Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:05

Salam Qədirzadə "Ər-arvad təhlükəsizliyi ongünlüyü" (Hekayə)


Yaxşıxanımla Canəli evlənəndən bir neçə il sonra elə bil qəfildən aralarında pişik asqırdı. Əvvəlki mehribanlıq yox oldu.

Ərlə arvadın giley-güzarı, savaşı başlandı. Canəlinin qaşqabağı yer süpürdü, axşamlar işdən gec gəldi; Yaxşıxanım mısmırığını salladı, tez-tez ərini acıladı.

Evin səliqəsi pozuldu. Ailəyə soyuqluq çökdü… Tədricən bu qanqaralıq Canəlinin müavinlik etdiyi idarədə də öz təsirini göstərdi: işçilərlə rəftarı dəyişdi, haqq-nahaq onları danladı.

Kişinin qan təzyiqi artdı. Belə vaxtda heç olmasa Yaxşıxanım dilini saxlasaydı, dərd yarı idi. Di gəl, Canəli birini deyəndə o, beşini qaytarırdı.

Qapı-qonşu, qırx beş-əlli sində Cəbrayıl adlı şirin söhbətli, zarafatcıl, baməzə bir kişi yaşayırdı.

Özü də gecələr elə ucadan səbir gətirərdi ki, blokdakılar diksinib yuxudan oyanardılar. Kimin nə işi olsaydı, məsləhətə onun yanına cumardı, heç kəsə xeyirxahlığını əsirgəməzdi.

Yoldaşı Fəxrəndə də əhvallı qadındı. Bir axşam Canəli dərdini danışmağa qonşuya getdi. İçəri girən kimi məsələdən agah olan Cəbrayıl onun könlünü almağa çalışdı. Elə ayaqüstü gülməli bir əhvalat söylədi:

- Bayaq işdən gələndə tramvayda iki dənə yüksək keyfiyyətli səbir gətirdim, - dedi.

– Bu vaxt o tərəfdən kimsə mənə sataşdı. Astadan üç dəfə asqırdı. Cin vurmadımı təpəmə! Canınçun, eləmədim təmbəllik, açdım ağzımı göyə, burda bir partapart saldım ki… Acığına düz on iki dəfə dalbadal səbir gətirdim. Tramvaydakılar əl çaldılar.

Canəli qəhqəhə çəkdi. Keçib stol arxasında üz-üzə əyləşdilər. Bir azdan Fəxrəndə əlində dolu padnos içəri girdi.

- Axşamınız xeyir, Canəli qardaş. Xoş gəlmisiz, - dedi və armudu stəkanlardakı ətirli çayı, vazalardakı qəndi, konfeti süfrəyə düzdü. Çıxanda şıltaqlıqla ərinin dazını çırtmalayıb əlavə etdi:

- Soyutmayın, için, te-de-dir. Canəlinin bu sözə mat qaldığını görən Cəbrayıl xırdaladı:

- Te-de – təzə dəm deməkdir. Biz evdə arvad-uşaqla həmişə belə yığcam danışırıq. Məsələn, mən hamamdan çıxanda Fəxrəndə deyir – he-te – yəni: həmişə təmizlikdə. Mən də cavab verirəm: Çe-çe – Çox sağ ol. Axı, hər şeyi uzun-uzadı söyləməyə adamın hövsələsi çatmır. İdarədə kassirdən maaş alanda qısaca deyirəm: A-be-ve!

- Allah bərəkət versin? – deyə Canəli soruşdu.

- Hə… görürsən, sən də öyrəndin... Çe-se – çayını soyutma.

Cəbrayılın söhbətlərindən Canəlinin kefi xeyli duruldu. Özlüyündə bu mehribanlığa həsəd apardı və inandı ki, dərdini danışsa, qonşusu onun da tez-tez hirslənməyinin qabağını almağa bir yol göstərəcəkdir.

- Bilirsən, Cəbrayıl, sənin yanına gəlməkdə məqsədim...

- Bilirəm! – deyə kişi sözü onun ağzından qapdı. –
Aa-he-de – arvadın arvadıma hamısını danışıb. Son vaxtlar Yaxşıxanımla yola getmirsiz. Sözünüz çəp gəlir. Sən də hər şeyi ürəyinə salırsan, hirslənirsən. Ancaq fikir eləmə. Sənin əsəblərini sakitləşdirmək mənim boynuma!

- Axı, necə?

Cəbrayıl əlini qaldırıb yuxarıdan-aşağı dazını sığalladı:

- Bunu görürsən? Hamısını səhhətimə qurban vermişəm. Diqqətlə qulaq as: evdə, idarədə xətrinə toxunan bir söz desələr, tez özündən çıxıb cavab qaytarma.

- Bəs neyləyim?

- Əvvəlcə yüz əlli qram su iç. Başının ortasından bir tük çəkib çıxar. Sonra da lopuq vur, vəssalam! Hirsin soyumasa gəl çe-qe-ke –çək qapazı kəlləmə.
Cəbrayıl bu sözləri elə ciddi deyirdi ki, inanmamaq olmazdı. Canəli gözlərini döydü.

