Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:55

Bu ilki qəbul imtahanları nəyi göstərdi?


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Bu il ali məktəb arzusu ilə imtahan qapısını açan 109 min abituriyentdən 27 mini tələbə adını qazanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə avqustun 5-də keçirdiyi mətbuat konfransında bildirib ki, qəbul planı 93 faiz dolub. Ümumilikdə isə 2 mindən çox boş yer qalıb. Məleykə Abbaszadənin sözlərinə görə, boş qalan yerlərin əksəriyyəti özəl universitetlərin payına düşür.

MÜSABİQƏ BALLARI BU İL DƏ AŞAĞI SALINDI

Məleykə Abbaszadə imtahan nəticələri açıqlanan zaman bildirmişdi ki, abituriyentlərin göstərdikləri nəticələr onları müsabiqə üçün minimum balı aşağı endirməyə məcbur edir. Yəni, I qrup üzrə minimum bal 200-ə, digər qruplarda 250-yə endirilib.

Komissiyanın saytına yerləşdirdiyi statistik məlumatlardan aydın olur ki, son iki ildə minimum ballar 250 və 300-dən 200 və 250-yə endirilib.

TQDK hələlik bu ilin nəticələrinin təhlilinə başlamasa da, bildirilir ki, təhsilin səviyyəsi ilə bağlı ilkin rəyi rəqəmlər deyir. Məsələn, bu ilin məzunları arasında I - I I I qrupa imtahan verən 10 minə yaxın abituriyent 0-100 arası bal toplayıb.

«MƏKTƏBDƏ DƏRS KEÇMİRDİLƏR Kİ»

«Mən 11-ci sinifdə repetitor yanına getdim, ona qədər heç nədən xəbərim yox idi», Gəncə sakini Aynur Verdiyeva imtahanda uğursuz nəticə göstərməsini repetitor yanına gec getməsi ilə izah edir:

«Tarix, ingilis dili, ədəbiyyatdan, riyaziyyatdan gedirdim. Elə nə öyrəndimsə, müəllim yanında öyrəndim».

Aynur bəzi sualların çətin olduğunu söyləyir. Soruşuram ki, dərs kitablarınızda olmayan mövzular idimi? Cavab verir ki, dərs kitablarından xəbəri yoxdur:

«Məktəbdə dərs keçirdilər ki... Dərs keçməmişik. Yanına getdiyimiz müəllim nə verirdi, onu öyrənirdik».

Əlövsət Osmanlı
«MƏKTƏB TƏHSİLİ ÇÖKÜB»

Təhsil üzrə ekspert Əlövsət Osmanlı hesab edir ki, qəbul imtahanlarında yüksək nəticə göstərənlərin 80 faizinin uğuru repetitorluqla bağlıdır:

«Bu dəqiqə bizim təhsilimizdə məktəb anlayışı yoxdur. Pis-yaxşı nəticə repetitorların sayəsindədir. İldən-ilə də repetitor yanına gedənlərin sayı artır. Təhsil Nazirliyinin öz orqanı var, «Azərbaycan müəllimi». Onlar bir reyd keçirmişdilər, bir məktəbdə dərs vaxtı 11-ci pillədə olan 8 sinfin, bir məktəbdə isə 4 sinfin şagirdi məktəbdə deyildilər. Bu siniflərin şagirdləri məktəbdən kənar təhsillə məşğul idilər. Bu o deməkdir ki, məktəb təhsili çöküb».

«MƏKTƏBDƏ QİYMƏTLƏNDİRMƏ SİSTEMİ QURULMAYIB»

Amma Təhsil Nazirliyinin şagirdlərin biliklərinin qiymətləndirilməsi üzrə şöbəsinin keçmiş müdiri Talıb Şərifov bu ilin qəbul imtahanlarında məzunların göstərdiyi nəticədən narazı qalıb, deyir ki, əgər abituriyentlərin böyük əksəriyyəti 0-200 arası nəticə göstəribsə, bunu ürəkaçan nəticə saymaq olmaz. Onun fikrincə, orta məktəbdə şagirdlərin biliyi düzgün qiymətləndirilmir, daha doğrusu, müasir qiymətləndirmə sistemi qurulmayıb və bu sistem yoxdursa, təlimdən danışmağa dəyməz.

Təhsil Naziri Misir Mərdanov
Təhsil Nazirliyinin də abituriyentlərin göstərdikləri biliyə şərhini almaq istədik. Amma gün ərzində telefon zənglərimizə cavab verən tapılmadı.

Təhsil Naziri Misir Mərdanov hələ bu ilin ortalarında bildirmişdi ki, buraxılış siniflərində keçirilən sınaq imtahanlarının nəticələri onu qane etmir. O, ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsində deyib ki, bu nəticələr qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin yüksək nəticə göstərə biləcəklərini çətinləşdirir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik təhlilinə görə, ötən ilin abituryentərinin təxminən 60 faiz 0-200 bal arasında nəticə göstərmişdi.

Bu il dövlət büdcəsindən təhsil xərcləri üçün 1 milyarddan çox vəsait nəzərdə tutulub.
XS
SM
MD
LG