Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:53

"WikiLeaks" Aqil Xəlillə bağlı da teleqramları olduğunu yazır


Aqil Xəlil onun bıçaqlanmasında günahlandırılan Strekalinin məhkəməsində. 3 iyul 2008
Aqil Xəlil onun bıçaqlanmasında günahlandırılan Strekalinin məhkəməsində. 3 iyul 2008
"WikiLeaks" saytının açıqladığı son sənədlərdə “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Aqil Xəlillə bağlı məqamlar da yer alıb. Bu saytda qeyd edilir ki, 2008-ci ildə o vaxtkı Amerika səfiri bu məsələ ilə bağlı Bakıdan Vaşinqtona 5 teleqram göndərib.

O zaman Aqil Xəlil Bakıda 9-cu mikrorayondakı zeytun meşəsində döyüləndən sonra həm də bıçaqlanmışdı.

Aqil Xəlil Milli Təhlükəsizlik Nazirliyini ittham edib

İndi "WikiLeaks" yazır ki, ABŞ səfirliyinin əməkdaşları bu məsələylə bağlı istintaqı və məhkəmə prosesini izləməklə yanaşı həm də Aqil Xəlillə görüşüb: "Jurnalist deyib ki, onun zeytunluq adlanan ərazidə çəkiliş apararkən döyülməsi, daha sonra bıçaqlanması, ümumilikdə televiziyalarda ona qarşı aparılan qara piar onu bir jurnalist kimi susdurmaq niyyəti güdür.

O bildirib ki, kəsilən ağacları lentə almağa çalışarkən onu döyənlərdən biri məhz zeytun bağlarının məxsus olduğu qurumun rəhbərinin qardaşıdır. Və həmin şəxs MTN-də çalışır.

Aqil Xəlil həm də bildirib ki, ona qarşı təzyiqlər əslində daha böyük qarşıdurmanın görünən tərəfidir.

Jurnalist hesab edir ki, zeytunluq ərazisini ələ keçirmək uğrunda hakimiyyət daxilində iki nüfuzlu qrup arasında rəqabət var.
Sergey Strekalin

Bunlar, Aqil Xəlilə görə, prezidentin əmisi Cəlal Əliyevə və prezidentin xanımı Mehriban Əliyevaya yaxın şəxslərdir.

Bundan başqa, jurnalist səfirlik əməkdaşlarına deyib ki, ona qarşı təzyiqlər həm də çalışdığı “Azadlıq” qəzetinə qarşı təzyiqlərin tərkib hissəsidir.

Aqil Xəlil “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin xuliqanlıq ittihamı və qəzetin satirik yazarı Mirzə Sakitin narkotik maddə saxlamaq ittihamı ilə tutulmasını səbəb kimi göstərib."

Teleqramların hər birinin sonunda “Şərhlər” bölümü var

Həmin bölümlərdə deyilir ki, Aqil Xəlilin ona qarşı hücumları “Azadlıq” qəzetinə qarşı təzyiqlərlə əlaqələndirməsi o qədər də inandırıcı görünmür, çünki Aqil Xəlil tanınmış jurnalist deyil və zeytunluq söhbətinə qədər hansısa mübahisəli yazı yazmayıb.

Amma şərhdə deyilir ki, Aqil Xəlilə qarşı hücum çox güman ki, nüfuzlu şəxslərin iqtisadi mənfəət üstündə mübahisəsinin içində bir detaldır.

Bundan başqa, saytın yayzdığı həmin məktubda qeyd edilir ki, Aqil Xəlilin döyüldüyü zeytunluq ərazisinin tabe olduğu qurumun rəhbərinin həbsi müsbət addım olsa da, jurnalistə qarşı sovet üslublu təzyiqlər, onun seksual orientasiyası ilə bağlı kampaniya narahatlıq doğurur.

Səfirlik bildirir ki, hökuməti Aqil Xəlilə qarşı hücumların ədalətli araşdırılmasına çağırmaqda davam edəcək. Bundan başqa

Səfirlik Aqil Xəlilin ABŞ-a mühacirət etməsinə də çalışıb?

Teleqramda bildirilir ki, jurnalistin həyatına təhlükə artır və onun Amerikanın bu cür xaricilər üçün nəzərdə tutulmuş mühacirət proqramına qəbul edilməsi vacibdir.

Teleqramlarda jurnalistin məhkəmə prosesi şou adlandırılır. Deyilir ki, məhkəmədə Strekalin adlı müttəhim jurnalistlə homoseksual əlaqədə olduğunu və onu buna görə bıçaqladığını bildirib.

Amma jurnalistin və vəkillərinin Strekalinin belə bir iş tutmadığını deməsinə baxmayaraq, Strekalinin vəkili nədənsə bu bəyanatlardan istifadə edib müdafiə etdiyi şəxsə haqq qazandırmaq istəməyib.

Azərbaycan hakimiyyəti isə WikiLeaks saytının Amerika diplomatlarına istinadla məlumatlar yaymasını "əsassız" adlandıraraq qəbul etmir.

Prezident Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov sentyabrın 5-də bildirib ki, "belə əsassız informasiyalar regiondakı ayrı-ayrı dövlətlər arasında gərginlik yaratmağa yönəlib".

Ə.Həsənov deyib ki, WikiLeaks artıq sarı mətbuat səviyyəsinə düşüb.

PA rəsmisi saytın Azərbaycan prezidentinin iqamətgahında dəbdəli aksesuarların olması, onun xarici qonaqlar qarşısında bununla lovğalanması ilə bağlı yazdıqlarını da təkzib edib.
XS
SM
MD
LG