Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:38

İrana ərə gedən qızlar


İran vətəndaşlarına ərə gedənlərin sayı artır
Gəlişimizin məqsədini bildirəndə, Nərgiz özünü saxlaya bilmir, gözləri dolur. Şərti olaraq Nərgiz adlandırdığımız bu xanımın 19 yaşı var. Ötən il valideynləri onu İran İslam Respublikasının bir vətəndaşına ərə vermişdilər. Ona bildiriblərmiş ki, İran vətəndaşı səni yolda görüb və bəyənib. Üstəlik qohum-əqrəbası deyib ki, İranda yaşayanlar da eyni dinin, eyni dilin daşıyıcılarıdır. Ərə getdiyi adamın da imkanlı olduğu bildirilib.

GƏLİNLİK DONUNDAN BİRBAŞA ÇADRAYA

Nərgiz deyir ki, toydan sonra ər evinə getməmiş gəlinlik paltarını əynindən çıxardıblar. Deyiblər ki, İrana bu formada getmək olmaz. Ona hicab taxıb, başına çadra örtüblər. Nərgiz isə ər evində cəmi 5 ay qala bilir...

Nərgiz deyir ki, İranda qadınların hüquqları var. Lakin o hüquqların heç birisi ona şamil edilmirdi. İranda əmlak qanunla kimə məxsusdursa, o da ailədə hökmranlıq edir, söz sahibi olur:

«İRANDA KƏBİN KƏSİLMƏMİŞDİ, ONA GÖRƏ DƏ HEÇ NƏ TƏLƏB EDƏ BİLMƏDİM»

«Mənim isə əmlakım yox idi. Ərə getdiyim oğlan anasının əlinə baxırdı. Nökər kimi idim. Səhərdən axşama kimi ayaqüstü olmalı, ağır işlərə dözməli idim. Üstümə düşüb namazı da öyrənməyi tələb edirdilər. Orda bizdəki kimi deyil. Azərbaycanda ibadət azaddır. Lakin İranda dini ibadət məcburidir. İslam dinin qaydalarına əməl etməlisən, vəssalam. Bizdə ailələrdə sərbəstlik var. Orada sənə söz verməsələr, danışa bilmərsən, ixtiyarın yoxdur. Eyni millətik, eyni dindənik, lakin mühit başqadır. Çox çətindir, mühitlərimiz tamamilə fərqlənir. Yerlə-göy qədər fərqimiz var. İranda ailədə pul qazanmaq önəmli hesab olunur. Bir müddət keçdi, heç nə olmayıbmış kimi məni kənara atdılar. İranda kəbin kəsilməmişdi, ona görə də heç nə tələb edə bilmədim. Azərbaycana keçəndə, gecikdiyimə görə məni məhkəməyə verdilər, cərimə verməli oldum».

OXŞAR TALELƏR

Azərbaycanın cənub bölgəsində Nərgiz kimilərin sayı çoxdur. Onlardan biri də Astara rayonunda yaşayan Sevinc xanımdır. Onun da adı şərtidir. Sevincin də Nərgiz kimi bəxti gətirməyib. Sevinc də Nərgiz kimi İran vətəndaşına ərə gedibmiş. Azərbaycanda molla kəbini kəsdirsə də, rəsmi nikah bağlamayıbmış. Lakin Sevinc Nərgizdən fərqli olaraq ali təhsillidir. Qanunları bilir. O deyir:

«AÇIQ DEDİM Kİ, SƏNƏ MƏXSUS EVİ GÖRMƏK, AİLƏ ÜZVLƏRİNLƏ TANIŞ OLMAQ İSTƏYİRƏM»

İranda kişi ilə qadının kəbinini kəsərkən böyük şərtlər qoyulur
«Məni İranlı ilə tanış etdilər, dedilər ki, tanış olmaqda məqsəd ailə qurmaqdır. Tanış oldum. Məlum oldu ki, o, da İranda ali təhsil alıb. Bizneslə məşğuldur. Münasibət qurandan sonra bəyəndim. Mənim 30-a yaxın yaşım var. Fikirləşdim ki, bu elə bəxtimdir, əldən verməyim. Dilimizi çox gözəl bilirdi. Bir neçə ay evimizdə qaldı. Valideynlərim istəyirdi ki, onun yaxınları ilə tanış olsunlar. O, hər dəfə bir bəhanə gətirirdi. Heç inanmaq olmurdu ki, yalan deyə bilər. O deyirdi ki, İrana gedən kimi kəbin kəsdirəcək. Öz xərcimizlə toy etdik. Toydan sonra da bir neçə ay atamın evində qaldıq. İrana getmək vaxtının çatdığını yadına salanda, «hə vaxtdır» desə də, tələsmirdi. Bir gün tələb etdim ki, İrana gedək. Açıq dedim ki, sənə məxsus evi görmək, ailə üzvlərinlə tanış olmaq istəyirəm. Məcbur olub razılıq verdi. İrana keçdik. Lakin nə onu, nə də məni yaşadığı evə buraxmadılar. Məlum oldu ki, ailəsi var. Ev də onun arvadına məxsusdur. Nə etməli idim? Geri qayıtdım».

