Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:53

Musa Yaqub "İki qəlb, iki dünya" (Poema)


İki qəlb, iki dünya

(poema)


Bakı... Bizim şəhər... Gecə tən yarı...
Hər kəs mənzilində yatır, dincəlir.
Əsir Xəzərimin sərin rüzgarı,
Nə bir səs duyulur, nə bir səs gəlir.
Fəqət otağında bayaqdan bəri
Azadım yatmamış, hələ oyaqdır.
Qəlbində həvəs var, gülür gözləri,
Bəlkə də bu gecə yatmayacaqdır.
Dalır xəyallara hey zaman-zaman,
Əl çəkib tarından bir dincəlməyir.
Qabarır sinəsi həyəcanından,
Görəsən yuxusu niyə gəlməyir?
Qəlbi dilləndirən bir məharətlə,
Yenə də simləri gətirmiş dilə.
Bir ahəng, bir duyğu, bir məhəbbətlə,
Hərdən pəsdən çalır, gah qalxır zilə.
Azadım özünü unutmuş artıq,
Bilmədən havanı çatdırır sona.
Sanki səhnədədir, budur, bir anlıq
Durub bütün salon əl çalır ona.
Eşidilir bu dəm ananın səsi:
- Bu qədər yuxusuz qalarmı insan?
Sən oyaq görməzsən indi heç kəsi,
Yat bala, sabah da tez duracaqsan.
Anaya naz edən şıltaq uşaqtək.
Azad da könülsüz girir yerinə,
О bərk-bərk gözünü yumsa da gerçək,
Yox, əsla yuxusu gəlməyir yenə.
Onun xəyalları, düşüncələri
Kim bilir hayana uçur vüqarla.
O, daha yatmamış axşamdan bəri
Səhəri gözləyir min intizarla.

Artıq yavaş-yavaş açılır səhər,
Zülmət çadrasını çəkir səmadan.
Bir yeni həvəslə oyanır şəhər,
İnsanlar qaynaşır söküldükcə dan,
Özüm də bilmirəm bu səhər nədən,
Radio sevinclə dinir - danışır,
Şad xəbər verəcək hiss edirəm mən,
Yenə sinəsində min söz alışır,
«Bu gün gənclərimiz düşəcək yola
Böyük Moskvanın festivalına».
Bu xəbər küləklə verib qol-qola
Yayıldı yurdumun hər mahalına.
Azad da yerində eşitdi bunu,
Sıçradı yataqdan qalxdı dağ kimi,
Oxucum, о zaman görəydin onu,
Gözləri yanırdı bir çıraq kimi.
Yenə də bir aləm keçdi önündən.
Bir də tara baxdı gözün silməmiş,
Yox, əsla Azadı qınamıram mən,
Sevincdən bu gecə yata bilməmiş.
O, da festivala gedəcək bu gün.
Moskva qoynuna alacaq onu.
Mehriban qolunu açaraq bütün,
İsti qucağma salacaq onu.
Kim bilir, kim bilir nələr görəcək,
Orda tanıyacaq hindli dostunu.
Zənci qardaşına salam verəcək,
Bəlkə də bir qız da sevəcək onu.
Nə bilim neçə gənc öyünür bu an,
Bütün şəhər bilir bu sevinc nədir.
Biri öz sazını alır divardan,
Biri hazırlaşır - yol üstündədir

Odur о küçədən gedənə bir bax,
Tanıdım, Azaddır əlində tarı.
Əvvəlki adətlə addımlayaraq
Gedir asta-asta vağzala sarı.
Yox, daha vağzala sığmır izdiham
Fəqət dayanmayır insanlar gəlir.
Gənclər bir-birinə verirlər salam,
Fərəhli gülüşlər yenə yüksəlir.
Budur, rəfiqələr vermis qol-qola
Hamının əlində güldür-çiçəkdir.
Biri öz oğlunu salacaq yola.
Biri sevgilisin ötürəcəkdir.
Azad da tək deyil burda, a dostlar,
Məktəb yoldaşları yanında durmuş.
Sizə göstərdiyim cavanlar ki, var,
Bir yerdə çox olmuş, məclis də qurmuş.
Budur, bu xoş gündə, bu xoş zamanda,
Yenə də bir vurur bu dost ürəklər.
İndi qatar yola düşdüyü anda,
Azadın üstünə gül səpəcəklər.
Burda bir söz demək istəyirəm mən
Ürək açılmasa heç boşalarmı?
Ölkələr axtarıb min dost da seçsən
Məktəb yoldaşından əziz olarmı?

Artıq vaxt yetişdi, fit verdi qatar,
Gənclər doluşdular sıx vaqonlara.
Yerdəki tanışlar, yerdəki dostlar,
Gül-çiçək dəstəsi atdı onlara,
Nəhayət, tərpəndi qatar yerindən
Ürəklər tələsdi, vaxt da daraldı
İzdiham içindən, bu dəmdə birdən
Min cürə səs gəldi, min səs ucaldı:
-Yaxşı yol dostlar!
- Uğurlar olsun!
- Qadir gəncliyimiz daim var olsun!
- Məndən salam deyin о əziz yurda!
- Azad! Bax, tarını yaxşı çal orda!
Qatar uzaqlaşdı, kəsildi səslər,
Fəqət gözlər onun dalınca qaldı.
İnsanlar könülsüz susdu bir təhər,
İzdiham bir anlıq sükuta daldı.
Bakı da əl çaldı durduğu yerdə
Baxdıqca qatara sonalar kimi.
Fəxr etdi ürəkdən, fəxr etdi bir də.
Övladı mərd çıxan analar kimi.
Mən də ayrılmışam düşüncələrdən,
Nə qəlbim sıxılır, nə də dardadır,
İndi gör nə qədər sevinirəm mən
Çünki Azadım da о qatardadır.
Ey günəş mənim tək alqışla sən də
Gənclik günümüzün səadətini,
Göstərər bu eldən ora gedən də
Eşqini, qəlbini, məharətini.
Qoy ellər tanısın Azərbaycanı,
Gözəl nəğmələri dillərə düşsün,
Gəzsin qarış-qarış, gəzsin hər yanı
Sədası ellərdən ellərə düşsün.
Gedin, xöşbəxtsiniz bu aləmdə siz
Yolunuz açıqdır, uğurlar olsun!
Ucalan səsiniz, nəğmələriniz
Bu Vətən mülkündə bərqərar olsun.


