Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:34

Gəncənin 2 Hərbi Komissarlığında korrupsiya faktı aşkarlanıb


Arxiv foto
Arxiv foto
Azərbaycanda daha iki hərbi komissarlıqda yoxlamalara başlanıb. APA-nın məlumatına görə, Respublika Hərbi Prokurorluğu Gəncə şəhəri Kəpəz və Nizami rayonlarının Hərbi Komissarlıqlarında yoxlamalar aparır.

Yoxlamalar zamanı hər iki komissarlıqda korrupsiya faktları aşkar edilib.

Nizami Rayon Hərbi Komissarlığından APA-ya yoxlamaların aparılması faktını təsdiqləyiblər. Bildirilib ki, aparılan yoxlamalar zamanı komissarlıqda aşkar edilmiş korrupsiya faktı ilə əlaqədar bir nəfər həbs edilib. Tutulan şəxs komissarlığın 2-ci şöbəsinin rəisi Səfər Bayramovdur.

Kəpəz Rayon Hərbi Komissarlığından da APA-ya məlumatı təsdiqləyiblər. Lakin yoxlamalarla əlaqədar orada hələlik saxlanılan yoxdur.

5 MİN MANATDAN ÇOX RÜŞVƏT «KÜLLİ MİQDARDA» SAYILACAQ

Bundan sonra Azərbaycanda xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri, arbitrajların xarici və ya yerli arbitrləri və andlı iclasçıları korrupsiya cinayətlərinin subyektlərin sırasına daxil edilib. Lent.az-ın məlumatına görə, bu barədə Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərə görə, həmçinin yerli hakimiyyət nümayəndələri, dövlət orqanlarına seçilmiş və təyin edilmiş vəzifəli şəxslər, hərbi qulluqçular, dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları vəzifəli şəxslərin sırasına daxil edilib. Həmçinin, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, bu təşkilatlarda təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər korrupsiya cinayətlərinin subyektləri hesab olunacaq. Məcəllədəki digər bir dəyişikliyə görə, külli miqdarda rüşvətin məbləği 5 min manatdan artıq müəyyən edilib.

Məcəlləyə əlavə və dəyişikliklər Milli Məclisin son növbədənkənar iclasında qəbul olunub.
XS
SM
MD
LG