Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:01

Qüsurlu ictimai baxışın natamam ədəbi ifadəsi


Tənqidçi Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Məqsəd Nurun Milli Kitab Mükafatında ikincilik qazanmış "Şəhər meri" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Yazıçı Məqsəd Nurun «Şəhər Meri» romanı haqda danışmaq o qədər də asan deyil. Çünki əsərin Milli Kitab Mükafatı müsabiqəsində iştirak etməsinə və bu nüfuzlu ədəbi yarışmada ikinci yeri tutmasına, həmçinin elektron variantda dar ədəbi çevrədə yayılmasına, adının kifayət qədər tanınmasına baxmayaraq, roman kitab halında dərc olunmadığından, müəllifin son sözünü demədiyi qənaətindəyik.

Müəllif romanı tamamilə oxucuların ixtiyarına vermədikdə isə mətni ciddi şəkildə təhlil etmək çətinləşir, ən azı əsərin dili, ifadələri və xüsusilə təhkiyədəki müəyyən qüsurların üstündə dayanmaq mümkün olmur; məsələn:

1) «Mən azca böyüyəndən sonra başa düşdüm ki, anam ildə bir dəfə – Novruz bayramından qabaq qatara minib hansısa rayona gedər, ən uzağı iki gündən sonra getdiyi kimi – «əliboş-ayağıboş» - qolunda çantası və çantasının qırağına sancdığı çətiriylə birgə geri dönərdi» («Şəhər Meri», səh., 5; elektron variantda);

2) «Anamın ildə iki dəfə, eyni vaxta təsadüf edən səfərlərini başqa heç cür yoza bilmir və bütün suallarıma cavab tapsam da, anamın bu qəbirləri quru bir səfərlə

Göründüyü kimi, ilk təsəvvürdən fərqli olaraq, romanda diktator obrazı yoxdur; sistem, onu yaradan və yaratdığının quluna çevrilən insanlar var.

Müəllif belə cəmiyyətlərdə şəxsiyyəti yox, cəmiyyətin özünün qüsurlarını önə çəkir ki, bu fikirlə barışmamaq və müzakirə açmaq mümkündür.
ziyarət etməsi barədə sualıma cavab verə bilmirdim» (Yenə orada, s., 6). Məsələ təkcə bu cümlələrdəki üslub və ifadə - «başa düşdüm ki … geri dönərdi» (1) və «…anamın bu qəbirləri quru bir səfərlə ziyarət etməsi barədə sualıma cavab verə bilmirdim» (2) – yanlışlığında deyil, həm də cəmi bir neçə abzasla bir-birindən ayrı düşən bu fikirlərdə ananın rayona ildə neçə dəfə səfər etməsilə bağlı oxucuda anlaşılmazlıq yaradılmasındadır. Ancaq xırda bir müdaxilə ilə düzələn belə çoxsaylı yanlışlıqlar ciddi irad kimi qabardıla bilməz: hələ bu qüsurların məsuliyyətini müəllifin özü qədər daşıyası ədəbi redaktor yoxdur və bu baxımdan təhlilin də birtərəfli olacağı şübhəsizdir.

Beləliklə, ilk dəfə olaraq çap olunmamış bir romanın müzakirəsi aparılır ki, bu da oxucudan daha çox, müəllifin mənafeyinə uyğundur: nəinki qüsurları düzəltmək, hətta bəzi iradları qəbul etməmək haqqını da yazıçı bu məqamda özündə saxlayır.
Ancaq bu heç də o demək deyil ki, əsər göstərilən səbəbdən təhlildən kənarda qalmalıdır; redaktədən başqa bütün cəhətləri ilə roman artıq ortadadır və ideya, məzmun, forma və struktural olaraq tamamlanmışdır.

I

Roman kinoteatrda arxiv müdiri işləyən, maaşı az olduğundan həm də gözətçilik edən gənc kadrın dilindən nəql olunur: gözləmədiyi anda Şəhər Meri onu kinoteatrın qarşısında xidməti maşınına mindirir və gəncin şəhərdə külli-ixtiyar sahibi olan Meri bir günlük müşahidə imkanı yaranır.

