqlar gəlmişdi. Həyətdə yarıçılpaq dayanmış bir oğlan və bir qız uşağı döyüküb darvazanın qarşısında dayanan maşına baxırdı. Anası uşaqlara acıqlandı:

-Gedin, əyninizi geyinin ayıbdı qonaqlardan...

Uşaqlar sözə bənd imiş evə qaçdılar. Ərklə həyətə girən qonaqları görəndə Əlabbas da, arvadı Xonça da tələsdilər.

Gələnlər Xonçanın qardaşları idi. Odur ki, irəli düşüb bir-bir gələnlərin üzündən öpdü:

-Can ay qardaş, həmişə sən gələsən...

Qonaqları qarşılayandan sonra Əlabbas vurnuxdu, ürəyində çox götür-qoy etdi ki, neynəsin. Toyuq-cücə qış vaxtı xəstəlikdən tələf olmuşdu. Üç-dörd qoca toyuqdan savayı heç nə qalmamışdı. İnək kəsməyəcəkdi ki. Pəyədə bir qoyun və beş aylıq quzu vardı. Qoyunu kəsməli idi, başqa nə eləmək olardı? Kəsməsəydi yavanlıqdan qayınları onun üçün yaxşı fikirdə olmazdılar...

Bir azdan həyətdən tüstü yüksəldi. Kababın iyi qonşu evlərədək yayıldı. Əlabbas cəld dükana qaçıb içki də gətirdi. Pulu olmasa da nisyə dəftəri ki, vardı. Olanda verəcəkdi...

Gələnlər üç nəfər idilər. Əvvəlcə bir qədər evin arxasındakı bağçada çay içib yol yorğunluqlarını aldılar. Bu müddətdə qonaq otağında tələm-tələsik süfrə açılmışdı. Onlar otağa girəndən yemək gələnədək Əlabbasla, Xonça ilə uzun-uzadı hal-əhval tutdular. Hər ikisi “şükür” deyib çətin dolanışıqlarından razılıq etdilər. İstəmədilər ki, özlərini sındırsınlar. Növbə Xonçaya çatdı. O da qardaşlarından özlərini, həyat yoldaşlarını, uşaqlarını soruşdu. Şəhərdə məhkəmədə işləyən böyük qardaşı dedi:

-Birtəhər dolanırıq, ay bacı. Dövr çox çətindir. Çəkinəcəkli, ehtiyatlana yaşayırıq. Xərcimiz həddən çoxdur. Kənd yaxşıdır. Rüşvəti şəhərkindən az, zibil pulu vermirsən, su pulu vermirsən. Odun meşədən, dolanacağın bağ-bostandan, öləndə də qəbir yerin havayı...

Bu sözləri deyə-deyə süfrəyə təzə gətirilən kababları hamıdan tez qabağına çəkib davam elədi:

-Şəhərdə evdən çıxdın puldu. Maaşla dolanmaq olmur. Arvadın, uşağın xərci də qurtarmaq bilmir. Kəndə nə var ki, nə oldu geyinirsən. Hə, indi də deyirlər bir kimsədən pul almayın, “ədalət zəfər çalmalıdır”. Mən o pulu almasam işləyə bilərəm?..

-Əşşi, fikir vermə, maaşını artırarlar düzələr. Sən bura dərdi-sərə gəlmisən, götür vuraq, - deyə jurnalist olan ortancıl qardaş kiçik badəni ona uzatdı. - Bax indi biz şəhərin çirkabından uzaq, burada yarımgünlük də olsa dincəlirik. Ancaq, Əlabbasgil demək olar ki, həmişə kefdədirlər.Təmiz hava, təmiz su, hər cür təhlükədən kənar. Allaha şükür, süfrədə də hər şey var, nə çatmır? Qoy bu nemətlər üçün zəhmət çəkən ev sahibi ilk sağlığı desin, bizə də nuş olsun.

Bayaqdan qayınlarının sözlərinə münasibət bildirmək istəyən Əlabbasın əlinə fürsət düşdü:

-Əvvələn, xoş gəlmisiz. Siz kənddən gedəni on beş il var. Maşallah, xeyli dəyişmisiz, gəl ki, kənd elə gördüyünüz kimi qalıb, heç dəyişməyib. Sizə elə gəlir ki, biz burada kef edirik. Əgər belə kefdirsə, bəs niyə kəndi atıb getdiniz? Sizi qovan olmadı, axı. Süfrədə doğrudur, hər şey var, amma, belə hər gün olmur. Bu gün bunlar kəndimizin fəxri olan sizin təki ziyalı, əziz qonaqlarımızın gəldiyi üçündür. Hələ qayınlarım olmağınızı demirem. Ona görə də içirəm elə sizin sağlığınıza.

Balaca badələr cingildədi, sağlıqlar içildi. Keçmişdə kənddə müəllim işləmiş indi yol idarəsində yüksək vəzifədə işləyən ən kiçik qardaş söz aldı:

-Söhbəti yox, biz kəndimizi istəyirik. Pis odu ki, yaşamaq üçün kənddə yaxşı qazanc yeri yoxdur. Şəhərdə yol tapıb yaşamaq mümkündür...

Ortancıl jurnalist qardaş adəti üzrə dayana bilməyib sözünü kəsdi:

-Səni kənddən qazanc yox, qaynanan apardı. Ümumən baxanda işin sərfəlidir. Bir maşın asfalt tökəndə on maşın yazırsız. Kimdi baxan...

-Nə edək, elə bilirsən tək yeyirik? Bizdən də haqq istəyirlər...

