Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:28

Musa Yaqub "Dəyirman" (Poema)


Qədim bir kənd dəyirmanı,
Arxasında ulu dağlar;
O ram edib bu dövranı,
Əsrlərlə işlər belə,
Suyu daşar, arxı cağlar...
Yaranışdan yox qorxusu,
Qarlı qışdan yox qorxusu.
Çapar, çapar novunda su,
Çiliklənər pərində su.
Pər od tutub sanki yanar,
Damcılar da toza dönüb
Həndəvərdə
Tüstülənər, dumanlanar,
Pər fırlanar...
Ox fırlanar...
Daş fırlanar...
“Oxşayır kündə ayağımda dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim”.
Ağır daşlar zindan kimi
Bu sənsənmi, ey Xaqani,
Bu dəyirman səninkimi?
Necə ahdı, amandı bu?..
Daşlar - dönən bəxtindimi,
Yoxsa çərxi-dövrandı bu?..
Dayan görüm, ey Xaqani,
Sən nə əcəb oturmusan dəyirmanda?
Yoxsa, şair, uduzmusan
Zəmanəylə toqquşmada,
О üsyanda?..
Sən ki, şahlar sarayında...
Söz mülkünə bir hökmran,
şirin lisan,
Şairlərin mötəbəri
idin axı.




Təxti-tacın işıq saçan
Bir gövhəri idin axı.
Yazan əlin
Bəxtin sənə bəxş etdiyi
nemət idi.
Söz atını çapıb sola, çapıb sağa,
Şah gözündə ucalmağa,
Ali mənsəb qazanmağa
Səninçin bir fürsət idi.
Bu məqama çatmaq üçün,
Lap sarayın kandarında
yatmaq üçün
Sürünənlər var idilər.
Təxti-tacda sülənməyə
Həndəvərdə kölgə kimi
Görünənlər var idilər.
Yalvaranlar, yaxaranlar,
Vəzir, vəkil ayağına
yıxılanlar var idilər.
О məqamı əldən verib,
Hər ənamı əldən verib
Sən nə əcəb
Oturmusan dəyirmanda?!
Yoxsa, şair,
Cəngə girib dövran ilə
Uduzmusan bu üsyanda?


Təxti-taca baş əyməyib
Padşahın bir niyyətinə
Mane olmaq asan deyil;
Oturub bu dəyirmanda
Naz-nemətdən üz çevirib
Şor-çörəyə qane olmaq
asan deyil.
Susuzluqdan
Dilin yansın bir səhrada,
Minnət qoyub su versinlər
Içməyəsən, asan deyil.
Sellər səni versin bada,
Amma, namərd körpüsündən
Keçməyəsən, asan deyil...
Ey Xaqani!
Səninçin nə asan olub,
Mədhiyyələr yazan əlin
“Həbsiyyə»ni yazan olub.
Mədhiyyədə - xaqan üçün
Bir sarayın şöhrət-şanı,
«Həbsiyyə»də - dövran üçün
De, işlət bu dəyirmanı.
Bu qədər ki, qələm çaldın
Bəs dövlətin, varın hanı?
Köç-külfətin hardadı bəs,
Ciyərparaların hanı?..
Yəqin sən də külfətinə
Gün ağlamaq istəmisən.
Özün üçün xoş dolanış,
Bir kef-damaq istəmisən.
Bu dünyaya
Sən də gəldin bircə кəгə,
Öz-özünü atdın oda.
Öz gözlərin görə-görə.
Göydə ahın dumanlanıb
Yerdə yaşın dönüb Kürə.
“Qidandır duzlu göz yaşın,
Üzündür zər nəməkdanı”-
Belə ömür sürə-sürə
De, işlət bu dəyirmanı.
Sən minnətli çörək yemə,
Yeyənlər çox oldu fəqət.
Sən şahlara tərif demə,

Deyənlər çox oldu fəqət.
Könlün haqqın sorağında,
Kündələrin ayağında.
Yaltaqlar kef-damağında
Sən işlət bu dəyirmanı.
Dizin məktəb, sözün inci,
Dərya könül sədəf kanı.
Sən xoş amal ola-ola,
Əhli-kamal ola-ola
De, işlət bu dəyirmanı.

