Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:31

Əliyevlə Sarksyan bir-birinə nə deyib?..


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarksyan
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarksyan
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarksyan söz güləşdirməyə başlayıblar. Bir neçə gün qabaq Serj Sarksyan tələbələrlə görüşündə deyib ki, onlar Dağlıq Qarabağı alıblar, Ağrı dağının alınması məsuliyyətini isə gənc nəsil daşımalıdır. Onun bu bəyanatına İlham Əliyevdən belə bir cavab gəldi ki, o, Sarksyanı yaxşı tanıyır və onun düşüncə tərzinə bələddir: «Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır». Sarksyan da öz növbəsində azərbaycanlı həmkarını cavabsız buraxmayıb, deyib ki, bu normal adam yanaşması deyil, o ki qaldı prezident ola.

İki dövlət arasında münaqişənin şəxsi müstəviyə keçməsi nəyin göstəricisidir? Danışıqlar artıq dalanamı dirənib deyə əsəblər gərilib?

Konfliktoloq Arif Yunus deyir ki, danışıqlar indiyə kimi necə davam edibsə, o cür də davam edəcək. Çünki Azərbaycan və Ermənistan prezidentləri, hətta nazirlər arasında gərgin münasibətlər hər zaman özünü büruzə verib, amma bu gərginliyə baxmayaraq, sülh danışıqları üçün bir masa başında oturublar:

- Köçəryanın vaxtında da belə ciddi hadisələr olub.

AZƏRBAYCAN TƏBLİĞAT İMKANINI İTİRDİ

Arif Yunis məsələyə başqa tərəfdən baxmağı təklif edir, deyir ki, Sarksyan Azərbaycana təbliğat üçün yaxşı fürsət vermişdi:

- Azərbaycanın imkanı var idi, dünyaya car çəksin ki, Ermənistanın prezidenti həqiqətən aqressiv bir insandır, tək Azərbaycana qarşı yox, o cümlədən, Türkiyəyə qarşı da iddia açır. Belə bir vəziyyətə baxmayaq, biz onlarla danışıq aparırıq, amma bizim vəziyyətimiz çətindir. Belə bir təbliğatın yerinə nə baş verdi? İndi hamı deyəcək ki, bir prezident söyüş söydü, o birisi də ona cavab verdi.

Arif Yunus
Amma Arif Yunis şəxsi münasibətlərdə yaranan problemlərin yeni bir müharibəyə təkanverməsinə inanmır:

- Danışıqlar davam edəcək. Bizim prezident onları söyəcək, onlar da Azərbaycanı hədələyəcək, amma yenə də danışıqlar davam edəcək.

MÜNAQİŞƏ RUSİYA VƏ AZƏRBAYCAN ARASINDADIR

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Serj Sarksyanı Rusiya danışdırır ki, danışıqlar prosesi pozulsun. Əslində heç bir danışıq aparılmadığını, sadəcə ortada danışıqların imitasiyası olduğunu deyən Vəfa Quluzadə Qarabağ düyününü iki prezidentin münasibətində axtarmağı da yanlış sayır:

- Münaqişə Rusiya və Azərbaycan arasındadır. Ermənilərə bizi təhqir etdirirlər ki, danışıqlar baş tutmasın.

Vəfa Quluzadə deyir ki, əgər Rusiyanın gücü olsaydı, Qarabağla bağlı yeni müharibəyə başlardı və bunun üçün Əliyevlə Sarksyanın münasibətinin yaxşı, ya pis olmasının elə də önəmi qalmayacaqdı:

Vəfa Quluzadə
- Ermənistan Rusiyanın quberniyasıdır. Rusiya Azərbaycanın torpaqlarını ona görə işğal edib ki, Azərbaycan NATO-ya daxil olmasın, Avropa Birliyi və Amerika ilə yaxınlaşmasın. Biz çeçen mücahidlərinə borcluyuq, 1994-cü ildə Rusiya iki cəbhə saxlaya bilmədiyi üçün Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandı.

SAKİNLƏR NARAHAT DEYİL

Bəs sıravi sakinlər nə düşünür? Fikrini öyrəndiyimiz sakinlər arasında İlham Əliyevin Serj Sarksyanı cavabsız qoymamasından məmnun olanlar da oldu, müharibə ehtimalını inkar edənlər də. Adını söyləməyən bir taksi sürücüsü dedi ki, Qarabağın həlli Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdan asılıdır. Bakı küçələrində keçirdiyimiz sorğu zamanı onu da müşahidə elədik ki, müsahiblərimizdə iki prezident arasındakı bir-birini təhqir etmə səviyyəsinə çatan söz savaşının «müharibəyə yol aça biləcəyi» qorxusu yoxdur.
XS
SM
MD
LG