Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:18

Aşıq Alı. Qoşmalar (5)


əvvəli

MƏNƏM


Əsli-Kərəm çoxlarına misaldı,
Əyyub tək sinəsi yaralı mənəm.
Necə dərd çəkmiyim, fəğan etmiyim?
Elimnən-günümnən aralı mənəm.

Dörd kitabdı yazılıbdı minayə,
Min nəsihət, min dəlil var, min ayə.
Yazıq canım qurban dedim Minayə,
Yüz dərdlə, ələmlə yaralı mənəm.

Yaradanım yaradıbdı günahkar,
Ömür boyu zülüm verib nə ki var.
Alıyam, dərdimə yoxdu xiridar,
Günahkar-günahkar yaralı mənəm.


BİRİSİN

Apardın ağlımı, ay mələkzada,
Söyləsən dərdimin yara birisin.
Təbib gəldi, neştər vurdu yarama,
Loğman gəlsə söylə yara birisin.

Qaf qəhardan dərsim aldım mən də hey.
Kaf kafərdi bu dünyada, sən də hey.
Təbib gəlsə dərman qaldı səndə hey,
Sən bilirsən bu dərdimin birisin.

Alıyam, çağırram gözəl Allahı,
Dilimdən tərk etmə simi billahı
Əliyyi-mürtəza şahların şahı
Şahi-Mərdan açar dərdim birisin.


QURBANDI

Əhdi-peymanında dayanan yarın,
Şəninə Minada quzu qurbandı.
Ellər səna etsə qeyrət, arına,
Min sərrafın söhbət, sözü qurbandı.

Dağların nərgizi, çölün lalasi,
Saqilər əlində mey piyalası,
Ceyranın, cüyürün körpə balası,
Ormanda maralın gözü qurbandı.

Əhdi-peyman ara eşqin yolunda,
Olmaya qəlb qara, eşqin yolunda,
Bir vəfalı yara eşqin yolunda
Bivəfa aşiqin yüzü qurbandı.


YAZDIM

İçdim mərd əlindən eşqin badəsin,
Bais oldu canda marağa, yazdım.
Canan eşqi can evinə düşəndə,
Düşdüm diyar-diyar sorağa, yazdım.

Biri qıya baxdı, saldı ataşa,
Biri süzdü məni ayaqdan-başa,
Biri məhbub oldu, döndü sirdaşa,
Biri şəstin çəkdi darağa, yazdım.

Biri saldı məni qafil inada,
Biri cəlil oldu həmdü-sənada.
Biri əyal atıb uyandı yada,
Biri sirr verəndə qırağa, yazdım.

İqbal rast olanda vəfalı yara,
Vəsfini söylədim lalə rüxsara.
Birini görəndə əsil mahpara,
Birini bir çeşmi-çırağa yazdım.

Əlim üzüləndə ata-anadan,
Alı qəmnak oldu başdan-binadan.
Vəsfi aparmadı dəhri-fənadan,
Nə vardı sinəmdə varağa yazdım.


SORUŞMA

Qasid, yarım məni səndən sorarsa,
Söylə, Məcnun çıxdı dağa, soruşma.
Sorğu-sual çox dərinə vararsa,
De ahından odlar yağa, soruşma.

Dilim tutmaz bimürvəti soruşam,
Baxçasından cüda düşən bir quşam.
Ucbatından qəhərlənib uçmuşam,
Tənha qondu de budağa, soruşma.

Alı neynər bülqarı görəndə,
Tərlan oylağında sarı görəndə,
Bülbül gül üstündə xarı görəndə
Əsla dönməz bir də bağa, soruşma.


GETDİ

Yarsız yenə qan ağlarım dəmadəm,
Kəsilibdi səbri-qararım, getdi.
Bir kimsənə əlac etməz dərdimə,
Yoxdu, ləbi-məlhəm maralım, getdi.

Ahi əfqanımda kara gəlmədi,
Neçə tor qurdumsa, tora gəlmədi,
Salıbdı cismimi nara, gəlmədi,
Sədaqət oxundan yaralım getdi.

Düşdü Məcnunundan aralı Leyli,
Kərəm oda yandı, Əslidə meyli.
Alı giryan qaldı, yardan gileyli,
Köç etdi ceyranım, maralım getdi.