Şəhər Meri onun anasının – kimyaçı alimin - sinif yoldaşıdır;

İki dost – gələcək Şəhər Meri və Alim – sinif yoldaşları Leylanı sevirlər; Leylanın taleyi Alimlə qovuşur, övladları Fərəc dünyaya gələndən sonra Alim əyyaşlıq edir və «qayadan yıxılıb» (!) ölür, Leyla Fərəci də götürüb şəhərə gəlir və burda institutda işə düzəlir.

Fərəcin karyerasında Mer mühüm rol oynayır: Moskvada təhsil alması, kinoteatrda arxiv müdiri olması və nəhayət, direktor təyin edilməsi...

Əsərdən görünür ki, Merin iş qrafikindən gəncin anası xəbərdardır: bazara gedəndə də, əhali ilə görüşündə də ana bəzəkli-düzəklidir; hətta Ananın «Xatirat dəftəri»ndə indiki Merin yeniyetməlik şəklini «sezilməyən bir sığalla» oğluna təqdim etməsindən də görünür ki, təkcə Fərəcin yox, Leylanın da taleyində (və xatirəsində) Mer xüsusi iz buraxıb.

Roman Fərəcin direktor təyin edilməsi, ona xidməti maşın ayrılması və eynilə Merin maşınının şüşəsindən görünən mənzərənin (buna qayıdacağıq) təkrarlanmasıyla sona yetir: bu, hadisələr deyil, təsvirlər üstündə qurulan roman üçün o qədər də gözlənilməz sonluq sayılmaya bilər.

Müəllif maraqlı, çağdaş ədəbi nəslə o qədər də xas olmayan üslubdan - yarımücərrəd, məna baxımından yüklənmiş fikirlərdən istifadə edib; məzmun mümkün olduğu qədər sıxılıb, bir-birinə hopdurulub.

Hadisələr təhkiyəçinin müxtəlif xatirələriylə çözülür və mənzərənin aydınlaşması üçün ardıcıllığı təmin etmək oxucunun sərəncamına qalır.

Məqsəd Nur

Doğrudan da, əsərin ilk baxışda bir qədər hazırlıqlı, intellektual oxucu üçün nəzərdə tutulduğu hiss olunur.

Xüsusilə ümumiləşdirmə cəhdləri, metaforalar, eyhamlı dialoqlar bu qənaəti gücləndirir. Amma bu prinsip heç də həmişə qorunmayb – əsasən də təsvirlərdə: bəzən xırdadan-xırda, adidən-adi təsvirlərə gen-bol şərait yaradılır və bu məqamda istər-istəməz sual yaranır: belə təsvir xırdalığına qədər gedilən romanda ifadə olunan məzmun 52 elektron səhifəyə necə sığışdırılıb?

Həcm romanın əsas atributlarındandır (ələlxüsus «Şəhər Meri» kimi klassik romançılıq ənənəsinə uyğun əsərlərdə) və heç bir əsaslandırma ilə bunun əleyhinə gedilə bilməz.

Ən azı ona görə ki, romanın bir süjet ətrafında birləşən şaxələnmiş istiqamətlərində hadisələr, obrazlar, xarakterlər işlənilir: ayrı-ayrı obrazların bir və ya bir neçə törəmə hadisələr içində ümumləşdirilməsi isə həcmə mütləq təsir göstərir.

Roman – yazıçının imkanlarını göstərmək və xarakter yaratmaq üçün geniş məkandır; müəllifin öz-özünü bu şəraitdən məhrum etməsi anlaşılan olmamaqla bərabər, imkanlarının məhdudluğu təsəvvürünü yaradır; baxmayaraq ki, Məqsəd Nur haqda bu mülahizəni irəli sürmək ədalətsizlik olar.

II

İlk baxışda elə təəssürat yaranır ki, Şəhər Meri əsərdə təsvirinə cəhd göstərilən ümumiləşmiş diktator tipidir.

Məxsusi olaraq vurğulayaq ki, əsərdə heç bir obrazın adı çəkilmir; yalnız şəhərdən uzaqda, ucqar kənddə bəzilərinin adı oxucuya təqdim olunur. Ancaq bu adlar bir daha xatırladılmır: şəhərdə cərəyan edən növbəti hadisələrdə də yenə «Gözətçi», «Adam», «Müdirə», «Ana» iştirak edir.

Kənddən fərqli olaraq şəhərdə «ad» önəmini itirib; yəni nə vaxtsa bu insanların adları vardı və hətta hazırda ağlını itirən «əmi»nin xatirəsində (xatirə dəftərində) onlar öz adları ilə yaşayırlar.