Jurnalist gülümsədi:

-Bəs korrupsiyaya qarşı mübarizədən qorxmursuz?

-Nə qədər ki, yuxarıdan vəzifələr pulla veriləcək, mübarizə-filan görüntüdür. Biz heç, uzaqbaşı “cipdə” gəzmərik. Onda hərəsi bir müğənni xanımı saxlayan yazıq nazirlər necə dolansın maaşla? Düzdü, bir az özümüzü sıxmışıq, “pəhrizə” düşməli olmuşuq. Yəqin ki, belə getməz. Az müddətdən sonra, bir fəndlə sıxıntımızın əvəzini çıxararıq.
Yemək başlayandan bəri sağlıqları ard-ardınca içən Əlabbas qızarmışdı. İçki ona yavaş-yavaş təsir etməyində idi:

-Mənə aydınlaşdırın görüm bu korrupsiya nə deməkdir?

Böyük qardaş Əlabbası hüquqşünas sayaq başa salmaq istədi;

-Korrupsiya rüşvətin iri həcmli formasıdır. Belə ki, yalnız adamlardan rüşvət almaqla varlanıb korrupsioner olmursan. Həm də tutduğun vəzifənin səlahiyyətlərindən yararlanıb qazanırsan, həddini aşıb mənimsəyirsən...

-Məgər qazanmaq pisdir, - Əlabbas üzünü kiçik qardaşa tərəf tutdu, - sən müəllimliyi nə üçün atdın?

-Öz müəllimlərimi görmürdüm necə yaşayırlar? Mən də istədim ki, yaxşı evim olsun, yaxşı geyinim, uşaqlarım dolanacaq sarıdan əziyyət çəkməsinlər...
Söhbət getdikcə qızışırdı. Ortancıl qardaş da mövzu ilə bağlı söhbətə qoşuldu:

-Qardaş elə yox, icazə ver sadə yolla izah edim. Xasiyyətimi bilirsiz də, deməsəm partlayaram...

-Ona görə də əlindən yazmaqdan qeyri bir iş gəlmir, - deyəcəklərinin könül açan olmayacağından dalağı sancan böyük qardaş qımışdı, - rüşvət almasan da demaqoqluğunla başını girləyirsən...

-İnsan gərək təkcə qazancı güdüb mənəviyyatını itirməsin. Rüşvətxorun qəlbi heç zaman təmiz ola bilməz. Qaldı ki, korrupsiya nədir? Adi, kiçik bir misal: süfrəyə gətirilən kababı qədərindən artıq yeməyimiz. Qonaq olmaq səlahiyyətimizdən istifadə edib, doymaq bilmirik, elə hey yemək istəyirik. Korrupsiya da belədir.

Başı dumanlanmış Əlabbasın bu sözlər xoşuna gəldi, könlü açıldı:

-Sizə bu yaxınlarda gördüyüm yuxumu danışım. Görürəm məni həbs eləmək istəyirlər.Guya nə vaxtsa, kiməsə rüşvət verməkdə təqsirləndirirlər. Məni tutandan soruşuram ki, rüşvət alanların hamısı həbs olunub yəni, keçmisiz rüşvət verənlərə? Belə yanaşsaz, onda gərək azadlıqda kimsə qalmaya, hamını həbs edəsiniz. Hə, mübahisə edə, yuxudan ayıldım...

-Allah xeyirə calasın. Gördüklərin elə yuxuda qalsın, - kiçik qayın əlindəki tikəni dişinin altında dartışdıra-dartışdıra mızıldadı.

Qonaqlar oturandan yeməklərə elə girişmişdilər ki, az keçmədi süfrədə salatdan qeyri yeyiləsi bir şey qalmadı. Bunu görən Əlabbas manqaldan növbəti şişlər gətirilənədək qonaqların başını salatla qatmaq istədi. Süfrədən bir pomidor dilimini götürüb, özü də nə dediyini bilmədi:

-Gəlin içək süfrəmizin bəzəyi pomidorun sağlığına.

Hamı gülüşdü. Ortancıl qardaş şor qabını Əlabbasın qabağına itələdi:

-Ə, sən şorunu ye, pomidor sənlik deyil. Görmürsən yeməyə heç nə qalmayıb, içdik, bəs nə yeyək?

-Nə yeyirsiz yeyin, axırı ac qalmayın...

Böyük qayın onun dəmləşdiyini hiss etdi:

-Dur get yat, sən xamırlayırsan...

Bir azdan süfrənin ətrafında uşaqlarla birgə Xonça qonaqlığın ikinci mərhələsini davam etdirdilər. Xonçanın kefi kökəlmişdi, qardaşları ona arvadlarının hazırladiqları üst-üstə qalanmış bağlamalarda kənd üçün təzə kimi görsənən çoxlu paltar gətirmişdilər.

Əlabbasın axşam gəlmiş qonaqları səhər tezdən çay içib şəhərə yola düşdülər. “Cip” uzaqlaşıb gözdən itincə Əlabbas və uşaqları darvazanın önündə durub arxalarınca baxdılar. Pəyədə quzu mələyirdi, anasını istəyirdi. Əlabbasın bu anda quzu yadına düşdü. Anasından bir şey qalmamışdı, əksər hissəsini “korrupsioner” ziyalılar, daha dəqiqi - ziyanlılar yemişdilər. Quzuya yazığı gəldi. Elə özünə də...
Axşam içdiyi nisyə araq başını bərk ağrıdırdı...

03.11
XS
SM
MD
LG