DƏRİNDİ

Elə müəmmadır aşıq sənəti,
Bir isimdə dörd hikməti dərindi.
Şairdir, məzəkar, sazan, xoş avaz,
Fəth eylə cəmini bəhrə dər indi.

Bu məqamda əhsənlər var, minnət var,
Bir dərgahdı, içrə zülmət, cənnət var,
Firudin var, suluddin var, sünnət var,
Al matahın taybataydı dər indi.

Aşiq oldun aqillərdən elm ara,
Arif məclisində gələrsən kara.
Hər hikmət söylənsə tapmasan çara,
Çulğayar qəlbini dərdi-sər indi.

Huşyar ol, alim var hikmətli söylər,
Elmi dayaz aşıq naçardı, neylər?
Məclis küdrət çəkər, qəlbini teylər,
Bunu dərk etməzin əqli sərindi.

Yetmiş iki dildi bir para taxta,
O ustad əlində dolanmaz saxta.
Gah başda dolandır, gah da ayaqda,
Eylə qəm evini dərbədər indi.

Adəmdən Hatəmə sazda dəlil var,
Anlamasan tərk et, meydan etmə dar.
Alı nəsihəti qalsın yadigar,
Xəbərdar olunsun bu xəbər indi.


QABAQDA

Cəm oldu bu cəmdə nuri-ərənlər,
Agah idi xətti-xalı qabaqda.
Pirim aşkar etdi şah məkanını,
Kaş olaydım mən də halı qabaqdan.

Yahu-yahu deyib haqqa uydular,
Yaman hu... dedilər təam qoydular.
Cümlə məxluq loxma ilə doydular,
Məcməyilər dolu qaldı qabaqda.

Müstəcəbdi sovma-səlat səbatdan,
Kəsirimiz qalmaz xümsü-zəkatdan.
Alı xof eyləməz püli-sibatdan,
Cənab Əmir şölə salı qabaqda.


ÇÜRÜDÜ

İstəyirəm qələm alım söz yazım,
Sel-sel oldu sinəm başı çürüdü.
Qohum-qardaş, dost-müsahib yad oldu
Vaxt da keçdi cavan ömrüm çürüdü.

Fələk qəhr eylədi saldı çöllərə,
İntizaram göz tikərəm yollara,
Yazaram vəsfimi düşər dillərə,
Qəza gəlib ətrafımı bürüdü.

Alıyam, sinəmdə eşqin sevdası,
Atlaz mimtənəsi, gümüş baftası,
Çalxanır dəryada suyun sonası,
Bilmirəm mələkdi, yoxsa hürüdü.


QALMADI

Dedim, könül, gəl al məndən nəsihət,
Zay oldu bədənim, sağ da qalmadı.
Qohum-qardaş hərə düşdü bir yana,
Əridi ürəyim, yağ da qalmadı.

Dünya çarxı gərdiş vurdu dolandı,
Könül baxdı hər tərəf bir bulandı.
Ellər gəldi yaylağında dolandı,
Qayıdanda heç kim dağda qalmadı.

Yazıq Alı nə çəkirsən fərağı,
Ayrılıb vətəndən gəzmə irağı,
Xainin başatan yanmaz çırağı,
Pozuldu bostanlar, tağ da qalmadı.


AY AĞA HARAY

Əyildi qamətim, büküldü belim,
Sən yetiş dadıma, ay ağa, haray!
Könül coşdu qanadlanıb uçmağa
Yanıbdı şahpərim ayağa, haray.

Balıq olan suda üzməz lələksiz,
Tərlan olan göydə uçmaz qənətsiz
Aslan olan sözü ötməz köməksiz,
Sən yetiş köməyə, ay ağa, haray.

Çağırram qulunu qoyma sərgərdar,
Düşmüşəm qovğaya gəl məni qurtar,
Ağalar ağası, ya Şahısuvar,
Sən yetiş imdada, ay ağa haray.


GÖZDƏ GÖZÜ SƏN

Gövhər mədəniyəm, düşmüşəm dərdə,
Dərman eylə gözə gözdə gözü sən.
Aman həkim əllərinə mən qurban,
Zay olmasın gözüm gözdə gözü sən.

Çox dövran sürmüşəm fani dünyada
Allahı çağırram yetişsin dada.
İşıq vermir, gözüm görmür dünyada,
Rəhm eylə gözümə, gözdə gözü sən.

