Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:49

Vaqif Bayatlı Odər. Donurdu Hadinin əlləri


Soyuğu başladı
yetim bir məmləkətin
Keçən ilin soyuğu qıçında
kasıb qaçıb gizlənmişdi
cındırının içində.
Soyuq ayı dərisindən də keçirdi,
kasıbın cındırından keçmədi
- Gözümüz aydın!
Kasıb soyuqdan küsüb!
Qapılılar bağladı qapısını,
pəncərəlilər pəncərəsini:
özləri bilərlər -
kasıb soyuğun
soyuq kasıbın.
Hamı qaçıb gizlənəndə
sınıq pəncərələrə
tutulmuş qəzet kimi
şairlərə gəlir
dünyanın soyuğu.

Donurdu Hadinin əlləri.
Qapılılar qapısını bağlamışdı,
pəncərəlilər pəncərəsini.
Buzdan, şaxtadan
yollar da qalın.
Qara torpaq da qalın, qalın -
üstündə nə qəbir qazılar,
nə dua oxunar.
Allah da bağlamışdı
O dünyanın yolunu.
Bir atlı keçirdi
allah bağlayan yoldan.
dərd açan yoldan
atlının bığları eşmə.

Canım atlı, gözüm atlı,
bu dünyanı keçməyə
ya bu atı bağışla,
atı bağışlamırsan,
atın ağzındakı odu bağışla.
Odu da bağışlamırsan,
gəl bu bığları bir də eşmə!
Donurdu Hadinin əlləri.
Səsinə at dayandı,
atın ağzındakı od dayandı.
Atlı qamçıladı atı,
od çıxırdı atın ağzından.
Donurdu Hadinin əlləri.
qaça-qaça soxdu əlini
atın ağzına.
Atlı qamçıladı atı,
at qaça-qaça
yumdu ağzını.
Donurdu Hadinin əlləri.
Çıxartdı ürəyinin yanından
sata bilmədiyi şeirləri,
od vurdu şeirlərə
soxdu əlini odun içinə.
əli ürəyinin içindəydi.
Od dəydikcə
əriyir, əriyirdi buzlar,
axıb gedirdi
ulu-ulu çaylara sarı.
...Şeirin odu
axıb isitdi
çölləri, dağları
məzarları da.
Mirzə Ələkbər
qalxıb ulu məzarından
ulu bir çay qırağında
ciyərinin qanını yuyurdu.
XS
SM
MD
LG