Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:45

Vaqif Bayatlı Odər. Yenisey şeirlərindən


YENİSEY ŞEİRLƏRİNDƏN

1. Ana su

Ana yanında ölməkdi
dünyanın ən gözəl ölümü.
Ölüm də qorxulu gəlməz adama
qara torpaqlar altına getmək də
ana yanında.
Bu çayı görüncə
ölüm günüm qədər
əziz gəldi mənə bu gün.
Heç kimi istəmirəm,
bu gün
gözümdən iki damla yaşı
silirmiş kimi
anam qapasın gözlərimin işığını.
Dünyanın ən gözəl yuxusunu,
bir daha ayılmadan,
sənin qoynunda yatmağım gəldi,
Yenisey
Ana su.

2. Görünək bu çəndə, itək bu çəndə

İtirib xan bulaqlar
Aslan yatışlı dağları
keçmişlərdən gəlir bu çən
ötmüşlərdən, itmişlərdən
gəlir bu çən
on beşimdən yürür bu çən.

Yaylığım, ipəyim, gözüm, göyçəyim!
Aslan yatışında dağların hanı?!
Bir daş altında
ipəyi süzülən bulağın hanı?!
O bulaq içində bir qonur daş var
taleyimdi mənim,

biz qardaş şəklində doğulsaydıq
o bulaq gözündə doğuldu ancaq
Mən insan gözündə, insan şəklində
o daşın qonuru o gündən bəri
qardaş rəngitək gözümdə qalıb.

Ötmüşlərdən, itmişlərdən
gəlir bu çən,
On beşimdən yürür bu çən,
Aralayıb illəri
kim çıxacaq içindən?
Eheyy! Kim var orda?!
Ver əlini!
qarışaq bu çənə, girək bu çənə
Sən bir çiçək kimi,
mən bir daş kimi
elə hərdən-hərdən
görünək bu çəndə, itək bu çəndə.
Hərdən-hərdən
görünək bu çəndə, itək bu çəndə
bu yaylıq içində, ipək içində.
XS
SM
MD
LG