Qatar yolda qalsın... Vaxtıdır artıq
Mən də nəfəs alım, dincəlim bir az
Çünki qatarımın keçdiyi yollar
Nə nəzmə əl verməz, nə şeirə sığmaz,
Yox, yorğun deyiləm poladdır ürək,
Könlümün evini dağlar da yıxmaz.
Bir eşqlə başladım bu dastanı mən
Dilim bir mizrabdır, ürəyimsə saz.

Moskva! Moskva! Aç qucağını,
Sənə hər tərəfdən qonaqlar gəlir.
Sevirlər necə də рак torpağını,
Çoxunun ürəkdə sözü var gəlir.
Qarşıla bu gələn böyük qatarı.
О salam gətirmiş Bakıdan sənə,
Onun övladıdır əlində tarı
Qoynuna şənliyə gəlmişdir yenə.
Qatarda çırpınan neçə yüz ürək
Nələrdən danışır, nələrdən bilir
Mənim Səmədimdən çox şey deyəcək,
Sənin Puşkinini əzbərdən bilir,
Aç, aç quçağını qatar sürətlə
gəlir gülər üzlə bax sənə sarı
Moskva «Gəl» Moskva «Gəl»
Deyib bu vaxt hörmətlə
İsti qucağına aldı qatarı.

Bu gün dalğalanır mehriban şəhər
İzdiham sığmayır gen sinəsinə
Moskva qəlbindən qopan nəğmələr
Qarışır gənciliyin qadir səsinə.
Bütün ellər onun qucağındadır,
Odur zənci deyir: - Sağalmış yaram.
Hind qızı nəğməsi dodağındadır,
Nə gözəl yaraşır gəncliyə bayram.
Hərə bir diyardan gəlsə də bura
Elə bil bu gənclər çoxdan tanışdı.
Ürəklər danışır dil dura-dura
Ürəksiz ünsiyyət yaranmamışdı.
Bəzən gözüylə də danışır insan,
Fəqət bu işdə də arxa ürəkdir.
Könüllər söz qanıb danışan zaman
Dilin danışmağı, nəyə gərəkdir.
Odur rus qızıyla bir ərəb oğlu
Veribdir qol-qola bax qoşa gəlir.
Hind qızı dörd yanı dostlarla dolu
Üzündə xalı var, lap xoşa gəlir
Təəssüf! İndicə düşdü yadıma
Yayılmış hayana xəyalım mənim?
Heç fıkir vermirəm gör Azadıma,
Onsuz gülməz axı camalım mənim
Yox, yox, mənim üçün о mehribandır.
О da buradadır dostlar içində.
Moskva ləkəsiz bir asimandır.
Azad da bir ulduz parlar içində
İndi dostlarını yığıb başına,
Kim bilir söz açıb nələrdən deyir.
Bəlkə də hüsnünə heyran olduğu
Sinəsi dalğalı Xəzərdən deyir.
Zənci qardaşına, hindli dostuna
Bakıdan - о böyük şəhərdən deyir.
Ya da ki, Xəzərin gen qucağında
Neftçinin çaldığı zəfərdən deyir.
Şərqin qapısında duran bir elin
Bu gün qazandığı hünərdən deyir.
Artıq zaman gəlir, vaxt yaxınlaşır
Həyəcan sarıyır gur izdihamı
Ürəklər tələsir, sevinclər aşır,
Görəsən hayana axışır hamı?
Mehriban gənclərin gülür çöhrəsi
Bu saat festival açılacaqdır,
Bir məşəl yanacaq, onun şöləsi
Bütün yer üzünə saçılacaqdır.
Dolubdur bir küçə lap başdan-başa
Bəlkə də ümmandır bir baxın ona:
Vaxtdır, bütün dünya etsin tamaşa
Bütün el axışır stadiona.
Odur, hindlilərin üzündə maraq,
Nəğməsi dilində qəlbi şad keçir.
Afrika gənci də əlində bayraq
Bu gün bu küçədən lap azad keçir.
Sakit addımlayan, a zənci qardaş,
Vüqarla addımla, bayramdır bu gün!
Görünür qurumuş gözlərində yaş
Keçmiş dərdlərini at, unut bütün.
Səni qucağına alan bu diyar,
Kədərə, qüssəyə əbədi yaddır.
Bura ayaq basıb qonaq olanlar
Bilsin ki, xoşbəxtdir, ruhən azaddır.
Qara gözlərində sönməyən həvəs
Misir gəncləri də keçir vüqarla.
Dünənki silahı eləmiş əvəz,
Birisi kamanla, birisi tarla
Çinli dost öpdükcə bayrağımızı
Dostluq sədaları yüksəlir göyə,
Göyərçin uçurur fransız qızı
Dünyada sülh işi var olsun deyə.
Artıq SSRİ də, gənclərimiz də
Keçir əzəmətlə, sanki, dağ keçir,
Bu gün Moskvada - Vətənimizdə
Hamı bu küçədən üzü ağ keçir.
Keçir Azadım da fərəhlənərək
Axın qucağında aparır onu,
Milyonlar içində, ey arif ürək
De nədən tanıdın Bakı oğlunu
Göylərə sığmayır sevirıcim bu dəm,
Demək bu axında Azadım da var.
Dostların içində düzünü desəm
Elə bilirəm ki, öz adım da var.
Tutub al bayrağı bax sağ əlində
Dostluq! Dostluq! - deyir o, var səsilə.
Ucalan «Sülh» sözü ana dilində
Gör necə qovuşur «MİR» kəlməsilə.
Doğrudan bu gənclik hər vaxt, hər zaman
Olsaydı belə dost, olsaydı mətin
Dünyanın üstündə fırlatmamışdan
Hitlerin qılıncı sınardı yəqin.
Ey gənclik! Nə yaman hərarətin var,
Ömrün baharısan, tanışsan mənə.
Şadlığa, şənliyə məhəbbətin var
Doğrudan bu bayram layiqdir sənə.
İndi bütün aləm eşitsin məni,
Həm böyük, həm kiçik qoy bilsin hamı.
Hər gəncin ağzından çıxan nəğməni,
Bu gün festivalı, böyük bayramı
Yerdən seyr eləmək çətin olacaq.
İstəyən səmaya uçsun birbaşa,
Qoy tapsın orada bir dayanacaq,
Gənclik bayramına etsin tamaşa.

