Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:36

2 aprel məhbuslarının məhkəməsi başladı


2 Aprel aksiyasından görüntü
2 Aprel aksiyasından görüntü
İyulun 13-də İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan AXCP fəalları Sahib Kərimovun, Arif Alışlının, Babək Həsənovun, Zülfüqar Eyvazlının, Müsavat fəalı Elşən Həsənovun və bitərəf Elnur İsrafilovun məhkəməsinə hazırlıq iclası keçirildi. İşə Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov baxır. Saat 10.00-a təyin olunmuş məhkəmə iclası 11.30-da başladı. Gecikməyə səbəb dustaqların Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilməsinin ləngiməsi idi.

İclası dustaqların qohumları ilə yanaşı AXCP üzvləri, jurnalistlər və ABŞ səfirliyinin nümayəndələri izləyirdi.

«İTTİHAMLARI SAXTA HESAB EDİRİK»

Əvvəlcə məhkəmə heyəti ilə tanışlıq oldu. Sonra hakim təqsirləndirilənlərə məhkəmə istintaqının başlanmasına etiraz edib- etməmələri ilə bağlı suallar verdi.

Hakim (təqsirləndirilən Sahib Kərimova):

-Kərimov, nədə ittiham olunduğunuzu bilirsiniz?

Sahib Kərimov:

- Xeyr.

Hakim:

- Necə?

Sahib Kərimov:

- İttihamları saxta hesab edirik.

Hakim:

- Ona hələ gələcəyik.

Arif Alışlı:

- İttihamlar əsassızdır.

Hakim:

- Ona hələ gələcəyik.

Sonra hakim zərərçəkənləri təqdim etdi.

ZƏRƏRÇƏKƏNLƏR

İşdə zərərçəkmiş kimi tanınanlar «Transqeyt» MMC, «Ebn Trans Çinar» MMC, 3 saylı avtonəqliyyat müəssisəsi MMC-dir. Məhkəməyə həmin şirkətlərin nümayəndələri gəlmişdilər.

Hakim tərəflərdən məhkəmə istintaqının başlanmasına etirazlarının olub-olmadığını soruşdu.

Aksiyadan görüntü
Hakim (təqsirləndirilən Zülfüqar Eyvazlıya):

- Eyvazov, məhkəmə başlasın?

Zülfüqar Eyvazov:

- Başlayın və qurtarın.

Hakim:

- Necə yəni başlayaq və qurtaraq?

Eyvazov:

- İttihamları qəbul etmirəm. Sizə lazımdırsa, buyurun, araşdırın. İstintaq çoxlu saxtakarlıqlara yol verib.

Hakim:

- Əyləşin.

«BİZİ «VORONOK»DA O BAŞ-BU BAŞA SÜRÜMƏYİN»

Sonra hakim üzünü yenə Sahib Kərimova tutdu:

- Kərimov, məhkəmə istintaqının başlanmasına etiraz etmirsiz ki?

Sahib Kərimov:

- Onsuz da istidir, bu istinin altında «voronokda» bizi o baş-bu başa sürüyüb əzab verməyin. Xahiş edirəm ki, məhkəmə istintaqı sürətlə getsin.

Digər tərəflər də məhkəmə istintaqının başlanmasına etiraz etmədilər.
Sonra vəkillər vəsatətlərə başladılar.

İlk vəsatət təqsirləndirilənlər barədə cinayət işinə xitam verilməsi ilə bağlı oldu. İlk vəsatəti Elnur İsrəfilovun vəkili Yalçın İmanov təqdim etdi:

- Hesab edirəm ki, istintaq hərtərəfli və obyektiv aparılmayıb, müdafiə etdiyim şəxsin hər hansı obyektə zərər yetirməsi sübuta yetirilməyib. Ona görə də cinayət işinə xitam verilməlidir.

Digər vəkillər də işdə sübutların olmadığını əsas gətirərək cinayət işinə xitam verilməsini istədilər.

Vəkillər vəsatətlərini onunla əsaslandırıblar ki, 2 aprel aksiyasında kifayət qədər videoçəkilişlər aparılıb. Təqsirləndirilən şəxslərin aksiya zamanı hər hansı obyektə zərər yetirmələrini əks etdirən hər hansı görüntü və başqa sübutlar yoxdur.

Arif Alışlı:

- Mən cinayət işi ilə tanış olanda «Azadlıq» qəzetində təxribatçılardan birinin şəklini gördüm. O idman papaqlı, üzü tüklü adam Salyanın Qarabağlı kəndindəndir. Niyə tutmamısınız? Müstəntiq bilmədən tikmişdi o qəzeti cinayət işinə.

Hakim:

İctimai Palatanın aksiyasından görüntü
- Məhkəmənin gedişatında bütün bunlara aydınlıq gətiriləcək.

«37-ci İLDİR»

Vəkillərsə aksiya iştirakçılarını saxlayıb polis maşınlarına mindirən mülki geyimli şəxslərin müəyyən olunmasını və məhkəməyə dəvət edilərək dindirilmələrini də xahiş etdilər.

Sahib Kərimovun vəkili İlqar Mirzəyev:

- Bu adamlar heç bir cinayət törətməyiblər, öz sərbəst toplaşmaq hüquqlarından istifadə ediblər. Bu gün məhkəmə qarşısında onlar yox, onların sərbəst toplaşmaq hüquqlarını əllərindən almış Ata Abdullayevlər məhkəmədə dindirilməlidilər.
Elşən Həsənovun vəkili Fəxrəddin Mehtiyevsə vəsatət qaldırdı ki, aksiyaya icazə verməyən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi də məhkəməyə dəvət olunsun:

- Bakı şəhər İcra Hakimiyyəti həmin qərarı bu adamların sərbəst toplaşmaq hüququnu pozub. Əslində vəziyyətin bu yerə çatmasının səbəbkarları da Bakı Şəhər İcra Hakimiyyətində həmin qərarı qəbul edənlərdilər. Ona görə də baş verənlərə görə onlar cavab verməlidilər.

Arif Alışlı (yerindən):

- 37-ci ildir.

Vəkil Fəxrəddin Mehtiyev:

- Həmin qərarı vermiş Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi burda iştirak etsin, sübutların araşdırılması ardıcıllığı məhz onun dindirməsindən başlansın. Çünki bütün hadisələrin baş verməsində səbəbkar icra hakimiyyətidir.

«HƏBSLƏ ƏLAQƏLİ OLMAYAN TƏDBİR SEÇİLSİN»

Vəkillər vəsatət verdilər ki, təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbiri ləğv edilərək həbslə əlaqəli olmayan tədbir seçilsin. Bəzi vəkillərsə müdafiə etdikləri məhbusların əlil və xəstə olmalarını səbəb gətirərək onların təcridxana şəraitində saxlanmalarının mümkünsüzlüyünü bildirdilər.

Hakim vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə getdi. Qısa müşavirədən sonra vəsatətlərin təmin olunmaması barədə qərarı elan etdi. Məhkəmə baxışı iyulun 19-na təyin olundu.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Həmin gün Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb. 13 aksiyaçı həbs edilib, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə polis nəzarətinə verilib.
XS
SM
MD
LG