Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:27

2 aprelçilərin məhkəməsi: «Məhkəmə adlı teatrın sonuna gəldik»


Arxiv foto
Arxiv foto
«Fəxr edirəm ki, bu gün bu insanları ittiham edənlər sırasında yox, onları müdafiə edənlər sırasındayam». Vəkil Yavər Hüseynli Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunmuş 14 fəaldan altısının məhkəmə prosesində son çıxışını edərkən belə deyib.

Avqustun 24-də müxalifət fəalları - Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elşən Həsənov və Elnur İsrəfilovun növbəti məhkəmə prosesində vəkillər və ittiham olunanlar son sözlərini dedilər.

«POLİS MAŞINLARINI TƏMİR ETDİRMƏK ÜÇÜN ƏLLƏRİNƏ FÜRSƏT DÜŞÜB»

Sahib Kərimovun vəkili Yavər Hüseynli bildirdi ki, ittiham olunan şəxslərin heç biri cinayət törətməyib və ortalıqda onların cinayətini sübut edən dəlil də yoxdur. Vəkilin dediyinə görə, bu 6 şəxslə bağlı dərhal həbs qətimkan tədbirinin seçilməsi özü də qanuna ziddir, əvvəlcə ilkin araşdırma keçirilməli idi. Vəkilin qənaətinə görə, bu şəxslərin həbsi barədə göstəriş hələ aksiya başlamamışdan əvvəl verilib və istintaq qrupu da əvvəlcədən yaradılıb. İstintaq işinə əlavə olunan zədələnmiş polis maşınlarının sayı isə insanda yalnız acı gülüş doğurur:

«Bakıda nə qədər zədələnmiş polis maşını varsa, onlardan maddi sübut kimi istifadə olunub. Bu maşınların sayı nəinki ittiham olunanlardan, hətta aksiya iştirakçılarının sayından da çoxdur. Zədələrə baxdıqda isə görürsən ki, bunları təpiklə, yumruqla törətmək mümkün deyil, hansısa yol hərəkəti zamanı yaranmış zədələrdir. Görünür, bütün zədələnmiş polis maşınlarını təmir etdirmək üçün əllərinə fürsət düşüb».

Yavər Hüseynli çıxışının sonunda hakimdən bəraətlə bağlı xahiş etmədi, dedi ki, bunun nəzərə alınmayacağını onsuz da bilir.

«POLİSDƏN ŞAHİD OLMAZ, BUNU AFRİKADA DA BİLİRLƏR»

Daha sonra vəkil İlqar Musayev çıxış etdi, bildirdi ki, «istintaqın təqdim etdiyi yalançı şahidlərlə bu günə kimi yol getmək mümkündürsə, ittiham olunanlarla sonsuzluğa qədər yol getmək olar». O, üzünü hakimə tutub onun cəsarətli addım atmasını istədi:

Müxalifətin 2 aprel aksiyası
«Bəzilərinin qürurla, bəzilərinin isə xəcalətlə yada salacağı bir məhkəmə prosesi başa çatmaq üzrədir». Bunu isə vəkil Mənsum Bayramov öz çıxışında dedi. Mənsum Bayramov da ortalıqda heç bir cinayətin olmadığını bildirdi:

«Müdafiə etdiyim Arif Alışlının avtobusa 2 təpik vurmasında da cinayət əməli yoxdur, çünki o bunu son zərurət şəraitində, içəridəki insanların sağlamlığını qorumaq naminə edib. Qanunvericilikdə isə buna görə cinayət nəzərdə tutulmur».

«Polisdən şahid olmaz, bunu Afrikada da bilirlər. Xüsusən də, avtoritar rejimlərdə polis rejimə xidmət edir». Vəkil Kamran Musayev müdafiə etdiyi Elşən Həsənova qarşı ifadə verən 5 şahiddən 4-nün polis olmasına münasibət bildirərkən belə dedi.

Arif Alışlının vəkili Xədicə Şirinova isə bildirdi ki, ittiham olunanlar sadəcə demokratiya istədiklərinə görə bu gün dustaqdırlar:

«Demokratiya istəmək ictimai asayişi pozmaq deyil, əksinə ictimai fayda kəsb etməkdir».

«DÖVLƏT İTTİHAMÇISININ DEDİYİ LAP, GOPOLOGİYADIR»

Vəkillərin çıxışından sonra hakim tərəflərin replika imkanının olduğunu bildirdi. Dövlət ittihamçısı bir daha bildirdi ki, qarşı tərəfin sübutların mənbəyinin məlum olmaması və digər bu kimi iradları əsassızdır. Vəkil Fəxrəddin Mehtiyev dövlət ittihamçısının bu dediklərini bir lətifə ilə müqayisə etdi:

«Bir gün uşaq işdən gələn atasına sual verir ki, geologiya nə deməkdir. Atası cavabında deyir ki, geologiya morfologiya deməkdir. Uşaq təəccüblə:
- Ata, bəs morfologiya nədir?
- Morfologiya politologiyadır.
Dialoq beləcə davam edir. Uşağın anası otağa girib deyir ki, «ay bala, atandan nə istəyirsən, qoy dincəlsin də». Ata:
- İmkan ver uşaq məndən nəsə öyrənsin də».

Sahib Kərimov: «Dövlət ittihamçısının dediyi isə, lap «gopologiyadır»».