İşıqlı salon, gözəl bir gəlin...
Bəzənib geyinmiş bayramsayağı
Qapısı açıqdır söyləyir - «gəlin!»
Kəsilmir dostların burdan ayağı.
Bu gün Moskvada həmin salonda
Konsert verəcəkdir Bakı kəndləri.
Hindli, fələstinli, çinli oğlan da
Çoxdan eşitmişdir bu şad xəbəri.
Yenə də görüşür dostlar, tanışlar
Əllər bir-birini sıxır hörmətlə.
Ürəklər açılır, gülür baxışlar,
Gülür gəncliyimiz bir məhəbbətlə.
Bu gələn dünənki dəstə deyildir,
Bakı gəncləridir gəlir vüqarla.
Girirlər salona iki-bir, üç-bir

Birisi kamanla, birisi tarla.
İndi gəlin sizə Azaddan deyim.
Qoy ondan söz açım, hər zaman deyim.
Azad da burdadır, dayanıb fəqət
Salona girmədi, ətrafa baxdı,
Beləcə dayandı o, xeyli müddət,
Qəlbindən qarışıq fıkirlər axdı.
Gördü ki, bir gözəl durub aramsız
Gizlincə-gizlincə düz baxır ona.
Görəsən hardandır bu nazənin qız,
Belə diqqət edir Bakı oğluna?
Qız baxır Azada bayaqdan bəri.
Elə bil bu oğlan ona tanışdır.
Bəlkə də, bəlkə də onun gözləri
Heç kəsə bu sayaq zil baxmamışdır.
Bəlkə bakılıdır, - deyir - bu oğlan
Necə də bizlərə oxşarı vardır.
Bizə də tar səsi xoşdur hər zaman.
Onun da əlində bax tarı vardır.
Neyçün buraxmayır bu fikir məni,
Bəlkə səhv edirəm bu bir gümandır?
Axı çox oxşayır, bəlkə vətəni
Elə odlar yurdu Azərbaycandır?
Qız belə düşünür, baxır aramsız
Sanki tanış gəlir Azadım ona.
Görəsən hardandır bu nazənin qız,
Belə gizli baxır Bakı oğluna?!
Azada göründü bu xəyal kimi
Əsla tərpənmədi durduğu yerdən.
Ovunu seyr edən bir qartal kimi,
О da nəzər saldı bu qıza hərdən.
Qəlbində düşündü: «qoy, baxım bir az
Doğrudan о gözlər mənalı baxdı.
Kim deyir baxışın mənası olmaz.
Sinəmdə gül açdı bu səhər vaxtı».
Qıza yaxınlaşdı o, addım-addım,
Onun lap yanında durdu Azadım.
İstədi dindirsin sərvü-qaməti,
Elə bil lal oldu dinə bilmədi.
Qəlbini didsə də sözü-söhbəti
Yenə bacarmadı, dinə bilmədi.
Dedi öz-özünə: «Bu sükut nədir,
Yox, qızın qəlbinə yol tapım gərək».
Bəs məni susduran hansı qüvvədir?
Mətləbə çatmasa darıxar ürək.
Axı hansı dillə dindirim bunu?
Ərəbcə, farsca da bilməyirəm mən.
Nə bilim - haralı, kim olduğunu
Bəlkə xəbərsizdir qız rus dilindən?
Demə ki, arifmiş duyub bu halı
Süzüb Azadımı o, hərəkətsiz,
Dözməyib soruşdu bu el maralı:
-Ay oğlan, bakılı deyilsiniz siz?
Çaşdırdı Azadı bu kəskin sual
Elə bil yuxudan ayıltdı onu.
Başında bir fıkir oynadı dərhal.
«Qız ki, öz dilində soruşdu bunu».
- Bəli bakılıyam! Əl verdi gözəl.
Ona bir hərarət bəxş etdi bu əl.
İki gənc ürəyi sardı həyəcan,
Əvvəlcə adını Azadım dedi,
Qız dikib başını yerə astadan
«Gülşəndir mənim də öz adım» - dedi.
- Qoy açıq söyləyim indi zamandır,
Sənə də tanışdır bizim məkanlar.
Vətənim Cənubi Azərbaycandır,
Babəklər böyüdən о şanlı diyar.

