Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:58

Mətləb Muxtarov. Yad kişilərlə sevişən şeirlərim


“Yad Kişilərlə Sevişən Şeirlərim” (qırıq-qırıq)

Dondurmadan əriyib tökülən xoşbəxtlik
Torpağı süd kimi bəyazlaşdırır.
Uşağın əlində rəssam fırçası var.
Fırçanın ucundakı şirin bəyazlığı,
uşağın ağzındakı tablo udur içinə.

Bu arada, nifrət edirəm tütünə...

Hardasa uzaq okeanda çimən uşaqların
ayaq barmaqları arasında duzlu su
şirin ət tamına qarışır...

Hardasa bir ocaq alışır.
Divardakı qadın kölgələri qızışır.
Sonra yanır, alovlanır...

Şəhərlərdəki Heykəl cəsədləri
Bir kölgə həyatı borcludur günəşə.
Barıt iyi verən insan lənətləri
Yenə təpik vurur onun büstünə

Bu arada, nifrət edirəm tütünə...

Stəkandakı çay kimi soyuyuram,
insanlara qarşı, dostlara qarşı, özümə qarşı...
Oxuduğum kitablar da soyunur,
cırılır, köhnəlir, bezir.
Yenə məndən xəbərsiz şeirim gəzir,
görüşür, öpüşür, sevişir yad kişilərlə.
Məndə hirslənib,atıram ocağın üstünə.
Və...

Bu arada, nifrət edirəm tütünə...

Bu evdə bir külqabı yoxdu ki,
fikirlərini ora boşaldasan.
Ya bir zibil yeşiyi otağın küncünə.
Bu arada...
bu arada , nifrət edirəm Tütünə


Qoyun Kimi Otarılan Xatirələr

Qələmin tərsliyi tutub.
Səndən yazır.
Vərəqsə səni unudub.
Gah yazılır, gah yazılmır.
Sənlə olan xatirələri otarıram,
qoyun kimi.
Qucağımda həmin dəqiqələr.
Çomağımda həmin öpüşlər.
Öpürəm xatirələrini zərbə ilə.
Ona görə də həmişə əlimdə
xatirələrini otarmaqçun,
Çomaq kimi bir qələm var.....


“Dənizin ilk övladına”

Mavi gözlərindən baxan dəniz.
Sarı eynəkli günəşlə,
Bəlkə bir sevgi? Bəlkə bir dostluq?
Bəlkədə bir ayrılıq arzulayır dərinliyində.
Balıqların səssizliyi ilə söyləyir.
Sevgi təklifini, dostluq təklifini,
Bəlkədə ayrılıq təklifini.
Dalğaları yaran,
bu xilasedici kişini doğub.
Günəşə göstərmək istəyir ki, sevib.
Balıqtutan qayığı sevib.
Və o qayıqdan yıxılıb,
suya düşən uşağı xilas edən kişi.
Dənizlə qayığın ilk övladıdır.


“Kibrit Qutusunun Qurbanları”

Bir əlimdə,
Tabutum olan-kibrit qutusu.
Bir əlimlə
Qəbrimi qazıram siqaretlə.
Beynimdə gizlənmiş fikir oğrusu,
pusquda dayanıb məharətlə.
Və stol üstündəki qələm,
vərəqə baxır qatil kimi.
Dilinin ucundakı zəhər,
Əlimin içindəki can həkimi.
Yazsam yəqin ki öləcəksən.
Yazmasam kimsə öldürəcək.
Sussam yəqin ki mən öləcəm.
Susmasam kimsə öldürəcək.
Indi nə dost, nə tanış?
Nə əmi, nə dayı, nə qardaş?
İnsanlar yoxa çıxır tüstü kimi.
Bəlkədə qarışır siqaret tüstüsünə.
Ya məni kibrit qutusu aparacaq,
ya əlim yanacaq siqaret istisinə.


“Elə Bu An”

Elə bu an ,
Milyon işıq ili uzaqda,
Bir yad planetli uçan boşqabda,
Sevgilisinə deyir:
“səni sevirəm dünyalar qədər”
Elə bu an,
Qabağımdakı boşqabda,
Qarışqa öz payını gözləyir.
Onun üçün bir qaşıq yemək,
Dünyalar demək...
Elə bu an ,
Bosfor boğazında,
Iki sevgili ayırlır.
Biri Asiyanın qərbində,
Biri Avropanın şərqində.
Pıçıltı ilə bir-birilərinə:
“qalacaqsan qəlbimdə”
Elə bu an,
Qardaşım dişlərini fırçalayır.
Bəlkədə söyüşlərdən təmizləyir.
Elə bu an..
Bir uşaq İraqda,
Bir uşaq içimdə ölür.
Bir uşaq uzaqda,
Bir sərxoş küçəmdə ölür.
Elə bu an…
Bir an …
Bir anın min hökmü
XS
SM
MD
LG