Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:18

Ramin Cahangirzadə. Daşlar


1

Meydandakı təndisin ürəyi daşdan olsa da
Heç olmasa saçlarında
Yuva qurmuş serçələrin
Ürəyini döyündürür…

2

Bir gün daşa dönsəm
Bütün sirlərimi
Daşlara deyəcəm!

3

Güzgülərin nəfəsinə dözməyən daşlar
Yalniz sındırmağa düşünürlər

4

Birdən-birə
Göydən daş yağsa…
Mən də daşa dönəcəm
Daşlar başima dəyib
Paramparça olacaqlar!

5

Daşlar kağızları sındıra bilmədiyi üçün
Bir-birlərini sındırmağa çalışırlar

6

Daşların çartlağından çıxan çiçəklər
Daş olmasınlar deyə
Baş qaldırırlar

7

Binalardakı yonulmuş daşlar
Şəhərin daş olmağını anladırlar

8
Daşlar bir gün ayağa qalxsalar
Hər nəyi daşa döndərəcəklər

9

Məzarlarda olan baş daşlara
Balaca bir daşla döysən
Ölüləri yuxudan oyadıb
Danışa bilərsən

10

Dünyanın hər yerinə baxsan
Daşların hüzurunu
Daşların düşüncəsini görmək olar
Bizi hisara cəkib azadlığımızı alırlar
Bizi bir-birimizin canına salirlar
Bədənlərimizi fəth edirlər
Daşlar hər nə edirlər
Ancaq nədənsə
Heç kim daşlara bir söz demir…!
XS
SM
MD
LG