Lakin əfsus Vətənimdən
Festivala gəlməmişəm.
Oxuduğum mahnıyla mən,
Vətəndə yüksəlməmişəm.
Bir nəğməmdə gəlib dilə
Yurdumuzda ucalmamış,
Mən Təbrizi sevsəm belə,
Məni yola о salmamış.
Almaniya ölkəsində
Yaşamışam bu illərdə.
- Bacı necə?
Almaniya ölkəsindən
Gəlmisiniz festivala?
- Bəli qardaş, tamam beş il
Oxumuşam о yerdə mən,
Həkimlikdir peşəm də, bil.
Bəli, qardaş, uca tutdum
Həkimliyin bayrağını.
Bu bayramın, festivalın
Orda aldım sorağını.
Bir gün axşam həmin xəbər
Səslənəndə qulağımda
Ah, düşündüm orda nələr,
Sevinc duydum varlığımda.
Könlüm sanki coşa gəldi,
Döyündükcə məhəbbətlə.
Onda arzum qoşa gəldi,
Bir ümidlə, cəsarətlə,
Dedim: gərək gedəm mən də,
Festivala, Moskvaya.
Min hörmət var о vətəndə
İstedada, haqqa-saya.
İki nəfər Təbriz qızı, bir Təbriz oğlu,
Ürəyimiz bir arzuyla, bir eşqlə dolu
Moskvaya - festivala getmək arzusu,
Qəlbimizdə yuva saldı şirin xəyaltək.
Gənclərdə bir inad var, bir qaydadır
bu,
Əməlindən ayrılmadı bircə an ürək.
Biz ərizə verdik axır bir məsləhətlə,
Festivalın bizdən uzaq komitəsinə.
Xeyli müddət vaxt da keçdi bir gün
hörmətlə,
Cavab gəldi könlümüzün sual səsinə.
Yazırlar ki, pul gərəkdir, pul gərəkdir
tək,
Xərciniz öz gücünüzlə ödənsin gərək
Onda dedik: - Yox işimiz deyildir təraz,
Pul söhbəti xeyli bizi pərişan etdi.
Yoldaşlarım lap fikirli dayanıb bir
az,
Dalıb dərin düşüncəyə, xəyala getdi.
Bəs Moskva? Bəs festival? Bəs pul
söhbəti?
Yad bir ölkə, yad bir diyar, pulsuz
tələbə.
Qırıldımı iradəmiz? Gənclik qüdrəti
Yorulmadı gör can atdı yeni mətləbə.
Bu hal, uca dağlar qədər ağır olsa da,
Hərə bir şey satdı yenə pulun naminə.
Bir paltarın vaxtı keçib rəngi solsa
da,
Adamların gur yerində satıldı yenə.
Mən nə etdim, onu bil ki, gumanım
ancaq,
Qulağımda sırğa vardı gəlirdi ona
Anamın tək yadigarı, bir gün sataraq
Dedim məni bağışlarsan ey əziz ana.
Bir Azada baxın bu an, onun gözündən
Elə bil ki, bütün aləm qaraldı keçdi.
Ah nə qədər sıxıldı о, qızın sözündən,
Ürəyinə bu kəlmələr od saldı keçdi.
Sırğanamı çatdı bacı, gümanın sənin?
Gör nə qədər pis gəlibdir zamanın,
sənin.
- Yox, ay Azad, yetmək üçün öz amalıma,
Satdımsa da öz sırğamı heç sıxılmadım,
Bil nə qədər sevinirəm mən bu halıma,
Bu arzunun yollarında mən yıxılmadım.
Mən dedim ki, qoy olmasın, olmasın sırğa,
Yoxsa boğar amalımı tufan, qasırğa.
Budur, mənim bu diləyim yetibdir başa,
İndi mən ki, Moskvamn qucağındayam.
Sevinirəm, gör kiminlə durmuşam qoşa.
Aləm bilir öz yurdumun sorağındayam.
Bu xəbər bir mənə çatandan bəri,
Bunu gözləyirdim mən intizarla.
Deyirdim nə ola bayram günləri,
Görüşə biləydim bakılılarla.
Döndü həqiqətə şirin bir xəyal
Özümü bəxtiyar sanıram indi,
Şirindir aləmdə hər arzu, vüsal.
Könlümdən hicranın qəmi silindi.
Demək ki, ay Azad, yad deyilik biz,
Yurdumuz Azərdir, elimiz də bir.
Babəklər nəsliyik, qəlbimiz təmiz,
Adət, ənənəmiz, dilimiz də bir.
Fəqət zaman bizi ayrı salıbdır,
Görmədim Bakını gənclik yaşımda.
İnan, qardaş Azad, gözüm qalıbdır,
Onun torpağında, onun daşında.
Arazdan bu taya baxanda həsrət,
Sıxır könlümüzü, qəfəsdə quşuq.
Sizin qəlbinizi bilmirəm, fəqət
Nə bilim, bəlkə də unudulmuşuq,
- Yox, Gülşən, unutmaz qardaş bacını,
Bizə də bu hicran tanışdır, tanış.
Nə zaman Təbrizin ehtiyacını,
Bakı hiss eləyib məyus olmamış?
Vəfasız çıxmadıq bu aləmdə biz,
Saydıq özümüzə doğma Təbrizi.
Gülləyə, mərmiyə döndü qəlbimiz,
Düşmən gətirəndə cana Təbrizi!
- Bəli, aləm bilir birdir nəslimiz,
Tarix həqiqəti dana bilərmi?
Axı bir torpaqda doğulmuşuq biz,
Zaman bizi ayrı sala bilərmi?
Bəs niyə gülmədi bizim ömrümüz?
Təbrizim borana, tufana düşdü.
О vüsal bizlərdən çevirdikcə üz,
Elim həsrət çəkdi, hicrana düşdü.
Gəzdikcə qoynunda yadlar, ölkələr,
Şikayət eyləyir mənə о Təbriz,
Bu dərd sıxır məni dünyalar qədər,
Təbriz о Təbrizdir, yenə о Təbriz.
Dərd yenə о dərddir, hicran о hicran,
Zülmət о zülmətdir, dövran о dövran.
Sizə əbədilik gülsə də həyat,
Bizim üzümüzə gülmədi, heyhat!
- Bilirəm, ay bacı, ağırdır bu qəm,
Sözlərin ox kimi keçdi sinəmdən,
Mənim də qəlbimi ağrıdır bu qəm.
Əzəldən dərd bilən yaranmışam mən.
Bilirəm, nələr var ürəyinizdə,
Çünki bu yolları keçmişik biz də.
Azad da sözünü qurtardı artıq,
Başını aşağı saldı Gülşənim.
İki mehribanım susdu bir anlıq.
Mən də susacağam haqqım var mənim.