Biçarə Alıyam, gəlmişəm dada,
Hesab eylə haqqı salgınan yada.
Cəsədim alışır, yanıram oda,
Eylə gözlərimə gözdə gözü sən.


OLGUNAN

Bir söz deyim xətrin mənnən xoş olsun,
Bir busə istərəm, qayıl olgunan.
Acıqlanıb mənə hədyan deyəndə
Düşgünən çöllərə sayıl olgunan.

Üzümə baxanda qoca görürsən,
Siyah zülfün dal-gərdəndə hörürsən,
Qəlbini əğyara, kara verirsən,
Baxgınan hikmətə mayıl olgunan.

Mina gərdən nəzik bədən ala sən,
İncə belə gümüş kəmər dola sən,
Alıyı çəkməynən nara, ala sən,
Könlünnən könlümə qayıl olgunan.


AY ÜZƏ-ÜZƏ

Qəm məni çulğayıb saldı dəryaya,
Cəhd eylədim çıxam ay üzə-üzə.
Oğrun-oğrun öz oduma yanıram,
Qəza vurub saldı ay üzə-üzə.

Yarananda borclu olub bir cana,
Bənzəmədim nə sultana, nə xana.
Dolandım dünyanı, bildim əfsana,
Bu cavan canımı ay üzə-üzə.

O gün olarmı ki, şad olub gülək,
Sən əydin qəddimi, ay qoca fələk.
Alı, yaradandan sən eylə dilək, -
O, deyər dərdini ay üzə, üzə.


NARIN ÜZ

Yaradanım qələm çalsa gözələ,
Sən sürtəsən narın üzə narın üz.
Mənim kimi yazın dönsə tərsinə,
Həsrət olar narın üzə narın üz.

Həsrət oldum o bağçıya, o bağa,
Sinəm yanar bu düyünə, bu dağa,
Qəza vurub yoldan çıxsan qırağa
Həsrət olar narın üzə narın üz.

Bacarıram qabağında söz deyəm,
Bülbül olub bu bağlarda gözdəyəm.
Alı deyər gözəl yara söz deyəm,
Sən sürtəsən narın üzə narın üz.


DEYİRƏM

Ay ağalar, gəlin sizə söyləyim,
Atəşin ürəkdə yanar, deyirəm,
Qəvi düşmən pis fikirdən çəkinməz,
Od vurub sinəmə yanar deyirəm.

Ürəyim dərdlidi, qəlbim fikirdə,
Tab edə bilmirəm bir belə dərdə,
Sayıl tək səhrada qaldım şərməndə
Əl vurma şüşəyəm sınar deyirəm.

Alıyam, unutmam vəfalı dostu,
Vurubsan sinəmə kamanı qəsdi,
Dedim əl çəkəsən, demədin bəsdi,
Qalmışam zülmətdə, kənar deyirəm.


AMANDI

Başına döndüyüm ədalət şahı,
Şahım, bu yollara düşmə, amandı.
Çuğul, şeytan sənə tələ qurubdu,
Şahım, bu yollara düşmə, amandı.

Bu yolların içi dolu lil olur,
Üstü bulud, altı quyu lil olur,
Görürsənmi, şəmsi-qəmər ləl olur,
Şahım, bu yollara düşmə amandı.

Əskiklərin sözü keçməz arada,
Mərd iyidlər tez yetişər murada,
Yazıq Alı ilqar qoydu burada, -
Şahım, bu yollara düşmə, amandı.


DƏYMƏMİŞ

Kənardan qəlb ilə gəzirəm səni,
Dodaq gəlib gül yanağa dəyməmiş.
Çəkirəm əziyyət, gəz qabağımda,
Əl uzadıb gülün xara dəyməmiş.

O ala gözlərə mayıl olmuşam,
Gül yanağa bil ki, sayıl olmuşam,
Çəkdirsən dara da qayıl olmuşam,
Ox da gedib öz ovuna dəyməmiş.

Deyər Aşıq Alı, ay qoşa xallı!
Əmərəm ləbinnən ləbləri ballı,
Dərdini çəkirəm çox qilü-qallı,
Cənnət sənsən, səndə bara dəyməmiş.


