Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:02

Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin maketi
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin maketi
Nazirlik prezidentə bir söz deyir, jurnalistlərə başqa söz...

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kimə məxsus olması barədə suallar isə uzun zaman cavabsız qalıb. Bir neçə ildir ictimaiyyət, eləcə də aparıcı ekspertlər zənn edirdi ki, bu avtovağzal kompleksi dövlət vəsaiti hesabına inşa edilib və dövlət mülkiyyətidir.

“2009-2013-cü illərdə Regionların sosial və iqtisadi inkişaf dövlət proqramı”nda və digər rəsmi sənədlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edildiyi bildirilir. Hətta açılış mərasimində nazir Ziya Məmmədov özü Prezident İlham Əliyevə bu Kompleksi təqdim edib. O, bildirib ki, Kompleks Nazirliyin sifarişi ilə, baş podratçı “Bakı XXI Əsr” MMC tərəfindən inşa edilib.
Namiq Həsənov

Ancaq Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov sonradan bizə müsahibəsində sifarişçinin “Bakı XXI Əsr” MMC-nin özü olduğunu bildirdi. Bu barədə bir qədər sonra.

Avtovağzal kimin puluna tikilib?

Maliyyə və Nəqliyyat Nazirlikləri AzadlıqRadiosuna bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına dövlət büdcəsindən pul ayrılmayıb. Hər iki nazirlikdə kompleksin hansı vəsait hesabına tikildiyi barədə məlumat ictimaiyyətə açıqlanmır.



ARAYIŞ:
Vircin adaları dünyada mövcud olan OFF-SHORE (ofşor) zonalardan biridir.
Ofşor – vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.

Vergilər Nazirliyindən aldığımız məlumata görə, “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilər barədə ictimaiyyətə məlumat verilmir.

Kompleksi iki aylıq şirkət tikib...

“Bakı XXI Əsr” MMC qeydiyyatından cəmi iki ay sonra, yəni 2004-cü ilin mayında Avtovağzalıni nşasına başlayıb. İki ay kifayət edib ki, dövlət qurumlarından strateji obyektin tikintisinə nəinki razılıq, hətta yer də verilsin. Halbuki, Dövlət Satınalmaları haqqında qanuna əsasən, tender keçirilərdisə, bu şirkətdən həmin sahədə 5 il iş təcrübəsi tələb olunacaqdı.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov da razılaşır ki, əsas şirkətin təcrübəsidir. Onun sözlərinə görə bu şirkət özü təşəbbüs göstərdiyindən və büdcədən maliyyə istəmədiyindən tender keçirilməyib:

“Hər halda görülən iş də göz qabağındadır. Dünyada analoqu olmayan bir işdir. Kimin tikməsindən və istifadə etməsindən asılı olmayaraq, xaricdən gələn qonaqlar özləri təəccüblənirlər ki, Azərbaycanda belə bir kompleks var”.

Vircin Adalarından məktub
Vircin Adalarından məktub

Böyük Britaniyanın Vircin Adalarında şirkətlərin qeydiyyatını aparan qurumdan (British Virgin İslands Registry of Corporate Affairs Search) isə öyrəndik ki, “Trans European Leasing Group” LTD - yəni “Bakı XXI Əsr” MMC-nin təsisçisi 2003-cü il, iyulun 14-də qeydiyyata alınıb. AzadlıqRadiosuna verilən məlumata görə, şirkət qeydiyyatdan keçərkən nə hüquqi şəxsin, nə də təsisçilərinin adı göstərilib.

Nəqliyyat Nazirliyi “Bakı XXI Əsr” MMC ilə heç bir əlaqəsi olmadığını bildirsə də, bu şirkətə ünvanladığımız suallara nazirlik vasitəsilə cavab aldıq. Həmin cavabda bildirilirdi:

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisi üçün Nəqliyyat Nazirliyi ilə heç bir müqavilə bağlanmayıb. Tikintiyə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında torpaq sahəsi ayrılıb”.

Amma torpaq sahəsi də boş olmayıb.