Onlar addımlayıb getdi nəhayət,
Geniş bir qapıdan keçdi içəri.
Azad gecikmişdi, lap xeyli müddət,
Artıq səhnədəydi Bakı gəncləri.
Oxşayır ruhları tar, kaman səsi,
Heyrət içindədir salondakılar.
Bakılı qızının şirin nəğməsi,
Qulağa çatanda könül məst olar.
Gah Bakı əksini tapdı səhnədə,
Gah gümüş ləpəli Xəzər göründü,
Dost, tanış baxdıqca, baxdı yenə də,
Pambıqlı tarlalar, çöllər göründü.
Səhnə dəyişildi: gəldi bir oğlan
Yad deyil, Azaddır əlində tarı
Salona bir nəzər salıb durmadan,
Gülər baxışlarla süzdü dostları.
Sonra da alaraq ələ mizrabı,
Vurdu asta-asta telə mizrabı.
İncə bir səs qopdu onun tarından,
Bu səs ucaldıqca, yenə ucaldı.
Çaldı Azərbaycan havalarından
Salon fərəhləndi min ləzzət aldı.
Bəzisi oynadı durduğu yerdə,
Biri xumarlandı, gah coşa gəldi,
Dostlar dinlədikcə, dinlədi bir də,
Azadın çaldığı lap xoşa gəldi.
Fəqət bir ürək var həmin salonda,
Min qəlbin zövqünü bu tardan alır.
Azada min gözlə baxsa bu anda,
Bir baxış önündə yenə alçalır.
Çox da sevməyirəm eyhamları mən,
Oxucum, bilirsən yəqin о kimdir.
Bəlkə də hiss etdin dediklərimdən,
O, mənim əzizim, o, Gülşənimdir.
Gözü önündədir bu tar bu səhnə,
О da qulaq asır, bu salondadır.
Nədən xəyallara qərq olmuş yenə,
Elə bil dünyanın sirri ondadır.
- Susmuşdur bir anlıq bu dilbər sona,
Hava çalındıqca ruhu dincəlir,
Azad çox mehriban görünür ona,
Таг səsi ruhuna daha xoş gəlir.
Azadın tellərə vurduğu mizrab,
Elə bil Gülşəni ona bağlayır.
Fəqət bu suala qız taprnır cavab,
«Neçin könlüm onu mehriban sayır?»
O, baxır Azada edir tamaşa,
Görəsən, bu qızı qan çəkir nədir?
Xəyalı oğlanla verir baş-başa,
Onları bağlayan hansı qüvvədir?
Qız sevir gördüyü gözəl tarmıdır?
Oğlanın çaldığı havalarmıdır?
Doğma dil bağlayır yoxsa onları?
Görəsən, nə deyir bu mehribanlıq?
Azad xəbərsizdir dindirir tarı,
Qərq olur bu fıkrə qız da bir anhq:
«Görəsən nə deyir bu mehribanlıq?»
Elə bu zamanda, elə bu anda,
Mənim Azadım da, о mehriban da,
Ayırıb gözlərin bir an tarından,
Yenə də salonun seyrinə daldı.
Özü həzz aldıqca havalarından,
Bır-bir cavanlara nəzər də saldı.
Birdən gözlərinə sataşdı Gülşən,
Gördü ona baxır o, qara gözlər,
Bəs belə mənalı, qəmli baxarkən
Salmazmı Azadı lap dara gözlər!?
Görünür güc gəldi ona məhəbbət,
Elə bil simləri dilə gətirdi.
Azadda birə-beş artdı məharət
Bəmdən pəsə keçdi, zilə gətirdi.
Salonda olsa da min oğlan, min qız,
İndi bir Gülşəni görür gözləri.
Sevinclər içində bayaqdan bəri,
Çaldıqca bu qıza baxır aramsız.
O, çalır qəlbini, o, çalır tarı,
Yorulmaq bilməyir, dayanmır bir an.
Tanrıdan yüksələn bu sədaları,
Bir ona çatdırmaq istəyir oğlan,
Gülşən də unutdu hər yarasını,
Qəlbində söylədi: «Ay Azad, yaşa!».

Böyük məhəbbətlə öz havasını,
Nəhayət çatdırdı Azad da başa.
Salon alqışladı Azadımızı,
Hindlilər afərin söylədi ona.
Ayağa qalxaraq Fələstin qızı,
Ürəkdən əl çaldı Bakı oğluna.
Sonra da vüqarla çıxdı səhnədən,
Yoldaşlar içində heç dayanmadı.
Bir anda fıkrindən çıxmadı Gülşən,
Elə bil bir qüvvə sıxır Azadı,
Görünür qəlbində hər iki gəncin
Bir gizli məhəbbət yuva salıbdır
Bütün aləm bilir bu sirri yəqin
Hansı qəlb sevdadan uzaq qalıbdır,
Gördünmü dözmədi о bircə an da
İzdiham içində tapdı Gülşəni
Bildinmi, ey Azad, sən tar çalanda
Gülşən də eşq ilə süzürdü səni?
Yenə də başladı söhbətə onlar
Gah Azad danışdı, gah Gülşən dedi
Hərənin öz qəlbi, öz aləmi var
Biri qəmgin dedi, biri şən dedi.
Bu sözdə tərəddüd göstərib ancaq
Xeyli düşüncəli, xeyli utancaq
Gülşən söylədi ki, ay Azad, dünən
Mən də bir az dedim «Qaragilədən».
Bir rus məhəbbətlə əlimi sıxdı
Sonra da sinəmə nişan da taxdı.
Azad da sevindi bu şad xəbərdən
Köksündə bir qürur günəşi yandı.
Saatlar düzəldi dəqiqələrdən
Söhbət uzandıqca yenə uzandı.
Azad getməlidir vaxt çatmış daha,
Çıxmışdır salondan Bakı gəncləri,
Fəqət doymadılar - yenə sabaha
Onlar təyin etdi bir görüş yeri.