- Axı, yüz əlli qram suyun, başdan tük çıxarmağın, lopuq vurmağın hirsin soyumasına nə dəxli var?..

- Var!.. – Cəbrayıl qətiyyətlə cavab verdi. – Onunçun ki, əvvələn, suyu içəndə daxildəki bütün hirsin sıxılıb qalxır gələndə. Çıxardığın tükün yerində balaca bir deşik açılır. Elə ki, ovurdunu şişirib guppuldadırsan… yüksək təzyiq nəticəsində hirsin o xırdaca deşikdən yol tapıb fısqırır bayıra. Olursan rahat…

- Bəlkə saçımı dartanda tükün ikisi-üçü birdən qopdu?

- O daha yaxşı! Deşiklərin sayı nə qədər çox olsa, hirsin də o qədər tez çıxar bayıra.

…Evə qayıdandan sonra Canəli ha gözlədi ki, Yaxşıxanım ona bir ağır söz desin, olmadı, Cəbrayılın üsulunu təcrübədən keçirmək sabaha qaldı.


* * *

Səhərisi istirahət günü idi. Canəli şuluqluq salmağa bir bəhanə axtarırdı. Nahar eləyəndə hər ehtimala qarşı stəkanı su ilə doldurub yanında hazır qoymuşdu.
Yaxşıxanımın tərs-tərs ona baxaraq ətrafında dolandığını görən kişi, qəsdən dilinə acılıq qatıb dedi:

- Nə olub yenə sir-fisətin qıcqırmış xəmirə dönüb?

Arvad fövrən doxsan dərəcə fırlanıb gözlərini bərəltdi:

- Elə bu qalmışdı? Piyaniskələr kimi təkbaşına oturub araq içəsən? Heç utanmırsan?..

Canəli heyrətdən az qala divara yapışdı:

- Aaz… sən nə danışırsan? Gəl dadına bax, gör bu araqdır? Məni niyə hövsələdən çıxarırsan?

Arvad dediyindən dönmədi:

- Yəni o zəhrimarın iyini də hiss eləmirəm? Burnum xarab olub?

- Sənin burnun yox, hələ axtarsan…

Canəli sözünün dalını yaman qəliz gətirəcəkdi, uddu.

- Üzünü o yana çevir!.. – deyə qışqırdı. Kişi yaman hirslənmişdi. Tez stəkanı qaldırıb suyu içdi. Başından tük çəkdi. Lopuq vurdu. Sonra gözlərini yumaraq bu eksperimentin nəticəsini gözlədi. Cəbrayıl düz deyirmiş: yavaş-yavaş hirsi yatdı… İçərisində sanki nanəcövhərli konfet əridi, sərinliyi canına yayıldı…

O gündən başlayaraq Canəli evdə, işdə bu orijinal müalicə üsulunu tez-tez tətbiq etdi və həmişə də müsbət təsirini gördü. Əsəbləri sakitləşdi, qan təzyiqi qaydasına düşdü. Ancaq Yaxşıxanım əvvəlki vəziyyətdə qalmışdı. Nəhsliyindən əl çəkmirdi. İndi Canəlinin arvadına yazığı gəlirdi.

…Bir dəfə hər şey korlandı. Təqsir Yaxşıxanımda oldu. Canəli yenə hirslənmişdi. Növbəti müalicə üsulunu tətbiq etmək istəyəndə, arvadın üstünə çıxmırdı:
- Üzünü o yana çevir! İşim var!..

Yaxşıxanımın tərs damarı tutmuşdu.

- Çevirmirəm! – dedi.

Müalicəni gecikdirdi. Canəli suyu içmişdi. Ancaq arvadın gözləri qabağında başından tük dartmağı, lopuq vurmağı arına sığışdırmadı. Rejimi pozuldu. Qan təzyiqi yenə kəlləçarxa qalxdı. Belə hikkəli arvadı olan kişi üçün Cəbrayıl binəva neyləyə bilərdi?!


* * *

Yaxşıxanımdan çıxmayan iş. Bir axşam heç gözlənilmədən gəlib əri ilə üzbəüz oturdu. Qaşqabağını gizlətməyə çalışaraq gülümsündü:

- Səndən bir xahişim var, - dedi.

Canəli ehtiyatı əldən vermədi:

- Gözlə, bu dəqiqə gəlirəm. – O, cəld qalxdı, mətbəxə keçdi, stəkanı su ilə doldurub geri qayıtdı. – Hə, indi de görüm xahişin nədir?

Qadın udqunub sözə başladı:

- Gəl, bilirsən neyləyək… evdə… ər-arvad təhlükəsizliyi aylığı keçirək.

- O nə olan şeydir?

- Bir ay bir-birimizin xətrinə dəyməyək. Can deyib, can eşidək. Hansımızın nə xahişi olsa, sözsüz yerinə yetirək. Misal üçün, səhər sən evdən çıxanda mən tapşıracağam: «Canəlican, işdən gələndə bir dəstə qızılgül alıb gətirərsən». Sən də gülə-gülə cavab verəcəksən: «Yaxşıxanım xanım, belə mənim bu gözlərim üstdə!»

