Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:15

Kazan görüşü ilə bağlı Bakı sakinlərinin və siyasətçilərin fikirləri


Prezidentlərin Soçi görüşü
Prezidentlərin Soçi görüşü

İyunun 24-də Azərbaycan və Ermənistan prezidentləri Kazanda görüşür. Görüş öncəsi ABŞ prezidenti Barak Obama prezidentlər İlham ƏliyevəSerj Sarkisyana zəng vurub, Avropa Birliyindən bəyanatlar gəlir.

Bu hadisələrin fonunda bir sual yaranır: Kazanda baza prinsipləri imzalana bilərmi?

«PREZİDENTLƏRƏ HÖRMƏT ƏLAMƏTİ OLARAQ...»

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə:

- Prezident Obamanın, prezident Sarkozinin zəngləri müsbət haldır. Hiss olunur ki, onlar da artıq Qarabağ məsələsinin həllinə diqqəti artıracaqlar. Amma Kazan görüşündən heç bir şey gözləməyə dəyməz. O səbəbdən ki, Rusiyanın mövqeyi dəyişməyib. Bu illərdə Moskvada, Peterburqda, Soçidə neçə-neçə görüş heç nə oldu. Bu görüşdə də sülhə doğru yarım addım atılmayacaq. Amma prezidentlərə hörmət əlaməti olaraq heç nə ifadə etməyən sənəd qəbul edilə bilər. Tərəflər bir öhdəlik götürə bilər ki, tezliklə baza prinsiplərini müzakirə edib münaqişənin həlliylə bağlı razılığa gəlsinlər. Yəni, məsuliyyəti olmayan bir bəyannamə. Amma o da olmaya bilər.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu:

- Mən optimist nəticələri bölüşmürəm. Uzaqbaşı «Yol xəritəsi» qəbul oluna bilər. Amma o, da ciddi sənəd deyil.
Elxan Şahinoğlu
Önəmli olan sülh sazişinin imzalanmasıdır. Məncə, o da bir qədər sonraya təxirə salınacaq.

VƏFA QULUZADƏ: «BU AZƏRBAYCANIN RƏSMİ MÖVQEYİDİR, GƏLİN MÜZAKİRƏ ETMƏYƏK»

Prezident İlham Əliyev «Euronews» telekanalına müsahibəsində Azərbaycanın ermənilərə muxtariyyət verməyə hazır olduğunu deyib. O, İtaliyada və Avstriyada tətbiq olunan Tirol nümunəsini də misal çəkib.

Yerli politoloqlar bu haqda nə düşünürlər?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu:

- Bu model həm Azərbaycana, həm Ermənistana uyğundur. Cənubi Tirolda alman dillilər yaşayır. Onların bütün hüquqları qorunur. Bölgədə iki dil hakimdir: alman və italyan. Bölgənin iqtisadiyyatı və bələdiyyələr Tirola bağlıdır. Yalnız iki məsələdə Tirol mərkəzə tabedir: təhlükəsizlik və xarici siyasət məsələlərində. Burda nəsə İtaliya qanunlarına zidd olarsa, Konstitusiya Məhkəməsinə çıxarılır. Bütün hallarda geniş muxtariyyətdir. Mən düşünürəm ki, Azərbaycan prezidenti bu məsələdə haqlıdır. Bu model tam Azərbaycana uyğundur. Ermənistana da uyğundur, bölgənin iqtisadi inkişafına təminat verir və geniş yerli idarəetməni nəzərdə tutur.

Politoloq Vəfa Quluzadə:

- Vaxtilə Heydər Əliyev Dağlıq Qarabağdakı ermənilərə muxtariyyətlə bağlı çox böyük təklif verib. Yəni, Dağlıq Qarabağa Tatarıstanın statusunu vermək. Mən özüm onun əleyhinə olmuşam. Bu, yüksək statusdur. Amma rədd olundu. İndi də Azərbaycanın rəsmi mövqeyi budur ki, ermənilərə muxtariyyət vermək. Bu, rəsmi dövlət mövqeyidir. Gəlin, bunu müzakirə etməyək. Bu çox böyük, səxavətli mövqedir. Bizi deportasiya edən, Xocalı soyqırımını törədən Ermənistana avtonomiya veririk. Məcburuq, təkik. Arxamızda bir dövlət dayanmayıb.

