Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:25

2 aprel məhbuslarının məhkəməsində


2 Aprel aksiyasından görüntü
2 Aprel aksiyasından görüntü
İyulun 19-da Səbail rayon məhkəməsində İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunmuş altı nəfərin işi ilə bağlı məhkəmə istintaqı başladı.

Həmin altı nəfər AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP üzvləri Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Müsavat üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovdur.

Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilir.

25 MÜLKİ ŞƏXS VƏ POLİS XƏSARƏT ALIB

Məhkəmədə ittiham elan olundu. İttihamda altı nəfərin asayişi pozduğu, polisin tələbinə məhəl qoymadığı, 25 nəfər mülki şəxsə və polisə xəsarət yetirdikləri deyilir. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıqları, həmin avtobusa 1325 manat ziyan vurduqları da bildirilir.

Bəri başdan deyək ki, zərərçəkənlərin hamısı məhkəməyə gəlməmişdi. Gələnlərsə müttəhimlərə sual verməkdən imtina etdilər.

Vəkil Fəxrəddin Mehdiyevin vəsatətindən sonra müttəhimlər dəmir qəfəsdən çıxarıldılar.

Onlar ittihamla tanış olduqlarını, amma özlərini təqsirli saymadıqlarını söylədilər.

İyulun 19-da həmçinin Elnur İsrəfilovla Arif Alışlı sərbəst ifadə verdilər. Eyni zamanda, dövlət ittihamçısı ilə vəkillərin suallarını cavablandırdılar.

ZİDDİYYƏTLİ İFADƏLƏR

Elnur İsrafilovun aprelin 24-25-də verdiyi ziddiyyətli ifadələr elan olundu. Vəkillərin diliylə desək, birinci ifadədə Elnur İsrafilovun özünü müdafiə etdiyi, ikincidəsə özünü ittiham etdiyi görünürdü. O bunun səbəbini belə izah etdi: ifadəni imzalasa da onu oxumayıb, çünki, latın qrafikası ilə yazıb-oxumaqda çətinlik çəkir. İfadəni də müstəntiq özü yazıb.

Bir əlavə: Elnur İsrafilov orta məktəbi bitirməyib, üçüncü qrup gözdən əlildir.

2 Aprel aksiyası

Müttəhimin sözlərinə görə, «müstəntiq ifadəni dəyişsən səni buraxacağıq» deyib.
İkinci ifadədə Elnur İsrafilov mitinqə dayısının – AXCP üzvü Məmməd İbrahimin tapşırığı ilə getdiyini deyir: «Səhv etmişəm. Gərək dayıma qulaq asmayaydım. Günahımı etiraf edirəm, peşmanam».

Amma məhkəmədə bu ifadədən imtina etdi. O istintaqın mitinqin təşkilatçısı kimi təqdim etdiyi Arıf Hacılını, Fuad Qəhrəmanlını, Məmməd Məcidlini, Tural Abbaslını tanımadığını söylədi. Arif Hacılını sadəcə, həbsdən sonra gördüyünü bildirdi.

BAKIYA İŞ AXTARMAĞA GƏLƏN AKSİYAÇI

Hakim:
- Siz dediniz ki, bulvara gəzməyə getmişdiz, necə oldu ki, sonra «Torqovı»ya getdiz?

- Bulvarda Kukla Teatrının yanındakı keçiddən keçib, «Torqovı»ya gəldik.

- Hansı andan sonra mitinqçilərə qoşuldunuz?

- On dəqiqə sonra. Onlar «Azadlıq», «İstefa», «İşsizliyə son» qışqırırdılar. Mən də axırıncı şüarı dedim.

- Əvvəldən bilirdizmi ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verməyib?

- Xeyr! Mən heç bilmirəm mitinq nədir.

Elnur İsrafilov mitinqdə təsadüfən, cəmi 5-10 dəqiqə iştirak etdiyini dedi. O Bakıya iş axtarmağa gəldiyini və mitinqdə də «İşsizliyə son» şüarını səsləndirdiyini əlavə etdi.

O ki qaldı avtobusa xəsarət yetirməklə bağlı ittihama:

«Gördüm ki, avtobusda bir qadının gözü yaşarıb. Qıraqdakılardan kömək istəyirdi. Onda avtobusa təpik atdım».

Arxiv foto
«MƏLİKMƏMMƏD NAĞILINDA CİNAYƏT İŞİ VAR, BİZİM İŞDƏ YOXDUR»

Arif Alışlı isə mitinqə şüurlu şəkildə, korrupsiyaya, inhisarçılığa yox demək üçün getdiyini bildirdi. O avtobusa təpik atdığını gizlətmədi. Bunu da içəridəki qadını – AXCP sədrinin müavini Gözəl Bayramlını xilas edə bilmədiyi üçün etdiyini dedi:

«Mən orda avtobusun şüşəsinin sındığını görmədim. Mən orda bir polisə xəsarət yetirildiyini, ya döyüldüyünü də görmədim. Mən 25 polisə xəsarət yetirməkdə ittiham olunuram, mən Şvartsnegerəm ki? (Arnold Schwarzenegger- aktyor, ABŞ Kaliforniya ştatının qubernatoru - müəl.) Mitinqdə bir saat ərzində «Azadlıq», «İstefa» şüarlarını dedim. Məlikməmməd nağılında cinayət işi var, bizim işdə yoxdur».

Vəkil Mənsum Bayramov Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsini məhkəməyə dəvət etməklə bağlı vəsatət qaldırdı. Onun dediyinə görə, məhz icra qurumu sərbəst toplaşmaq azadlığını pozduğuna görə, belə vəziyyət yaranıb. Bundan başqa əlavə şahidlərin dəvət edilməsini istədi. Onun sözlərinə görə, şahidlərin 17-i polisdir ki, bu da həqiqətin ortaya çıxmasına imkan verməyəcək. Hakim bu məsələyə vaxtı çatanda baxılacağını dedi.

Məhkəmə iyulun 22-də davam edəcək.
XS
SM
MD
LG