Hələlik ayrıldı iki gənc demək
Ayrılıq yerinə bir sükut endi,
İki vəfalı qəlb, iki saf ürək,
Sabahın eşqilə vurub döyündü
Gülşən sevindikcə sevinir yenə.
Axı o, dərdinə bir sirdaş tapıb.
Tanışdır yurduna doğma dilinə,
Könlünü anlayan bir yoldaş tapıb.
Unudub hər şeyi dincəlir bir az,
Üstündən ağır bir yük atmış kimi.
Yadına düşdükcə о tar, о avaz,
Çırpınır ürəyi yenə quş kimi.
Azadın hüsnündə duyduğu aləm
Ona bir günəşli səhər andırır.
Elə bil bir xəyal Gülşəni hər dəm
Oğlanın yanına qanadlandırır.
Hökmünə baxsaydı əmr verərdi
Ki, səhər açılsın, tez ötsün axşam,
Sanki həyat boyu çəkdiyi dərdi
О sabah Azada açacaq tamam.
Deyirəm nə olar qüssəni, qəmi,
Gülşən də ataraq azad olaydı.
İndi ki, çox sevir, onun həmdəmi
Elə ömrü boyu Azad olaydı.
Oxucum, deyirsən о tarzən oğlan,
Görəsən Gülşəni indi anırmı?
Bu gizli məhəbbət, bu hiss-həyəcan
Onun da qəlbində alovlanırmı?
Mən çox da aralı deyiləm ondan,
Gəl bax, yanımdaca о Azad durub.
Fəqət bilməyir ki, bu cavan oğlan
Xeyli düşüncəli narahat durub.
Başında min fikir gəzir aramsız,
Xəyalı özünə bir sirdaş sayır.
О Təbriz gözəli, о zavallı qız
Gözləri önündən uzaqlaşmayır.
Görünür Gülşənin qəmi, möhnəti
Ona bir dərd olmuş, bir əzab olmuş,
Bu qızın yanıqlı sözü, söhbəti
Yığılıb könlündə bir kitab olmuş.
Gülşən deyəndə ki, ah qoca Təbriz,
Neyləyək kamına axı irmədi?
Azadım о zaman dayandı səssiz,
Ürəkdən yansa da о bildirmədi.
Dedi: - Qoy, təsəlli tapsın sözündən
Bu möhnət qəlbini yenə dəlməsin,
Onunla fərəhli danışım ki, mən
Qəribdir, yanımda qız köyrəlməsin.
İndi о sussa da, qızın qəlbinə
Bir ümid şöləsi saçaram deyir,
Onunla üz-üzə dayanıb yenə
Sabah ürəyimi açaram deyir.
Onunçun bu gecə yatmadı bir an
Dostlarla birlikdə qalxdı obaşdan.
Bu gün də küçələr dolmuşdur tamam
Hələ festivalın yanır məşəli
Şəhərin qoynuna sığmır izdiham
Sevinir gənclərin eşqi, əməli.
Göy həsəd çəkərək bizim şənliyə
Tablamır ürəyi yerə alçalır,
Dünyada sülh işi var olsun deyə
Gənclik nəğmə deyir, gənclik əl çalır.
Azad da ayılıb düşüncələrdən
İzdiham içində tezliklə itdi,
Sonra da keçərək gen küçələrdən
O, görüş yerinə sürətlə getdi.
Gülşənsiz dayandı о xeyli müddət
Süzdü məhəbbətlə gəlib-gedəni
Görünür tez gəlmiş... axır nəhayət,
Sakit bir bucaqda tapdı Gülşəni.
Yenə də üz-üzə dayandı onlar,
Yenə də birləşdi tanış nəzərlər...
Bu günkü görüşün bir aləmi var.
Dayanma, dayanma, danış, nəzərlər!
Nə qədər şirindir hər deyilən söz
Hər kəlmə tanışdır çünki onlara,
Bəli, ürəklərdən qopub gələn söz
Şeir tək əzizdir hər dosta, yara.
Əriyir saatlar, əriyir anlar
Söhbət uzandıqca baş alıb gedir
Hələ də üz-üzə dayanmış onlar
Sözlər ürəklərdən boşalıb gedir.
Araya ayrılıq sözü düşəndə
Gülşənin gözləri doldu, nə doldu
Sevindi oğlanla о görüşəndə,
İndi hicran ona bir əzab oldu.
Gülşən sözə gəldi bu zaman, bu dəm
Qəlbində məhəbbət, gözlərində qəm.
- Ay Azad, sizin tək güləydik biz də
Nahaq axıdılan yaş olmayaydı,
Bizim bu müqəddəs söhbətimizdə
Ayrılıq kəlməsi kaş olmayaydı.
İndi gedəcəyəm bu xoş diyardan,
Nə qədər sıxacaq bu hicran məni.
Dolansa həftələr, illər, doğrudan
İnan ki, ürəyim unutmaz səni.
Deyib bu sözləri dayandı Gülşən
Saçları pərişan, üzündə təlaş,
Ürəyə od salan qara gözündən
Axdı yanağına iki damla yaş.
Azadın ürəyi döyündü bərk, bərk
Canına həyəcan yaman girişdi,
Onun sinəsində çırpınan ürək
Ömründə bu sayaq döyünməmişdi.
Elə bil özünü unutdu bir an
О yenə qərq oldu düşüncələrə,
Payız göyləri tək hey zaman-zaman
Tutuldu, açıldı üzü min kərə.
Bir kömək istəyir о gözlər yenə
Azadım, dilə gəl, ümiddir sənə.
- Gülşən, gözlərinə baxdığım anda
Deyirəm, aman ah, gör bu nə haldır?
Fəqət həyat bilir, bilir zaman da,
Hicranın axırı yenə vüsaldır.
Ayrılıq əzəldən olsa da yaman.
Könül çırpınsa da çətində, darda,
Zülmətlə çarpışan qəhrəman inan,
Bir gün güləcəkdir bu ilk baharda.
Həmin о bahar ki, əllərinizlə,
Onun əllərini sıxacaqsınız.
Çürük bir aləmi qılınclayıb siz,
Azad bir dünyaya çıxacaqsınız.
Qopar yaxamızdan hicranın əli,
Deyir: «yaman günün ömrü az olar»,
Gülər əbədilik Təbriz gözəli,
Sizin tərəfdə də güllü yaz olar.
Darıxma səadət açıb qolunu,
Bir gün sizləri də qucaqlayacaq,
Kimlər kəsə bilər haqqın yolunu,
Təbriz səadətlə qoşa duracaq.
О əziz zamanda, Təbriz güləndə,
Arazdan о taya keçərəm mən də.
Bir əlimdə tarım, birində bayraq,
Dolaşıb Təbrizi mən oymaq-oymaq,
İzdiham içində taparam səni.
Bütün qüvvəmizlə, var səsimizlə,
Ürəyə sığmayan həvəsimizlə,
О vaxt könlümüzdən qopan nəğməni
Qatarıq ellərin azad səsinə,
Təbrizin gələcək təranəsinə.
Süzərək Gülşəni yenə diqqətlə
O, susdu bir anlıq, üzündə vüqar,
Zərli bir nişanı о məhəbbətlə
Sonra da bu qıza verdi yadigar.
Gülşən də Azada verib əksini, -
«A1 saxla, əbədi yadigar», - dedi.
O, xeyli, qaldırıb incə səsini:
- Məhv olmaz aləmdə arzular, - dedi...
Bir az azalsa da Gülşənin qəmi
Fəqət yaxınlaşmış ayrılıq dəmi.
«Gər etsə təbib dərd-pünhana əlac,
Hər dəm də gözlərimdən tökülən qana
əlac
Amma budur zənnim ki, dirilsə Loğman,
Hərgiz edə bilməz qəmü – hicranə əlac»,
Doğrudan düz demiş Şirvani bunu.
İnsanı pərişən edir ayrılıq.
Kimə qonaq getdi saraltdı onu
Ürəyi qurd kimi didir ayrılıq.
Hicran da dərd olmuş əzəldən bizə,
De kim könüllərdən sildi bu dərdi?
O, neçə aşiqlə durub üz-üzə
Onun ürəyini qana döndərdi.
Əgər olmasaydı aləmdə hicran
Leylilər qaralar bağlayardımı?
Ayrı düşməsəydi öz Leylasından,
Məcnun çölə düşüb ağlayardımı?
Əsli qorxmasaydı gər ayrılıqdan
Özün eşq oduna yandırardımı?
İndi ürək yıxan ayrılıq sözü,
Bu iki gəncə də çox ağır gəlir.
Odur Gülşənimin qızarmış üzü,
Qəlbindən gizli bir haray yüksəlir.
Susubdur bir anlıq qız da, oğlan da,
İnləyən tar kimi gəlmirlər dilə.
A dostlar, deməyin bu az zamanda,
Onlar bir-birinə bağlanmaz belə.
Yox, yox, gətirməyin bunları yada!
Ağaca yarpaqla yaş vermək olmaz,
Kökləri böyütmüş onu dünyada.
Onunçün deyirəm düşünün bir az.
İndi ayrılacaq Azadla Gülşən,
Axı biz neyləyək hökmü-zamandır.
Sonra həsrətini çox çəkəcəksən,
Azad, Gülşənə bax, aman, amandır
Son dəfə, son dəfə əl verib onlar,
Süzdülər, süzdülər biri-birini,
Dostlar, bu anın da bir aləmi var,
Yox, aça bilmərəm onun sirrini.
Ah, onlar ayrıldı, Azad da artıq
Qızdan uzaqlaşdı, beş-altı addım.
Gördünmü, dözmədi durub bir anlıq,
Yenə də geriyə baxdı Azadım.
Nə gördü, başını əyib çiyninə
Qız onun ardınca baxırdı yenə.
Nə olar olaydı məndə о qüdrət,
Rəssam yaradaydı məni təbiət,
Beləcə pərişan duran Gülşənin,
Boynunu həsrətlə buran Gülşənin,
Çəkəydim şəklini bərli-bəzəkli.
Onu bir əsərtək vuraydım başa.
Sonra da divardan asıb bu şəkli,
Edəydim hüsnünə daim tamaşa.

