Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:44

Zaqatalada yenə saqqal şikayəti?


Allahyar Yusubov
Allahyar Yusubov
Zaqatala rayonunun Yuxarı Tala kəndindən bir qrup sakin saqqallarını polisin zorla qırxdığını deyir.

Bu dindar insanlardan Allahyar Yusubov deyir ki, şəxsiyyət vəsiqəsi üçün gündəlik göründükləri kimi - saqqallı formada şəkil çəkdirməyə imkan vermirlər:

«Bakıda Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə getdik. Dedik ki, vəziyyət belədir, bizə bunu vermirlər. Dedilər ki, siz gündəlik həyatda beləsinizsə, onda gedin, götürün sənədinizi, verməlidirlər. Çıxıb gəldik rayona. Vəsiqəmizi almağa getdik. Bizi apardılar şöbəyə. İncitdilər, dedilər bu nə saqqaldır və s. Məni apardılar şöbənin yanında yeməkxanaya, əl qolumu tutub zorla saqqalımı qırxdılar».

A. Yusubov deyir ki, bu hadisələri əvvəlcədən ehtimal etdiyi üçün özünə vəkil tutmaq istəyib. Amma ona etibarnamə verməyiblər.

Abakar Qazıyev də deyir ki, onun da saqqalını eyni yeməkxanada qırxıblar:

«Bizi polisdə 8 saat saxladılar. Sonra məni yeməkxanaya apardılar, orda 6-7 nəfər üstümə cumdu. Mən müqavimət göstərdim, xeyri olmadı. Üstümdə də xeyli yara var. Zorla qırxdılar üzümü. Ondan sonra şəklimi çəkdilər. Polis şöbəsindən Kamandar Həsənov dedi ki, sizə üzü qırxılmış şəkildə pasport veriləcək».

Onlar düşünürlər ki, saqqalsız şəkillə veriləcək şəxsiyyət vəsiqəsi saxta sənəddir.

Zaqatala rayon Polis Şöbəsinin rəis müavini Kamandar Həsənov isə deyilənləri təkzib edir:

«Onlar həmişə polisə şər atıblar. Bunlar belədir də, dövlətə, dövlətçiliyə həmişə ziyan veriblər. Onlar saqqalsız gəliblər şöbəyə, özləri qırxıb gəliblər. Polis bərbər deyil, bura bərbərxana deyil. Bizim nə işimiz var. Bizim dəlləkxana yoxdur burda».

Zaqatala rayonunda əvvəllər də dindar kəsimlərdən polisin davranışı ilə bağlı şikayətlər eşidilib.

Azərbaycanda vicdan azadlığının pozulması beynəlxalq təşkilatların da hesabatlarına düşüb.

Məsələn, ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, Azərbaycanda din azadlığının məhdudlaşması mülkiyyət mübahisələrində, saqqal və baş örtüyündə, bəzi yerlərdə azan səsinə qoyulan qadağalarda özünü göstərir.

Azərbaycan qanunvericiliyi də pasport və şəxsiyyət vəsiqəsində saqqallı formada şəkli qadağan etmir.
XS
SM
MD
LG