2009-cu ildə 1 saylı İqtisad Məhkəməsi Türkiyənin “Lüks Sönməz” şirkətinin “Bakı XXI Əsr” MMC-yə qarşı iddiasına baxıb. İddiada “Lüks Sönməz” şirkətinə məxsus yeni avtovağzal ərazisindəki bazar qiymətlərinə görə, təxminən 7 milyon manat dəyəri olan 50 sotluq torpaq sahəsindən “Bakı XXI Əsr” MMC-nin icazəsiz istifadə etməsi göstərilib.

Avtovağzalın ümumi sahəsi isə 3,7 hektardır. Belə çıxır ki, təkcə avtovağzal kompleksinin torpaq sahəsini almaq “Bakı XXI Əsr” MMC-yə təxminən 50 milyon manata başa gəlib.

Nə Nəqliyyat Nazirliyi, nə Vergilər Nazirliyi, nə də digər dövlət qurumları “Bakı XXI Əsr” MMC-nin təsisçisi haqda məlumat vermədi.

Nazirin deputat qardaşın 80 milyon ABŞ dolları?

Ancaq AzadlıqRadiosunun apardığı araşdırmada isə “Bakı XXI Əsr” MMC- ni
Elton Məmmədov

Nəqliyyat Nazirinin qardaşı Elton Məmmədovun təsis etməsi üzə çıxırdı. Əslində avtovağzalın inşa edildiyi ərazi ilə bağlı məhkəmə çəkişmələrində də cavabdeh qismində Elton Məmmədovun adı dəfələrlə hallanmışdı. Bunu dəqiqləşdirmək üçün deputat Elton Məmmədovla əlaqə saxladıq. O, “Bakı XXI Əsr”in təsisçisi olduğunu AzadlıqRadiosuna təsdiqlədi:



“Mən bir millət vəkili kimi kommersiya fəaliyyəti ilə məşğul ola bilmərəm. Amma mənim hansısa bir şirkət təsis etməyimdə heç bir problem yoxdur.

- Bəs, niyə bu şirkət xaricdə, özü də Vircin adalarında qeydiyyatdan keçirmisiniz?
- Burda heç bir problem yoxdur. Beynəlxalq hüquq çərçivəsində şirkət qeydiyyata alınıb.
- Sizdən başqa təsisçilər varmı? Əgər varsa kimlərdir?
- Bəli var, amma bu kommersiya sirri olduğundan bu barədə heç bir məlumat verə bilmərəm.
- Kompleksin “Bakı XXI Əsr” MMC-nin vəsati hesabına inşa edildiyi bildirilir? Hansı mənbələrdən əldə olunub bu vəsait?
- Ola bilər ki, təsisçi kənardan özünə sponsorlar tapır, müxtəlif şirkətlərlə əməkdaşlıq edir və işini qurur.
- Kimlərdir sponsorlar, sizin əməkdaşlıq etdiyiniz şirkətlər?
- Dövlət sirri haqda və kommersiya sirri haqda qanuna uyğun olaraq mən bu barədə sizə heç bir məlumat verə bilmərəm.
Elton Məmmədov tikintiyə sərf edilən vəsaitin məbləğini kommersiya sirri olduğunu iddia edərək açıqlamır.

2009-cu ildə «Əl-Cəzirə» televiziyası hazırladığı videoreportajda Bakı Beynəlxalq Avtovağzalın tikintisinin 80 milyon ABŞ dollarına başa gəldiyi bildirirdi.

Videoreportajda avtovağzalı tikən şirkətin – ZQAN Holdinqin isə Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu iddia edilirdi. Nəqliyyat Nazirliyi o vaxtlar bu məlumatı təkzib etmişdi. Amma sonradan tikintini aparan şirkətin rəhbəri Nəqliyyat nazirinin oğlu Anar Məmmədovun olduğu rəsmi açıqlandı.

Ata, oğul, əmi və Nəqliyyat Nazirliyi...

İndi belə çıxır ki, avtovağzal kompleksi ata, oğul və əminin müştərək işidir. Yəni,
Bakı Beynəlxalq Avtovağzal Kompleksi - maket

Bakı Beynəlxalq Avtovağzal Kompleksini tikən şirkət (ZİQAN Construction) Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsusdur, kompleksi idarə edən şirkətin isə (“Bakı XXI Əsr”) təsisçisi onun əmisi deputat Elton Məmmədovdur. Nəqliyyat naziri Ziya Məmmədov isə bu beynəlxalq avtovağzala lisenziya verib.