Bu əmrdən qaçmaq olmaz,
Hər qapını açmaq olmaz.
Bu yük ilə uçmaq olmaz
De, işlət bu dəyirmanı.
Sinən yanır
körüklənə-körüklənə,
Dəyirmanın arxı daşır
Köpüklənə-köpüklənə.
Pər fırlanır,
Ox fırlanır,
Daş fırlanır...
Elə bildim, ulu şair,
Bir gecənin ağuşunda
Dəyirmanın aydır yanır,
bu şölədən
Qarşı dağlar işıqlanır.
Nov ağzından,
Dəyirmanın boğazından
nur süzülür.
Aşağıdan, yuxarıdan,
daş barıdan
nur sızılır.
Nəmli daşlar
Yanır par-par.
İşıq düşür pəncərədən,
Xırda daşlar su altında
İnci-inci, sədəf-sədəf.
Şehli otlar almaz-almaz,
İşıldaquşdur hər tərəf.
Dəyirmanın pərində nur
Dilim-dilim, şölə-şölə..
İndi bildim, ey Xaqani,
Sənin idrak işığındır
yanır belə.
Hey vuruşur zülmət ilə,
Bağrına sancılır göyün.
Sənin idrak işığında
Halay vurur
Dürlü-dürlü pərvanələr.
Sənin idrak işığında
Gör qarovlar çaşıb necə,
Bir yarasa qanadında
Torpağa çırpıldı gecə.
Dəyirmanda yuva qurmaq
İstəyən о yarasalar
İşığından düşüb bezar,
uçar, açar...
İndi bildim, lovğa şahlar,
О nadanlar, о bədxahlar
İstəməyib səni niyə,
Tələsiblər
Bu işığı söndürməyə.
Günah olub fəzlin sənə,
Çünki batıb fəzilətin
Cahillərin gözlərinə.
Кor etmisən sən onlan,
Kar etmisən sən onlan.
Zəmanənin dili haça,
Qalx ayağa, müdrik qoca,
görüm səni

Elə bildim birdən-birə
Dəyirmanda söküldü dan;
Damcıları tozlandıran
Fırlanan pər arxasından
baxdın mənə...
Xəyaldı bu?..
Surətdi bu?..
Dərya kimi dolu gözlər...
Nə nurani sifətdi bu.
Alnın bir daş kitabədir,
Qırışları
Zəmanənin sərt əliylə
Yazılan bir yazıdımı?
Un ələnib? Yoxsa elə
Əsrlərin tozudumu,
Qonub sənin saçlarına?..

Dayan görüm, ey Xəqani,
Bu surətə baxım yenə.
Dayan, bir az tanış gəlir
Bu nurani sifət mənə.
Səni harda görmüşəm mən?
Xatırladım yavaş-yavaş...
О illərin üşütməsi
Bir də keçdi ürəyimdən.
Gəlib durdu gözlərimdə
о qış günü,
Kəndimizin qar altında
yatmış günü.
Canalının, Sarı daşın
Üstü qatı duman idi;
Dava təzə qurtarmışdı,
Bir az ağır zaman idi.
Ruzu kasad,
Eh, bu qar da ondan betər...
Dən olsaydı
Heç bu qədər səpilməzdi:
Un olsaydi
Ələnməzdi heç bu qədər.
Kəndimizdə
Fikirliydi о gün hamı
O gun hamı naçar idi.
Çaylar da buz bağlamışdı
arxlar da buz,
Dəyirmanın pərində buz
Zindan idi,
Mismar idi.

Od-ocaqla əriyəsi,
Yalvarışla isinəsi
Deyildi ki, о buz, о qar
Ona çarə tapaydılar.
Bir elatın ömrü, günü, dolanışı,
Fırlanmırdı kəndimizdə
Dəyirmanın çopur daşı.
Bİr dəyirman boğazının
Dənsiz qalıb soyuması
Qurutmuşdu min boğazı.
Böyüklər də karıxdılar,
Dəyirmana çox baxdılar,
vurnuxdular...
Ayaqlar da üşüyürdü.
Qar üstündə, buz üstündə.
Hər qoltuqda bir kisə dən,
Kisələr də
Düyün-düyün, kündə-kündə.
Hər düyündə bir az buğda,
Bir az arpa, bir az darı.
Bunlar idi kəndin varı.
- Ay adamlar, ay adamlar...

Lap uzaqda qara suyla
İşləyən bir dəyirman var,
Gedək ora, -
Onun suyu donan deyil.
Bu xəbərə bağlı idi
kənd elə bil,
Qalın qarı yara-yara,
Az getdilər, üz getdilər,
Dərə, təpə düz getdilər...
Belimdəydi dağarcığım,
Mən də elə
Gedirdim bu dəstə ilə.
Yamaqlıydı çarıqlarım,
Kövşələri didim-didim.
Doqquz yaşlı bir uşaqdım,
Amma evin kişisiydim.
Gedəsiydim
Lap başaçıq, ayaqyalın.
Ən balaca yolçusuydum
mən bu yolun.
Keyimişdi barmaqlarım,
Taxta idi ayaqlarım.
Bu taxtanı sürüyürdüm,
Bədənimdə о soyuğu,
О şaxtanı sürüyürdüm.
- Qalma dala,
Axşam geri dönə bilək,
Gəl, ay bala, gəl, ay bala...
Sürüyürdü bu səs məni,
Sürüyürdü bir xəmirlik
Una olan həvəs məni.
İz salırdı ayağımız
Çayların buz zirehinə.
Qarşı dağlar dikəlirdi,
Uzanırdı dərə yenə.
Sandım hava ayazıdı,
Baş açmadım bu sehrdən.
Lap yaxından qulağıma
Çaxçax səsi gəldi birdən.
Durub baxdım,
Bir dəyirman işləyirdi
Yəhər dağın ətəyində.

