Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:39

Mübariz Qurbanlı: «Səfirlər özlərini gülünc vəziyyətə salırlar»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
MÜBARİZ QURBANLI: «SƏFİRLƏR ÖZLƏRİNİ GÜLÜNC VƏZİYYƏTƏ SALIRLAR»

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı müxalifətlə-iqtidar arasında yaxın vaxtlarda dialoq keçiriləcəyi ilə bağlı ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Can Korelin fikirlərini Azadlıqradiosuna şərh edərkən deyib:

«Mən bilmirəm cənab Cankorel nəyi nəzərdə tutub, biz hara dəvət olunuruqsa ora da gedirik. Əgər dialoq adı altında bir məsələ müzakirə eləmək istəyirlərsə biz həmin müzakirələrə qatıla bilərik.

Amma mən bütövlükdə dialoq termininin Azərbaycanda belə istismar olunmasının əleyhinəyəm. Çünki Azərbaycan siyasi proseslərin sabit şəkildə inkişaf etdiyi, vətəndaş sülhü, vətəndaş birliyi olan ölkədir. Bu gün dialoq sözünü Fransa, Amerika və Böyük Britaniyaya aid eləmədiyimiz kimi bizə niyə aid edirlər. Dialoq Somalidə, Anqolada və digər qarşıdurma olan ölkələrdə olmalıdır Azərbaycanda yox».

«ÇOX AZLIQDA OLAN DAİRƏ DİALOQ- DİALOQ DEYİR»
Mübariz Qurbanlının deməsinə görə, dialoq məsələsini həmişə Azərbaycanda azlıqda olan radikal müxalifət partiyaları qaldırılar:

«Yığışdıq söhbətə başlayaq, nədən danışacayıq. Cəmiyyətdə qanun işləyir, hər şey qaydasındadır. Çox azlıqda olan bir dairə dialoq-dialoq deyir. Bu mövzu artıq adamı yorub. Biz deyirik dialoq nəyə deyirsiz gəlin, oturub söhbət edək, amma hansısa təşkilatın egitası altında yığışıb söhbət etmək bizə bir qədər anormal görünür. Azərbaycanda nə vəziyyətdir ki, ATƏT çərçivəsində görüş olsun, söhbət aparılsın».

Mübariz Qurbanlı deyir ki, bu gün parlamentdə təmsil olunan 12 partiya arasında normal dialoq mühiti var.

«İCTİMAİ PALATA İLƏ DİPLOMATLARIN GÖRÜŞÜ GÜLMƏLİ GÖRÜNÜR»

Bakıdakı diplomatik korpus nümayəndələrinin Müsavat partiyasında İctimai Palata üzvləri ilə görüşünə gəldikdə, Mübariz Qurbanlı deyir ki, bu onlara sadəcə gülməli görünür:

«Ona görə ki, heç bir ictimai dayağı və rəsmi qeydiyyatı olmayan sadəcə adı olan bir qurumla böyük-böyük dövlətlərin səfirləri görüşür və bu görüşü də ictimailəşdirib, onun ətrafında hay-küy yaratmaq istəyirlər. Mənə elə gəlir imici olan və dövlətinin siyasi imicini qoruyan səfir həmin İctimai Palatada görüşməzdi».

YAP icra katibinin müavini deyir ki, arxasında heç bir ictimai dayağın olmadığı bir qurumun nümayəndələri ilə görüşməklə səfirlər özlərini gülünc vəziyyətə salmış olurlar.

Bakıda olan diplomatik korpus nümayəndələri iyunun 10-da İctimai Palata üzvləri ilə sayca ikinci görüşlərini keçirilər. Bundan əvvəl diplomatların İctimai Palata üzvləri ilə görüşü aprelin əvvəlində olub.
XS
SM
MD
LG