ABŞ-ın təhsil və media layihələri həyata keçirən İREX təşkilatının media üzrə eksperti, hüquqşünas Ələləsgər Məmmədli düşünür ki, bu layihənin gerçəkləşməsinə sərf olunan vəsaitin də mənbəyinin açıqlanmamağı ictimaiyyətdə haqlı şübhə doğurur:

“Milyonlarla manat pul hər halda, Allah tərəfindən göndərilməyib. Yüzdə doxsan doqquz bu qanuni mənbə hesab oluna bilməz, çirkli puldur”.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, korrupsiyadan əldə olunmuş çirkli pulların yuyulması üçün ən sadə yol xarici investisiya adı ilə pulların dövriyyəyə buraxılmasıdır. Onun fikrincə, mənbəyi məlum olmayan pullarla tikilən avtovağzal özü də, deyəsən, qeyri-qanuni gəlir mənbəyinə çevrilib.

Kompleksdə vergi güzəşti?

- Qəbz verə bilərsiz?
- Qızım, “çek maşını” qoyublar, amma hələ öyrətməyiblər ki, necə istifadə edim.
- Neçə müddətdir ki, işləyirsiz?
- Iki aydır buranı götürmüşük, kassa təzə qoyulub.

Bu cür dialoqu Bakı Beynəlxalq Avtovağzal Kompleksində tez-tez eşidərsiniz. Burda çeksiz bilet satışı, keyfiyyətsiz xidmət və nəzarətsiz gəlirlər barədə media dəfələrlə məlumat yayıb.

Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” oteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” MMC adlı yanacaq doldurma, avto yuma və təmir məntəqələri daxildir.

Müşahidə üçün bu kompleksə bir neçə gün müştəri kimi baş çəkdik. Bir çox xidmət obyektlərində vergidən yayınma hallarına şahid olduq.

Ticarət Mərkəzindəki mağazalardan yalnız biri bizə qəbz verdi. Uşaq paltarları mağazasının satıcısı öyünürdü ki, ticarət mərkəzində nümunəvi işləyən bir-iki mağaza varsa, biri də onlarınkıdı. Digər mağazalardan isə bildirdilər ki, alver yaxşı getmədiyindən vergilərdə onlara güzəşt olunur.

Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən Şahin Məmmədovun sözlərinə görə, kassa çekinin vurulmaması qanun pozuntusudur və bunu pozanlara heç bir güzəşt yoxdur.

Şahin Məmmədov komleksdən əldə olunan gəlir və dövlət büdcəsinə ödəmələr haqda bunları dedi:

“Vergi ödəyicilərinin vergi ödənişlərinin miqdarı, o cümlədən həmin qurumlarda aparılan son yoxlamanın vaxtı barədə məlumat və yoxlama barədə hesabat Vergi Məcəlləsinin 30-cu maddəsinə əsasən Kommersiya sirri hesab olunur”.

Ziya Məmmədov
Kiçik bir hesablama təkcə ticarət mərkəzindəki mağazaların yer haqqının şirkətə il ərzində təxminən 2 milyon manat gəlir gətirdiyini göstərir. 2008-ci ilin fevralından istifadəyə verilən kompleksdə bir mağazanın şirkətə ödədiyi aylıq yerpulu sahibkarların dediyinə görə, ən azı 102 manatdır. Sahibkarlar bu pulu “Bakı XXI Əsr”in ofisini işarə edərək dövlətə ödədiklərini deyirlər.

WikiLeaks “Kimin nəyi var” silsiləsində Nəqliyyat naziri Ziya Məmmədovun ailəsindən də bəhs edib. Açıqlanan sənədlərdə deyilir ki, Azərbaycanın neft gəlirlərindən çoxu yol tikintisinə axır və bu işlərin çoxunu Məmmədovlar idarə edir. Bundan başqa sərnişindaşıma sahəsi də ailənin Holdinqlərinin inhisarındadır.

Yazı Scoop Qafqaz layihəsinin dəstəyi ilə hazırlanıb
XS
SM
MD
LG