Canəli fikrə getdi:

- Düzünü de, dünən-bu gün Cəbrayılgildə olmamısan?

Qadın təbəssümünü güclə gizlətdi:

- Nə bildin?

- Belə şeylər ondan çıxar. Aaz, ağlını başına yığ. Ər-arvad təhlükəsizliyi aylığı nədir?
Yaxşıxanım çox təkid elədi. Axırı Canəlinin saqqızını oğurladı.

- Bir aya mən əldən düşərəm. Otuz gün sərasər sənə necə «can-can» deyim? Elə bir dənə ongünlük keçirək qurtarsın, getsin, - deyə kişi bu başdan şərt kəsdi.

- Ona da razıyam!

- Ancaq daha orda-burda danışmayasan ha!.. Görən, eşidən deyər dəli olublar.

- Yaxşı! Başlayaq?

- Qoy bu gün hələ köhnə qayda ilə yaşayaq. Sabahdan…


* * *

Hava təzəcə işıqlanırdı. Yaxşıxanımın çarpayısı səmtdən nazik səsi eşidildi:

- Canəli can!..

Kişi gözünün bir tayını açıb yuxulu-yuxulu kobud tərzdə cavab verdi:

- Nə var? Qoymazsan yataq?

- Elə yox, Canəli can! Denən, bəli, Yaxşıxanım xanım!

- Bu da təzə çıxdı?

- A… Əzizim, olmaya sən tamam unutmusan… Bəs ər-arvad təhlükəsizliyi ongünlüyü harda qaldı? Axı, bu gündən başlayırıq!..

Kişi dünənki söhbəti xatırlayıb candərdi dilləndi:

- Bəli… Yaxşıxanım xanım. Nə buyurursan?

- Gecəni necə yatmısan?

- Çox pis!

- Elə yox, qadası. Denən, səhərəcən süd gölündə üzmüşəm.

Canəli hirsini güclə boğdu. Az qala yenə gedib bir stəkan su içəcək və Cəbrayılın müalicə əməliyyatını tətbiq edəcəkdi. Lakin bu dəfə dözdü…

* * *

Ər-arvad təhlükəsizliyi ongünlüyü başlanmışdı və davam edirdi. Yaxşıxanım Canəliyə, Canəli Yaxşıxanıma şirin dillə dalbadal müxtəlif sifarişlər verir, hamısı da can-başla yerinə yetirilirdi.

- Mamulya, axşama bir-iki kündə qutab bişirsən, sənə əziyyət olmaz ki?

- Bu nə sözdür, Canəli? Xətrin nə istəsə mən hazır!

- Sabah istirahət günüdür, papulya, bilet alarsan, sirkə gedərik.

- Bəs necə, heç qoyaram səni evdə oturub darıxasan?

- Axşam işdən sonra iclasımız olacaq, Yaxşıxanım, çox güman evə gec gələcəyəm.

- İstəyirsən, qadası, heç səhərəcən evə gəlmə, mən sənə inanıram…

Əvvəllər pinti gəzən Canəlini son günlər tanımaq olmurdu. Səliqə ilə ütülənmiş, nişastalı, təmiz köynək geyir, al-əlvan qalstuklar bağlayır, cibindən çıxardığı süd kimi ağ dəsmalı burnunun o yan-bu yanına sürtərək sonra yenə dörd qatlayıb cibinə qoyurdu. Sanki bu hərəkəti ilə bildirmək istəyirdi: «Baxın, arvadım məni belə saxlayır!»

Yaxşıxanım da ərinə «baş üstdə», «can-can» dedirtdirə-dedirtdirə istədiyini elətdirirdi. İnsafən, təhlükəsizlik ongünlüyündən Canəli razı idi. Heç nişanlı gəzən vaxtlar belə mehriban olmamışdılar. İş o yerə çatmışdı ki, Canəli bəzən çaşıb idarədə işçilərə də «can-can» deyirdi. Kişinin təbiətindəki bu dönüşə çoxları məəttəl qalmışdı.

* * *

Bu dəfə Cəbrayılgilə ər-arvad qoşa getdilər.

- Ay qonşu, axı, yenə məsləhətə gəlmişik yanına.

- Xeyir ola?

- Xeyirdir, inşallah, - deyə Canəli cavab verdi. – Bizim təhlükəsizlik ongünlüyümüz qurtarıb, ancaq mehribançılığımız elə davam eləyir. Buna görə səndən çox razıyıq!
Qonşu maraqlandı:

- Bəs istədiyiniz nədir?

Yaxşıxanım ərini qabaqladı:

- Cəbrayıl qardaş, necə bilirsən, istəyirik bu təşəbbüsü geniş yayaq. Mən evlər,
ailələr arasında Canəli də hələlik öz idarəsində… Qoy hamı mehriban olsun. Bir-birinə ürəkdən «can» deyib, «can» eşitsin...

Cəbrayıl qımışdı:

- Ye-fe! – Yaxşı fikirdir!
XS
SM
MD
LG