ƏLİ KƏRİMLİ: «BU QARABAĞIN AZƏRBAYCANDAN AYRILMASINI NƏZƏRDƏ TUTAN KONSEPSİYANIN ƏSASIDIR»

AXCP sədri Əli Kərimli Kazan görüşündə uğurlu nəticələrin əldə olunacağına ümid etmir. Deyir ki, əsas odur ki, bu cür görüşlərdə Azərbaycanın ziyanına addım atılmasın:

Əli Kərimli
«Son illər Minsk Qrupu Həmsədrlərinin iştirakı ilə, eləcə də ayrıca hər iki dövlət başçılarının görüşü keçirilib. Hər dəfə bu görüşlərin ətrafında ajiotaj yaradılıb, dəfələrlə problemin həllində nəticələr əldə olunacağı bəyan olunub. Buna görə də bu görüşlərdən ümidli, böyük bir nəticə gözləmirəm. Ümumiyyətlə İlham Əliyev hakimiyyətinin Qarabağı Azərbaycana qaytarmasında ciddi bir uğurun olacağına ümid etmirəm. Ona görə də hər dəfə belə görüşlər olanda ancaq arzulayıram ki, heç olmasa Qarabağı bizdən uzaqlaşdıran, Qarabağ üzərində hüquqlarımızı məhdudlaşdıran, separatçıların məqsədlərinə yol açan, hansısa diplomatik məğlubiyyətlər olmasın».

Əli Kərimli baza prinsiplərini Qarabağı Azərbaycandan ayrılmasını nəzərdə tutan konsepsiyanın əsası kimi dəyərləndirir.

«Söhbət Dağlıq Qarabağın taleyinin bu ərazilərdə yaşayan ermənilər tərəfindən referendum yolu ilə müəyyənləşdirilməsindən gedir. Mən hesab edirəm ki, bu bütövlükdə Qarabağın Azərbaycandan ayrılmasını nəzərdə tutan konsepsiyanın əsasıdır. Belə bir prinsiplərin təsdiq olunmasına nəyə görə Azərbaycan dövlət başçısı can atmalıdır. Azərbaycan Dövlət başçısı bu cür səhvi etməməlidir».

NİZAMİ CƏFƏROV: ERMƏNİSTAN KAZANDA ÖZ İDDIALARINI DAVAM ETDİRSƏ VƏZİYYƏTİ AĞIR OLACAQ

Milli Məclisin komitə sədri, hakim YAP-dan olan deputat Nizami Cəfərov hesab edir ki, Pusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın Kazandakı görüşü Ermənistan üçün xeyirli ola bilər. Əlbəttə ki, Əgər bu dövlət öz vəziyyətini başa düşsə:

Nizami Cəfərov

«Kazan görüşü öncəsi Erməistan prezidenti Serj Sarkisyan özümnü bir az tərbiyyəsiz aparıb. Çıxışlarında, bəyanatlarıında bizim üzərimizə minnət qoyub. Amma prezidentlər arasında əvvəlki görüşlər kimi Kazan görüşündə də Azərbaycan ləyaqətlə təmsil olunacaq. Azərbaycan bütün görüşlərdə Ermənistanı başa salmağa çalışır və heç bir əlavə iddia da qaldırmır. Biz bütün görüşlərdə olduğu kimi, yenə də gözləyirik ki, Ermənistan vəziyyəti anlasın, nəsə bir şey düşünsün. Hər halda vəziyyəti anlasa, bizimlə razılaşsa, torpaqlarımızı qaytarsa bu ən azından Ermənistanın xeyirinə olardı».

Nizami Cəfərova düşünür ki, əgər bu dəfə də Ermənistan Azərbaycan torpaqlarını qaytarmağa razılaşmasa, öz iddialarını davam etdirsə, ermənilərin vəziyyəti ağır olacaq.

İQBAL AĞAZADƏ: «BAZA PRİNSİPLƏRİNİN QƏBUL OLUNACAĞINI GÜMAN ETMİRƏM»

Milli Məclisin üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə AzadlıqRadiosuna deyib ki, Kazan görüşü Ermənistan Azərbaycan münaqişəsinin həllində dönüş nöqtəsi deyil. Onun sözlərinə görə, nə ATƏT-in Minsk Qrupunda həmsədr olan dövlətlərin, nə də Ermənistan və Azərbaycan prezidentlərinin mövqelərində ciddi bir dəyişiklik var:

«Buna görə də problemin həllində yeni bir dönəmin başlamasına ümidli yanaşmıram. Köhnə statusun qorunub saxlanması tərəflərin daha çox marağındadır və ənənəvi olaraq, danışıqların davam etdirilməsi ilə bağlı bəyanatlar verəcəklər. Baza prinsiplərinin qəbul olunacağını da güman etmirəm. Baza prinsiplərinin qəbul olunması üçün Ermənistan ciddi şəkildə Cənubi Qafqazda yeni siyasətin daşıyıcısı olduğunu qəbul etməlidir. Ermənistan isə hələ heç Rusiyanın asılılığından azad ola bilməyib».

