Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:33

Naxçıvanda alman jurnalistin başına gələnlər...


Naxçıvan Dəmiryol Stansiyası
Naxçıvan Dəmiryol Stansiyası

“Mən Naxçıvana gedirdim ki, təcrid vəziyyətində olan həmin bölgədən reportaj hazırlayım.

Mənə maraqlı idi ki, Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsi olmayan, İran, Türkiyə və Ermənistanla əhatələnmiş bu bölgədə insanlar necə yaşayırlar.

Amma öz başıma elə bir iş gəldi ki, dəhşətə gəldim.

Yerli məmurlar məni bütün səfər boyu nəzarətdə saxlamağa çalışırdılar, onlar mənim yerli əhali ilə sərbəst söhbətləşməyimə imkan vermirdilər, üstəlik də görüşdüyüm insanları mən Naxçıvanı tərk edəndən sonra incitməyə başlayıblar”.

Bunu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin Moskvadakı müxbir məntəqəsinin rəhbəri Mixael Lüdviq danışır.


"Əgər kimsə ailəsi üçün Türkiyədən kartof gətirirsə və gömrükçü həmin kartofu müsadirə edib bazarda satırsa, pulunu da cibinə qoyursa, siz də məni bağışlayın, mən bu rejim haqda nə düşünə bilərəm?"
Müxbir məntəqəsi Rusiya və digər keçmiş sovet respublikalarından reportajlar hazırlayır.

M.Lüdviq AzadlıqRadiosunun müxbirinə verdiyi müsahibədə bu yaxınlarda Naxçıvana etdiyi səfərdən danışıb.

- Əvvəlcə işlər qaydasında gedirdi, mənə viza verildi, Azərbaycanın Xarici İşlər Nazirliyində akkreditasiya olundum, Bakı və Naxçıvanda olmaq istəyimə əngəl yaradılmadı. Beləliklə Naxçıvana getdim.

Amma Naxçıvanda söz sahibi olan orqanlardan biri - Ali Məclis ümumiyyətlə mənə orada işləməyi qadağan etmək istəyirdi. Orada söz sahibi olan digər qurum - Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvandakı idarəsi isə mənim 100 faiz nəzarətdə olan jurnalist olmağıma çalışırdı.

Bir günüm gözləməklə keçdi. Onlar qərar verməli idilər ki, mən Naxçıvanda fəaliyyət göstərə bilərəmmi. İdarənin rəhbəri məndən getmək istədiyim yerlərin siyahısını istədi. Dedi ki, yalnız bundan sonra mənimlə bağlı qərar verə bilərlər. Amma o bir şərtini də dedi. Bildirdi ki, təhlükəsizliyimi qorumaq üçün mənə bir adam qoşmalıdırlar. O bunu təhlükəsizlik məsələsi kimi izah etsə də, sonradan məni müşayiət edən adamın tamam başqa məqsədə xidmət etdiyinin şahidi oldum.

Ertəsi gün mən yenə həmin idarəyə getdim. Yenə bir neçə saat gözləməli oldum. Məlum oldu ki, bu şərtlər də azlıq edir.
Həkimeldostu Mehdiyev (sağda)
İstəyirdilər ki, görüşdüyüm insanlara nə suallar verəcəyimi də onlara təqdim edim. Mən küçədə, yaxud hansısa kənddə adi adamlarla söhbət zamanı verəcəyim sualların hamısını yazıb onlara verməli idim. Onlar şərt qoydular ki, həmin siyahı veriləndən sonra insanlara əlavə heç bir sual verə bilmərəm.

Mən onlara sual yox, maraqlandığım mövzular haqqında danışdım, amma onu da dedim ki, bu, müsahibədir, sualın içindən sual da çıxa bilər.

Beləliklə fəaliyyətə başladım, bir nəfər də məni müşayiət etməyə başladı. O adam daim mənim 1 metrliyimdə dururdu. Sonradan bildim ki, o insanlara verdiyim və aldığım cavabların hamısını lentə yazırmış. Bundan başqa, o daim öz şefinə zəng edir və mənim işim haqda məlumat verirdi.

Sədərək yolunda iki yerli sakin mənimlə söhbətdə hakimiyyəti tənqid etməyə başladılar və məni müşayiət edən şəxs müsahibənin davam etməsinə imkan vermədi. Onların dediklərini mənə tutduğum maşının sürücüsü tərcümə edirdi. Məni müşayiət edən adam isə dedi ki, bu sürücünü yollayın geri, biz sizə özümüz maşın verəcəyik. Onda mən dedim ki, vəssalam, daha belə şərtlər altında işləmək olmaz.

Həmin adam qışqır-bağır salmağa başladı. Şefinə zəng etdi. Mən ona dedim ki, normal jurnalist belə şərtlər altında işləməz, yəqin sizin mətbuat azadlığı haqda təsəvvürünüz yoxdur. Bununla da Naxçıvan səfərim bitmiş oldu.

Alman jurnalist deyir ki, o öz başına gələnlərdən o qədər də narahat deyil.

- Məni narahat edən odur ki, Naxçıvanda görüşdüyüm qeyri-hökumət təşkilatlarının nümayəndələrinə təzyiqlər edirlər. Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun Naxçıvandakı nümayəndəsi Həkimeldostu Mehdiyevi sonradan yerli hakimiyyət təmsilçiləri təzyiqlərə məruz qoyublar. Onun evinə bir dəstə adam gəlib.
Naxçıvan şəhərinin mərkəzi

Mehdiyevin evinə gələn elektrik xəttini də kəsiblər. Ona deyiblər ki, bu sənin Qərbdən gələn jurnalistə etdiyin köməyə görə cəzandır. İndi mənim məqsədim həm də o insanlara necəsə kömək etməkdir. Çünki mən getmişəm, onlar isə orda qalıblar.

Naxçıvandakı rejim haqqında öz başına gələnlər və yerli sakinlərlə azsaylı kontaktları əsasında nəticələr çıxardığını deyən M.Lüdviq təəccübünü gizlətmir:

- Mən ayrı nə nəticə çıxara bilərəm? Əgər sən harasa gedirsənsə, orada müharibə getmirsə, həyat normal axarı ilə davam edirsə və mehmanxanada sənin pasportunu özünə qaytarmaq istəmirlərsə, o rejim haqda nə düşünmək olar?

Əgər ticarətlə məşğul olan şəxs sənə deyirsə ki, polislər gəlib onu şantaj edir, pul istəyirlər, əks halda ailəsinin başına dəhşətli hadisələr gələcəyi ilə hədələyirlər, o da bu haqda Naxçıvanda heç kimə danışa da bilmir, çünki ailəsinin taleyindən narahatdır, mən bu rejim haqda nə düşünə bilərəm?

Əgər insanlardan eşidirsənsə ki, hakimiyyətdəkilərin yerli iqtisadiyyatın bütün sahələri üzərində monopoliyası var və kimsə öz biznesini azad şəkildə inkişaf etdirə bilməz, mən bu rejim haqda nə düşünə bilərəm?

Əgər kimsə ailəsi üçün Türkiyədən kartof gətirirsə və gömrükçü həmin kartofu müsadirə edib bazarda satırsa, pulunu da cibinə qoyursa, siz də məni bağışlayın, mən bu rejim haqda nə düşünə bilərəm?

Alman jurnalist deyir ki, Naxçıvanda başına gələnlər haqda reportajı artıq hazırlayıb və yazı bir neçə gündən sonra işlədiyi “Frankfurter Allgemeine Zeitung” qəzetində çap olunacaq.
XS
SM
MD
LG