İKİ ÖLKƏ ARASINDA GEDİŞ-GƏLİŞ ARTIB

Bakıda baş verən 20 Yanvar qırğınından sonra SSRİ ilə İran arasında memorandum imzalanıb. Memoranduma görə, sərhədyanı ərazilərdə yaşayanlar İrana, İran vətəndaşları isə Sovet Azərbaycanına sadələşdirilmiş qaydada gələ bilərdilər. Azərbaycan müstəqillik qazanandan sonra da bu qaydalar saxlanıldı. Ötən ilin fevralında İran birtərəfli qaydada vizanı ləğv etdi. Hər bir azərbaycanlı İrana çıxış qazandı. İki ölkə arasında gediş-gəliş artdı. Qeyri-rəsmi məlumatlara görə, Astara keçid məntəqəsindən bu taya gələn iranlıların sayı həftədə 1000 nəfərə çatır. Bu da iki ölkə arasında yeni çalarların meydana gəlməsinə səbəb oldu. Nərgiz və Sevinc kimi İran vətəndaşlarına ərə gedənlərin sayı artdı.

«AZƏRBAYCAN QIZLARI AZAD HƏYAT YAŞAYIRLAR»

Lənkəran rayonun qeydiyyat şöbəsinin müdiri Əzizulla Şükürov deyir ki, Azərbaycan qızları azad həyat yaşayırlar. Bu da İran vətəndaşlarına azərbaycanlı qızlarla tanış olmağa imkan verir:

«Bu baxımdan da iranlılar qızlarımızla çətinlik çəkmədən tanış olub ailə qura bilirlər. Cənub bölgəsində elə bir faktla rast gəlməmişəm ki, iranlı qızı Azərbaycana ərə gəlsin. Məqsədli şəkildə ərə gedənlər də var. Lakin biz heç kimin ailə işlərinə qarışa bilmərik. Xarici vətəndaşlarla nikahı Bakı rəsmiləşdirir. Buna görə də iranlılarla nikaha girənlərin sayı bizə məlum
İlqar Qasımov
deyil».

Lənkəranda fəaliyyət göstərən «Hüquqi yardım» İctimai Birliyinin direktoru İlqar Qasımov İran vətəndaşları ilə qeyri-rəsmi evlənən azərbaycanlı qızların sayının çox olduğunu söylədi:

RƏSMİ NİKAHIN OLMAMASININ FƏSADLARI

«Gediş-gəliş artdıqca, vətəndaşlar arasında şəxsi münasibətlər qurulur. Bu münasibətlərin bir çoxu evlənmələrlə nəticələnir. Lənkəranda, Astarada, Yardımlıda İran vətəndaşları ilə ailə quran qızlar çoxdur. İran vətəndaşları ilə nikaha girənləri iki qrupa bölmək olar. Birinci qrupa aid edilənlər nikahlarını rəsmiləşdirənlərdir. İkinci qrupa aid olanlar qeyri-rəsmi ailə quranlardır. Azərbaycan mollaları onların kəbinlərini kəsir və İrana, ər evinə yola salırlar. Bu qayda İranlı kişilərinə sərf edir. Belə halda kişi heç bir məsuliyyət daşımır, evləndiyi qadını çox rahat başından edir. Azərbaycan qızları da qeyri-rəsmi evlənməyə üstünlük verirlər. Fikirləşirlər ki, İranlı varlı kişi ilə evlənmək iqtisadi çətinliklərə son qoyacaq. Nəticədə İrana ərə gedən azərbaycanlı qızları kölə vəziyyətinə düşürlər. Onları fahişəliyə də təhrik edirlər. İranlı kişilərlə nikah bağlamadan yaşayan azərbaycanlı qızların sayı ildən ilə artır. Təkcə Astara şəhərində 12 belə evlənən var. Onlardan dörd nəfəri İrandan ər tərəfindən qovulub ya da qadın ərinin əlindən qaçaraq ata evinə dönüb. Rayonlarda onlarla belə qızların olduğu ehtimal olunur».

İlqar Qasımov əhali arasında izahat işlərinin aparılmasını vacib sayır:

«İRAN VƏTƏNDAŞLARINA ƏRƏ GEDƏN QIZLARIN ÇOXU KASIB AİLƏLƏRİN UŞAQLARIDIR»

«Azərbaycan Respublikasının Ailə Məcəlləsində xarici vətəndaşlarla nikahın bağlanması qaydası qanunla tənzimlənir. Belə nikahlar ölkənin özündə, diplomatik nümayəndəliklərində və konsulluqlarda həyata keçirilir. MDB ölkələrinin vətəndaşları ilə nikahı rayonlarda olan qeydiyyat şöbələri də bağlaya bilirlər.
Novruz Hacızadə
Digər xarici ölkələrin vətəndaşlarının nikahları Bakıda rəsmiləşdirilir. İran vətəndaşlarına ərə gedən qızların çoxu kasıb ailələrin uşaqlarıdır. Bakıda nigah böyük pul istəyir. İranlı vətəndaşlarla nikahı asanlaşdırmaq üçün Lənkəran qeydiyyat idarəsinə bu ixtiyarı vermək olar».