GÜLƏ-GÜLƏ

İstəkli sevgilim, gəldik üz-üzə,
Əlimi əlinə al gülə-gülə.
Çox gəzdim dünyanı seçə bilmədim,
Sənin tək gözəlgən, al gülə-gülə.

Ürəyim titrəyir durma uzaqda,
Külək olsun, telin əssin sazaqda
Gözüm qalıb lalə yanaq, buxaqda,
Qolunu boynuma sal gülə-gülə.

Mən zərgərəm, səni dürrü bilirəm,
Aləm nədi, şöylə, kimi görürəm,
Türkiyə elindən indi gəlirəm,
Minnət qoy Alıya, gəl gülə-gülə.


DEYƏRSƏN

Hasan əmi, bir Allahın eşqinə,
Mənim ərzim o canana deyərsən.
Ey mənim qasidim, dərddən xəbərdar,
Məntək dərdi o tüğyana deyərsən.

Gedib ol vətənə varannan sonra,
Sən bizim elləri görənnən sonra,
Götürüb naməni verənnən sonra
Bu cavabı yana-yana deyərsən.

Kamil bağban, pasiban ol güllərə,
Tapşırdım gözünü diksin yollara.
Deynən yola düşdü uzaq ellərə,
Keçdi Alı Alosmana deyərsən.


NEYNƏR

Cümlə xilqət bu cahana mübtəla,
Cahanı sevməyən cananı neynər?!
Eşqdən bixəbər naşı, nadandı,
Əhli-ruh aləmdə nadanı neynər?

Hurirüxsar, hilalqaşlı, siyahtel,
Boyu mina, əndam büllur, incəbel.
Diyarım zibasın əsil mələk bil,
Bizim mahcamallar ədanı neynər?!

Səslə hüzuruma aqil kəsləri,
Hikməti dərk edən pürhəvəsləri.
Qovla məclisimdən kənar kəsləri,
Alı mərəkədə gədanı neynər?!


TƏRK ELƏ

Əbru çəkmə bədirlənmiş ayə sən,
Qəm yaradan o yaşmağı tərk elə.
İnsaf eylə sal üstümə sayə sən,
Tez rübəndə yanaşmağı tərk elə.

Giryanam gözəllər xası ucundan,
Qəhərlənib tutdum yası ucundan.
Bir busənin təmənnası ucundan
Məhrəm ilə savaşmağı tərk elə.

Alını qəm canda bekar edəndə,
Qəlbi xoşhal olar, şikar edəndə,
Hərdən təmənnasın aşkar edəndə,
Gülə-gülə o qaçmağı tərk elə.


ÇƏKİBDİ

Ay ariflər, gəlin sizə söyləyim,
Varlılar yoxsulu dara çəkibdi.
Cəhd edirlər bu dünyanı tutalar,
Nökərə, dehqana qara çəkibdi.

Mollaynan, varlılar uyublar felə,
Köyxaynan birləşib qururlar tələ.
Ağaynan bəyləri demirəm hələ,
Zülmü gəlib ol üqbayə çəkibdi.

Fağırın, miskinin əlləri qabar,
Beş ilə alammır bir axsaq davar.
Yeməyi, geyməyi deyirəm havar,
Aşıq Alı qilü-qala çəkibdi.


MƏDİNƏ

Gözəl qiyafəli, Leyli kamallı,
Sənsən gözəllərin şahı, Mədinə.
Sevənlərdən gəl birinə könül ver,
Çəkdirmə amanı, ahı, Mədinə.

Bəyaz sinən dağda qarı andırır,
Hüsnün möminlərə dinin dandırır.
Mübtəlanı eşq atəşi yandırır,
Kəc dolanır rəvan rahı, Mədinə.

Bir an firqətinə tab etmir ürək,
Əsil məlakəsən, hüsnün mübarək.
Camalın şölədi, şəmsi nə gərək?
Heyran qoydun ərşdə mahı, Mədinə.

Sevənindən seyrə çıxma aralı,
Zamanın hökmüdü, vədə daralı.
Kamil səyyad ram eyləyər maralı,
Sən səyağı, zülf siyahı, Mədinə.

Şanə bil zülfünə badi-səbanı,
Qoyma qilü-qalda, eli-obanı.
Tədbirdə aqil bil Alı babanı,
Seç birini, ol pənahı, Mədinə.

DAVAMI
XS
SM
MD
LG