Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:48

F.Bədəlbəyli: «Şuşada gördük ki, Qarabağa benzin daşıyan bütün maşınlar İran nömrəlidir»


Fərhad Bədəlbəyli
Fərhad Bədəlbəyli
İyunun 28-dən iyulun 1-dək Bakıda «İpək yolu» II Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək bu festivala yerli musiqiçilərlə yanaşı, Türkiyə, Ukrayna, Norveç, Polşa, Hindistan, Cənubi Koreya və bəzi başqa ölkələrdən də iştirakçılar qatılacaq.

Bu festival və bir sıra başqa aktual məsələlərə dair suallarımızı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli cavablandırıb.

- Fərhad müəllim, ilk növbədə «İpək yolu» II Beynəlxalq Musiqi Festivalı barədə danışardınız.

«MİN DƏFƏ «ÇOX SAĞ OLUN» DEYİRƏM»

- Əhəmiyyəti çox böyükdür belə festivalların. Bakıdan başqa rayonlarda da festivallar olmalıdır. Başqa ölkələrdəki kimi. Məsələn Fransada il ərzində 120 festival keçirilir. Gündə bir şəhər bu istiqamətdə nəsə edir. Orada da yaxşı musiqiyə meyl çoxdur. Özü də bu tədbirlərin təşkilatçıları yerli qurumlar, bələdiyyə və digər idarəetmə strukturlarıdır. Bizdə yerli qurumlar bir az bu məsələdə passivdirlər. Ancaq mərkəzdən təşkil olunur belə tədbirlər. Yenə yaxşı ki, Şəkidə, Qəbələdə bir dirçəliş var. Amma mən istərdim bütün rayonlarda - Lənkəranda, Gəncədə olsun belə festivallar. O boyda Gəncədə festival keçirilməsin bəs harada keçirilsin. Bu festivallar çox lazımdır. Kimlər belə festivallar təşkil edir, onlara min dəfə «çox sağ olun» deyirəm.

- Bu festivallar təkcə mədəniyyət, incəsənət sahəsində Azərbaycan üçün əhəmiyyətlidir ya başqa dividentləri də var?

- Yox, başqa əhəmiyyəti də var onların. Məsələn, Qəbələ Musiqi Festivalına iştirakçılardan başqa çoxlu xarici qonaqlar da gəlmişdilər. Onlar həm turist kimi ölkəni görür, həm də Qara Qarayevin, Fikrət Əmirovun və digərlərinin əsərlərini dinləyib Azərbaycan musiqisinin nə səviyyədə olduğunu görürdülər.
Eldar və Nigar, 2 may 2011
Ona görə bu festivallar həm də bir təbliğat vasitəsi olaraq lazımdır.

- «Eurovision» yarışmasında Azərbaycan qalib gəldi. Bu kimi hadisələr diqqəti Azərbaycana yönəldə bilirmi?

«CİDDİ MUSİQİÇİLƏR «EUROVISION»A GETMİR»

- Əlbəttə. Mən mayın 30-da Almaniyada-Berlin Filarmoniyasında (mayın sonunda Berlin Filarmoniyasının Böyük salonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə simfonik musiqi konserti olub - AzadlıqRadiosu) konsert verdim. Baxmayaraq ki, orada ciddi musiqiçilər «Eurovision»a o qədər də ciddi yanaşmırlar. Çünki səviyyə özfəaliyyəti xatırladır. Ciddi musiqiçilər ora getmir. Amma hər halda o müsabiqəyə 300 milyon adam-bütün Avropa baxır. Berlində də «Eurovision»dakı qələbəyə görə məni təbrik edirdilər –Azərbaycan qalib gəldi deyirdilər və mən çox sevinirdim. Yəni, bunun əhəmiyyəti çox böyükdür və reaksiya da çox yaxşıdır.

- İyunun 26-sı Azərbaycanda silahlı qüvvələrin yaranması günü kimi qeyd olunur. Hərbi paradı Siz də seyr etdiniz. Necə fikirləşirsiniz Azərbaycanın hərbi inkişafını incəsənətinin inkişafına bərabər tutmaq olar?

- Əlbəttə. 20 il əvvəl mən Ağdam, Goranboy və digər cəbhə bölgələrində çox olurdum. Gedirdik, əsgərlərə baş çəkirdik, konsertlər verirdik. Onda o uşaqların ayaqlarında hərbçi çəkməsi də olmurdu. Köhnə tüfənglə müdafiə edirdilər öz kəndlərini. İndi inanılmaz dərəcədə bir irəliləyiş var bu sahədə. Sadəcə, problem ondadır ki, bu imkandan istifadə etməyə hələ dünya bizə icazə vermir. Bütün dünya - Rusiyadan tutmuş Amerikaya qədər hamısı deyirlər ki, müharibə aparmaq olmaz. Bəs onda biz o torpaqlara necə qayıdaq?

- Sizcə, ordu bu problemi həll etməyə qadirdir?

Bakıda hərbi parad - 26 iyun 2011
«ŞUŞADA GÖRDÜK Kİ, QARABAĞA BENZİN DAŞIYAN BÜTÜN MAŞINLAR İRAN NÖMRƏLİDİR»

- Ordu çox qüvvətlidir. Paradda da şahidi oldunuz ki, hər şey var, özü də ən yüksək səviyyədə. Vətənpərvərlik də güclüdür. Əsgərlərin hamısı da nə vaxt Qarabağa keçəcəklərini soruşurlar. Kazan görüşündən sonra isə bəlli olur ki, Ermənistan heç bir kompromisə gedən deyil.

Sülh variantı da belədir ki, BMT-yə müraciət olunmalıdır. Onlara ultimativ şəkildə demək lazımdır ki, siz də bu problemi həll edə bilmirsinizsə, onda hərbi yolla torpaqları qaytarmaq haqqımızdan istifadə edəcəyik. Heç olmasa, bütün sülh imkanlarından istifadə olunduğunu göstərməliyik. Halbuki, Liviyaya qarşı öz qətnaməsini bir həftə ərzində hərəkətə gətirən BMT-nin Azərbaycan torpaqları ilə bağlı 4 qətnaməsi var. 20 ildir onları heç yada salan yoxdur. Azərbaycana münasibət belədir.

İran ən yaxın qonşumuzdur. Amma biz Şuşada olanda, gördük ki, Qarabağa benzin daşıyan bütün maşınlar İran nömrəlidir. Şimaldan, Qərbdən elə, Cənubdan da belədirsə, biz kimdən dəstək alaq. Nə isə...

- Fərhad müəllim, hansı musiqi ilə bu dünyanı yola gətirmək olar ki, Sizin dediyiniz şəkildə ədalətli olsun?

«ÇƏNLİBEL» VƏ 9-CU SİMFONİYA

- Bizim tərəfimizdən «Çənlibel» xorunun ifasında Üzeyir bəyin «Uvertüra»sı fikrimcə, ən təsirli bir vasitədir. Dünya səviyyəsində isə əlbəttə ki, Bethovenin «9-cu simfoniya»sı (Bethovenin «9-cu simfoniya»sının final hissəsi Avropa Birliyi ölkələrinin himni kimi səslənir - AzadlıqRadiosu). Avropa bunu özünə himn kimi götürməkdə çox yaxşı seçim edib. Bu doğrudan da çox dahi bir musiqidir...
XS
SM
MD
LG