Əyri damı
Qardan taya saxlamışdı
kürəyində.
Buğlanırdı arx elə bil,
Dərə boyu buğlanırdı.
Dəyirmanın daşı çil-çil,
Fırlanırdı, fırlanırdı.
Möcüzəydi bu dəyirman,
Dənlə dolu,
Təknəsinin başı üstə
Cüssəli bir qoca vardı,
Nur yağırdı saqqalından.
Qoca məni gördü əvvəl:
- Gəl, balacan, içəri gəl...
Eh, ay uşaq, sərçəbədən,
Bu yolları
Necə keçib gəlmisən sən?..
Mən gizlətdim göz yaşımı.
Qoca süzdü üst-başımı,
Baxdı donan ayağıma,
Baxdı sələ çarığıma.
Baxdı... Baxdı...
Köks ötürüb susdu bir az:
-Yox, balacan, belə getməz,
belə qalmaz.
Ürəyini bürüməsin
ağrı, kədər,
Bu qar, çovğun keçib gedər,
Ağır günlər keçib gedər.
Titrəyirdi səsi onun:
- Sən ocaqda bir az qızın
Hazır olar indi unun.
Mən baxırdım
Gözlərimdə minbir maraq...
Dəyirmanın bir küncündə
yanır ocaq.
Bu ocağın alovundan
Daş balaca qurum yanır,
Tavandakı
Ağ hörümçək torları da
Bu hənirdən
Yelləndikcə qotazlanır.
Kətillər də daş kimidir,
Pərçimlənib bir-birinə.
- Bu da bir cüt dəyirmandır, -
Qoca sakit dindi yenə:
- Sən demə ki, azdır dənin,
Axı unum
Bərəkətli olur mənim;
Burdan çıxsa bir dağar un,
Evdə olar bir tağar un.
Evinizdən un kəsilməz
bundan belə...
Al, balacan, get səbr elə...
Yol uzunu onun ağır
Nəzərləri kürəyimdə,
Yol uzunu elə bildim
Günəş yanır ürəyimdə.
Bir dəyirman nağlı idi
Gördüklərim...
Danışırdım öz-özümə,
İsinirdim öz közümə.
Sinəm bir az dolu idi,
Qarlı cığır mənim üçün
Bir ağ ümid yolu idi.
Keçib getdi о qar, boran...
Ey Xəqani, bəlkə elə
Həmin qoca sən olmusan.
Dəyirman da o dəyirman.
Bu dağlarda
Qanadlanıb quş olmuşam,
Yenə gəlib sən işlədən
Dəyirmana tuş olmuşam,
Daşın dönür aram-aram,
Yox, bu dəfə
Mən un üçün gəlməmişəm;
Gizlətmirəm məramımı,
Sonra sənə danışaram.
Dəyirmanın işlər hələ,
Daş barısı əyri damı,
Köhnə qapı-pəncərəsi
Necə vardı qalıb elə.
Baxır mənə tanış koman,
Üstündə də sənin ahın –
Həmin tüstü, həmin duman.
Eh, duman da un kimidir,
Sən dumanı üyütmüsən.
Əsrlərin qaldırdığı
Min boranı, min tufanı
üyütmüsən.
İki daşın arasında
qalıb zaman,
Sən zamanı üyütmüsən.
Amına sənin
Dəyirmanın işlər hələ.
Sel gəldikcə sellər ilə,
İl gəldikcə illər ilə,
Həqiqətin göz yaşında,
Əsrlərin yaddaşında
İşlər sənin dəyirmanın.
Ey Xəqani,
Səndən sonra
Dayanıb çox dəyirmanlar.
Bəzən dənsiz qalıb onlar,
Bəzisinin çarxı dönüb,
Bəzisi də unudulub,
Başqa səmtə arxa dönüb.



Amma sənin
Dəyirmanın işlər hələ.
Un vermisən, su vermisən,
Son bərəkət paylamısan
yurda, elə.
Sən işlədən dəyirmanın
Nə təknəsi boşalıbdır,
nə şindanı.
A dövlətlim, bərəkətlim,
De, işlət bu dəyirmanı.