İndi buludludur onun camalı,
Neçin mənim kimi o da gülməsin?
Nədən gül açmasın şirin xəyalı?
Neçin göz yaşını silə bilməsin?
Nədən Təbriz qızı qalsın qəfəsdə,
Neçin cəhaləti о da boğmasın,
Dərdlərə qərq olmuş Təbrizin üstə
Azadlıq günəşi niyə doğmasın?
Qatarda düşünür Azad bunları,
Başında min xəyal gəzir aramsız,
İstəyir qatarda dindirsin tarı,
Yox, əsla fikrindən çıxmayır о qız.
Ayrıla bilməyir düşüncələrdən,
Kim bilir qəlbindən hey nələr keçir.
Yox, yox hiss edirəm, bilirəm ki, mən
Ən nəcib duyğular, fıkirlər keçir...
Bir Azad dinməyir... Hamı açıq, şən,
Dostlar gah gülüşür, gah danışırlar.
Gah da nəzər salıb Azada hərdən,
Zarafat eləyir, pıçıldaşırlar.
- Bəlkə eşqə duşub tar çalan oğlan,
- Bizim Şərqiyədən yəni gözəldir?
- Bilmirsən Azadı ona bağlayan
Hansı məhəbbətdir, hansı əməldir?

Qatar dayanmayıb, gedir sürətlə,
О, hələ durmamış səhərdən bəri.
Moskva ötürmüş onu hörmətlə,
Gözləyir yolunu Bakı şəhəri.

Qarşımda iki gənc dayanır bu an,
Hər ikisi əzizim, qol qanadımdır,
Mənə yaxın gəlir bir cavan oğlan,
Adına bağlıyam o, Azadımdır.
Sıxıram əlini mən dönə-dönə,
Doğrudan saf ruhlu bir çiçəkdir o,
Vətəndən çıxaraq, gəlir vətənə,
Yenə Bakımıza gələcəkdir o.
Bəs mənim Gülşənim? Ondakı ürək
Safdır qəlbindəki arzular kimi.
O, da bu günlərə vida edərək
Gedir, Moskvaya sözü var kimi.
Gedir, ürəyindən bir hicran gedir,
Gülşən Moskvadan pərişan gedir.
Gedir, büməyir ki, indi ajanlar,
Dinə sadiq olan о qan soranlar
«Qızın festivala gedibdir», - deyə,
Yazıq atasını bərk söyə-söyə,
Otaqdan-otağa çəkir aramsız.
Budur, «günahı» da yalnız və yalnız:
- Burda məhərrəmlik, matəm zamam
Qızın Moskvada kef çəkib sənin.
Bəs sənin namusun, vicdanın hanı?
Ağzı yumulmalı belə dinsizin!
İndi bilirəm ki, gəlib Təbrizə,
Ağzından gələni söyləyəcəkdir.
Fəqət çox düşünün, deyirəm sizə,
Sənə də, ona da həyat gərəkdir!
Bəli, bu sözlərdən, bu fitnələrdən,
Mənim ki Gülşənim xəbərdar deyil,
Onu düşündürən axı səhərdən,
Bu çürük fikirlər, xəyallar deyil...
Gülşən də qayıtmış doğma elinə,
İndi о Təbrizin qucağındadır.
Fəqət Moskvanı düşünür yenə,
Azadın tar səsi qulağındadır.
Gözləri xəyallı, qəlbi intizar
Yadına о günlər, о anlar gəlir.
Yox, əsla bir yerdə tutmayır qərar,
Sanki Təbriz ona indi dar gəlir.
Hər axşam, hər səhər çıxır yol üstə,
Dostu, rəfiqəsi dəstəbədəstə,
Yığıhr başına pərvanələr tək.
Dolu tək üstünə min sual yağır,
Həyəcan içində dalbadal yığır.
Onunsa köksündə çırpınan ürək,
Sıxılır, açılır... sonra о gözlər
Aramsız dikilir sonsuzluqlara,
Xəyalı göyləri hey yara, yara,
Enir Moskvaya...
Qız tutub üzünü bu cavanlara,
Danışır Azadın məharətindən
Bu qoca Təbrizə məhəbbətindən.
Deyir Moskvanın azadlığından,
Xalqın sevincindən, el şadlığından.
Nəql edir gəncliyin söz qüdrətini,
Elin sülh işinə məhəbbətini.
Deyir Moskvanın üstündə yanan,
Aləm işığıyla nura boyanan,
Kremlin о parlaq dan ulduzundan,
Deyir azad olmuş Misir qızından.
Nələrdən danışır, nələrdən deyir,
Şərqi alqışlayan səhərdən deyir...
О deyir, dedikcə rəfiqələri,
Xəyallar içində bayaqdan bəri,
Dinləyir söhbəti baxır Təbrizə.
Sanki iki aləm gəlir üz-üzə.
Söhbətdə yüksəliş, iti həqiqət,
Təbrizin qəlbini didir cəhalət.
Söhbət xəbər verir nurlu səhərdən,
Təbrizdə hökm edir hələ duman, çən.
Söhbətin mövzusu sevinc və şadlıq,
Təbrizə heyif ki, yaddır azadlıq.
Söhbətdə ağ günə çıxır ölkələr,
Təbrizin qəlbini didir özgələr.
Odur Gülşənimin rəfıqələri
Dinləyir söhbəti bayaqdan bəri.
Hərənin başında bir xəyal gəzir,
Min fikir dolanır, min sual gəzir.
Çox olur Gülşənin belə halları
Onun söz qüdrəti, öz dili vardır.
Sirri açılmamış neçə xatirə,
Hələ sinəsində qatar-qatardır.
Hərdən qəmə dolub dərdlənən zaman,
Araz qırağma baş alıb gedir.
Bəzən saatlarla durub pərişan,
Qəlbində nə varsa çaya nəql edir.
Bəzən gözlərindən keçir xəyal tək,
Moskva... о salon, о Azad, о tar,
О bayram günləri, о gül, о çiçək,
Bir də ürəyində donan arzular.
Ah, bu hal indi dəli çay kimi,
Bircə an içində çağladı, keçdi.
Sonra da sızlayan bir haray kimi,
Gülşənin qəlbini dağladı keçdi.
Bir baxın песə də pərişandır o,
Gözündə bir elin dərdimi vardır?
Sanki xəzan görmüş gülüstandır o.
Gör onun saçları nə tari-mardır.
Araz qırağında ensiz cığırla
О kimdir, yenə də bir insan gedir.
Nə bilim, nə bilim düşünür nələr,
Görürəm halı çox pərişan gedir.
Sanki görünməyir gözünə heç şey,
Elə bil baş alıb dünyadan gedir.
De onu qarşıda səsləyənmi var?
О belə sürətli durmadan gedir.
Görən nə axtarır zavallı Gülşən?
Bəzən şair kimi xəyallı Gülşən.
Gedir dayanmadan Araza sarı,
Qəlbində bir elin qəmi, qubarı,
- Axı, nə lazımdır bu hicran bizə?
El niyə çıxmasın qəmdən, möhnətdən!
Gör kimlər hökm edir bizim Təbrizə,
Zaman da utanmır xəcalətindən!
О durub Arazın lap qırağında.
Gah süzdü sahili, gah çaya baxdı.
Qulağı bir xəbər, səs sorağında,
Yenə də həsrətlə о taya baxdı.
Elə bu zaman da Bakıdan göyə
Bir tarın zil səsi hey ucalırdı.
Yox daha bu dəfə eşidər deyə,
Sədəfli tarını Azad çalırdı.
Fəqət eşitməyir bu səsi Gülşən,
Halı çox pərişan varaq-varaqdır.
Arazın üstündən bu taya indi
Sanki qanad açıb uçacaqdır.
Nəhayət ayrılıb şirin xəyaldan,
Bir də nəzər saldı sonsuzluqlara.
Bütün hisslərini toplayıb bu an,
Saçları pərişan, qəlbində yara,
Dərdli olduğundan tarsız, kamansız,
Bir el şikəstəsi başladı bu qız;
Əzizim olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.

