Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:45

Misa Yaqub. Nə olacaq, olacaq


Qoy indidən daş yastığa baş atım
Hansı daşa yazılacaq daş adım
Mən ki, daha gur ömrümü yaşadım,
Bundan sonra nə olacaq, olacaq

Gəlməz daha hər məclisdən sorağım
Kərəntim koş, sünbül kəsməz orağım
Öz-özünə guruldayır qulağım
Bundan sonra nə olacaq, olacaq.

Zəmillərim, xırmanlarım sovrulub
Təndə canım, sacda dənib qovrulub
Xəzəl altda gül otlarım qıvrılıb
Bundan sonra nə olacaq, olacaq.

İncilərim düşüb dərya küncünə,
Qəvvas gərək güvənsin öz gücünə,
Alıb onu çıxarsın el içinə
Bundan sonra nə olacaq, olacaq

Biganələr iqlimini görmüşəm
Bədxahların him-cimini görmüşəm
Mən özümçün başqa yuva hörmüşəm
Bundan sonra nə olacaq, olacaq

Mən dərdimi pıçıldadım dağlara
Dağlar alıb payladı oymaqlara
Dövrüm verdi haqqımı nahaqlara
Bundan sonra nə olacaq, olacaq

Bir gölüm var lap dağların dalında
Mən də elə o billur göl halında
Səbrim daşır tufan qalmaqalında
Bundan sonra nə olacaq, olacaq

Nə olacaq?... Torpağa bel bağlaram.
Üzüm tutub bir buluda ağlaram
Şimşəklərin işığını saxlaram
Bundan sonra nə olacaq, olacaq.

Təbiətin rəngi axdı gözümə
Qələmimlə fırçaladım sözümə
İnanmağa başlamışam özümə
Bundan sonra nə olacaq, olacaq

İlk yaz, 2010 Bakı-Buynuz
XS
SM
MD
LG