Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:05

Azərbaycanlı yazıçı həbsdə ona təzyiqlər edildiyini deyir


Moldova polisinin iyunun 16-da saxladığı Rusiya yazıçısı, əslən azərbaycanlı olan Eduard Bağırov Kişinyovdakı istintaq təcridxanasında ona təzyiq edildiyini bildirib.

“Mənə güclü təzyiqlər var. Mənim işimlə bağlı Moldova Baş Prokurorluğunun iki prokurorundan, təhlükəsizlik nazirliyinin üç əməliyyatçısından ibarət istintaq qrupu yaradılıb.

Məni hətta respublika prokurorunun müavini də dindirib.

Şərait pisdir, məni heyvan kimi saxlayırlar, eni-uzunu 5 addımlıq kameradayam, unitaz axıdır, su gəlmir, görüş olmaz, mənə sovqat ötürmək qadağandır.

Harasa aparanda mənə zirehli jilet və maska geydirirlər.

Məni hədələyirlər və tələb edirlər ki, respublikanın ali vəzifəli şəxslərinin adını çəkim”.

E.Bağırovun öz vəkili vasitəsilə göndərdiyi ismarıclarını onun dostu, yazıçı Sergey Minayev “Live journal”dakı bloqunda yerləşdirib.

Bağırov dostuna onu da çatdırıb ki, təzyiqlərə baxmayaraq sınmayıb.

Bağırovu 2009-cu ildə kütləvi iğtişaşlarda iştirakçı olmaqda ittiham edirlər.

O zaman kommunistlərin seçkidə qələbəsinə etiraz olaraq liberal müxalifət küçələrə axışmış, bundan sonra baş vermiş iğtişaşlar parlament binası və prezident iqamətgahına hücumla nəticələnmişdi.

Moldova Baş Prokurorluğunun mətbuat katibi Maria Vieru Bağırovun kütləvi iğtişaşlarda iştirak ittihamı ilə saxlandığını və 30 günlük həbs cəzası aldığını təsdiq edib.

Bundan qabaq Moldovanın hüquq-mühafizə orqanları yazıçının saxlanması faktını tədqiqləmirdilər.

Yalnlz bir neçə gün sonra bu haqda Rusiyanın Moldovadakı səfirliyinə məlumat verilmişdi.

Amma mətbuat katibi yazıçının harada və hansı şəraitdə saxlanması barədə heç nə deməyib.

E.Bağırov Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvüdür.

Onun Rusiyada 3 romanı - «Гастарбайтер» (2007); «Любовники» (2008) və «Идеалист» (2010) çap edilib.

E.Bağırov 1975-ci ildə Türkmənistanda anadan olub.
XS
SM
MD
LG