Ancaq meqapolisdə, şəhərdə ad (xarakter, insan) yoxdur, hamı çoxluğa qarışıb və insanların mahiyyəti daşıdıqları vəzifədə cəmləşib; hamı müqəvva kimi, hissiyyatsız, qeyri-iradi, daha çox qorxu instikti ilə hərəkət edir, belələrinə isə «ad» lazım deyil.

Adı hətta «xatirədə» də olsun çəkilməyən «kənddən çıxmış» yeganə şəxs Şəhər Meridir; Çoban Abbasın oğlunun əsl adı bir dəfə də olsun çəkilmir.

Ona görə də adsız Şəhər Merinin sistemin yaradıcısı olaraq ümumiləşdirilməsi təsəvvürü yaranır.


Ancaq romanda diktator xarakterindən daha çox, cəmiyyətin ab-havası var. Xidməti maşının rəngli şüşəsindən insanların heyvanabənzər olduğunun görünməsində də bir neçə məna ümumiləşib:

1. Fərəc (təhkiyəçi) də daxil olmaqla, hamı xarakter yox, status qarşısında müti qula, köləyə çevrilib: Mer – sistemin yaradıcısı və diktator obrazı deyil, «heyvanabənzər» adamların yaratdığı auranın təbii girovudur: hər kəs Merə (vəzifəyə, kürsüyə) yaltaqlanmaq, özünü qul etmək arzusundadır; hamı «gücə» bir addım yaxın olmaq üçün bir-birini parçalamaq səvəyyəsində didişən heyvandır, insanlığını itirmiş məxluqdur; hətta küçədən ötən adi insanların Şəhər Merinin maşınının rəngli şüşəsindən müxtəlif heyvanlar kimi görünməsi Merin onları o cür görmək istəməyindən yox, onların özünün elə olmalarındandır.

2. Təhkiyyəçinin yalnız vəzifə aldıqdan sonra xidməti maşınının şüşələrindən insanların heyvan olduğunu (Şəhər Merinin maşınındakı kimi) görməsi həm də «vəzifənin» adi insanlara baxış rəngidir;

3. Şəhər (ölkə) meşə qanunlarıyla idarə olunur; şərti reflekslərlə yaşayan şüursuz cəmiyyət vəhşi təbiət qanunlarının əsarətinədir və s.

Göründüyü kimi, ilk təsəvvürdən fərqli olaraq, romanda diktator obrazı yoxdur; sistem, onu yaradan və yaratdığının quluna çevrilən insanlar var.

Müəllif belə cəmiyyətlərdə şəxsiyyəti yox, cəmiyyətin özünün qüsurlarını önə çəkir ki, bu fikirlə barışmamaq və müzakirə açmaq mümkündür.

III

Qeyd etdik ki, müəllif şəhərdə heç bir obraza ad verməyib, yalnız rus qonşu Anya xaladan başqa. Əlbəttə, şəhərdə təkcə rus qonşunun adlandırılması diqqət çəkməyə bilməz.

Əlavə edək ki, müəllif, obrazlardan fərqli olaraq, məkanı, vaxtı (zamanı), tarixi heç də mücərrəd göstərməyib: Bülbül prospekti, prospektdə yerləşən 7 mərtəbəli xidməti bina, kinoteatr (Nizami adına kinoteatr), Qaqarin körpüsü, Çkalov küçəsi, Bakı şəhər İcra Hakimiyyətinin sütunlu tarixi binası, təhkiyəçinin 10-cu sinfi bitirdiyi 1978-ci il və s. hər şey 70-80-ci illərin Bakısıdır.

«Anya xala» da təsadüf deyil – müəllif başqa millətin nümayəndəsini tamamilə təsvir dairəsindən, hadisə və məzmuna aid olan obrazlar sistemindən çıxarır; əsər, təsvir edilən hadisələr, müəllifin ictimai baxışları – yalnız Bakıya və azərbaycanlılara aiddir və beləliklə, «qüsurlu ictimai baxışın natamam ədəbi ifadəsi» rəyini müəllif deyil, roman özü qazanır.

Həmçinin oxu
Məqsəd Nur "Şəhər meri" (Romandan parça)
İradə Musayeva Məqsəd Nurun mükafat alan romanını tənqid edir
Cavanşir Yusifli. Sözün sükut forması
XS
SM
MD
LG