Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:51

Yalçın İmanov: «2 aprel məhbusları azadlıqdan məhrum ediləcəklər»


Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov
İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunan müxalifət fəallarının məhkəmə prosesləri davam edir. Nəsimi və Səbail rayon məhkəmələrində həmin proseslərə çıxan vəkil Yalçın İmanovla müsahibəni təqdim edirik.

- Yalçın bəy, bu iş üzrə zərərçəkənlər kimlərdir?

- Bəzi iri nəqliyyat müəssisələri, müəyyən marşrutlara sahib olmaqla nəqliyyat xidməti göstərən fiziki şəxslər, həmçinin, DİN-nin avtonəqliyyat müəssisəsi bu işdə zərərçəkmiş kimi tanınıblar. Onlar aksiya zamanı maddi və texniki zərər çəkdiklərini iddia edərək müxtəlif məbləğlərdə cərimə tələb edirlər.

- Bəs şahidlər kimlərdir?

- 2 aprel aksiyası ilə bağlı açılmış cinayət işində şahidlər əsasən polislərdir. İttiham tərəfinin şahidlərinin əsasən polislərdən ibarət olması bu işin obyektiv həqiqəti üzə çıxartmaqdan daha çox birtərəfli qaydada getdiyi qənaətini ortaya qoyur. Bu mülahizələr məhkəmənin gedişində də özünü təsdiqləyir.

NİYYƏT HAKİM MÜŞAVİRƏ OTAĞINDAN QAYIDIB HÖKMÜ ELAN EDƏNDƏ, AYDINLAŞACAQ

- Məhkəmə prosesi necə gedir?

- Hakimin prosesi ittiham və müdafiə tərəflərinin çəkişməsi qaydasında aparması, təqdim olunan sübutlara münasibət, təqsirləndirilən şəxslərin, zərərçəkənlərin, eləcə də şahidlərin ifadələri ilk baxışdan hər şeyin qanunvericiliyin tələblərinə uyğun getdiyini düşünməyə əsas verir. Amma prosesin necə keçdiyi, məqsədin həqiqətin üzə çıxarılması yoxsa başqa niyyət olması hakim müşavirə otağından qayıdıb işlə bağlı hökmü elan edəndə, aydınlaşacaq.

- Şahidlərin dindirilməsi, müdafiə tərəfinə münasibət beynəlxalq standartlara uyğundur?

- Xeyr, beynəlxalq standartlara uyğun gəlmir. Çünki biz Səbail rayon Məhkəməsində- prosesin hazırlıq iclasında müdafiə etdiyimiz şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin cəmiyyətdən təсrid etməyən digər qətimkan tədbiri ilə dəyişdirilməsinə dair vəsatət qaldırdıq.

2 aprel aksiyası
Açığı gözləyirdik ki, bu vəsatətimiz təmin ediləcək və proses zamanı təqsirləndirilən şəxslər azadlıqda olacaqlar. Amma bu, baş vermədi. Həmçinin, cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi, Daxili İşlər nazirinin, Bakı şəhər prokurorunun, Bakı şəhər İcra Hakimiyyəti başçısının və bəzi digər müvafiq dövlət orqanları rəhbərlərinin şahid qismində məhkəməyə çağırılıb dindirilməsi ilə bağlı vəsatətlərimiz də təmin olunmadı. Yəni, çoxsaylı vəsatətlərimizin təmin olunmaması prosesin standartlara uyğun keçirilməməsi qənaətini daha da möhkəmləndirir.

MƏHKƏMƏNİN SONUNU GÖZLƏMƏDƏN BƏRAƏT HÖKMÜ ÇIXARILMALI VƏ ONLAR SƏRBƏST BURAXILMALIDIR

- Nəticə olaraq bu posesdən nə gözləyirsiniz?

- Prosesin gedişində müdafiə tərəfi ittihamın bütün dəlillərini alt-üst elədi. Deyim ki, daha çox müdafiə tərəfi ittiham edir, ittiham tərəfi isə müdaiə olunurdu. Və ittiham tərəfinin dəlilləri müdafiə tərəfinin heç bir adi tənqidinə də cavab verə bilmir. Bütün bunlar onu göstərir ki, normal məhkəmə sistemi olsa, həmin şəxslər barədə hətta məhkəmənin sonunu gözləmədən bəraət hökmü çıxarılmalı və onlar sərbəst buraxılmalıdır.

- Az da olsa, belə bir ehtimal varmı?

- Düşünmürəm. Çünki Azərbaycan məhkəmələri bir qayda olaraq belə işlərdə asılılıq nümayiş etdirirlər. Ona görə də siyasi hakimiyyətdən nə sifariş verilsə, ona uyğun hökm çıxarılacağı daha ağılabatandır. Çünki söhbət sərbəst toplaşma azadlığından istifadə etmək istəyən, İctimai Palatada cəmləşən siyasi partiya təmsilçilərindən gedir. Həmin aksiyada səslənən şüarlar heç də Azərbaycanın siyasi hakimiyyətinin ürəyincə deyil. Bu aksiyada iştirak edənlərin qanun və məhkəmə vasitəsilə qorxudulması mövcud siyasi münasibətlər sistemində hakimiyyətə daha çox sərf edir. Ona görə də mən ədalətli hökm gözləmirəm. Düşünürəm ki, məhkəmə gələn sifarişə uyğun da hökm elan edəcək. Güman ki, 2 aprel aksiyası iştirakçılarının barələrində azadlıqdan məhrumetmə ilə bağlı hökm çıxarılacaq.

2 aprel aksiyası iştirakçılarının məhkəməsi
BU İŞ AVROPA MƏHKƏMƏSİNƏ GEDİB ÇIXSA, HƏMİN ŞƏXSLƏR BƏRAƏT ALACAQ

- Bu iş Avropa Məhkəmisə getsə, necə olacaq?

- Yəqin ki, belə də olacaq. Amma mən prosesin buna zərurət yaratmasını istəməzdim. Ona görə ki, bu, Azərbaycan dövlətinin və məhkəmələrinin beynəlxalq aləmdə o qədər də yaxşı olmayan imicinin daha da pisləşməsinə səbəb olacaq. Çünki ittihamın dəlillərinin heç bir hüquqi əsası yoxdur. Bu iş Avropa Məhkəməsinə gedib çıxacağı təqdirdə həmin şəxslərin bəraət hökmü alacağı və onların məhkəmələrində yol verilən pozuntuların tanınması təmin olunacaq.

İctimai Palatanın 2 aprel aksiyasına görə ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilirlər.
XS
SM
MD
LG