Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:36

Baba Pünhan. O bilər – mən bilərəm


Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,
Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,
Qeyri dindardı ya dindar, o bilər - mən bilərəm.

Məni cadulər ilən salma gözündən o gülün,
Çalma kandarıma mismar, o bilər - mən bilərəm.

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,
Dedi ki, eyləmə israr o bilər - mən bilərəm.

Dəstəmazım gözümün yaşı namazımdı muğam,
Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,
Gahi ordan yerə çırpar, o bilər - mən bilərəm.

Can alanım ikidir, göydə fələk, yerdə mələk,
Desələr hansıdı qəddar, o bilər - mən bilərəm.

Pünhanın eyblərin yarə gedib kim saydı,
Kimə nə, eybi əgər var, o bilər - mən bilərəm
XS
SM
MD
LG