Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:11

Generalların istefası: Türkiyədə dünyəvi quruluşa təhlükə varmı?


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

“Türkiyə ordusunun rəhbərlərinin istefa verməsi ölkədə ordunun siyasi proseslərə qarışması kimi hallara son qoyacaq və Türkiyənin daha da demokratikləşməsinə yol açacaq”.

Bunu Türkiyənin Bahçeşehir Universiteti Avropa Birliyi Araşdırmaları Bölümünün rəhbəri Cengiz Aktar Azadlıq Radiosuna müsahibəsinə deyir.

- Bu, Türkiyənin idarə edilməsində hərbisizləşdirmə mərhələsinin başlanğıcıdır. Bu çox xeyrili bir hadisədir.
Türkiyədə əsgər xalqın səsi ilə seçilmiş hakimiyyətə hesabat verməzdi. Nə edəcəyinə özü qərar verirdi, özü üçün müəyyən etdiyi hüquqları vardı. Ordu “dövlət içində dövlət” kimi hərəkət edərdi.
Hətta elə bir “dövlət içində dövlət” ki, istəyəndə dövlət çevrilişi edirdi. Amma bütün bunlar artıq keçmişdə qaldı.
Türkiyədə də ordu bütün mədəni, demokratik dövlətlərdə olduğu kimi xalqın səsiylə seçilmiş hökumətin nəzarət altına keçir. Bu normallaşma prosesinin bir etapıdır.

Amma Türkiyədə ordu rəhbərliyinin istefası heç də hamının ürəyincə deyil.


Millətçi müxalifət isə düşünür ki, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası islamçı köklərə malik olduğu üçün ölkədə də islamlaşma aparmaq istəyir.

Ordu komandirləri istefalarının səbəblərini indiyədək 250-cən keçmiş hərbçinin və vəzifə başında olan hərbi quluqçuların, o cümlədən admiral, generalların həbsi ilə əlaqələndirirlər. Türkiyə Ordusunun Baş Qərargah rəisi Işık Koşaner belə vəziyyətdə vəzifəsinin icrasına davam edə bilməyəciyini, cinayət işlərinin hüquq çərçivələrinə sığışmadığını deyib.

Hazırda davam edən cinayət işlərindəki ittihama görə, millətçi ideologiyalı hərbçilər Ədalət və İnkişaf Partiyasının hakimiyyətinə zor yoluyla son qoymağı planlaşdırırlarmış.

Millətçi müxalifət isə düşünür ki, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası islamçı köklərə malik olduğu üçün ölkədə də islamlaşma aparmaq istəyir. Bu isə Türkiyənin dünyəvi dövlət quruluşuna təhlükədir. Çünki dünyəvi dövlət quruluşunun əsas qarantı Türkiyə ordusu idi, o isə artıq hökumətə tam tabe vəziyyətə gətirilir.

Türkiyənin Bahçeşehir Universiteti Avropa Birliyi Araşdırmaları Bölümünün rəhbəri
Cengiz Aktar (solda)
Cengiz Aktar isə deyir ki, hətta ölkə daxilindən Türkiyə üçün hansısa təhlükə yaranarsa belə, bu, xalqın seçdiyi millət vəkillərinin qərarı ilə çözülməlidir.

- Türkiyədəki təhlükələrə qarşı ölçü götürüləcək, bu haqda müzakirələrin açılacağı yer Türkiyə Böyük Millət Məclisidir, siyasətdir, xalqdır. Bunun yeri qətiyyən ordu, Türkiyə Silahlı Qüvvələri deyil.

Amma Rusiyanın “Kommersant” qəzeti yazır ki, ordu üzərində tam nəzarət baş nazir Ərdoğana konstitusiya islahatları aparmaq imkanı verəcək.

Bura isə həm də Türkiyənin prezident respublikasına çevrilməsi, bir çox səlahiyyətlərin parlamentdən alınıb prezidentə verilməsi də daxildir. Bəzi müşahidəçilər bundan sonra Ərdoğanın prezident kreslosuna əyləşəcəyini də istisna etmirlər.
XS
SM
MD
LG