Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:57

Polis əcnəbi xanımların Bakıda döyülməsini belə izah edir



ABŞ vətəndaşı, jurnalist Amanda Erikson və Böyük Britaniya vətəndaşı, hüquq müdafiəçisi Silviya Devisi döyməkdə günahkar bilinən dörd nəfərin hamısı həbs edilib.

İstintaq getdiyini əsas gətirən Daxili İşlər Nazirliyi hələ hadisənin tam təfərrüatı ilə bağlı məlumat vermir.

Nazirliyin sözçüsü Ehsan Zahidov Azadlıqradiosuna deməsinə görə, ilkin dindirmə zamanı saxlanan gənclər etiraf ediblər ki, onlar qızlarla tanış olmaq istəyiblər.
Nəticədə belə xoşagəlməz hadisə baş verib:
Ehsan Zahidov
“Xuliqanlıqda ittiham olunan dörd nəfər nəyə görəsə qızlarla tanış olmaq qərarına gəlib, nəticədə aralarında xoşagəlməz hal yaşanıb. Gənclər deyir ki, biz tanış olmaq istədik və belə bir hal yarandı. Bütün bunlar hamısı ilkin dindirmələrin nəticəsidir. İstintaq davam edir və sonda tam məlum olacaq ki, məsələ nə yerdə imiş”.

Ehsan Zahidov burda başqa bir səbəbin olmadığını deyir.

AÇIQ-SAÇIQ GEYİM?

Amma “Yeni Müsavat” qəzetinin yazdığına görə, Ehsan Zahidov onlara müsahibəsində - “Əcnəbi jurnalistlər də bizim millətin xanımlarından fərqli olaraq açıq-saçıq geyinirlər.” deyə fikir də səsləndirib. Amma o, AzadlıqRadiosunun bu məsələ ilə bağlı sualına cavab olaraq deyib ki, kimin necə geyinməsi onun öz işidir:

“Sən onlara deyə bilməzsən ki, niyə gödək geyinmisən və niyə şalvar geyinmişən. Geyim insanların şəxsi işləridir, mənə elə gəlir ki, geyim söhbətinə heç toxunmaq lazım deyil” .
Emin Hüseynov

Adı çəkilən əcnəbi xanımların Azərbaycanda əməkdaşlıq etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov isə hücumuna məruz qalan xanımların ümumiyyətlə hər hansı qıcıqlandırıcı geyimdə olmadıqlarını deyib:

“Xanımların geyimləri qıcıqlandırıcı olmayıb, onlar normal klassik paltarlarda olublar”

Emin Hüseynova görə, digər tərəfdən üzərlərindəki pul və zinət əşyalarına toxunulmadan xanımlara qarşı zorakılıq edilməsi onlarda xeyli suallar yaradıb.
Elçin Behbudov

Yasamal polis idarəsində saxlanan gənclərlə görüşən hüquq müdafiəçisi Elçin Behbudov isə deyir ki, gənclərin dördü də hadisəni törətdiklərini etiraf ediblər:

“Saxlananlardan biri – Adil Tağızadə dedi ki, o telefonunu qızlardan birinə uzadıb ki, nömrəsini yazsın, qız da telefonu yerə çırpıb. Deyir ki, mən də hirsləndim və qıza “podnoşka” verib yıxdım yerə. Sırf sataşmaq, tanış olmaq məqsədi olub burda” .

ƏLİ HƏSƏNOV: “BU MƏSƏLƏDƏ SİYASİ MOTİV AXTARMAQ DÜZGÜN DEYİL”

Prezident administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov da hesab
Əli Həsənov

edir ki, bu məsələdə siyasi, yaxud digər motiv axtarmaq düzgün deyil. Şöbə müdiri APA informasiya agentliyinə müsahibəsində deyib ki, bu, sadəcə bir qrup gəncin hərəkətindən başqa bir şey deyil.

Əli Həsənova görə, Azərbaycan hakimiyyəti istər öz vətəndaşlarının, istərsə də əcnəbilərin təhlükəsizliyinə diqqətlə yanaşır. Məsələnin mətbuat azadlığına basqı kimi dəyərləndirilməsi ilə razılaşmayan şöbə müdirinə görə, Azərbaycan hakimiyyətinin bu sahədə məqsədləri aydın və səmimidir.

NİYƏ JURNALİST VƏ HÜQUQ MÜDAFİƏÇİSİ?

Rəsmi qurumlar və şəxslər hadisənin mahiyyətində hər hansı siyasi motiv olmasını təkrar-təkrar təkzib etsələr də yenə də cavabsız qalan suallar var.
Arif Əliyev

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevə görə, hətta günahkarlar tapılsa, onlar etiraf etsələr belə jurnalistə, hüquq müdafiəçisinə qarşı hücum xeyli suallar yaradır:

“Hətta hadisə təsadüfi olanda belə, çox böyük şübhələr olur ki, bu hadisənin arxasında nə isə gizlədilir. Xüsusilə də əgər bu şəxslər tənqidi mövqe tutan, tənqidi fikir söyləyən adamlar olursa. Nədənsə elə çanaq həmişə bu cür adamların başında çatlayır”.

İntiqam Əliyev
Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev isə bu hadisənin də hakimiyyətin razılığı ilə həyata keçirilən akt olması barədə müxtəlif fikirlər səsləndiyini deyir. Onun sözlərinə görə, bu ehtimallar indiyə qədər jurnalistlərin döyülməsi, qətlə yetirilməsi ilə bağlı hadisələrin üstünün açılmamasından irəli gəlir.

İntiqam Əliyevə bunun “Eurovizion ərəfəsində Azərbaycan barədə tənqidi yazılar yazan əcnəbi jurnalistlərin gözünü qorxutmağa yönələn hadisə olması barədə səslənən ehtimallar da inandırıcı görünür.

Döyülən xanımlar da polislə ifadə veriblər. Amma onlar hadisənin necə baş verməsi barədə jurnalistlərin suallarına cavab vermirlər.
XS
SM
MD
LG