Daha sonra məhkəmədə ittiham olunanlar son sözlərini dedilər.

«MƏHKƏMƏ » ADLI TEATR

«Məhkəmə adlı teatrın sonuna gəldik. Bu teatrın sifarişçisi Prezident Administrasiyası, baş sponsoru Zakir Qaralov, ssenari müəllifi isə Fazil Həsənəliyevdir». Bunu Arif Alışlı dedi. O əlavə etdi ki, onları hakimiyyət şərləyərək həbs edib, əsl qatillər, rüşvətxorlar isə azadlıqda gəzir:

«Prezident özü çıxışında dedi ki, bütün xalq korrupsiya ilə mübarizə aparmalıdır. Mən də aksiyada «Korrupsiyaya yox!» deməklə prezidentə bu işdə kömək etmişəm. Belə çıxır ki, prezident çağırışında səmimi olmayıb, mən aldanmışam. Bu ölkədə məhkəmə bizə iş verməsə, başqa iş verən yoxdur. Ölkədə işsizlikdir».

Arif Alışlı çıxışının sonunda hakimin ədalətli hökm çıxaracağına ümid etdiyini bildirdi.

«İQTİDAR İTTİHAMÇISINA TƏŞƏKKÜR EDİRƏM Kİ...»

Zülfüqar Eyvazov isə son sözündə dövlət ittihamçısını «iqtidar ittihamçısı» adlandırdı. Bildirdi ki, onu polis bölməsində saxlayarkən partiyadan istefa etməsi müqabilində azad etməyi vəd ediblər:

«Mən 20 il həbsdə yatmağa hazıram, amma öz silahdaşlarımın üzünə durmaram. Bu gün isə iqtidar ittihamçısına təşəkkür edirəm ki, mən əqidəm yolunda 20 il həbsə hazır olduğum halda mənə cəmi 4 il iş istədi».

Zülfüqar Eyvazlı hakimdən özü ilə bağlı yox, Qarabağ əlili Babək Həsənov və III qrup əlil Elnur İsrəfilov barədə bəraət hökmü çıxarmağı xahiş etdi.

Daha sonra təqsirləndirilənlərdən AXCP sədrinin müşaviri Sahib Kərimov son sözünü dedi:

«Bu bir tragikomediyadır. Gələcəkdə bu tragikomediya ilə bağlı bədii əsərlər yazılacaq. Həmin əsərlərin tragik qəhrəmanları bizlər, komik qəhrəmanları isə dövlət ittihamçıları olacaq».

«BU, CƏMİYYƏTƏ MESAJDIR»

Arxiv foto: Məhkəmənin önü
Sahib Kərimov bir daha bildirdi ki, onların cinayət əməllərinə dair ortalıqda heç bir sübut yoxdur. Onun fikrincə, bu məhkəmə ilə istintaqa sifariş verənlər cəmiyyətə bir mesaj göndərmək istəyirlər:

«Demək istəyirlər ki, artıq bir kimsə sənin əleyhinə ifadə verməsə belə, hakimiyyətə qarşı çıxmağın kifayətdir ki, müttəhim olasan».

Sahib Kərimov hakimi qəhrəmanlıq göstərməyə çağırdı:

«Əlinizdə əsas var ki, istintaq qrupunu sizi pis vəziyyətdə qoymaqda günahlandırasız. İstintaq sizə bizə cəza vermək üçün heç bir əsas verməyib».

HAKİM ZALI TƏRK ETDİ

Sahib Kərimovun çıxışından sonra zaldakılar emosiyalarını saxlaya bilmədi, onu alqışlamaqla yanaşı, «Azadlıq!» şüarları səsləndirməyə başladılar. Hakim Elnur Həsənov zalda oturanlardan prosesi tərk etməyi tələb etdi, çünki bundan əvvəl də alqışlarla bağlı bir neçə dəfə xəbərdarlıq etmişdi. Amma heç kim yerindən tərpənmədiyindən Elnur Həsənov özü məhkəmə zalından çıxmalı oldu. Yalnız mühafizəçilər arxa sırada oturanları zaldan çıxardıqdan sonra hakim qayıtdı və proses davam etdi.

Daha sonra təqsirləndirilən Babək Həsənov çıxış etdi, ittihamın məhkəmədə iflasa uğradığını dedi:

«Mən tankın, silahın üstünə gedən adamam, məni həbslə qorxutmaq mümkün deyil. Ruhən azad insanlar belə şeylərdən qorxmurlar. Bizim mübarizəmiz hələ bundan sonra davam edəcək».

Təqsirləndirilən Elşən Həsənov və Elnur İsrəfilov da hakimdən ədalətli hökm çıxarmağı xahiş etdilər.

HÖKM BİR NEÇƏ GÜNDƏN SONRA OLACAQ

Hakim Elnur Həsənov məhkəmənin müşavirəyə getdiyini dedi. O bildirdi ki, hökm bir neçə gündən sonra elan olunacaq.

Ötən həftə dövlət ittihamçısı müxalifətçilərə iş istəmişdi. O, Sahib KərimovArif Alışlının 4 il 6 ay, Zülfüqar EyvazlıElnur İsrəfilovun 4 il, Elşən HəsənovBabək Həsənovun isə 3 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.


İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar. Müxalifət fəallarına qarşı ümumi məbləği 6560 manat olan mülki iddia da qaldırılıb.
XS
SM
MD
LG