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Novruz Hacızadə deyir ki, nikah azaddır. Lakin bu, evlənənləri nikah bağlamaq məsuliyyətindən azad etmir:

«İNDİ 13-14 YAŞLI QIZLARINI ƏRƏ VERİRLƏR»

«Nikahsız yaşayanların müraciətlərinin sayı artıb. Erkən yaşlarında ərə gedirlər, yaş həddinə görə belə evlənənləri qeydə almırlar. İndi 13-14 yaşlı qızlarını ərə verirlər. İran vətəndaşları ilə evlənəndə də bu hallara yol verirlər. Belə olduqda qadın əmlak hüququndan məhrum olur. Uşaq aliment ala bilmir. Çox adamlar müraciət edirlər, nikah bağlamadıqlarına görə onların hüquqlarını müdafiə edə bilmirik. İranlı vətəndaşı ilə evlənəndən sonra boşananların işini isə müdafiə etmək, demək olar ki, mümkünsüz olur».

MEHRİYYƏ NƏDİR?

Astara şəhər Məscidinin Axundu Hacı İlqar Həsənov deyir ki, İslamda evlənmə qaydası «Qurani kərim»də dəqiqliklə göstərilib. Onun deməsinə görə, İslamda kəbin və siğə var. İran İslam ölkəsi olduğu üçün hər iki qayda ilə gedir:

«İranda kişi ilə qadının kəbinini kəsərkən böyük şərtlər qoyulur. Kişi boşanarkən qadına verəcəyi sərvət Mehriyyə adlanır. Mehriyyəyə görə, kişi boşanarkən bu kəbində nəzərdə tutulmuş böyük məbləğdə sərvət qadına çatır. Buna görə iranlı kişilər azərbaycanlı qızlarla evlənərkən kəbindən qaçırlar».

Hacı İlqar Həsənov
Axund deyir ki, Azərbaycanın cənub rayonlarının məscidlərində İran vətəndaşına ərə gedən qızların kəbinini kəsmə halları var:

«MÜSƏLMANIN MÜSƏLMANI ALDATMASI GÜNAHDIR»

«Bizə də belə müraciətlər edilib. İran vətəndaşına ərə gedən azərbaycanlı qızların kəbinini kəsmişik. İranda burda kəsilən kəbinə hörmətlə yanaşırlar və nəzərə alırlar. Astara rayonundan 30-a yaxın qız iranlıya ərə gedib. Bunların arasında rəsmi nikah və kəbin kəsməyənlər də var. Azərbaycanlı qızlar xarici ölkə vətəndaşına ərə gedərkən ehtiyatlı olmalıdırlar, qanunlara əməl etməlidirlər».

Axund Hacı İlqar Həsənov onu da qeyd edir ki, müsəlmanın müsəlmanı aldatması günah sayılır:

«Kişi qadını aldadılaraq kəbin kəsdirmədən onunla yaşayırsa, cəzaya
layiqdir».

XARİCİ VƏTƏNDAŞLARLA BOŞANMA ARTIB

Həm yerli polis şöbələrinə, həm də qeydiyyat idarələrinə baş çəksək də, yerli sakinlərin İran vətəndaşları ilə nikah bağlamasının rəsmi statistikasını əldə etmək mümkün olmadı. Rayon icra hakimiyyəti orqanlarında da belə məlumatlar yoxdur. Çox vaxt ailə, nikahla bağlı problemləri gizli saxlayır və bu məsələni ictimailəşdirmək istəmirlər.

Xarici ölkə vətəndaşları ilə nikahı Bakı rəsmiləşdirir. Bakı Nikah Evinin direktoru Həqiqət Səlimova «Trend» agentliyinə bunları deyib:

«Azərbaycan vətəndaşları ilə nikaha girənlər daha çox Gürcüstan və Rusiya vətəndaşlarıdır. Onların əksəriyyəti isə milliyyətcə azərbaycanlıdır».

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən il Azərbaycanda qeydə alınan 78 min 73 nikahdan 2221-də tərəflərdən biri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olub. 2008-ci illə müqayisədə belə nikahların sayı artıb. Artım təqribən 400-ə yaxın belə nikahı əhatə edir.

Ötən il respublika üzrə 7789 boşanma faktı qeydə alınıb. 2008-ci illə müqayisədə ötən il boşanmalar azalıb. Ancaq bir tərəfi əcnəbi olan boşanmaların sayı 2008-ci illə müqayisədə 33 fakt artıb. Yəni, 81 belə hadisə baş verib.

Lənkəran iqtisadi rayonunda (Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı) 2009-cu ildə 7327 nikah bağlanıb. Boşananların sayı isə 289 nəfər olub. Yəqin ki, Nərgiz və Sevinc kimilərin adları buraya düşməyib. Çünki onlar evlənərkən Azərbaycanda və İranda rəsmi qaydada qeydiyyatdan keçməyiblər.
XS
SM
MD
LG