Aman, aman ayrılıq,
Olur yaman ayrılıq,
Eşidəndə başımdan
Qalxır duman ayrılıq

Ulduzlar saynşanda
Qəlb qəlbə qanşanda
Çətin olur ayrılıq
Göz gözə alışanda.

Gülşənin qəlbindən ucalan bu səs
Sanki dalğalanıb elləri gəzdi,
Bu könül səsidir geriyə dönməz,
Qovuşub küləyə çölləri gəzdi.
Qaldırdı başını hər çiçək, hər gül
Səs də kaman kimi bəzən inlədi
Nəğməkar olsa da budaqda bülbül
Kəsib nəğməsini onu dinlədi.
Qızı eşidənlər saxladı ayaq,
Çoxları «kimindir bu səs» - dedilər –
«Necə də, necə də yanıqlıdır bax,
Onun hər kəlməsi ölməz» - dedilər.
Araz da sürəti azaldıb bir az
Qoşdu bu zil səsə zümzüməsini,
Görünür, könlümün sirdaşı Araz
Duymuşdu bu qızın faciəsini.
Bir baxın toplayıb var qüvvəsini
Qanadlı quş olub uçmaq istəyir.
Qız bütün hissini, məhəbbətini
Yalnız bu səs ilə açmaq istəyir.
Deyirəm nə olar elə bu anda
Bütün el səsini ona qataydı.
Gülşənin yanıqlı zil şikəstəsi
İndi Azada da gedib çataydı.
Yox, bu da kifayət deyildir ancaq
Bu, xəyal güldürən əməl olardı,
Bu səslə tar səsi qovuşsaydı bax
Bir görün nə qədər gözəl olardı!
Yox, tarsız, kamansız olsa da, dostlar,
О susmur, qəlbində həvəs var nədir?
Dinləyin, səsində bir yüksəliş var,
Onun həyat yolu nəğməsindədir.

Ey ürəyi eşqlə dolu
Mehribanım Bakı oğlu,
Kimlər kəsib ax bu yolu?
Arzularam hər an səni
Könlüm istər yaman səni.

Ürəyimə zaman-zaman
Hələ yara vurur dövran,
Söylə bə mən hansı zaman
Zülm evini yıxacağam,
Azadlığa çıxacağam?

Öz adətim, öz dilim var,
Haqq istəyən bir elim var,
Mənim də öz əməlim var.
Bu torpağa ayaq basan
Məhv olacaq bir gün haman.

Neçə-neçə qəhrəmana,
Səttar xana, Bağır xana
Bu vətənim olmuş ana.
О, süd vermis döşlərindən,
Unutmaram bu haqqı mən.

Yer fəxr edir cürətimlə,
Dağlar yıxan qüvvətimlə,
Bu əlimlə, qüdrətimlə
Zülm evini yıxacağam,
Səadətə çıxacağam!

Yox, tarsız, kamansız olsa da, dostlar
О susmur qəlbində həvəs var nədir?
Dinləyin, səsində bir yüksəliş var,
Onun həyat yolu nəğməsindədir.

Öz əlimlə, qüdrətimlə
Zülm evini yıxacağam,
Səadətə çıxacağam.

Yox onu susdurmaq asan deyildir,
Gülşən nəğmə deyir susan deyildir.
Susmaram hər arzum çatmamış sona,
Deyib o, irəli addım atırdı.
Azadın çaldığı havalar ona
Azadlıq marşını xatırladırdı...

1957-1958 Göyçay - Tircan- Buynuz
XS
SM
MD
LG