İqbal Ağazadə hesab edir ki, problemə yeni yanaşma lazımdır: «Hər iki ölkənin mənafeyi baxımdan ziyanlı və xeyirli məqamlar var. Amma əsas Ermənistan-Azərbaycan münaqişəsində ziyan çəkən tərəf Azərbaycandır. Azərbaycan 2 mart 1992-ci ildə BMT tərəfindən bir dövlət kimi tanınıb. Statuslar və digər məsələlər isə Azərbaycanın ziyandır».

Zəfər Quliyev
«HİSS OLUNUR Kİ, HƏR İKİ PREZİDENTƏ CİDDİ TƏZYİQ GÖSTƏRİLİR»

Politoloq Zəfər Quliyev:

- Kazan görüşündən gözləntilər böyükdür. Hətta bu təəccüb doğurur. Bu dəfə prezidentlərin görüşü ətrafında ajiotaj yaranıb. Hər tərəfdən optimist xəbərlər gəlir ki, bu dəfə nəsə ciddi sənəd imzalanacaq. Hiss olunur ki, hər iki prezidentə ciddi təzyiq göstərilir. Həm ABŞ prezidenti Azərbaycan və Ermənistan prezidentlərinə zəng vurur. Həm Fransa prezidenti teleqram göndərir, Rusiya – üçüncü həmsədr ölkə isə bu görüşü təşkil edir. Görüşdən əvvəl 8 ölkənin sammitində növbəti bəyanat da qəbul olunub. Orda prezidentlər ciddi addım atmağa çağrılır... Bunları götürəndə bu günkü görüşdə nəsə bir sənəd imzalana bilər. Bu görüş zamanı niyyət protokolu imzalana bilər, amma ciddi irəliləyişdən danışmaq tezdir.

Sualı Bakı sakinlərinə yönəldirik.

Fuad Məmmədov:

- Qabaqcadan demək çətindir. Amma eyforiya böyükdür, gözləntilər böyükdür. Ola bilər. Müddət çox keçib. Hər şeyin axırı olur. 20 ildən çox çəkən münaqişə də nə vaxtsa bitməlidir. Bir də, heç bir tərəf hərbi yolla münaqişəyə qoşulmaq istəmir. Hər iki tərəf sülh yoluyla münaqişənin həllinə çalışır. Əsas da budur. Sadəcə, tərəflər arasında alver gedəcək. Bizimkilər öz xeyrinə, o tərəf öz xeyrinə...

- Görüş öncəsi Barak Obama prezidentlərə zəng edib, Avropa Birliyindən bəyanatlar gəlir. Sizcə, bunların sənədin imzalanmasına təsiri olacaqmı?

- Ola bilər. Əsas tərəflərin iradəsidir. Bizim, bir də qonşu ölkənin. Bu iradəni bizdə daha çox görürəm. Onlar sadəcə yenə vaxt udmaq istəyirlər, amma niyə, bilmirəm.

Rəfiqə Həsənova:

- Mən heç nə deyə bilmərəm. Amma Qarabağı alsalar yaxşı olar. Qaçqınlar da öz yerlərinə qayıdar, yaxşı olar. Qoy qol çəksinlər.

Eldəniz Abbasov:

- Mənə elə gəlir ki, alınar. Prezidentimizin çıxışına baxdım, nəsə gözləmək olar.

Kəmalə Cavadova:

- Məncə, yox. Hələ tezdir. Hələ ki, bəzi qaydalar var ki, imzalanmayıb. Görüləsi işlər çoxdur. Yol xəritəsi hazırlanmalıdır ki, torpaqlar qaytarılsın. Hələlik o sənəd imzalanmayıb...

Nurlan Quliyev:

- İndi bu işin üstünə düşüblərsə yəqin alınar. İşdi alınmasa, Azərbaycanda mənim kimi oğlanlar çoxdur. Yəni alınmasa, imzalanmasa, verməsələr biz canımızla, qanımızla başqa cür hərəkət etməyə də hazırıq.

Nabat Rzayeva:

- Mən ümid edirəm ki, olacaq. Məncə olar. Prezidentimiz üstümüzdə durubsa, atasının yolu ilə gedirsə, yəqin olacaq.

Mahmud Tağıyev:

- Ola bilər. Prezidentimiz Qarabağın qaytarılması üçün çox səy göstərir. Ona görə ümidvarıq ki, Kazan görüşü uğurla başa çatacaq.

Ədalət Əliyev:

- Mən heç nə deyə bilmərəm.

HƏMÇİNİN OXUYUN:
ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
İlham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
XS
SM
MD
LG