Dörd yanı göy hasar olan,
Qarşı dağı bahar olan,
Həndəvəri gülzar olan
Bu dəyirman bəsdir sənə.
Əlində bir sükandı bu,
Ömrünə ilk təkandı bu.
Nə arxayın məkandı bu?
Bu dəyirman bəsdir sənə.
Dar dərəsi körüklənən,
Ağ buludu bölüklənən,
Arxı coşub köpüklənən
Bu dəyirman bəsdir sənə.
Təxti-taclar çürütdüyün,
Çox şöhrətlər üyütdüyün,
Var-dövlətlər üyütdüyün
Bu dəyirman bəsdir sənə.
Həzin ötər könül tarın,
Nə şahın var, nə sərdarın.
Öz əlində ixtiyarın,
Bu dəyirman bəsdir sənə.
Bu dəyirman şöhrətinə
İndi heç kəs ortaq deyil,
Sözü fıkri azad olan
Məhbəsdə də dustaq deyil.
Çox fərmanlar burda bitib,
“Нə” ilə “Yox” arasında
vurnuxduğun
Ağır anlar burda bitib.
Hakimlərin
Sözü, əmri burda bitib,
Külfətinə ün ağlamaq
Dərdi-səri burda bitib.
Oturmusan dəyirmanda...
Nə zamandan keşikçisən
Bu gülzara, gülüstana?..
Bu günəşlə
Neçə dəfə yol getmisən,
Gün çıxandan gün batana?
Bu çiçəklər neçə adda –səninkidir,
Qızlağaclar
Qanadını salıb suya,
Bu qanad da səninkidir,
Dağların da ilkin yazı
sənə çatır.
Bu quşların ilk avazı
sənə çatır.
Oturmusan dəyirmanda,
Ürəyinə çıraq edib,
Daş barını varaq edib,
Öz şeirini sətir-sətir
Bu daşlarda bitirmisən.
Sən bu yerdə
Düşüncənlə
Yazdıqların arasında
Hər sərhədi götürmüsən.
Qapı yazı, kətil yazı...
Könül necə istəyirsə,
Əlin yazır, dilin yazır.
Bu daşlarda çox hikmət var,
Mən oxuya bilməmişdim,
О zaman da yazılıydı
həmin daşlar.
Ürəyimdə
Bir dəyirman nağlı qalıb.
Mən də deyim könlüm niyə
Bu dağlara bağlı qalıb.
İndi gəlib xatirimə
О şah misralar da düşüb.
Mən də deyim ürəyimə
İlk Şeir odu harda düşüb.
Mən də deyim о zamandan
Neçin axı azalmayıb.
Süfrəmin də bərəkəti.
Mən də deyim
Gözlərimdə heçdir niyə
Bu dünyanın var-dövləti.
Ürəyimdə başqa istək,
Mən də deyim
Neçin yeyə bilmirəm mən
Nahaq söz, minnətli çörək...
Ey Xaqani,
Səndən sonra
Sən çəkdiyin dərdlər olub.
Çox ölçülər, hədlər olub,
Həqiqətlər qarşısında sədlər olub,
Bu sədləri vurub sökən
mərdlər olub,
Su töküblər yana-yana
Sən işlədən dəyirmana.
O dərdlərin acığına,
Sular kəsib, od söndürən
Namərdlərin acığına,
Bəzi-bəzi yaltaqların,
Onun, bunun qarşısında
Adamsayaq yumaqların,
İnsanlığa yamaqların
acığına
Sən işlət bu dəyirmanı.
Gələcəyik.

Neçə-neçə ziyafətdən,
Yüz mərtəbə imarətdən
Biz çox enib gələcəyik
Bu müqəddəs daş komana,
Sən işlədən dəyirmana.
Ən işıqlı salonlardan,
Çıxıb hərdən
Ən mötəbər məclislərdən
gələcəyik.
Agır daşlar
Yana-yana fırlanacaq,
Bu yanğından od almağa,
Alışmağa gələcəyik
ocaq-ocaq.
Gedən getsin...
Arif olan bu məkandan
Götürsün öz hesabını.
Həyat boyu
Oxumağa gələcəyik

Sənin bu daş kitabını.
Ağ günlərdən
Sənə soraq gətirməyə,
İbrət dərsi götürməyə,
Öyrənməyə, soruşmağa
Gələcəyik,
Bu hücrəyə ibadətə,
Bu əbədi hərəkətə
qovuşmağa
gələcəyik.
Axacaq bu isti yaşlar,
Fırlanacaq ağır daşlar,
Neçə-neçə hissimizi,
Duyğumuzu ayıltmağa,
Dönə-dönə özümüzə
Qayıtmağa gələcəyik.
Sənin kimi biz bu yolu
Yana-yana gələcəyik.
Əbədiyyət kimi ulu
Bu məkana gələcəyik.
İşləyəcək ən müasir
Çoxmərtəbə dəyirmanlar,
Amma yenə bu komana –
Sən işlədən dəyirmana
gələcəyik.
Ağır daşlar yandı,
fırlat.
Bu çərxi-dövrandı
fırlat.
1977
XS
SM
MD
LG