Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:25

GünAZ Azərbaycan və Türkiyəni nədə günahlandırır?


Urmiyada 27 avqust etirazları
Urmiyada 27 avqust etirazları

İranda Urmiya gölünün qurudulması ilə bağlı etirazlar başlanandan sonra ABŞ-dan, Çikaqodan yayımlanan Günaz TV bu olayları ən çox işıqlandıran media qurumlarından idi. Bu proqramlardan birində kanalın təsisçisi Əhməd Obalı bütün dünyadakı azərbaycanlılara və türklərə müraciət edib və kəskin tənqidlər səsləndirib. Azərbaycan respublikasındakı media qurumlarından tutmuş, xalqı sakitliyə çağıran başqa diaspora təşkilatlarına, hətta Türkiyə hökumətinə qədər.


TÜRKİYƏ ƏRƏBLƏRƏ ELƏDİYİNİN 1/4-Nİ BİZƏ ELƏSİN

Obalı Türkiyədəki AKP hökumətini ərəblərə, Livana və Suriyaya göstərdiyi diqqətin çox cüzi hissəsini belə Azərbaycan türklərinə göstərməməkdə ittiham eləyib.
Əhməd Obalı çıxışında Azərbaycan mediasının bostanına da daş atıb, onları “saray televiziyası” adlandırıb, yaltaqlıqda ittiham edib, qəzetləri isə Arazın o tayında baş verən hadisələrə yetərincə diqqət ayırmamaqda qınayıb.


ŞİMALİ AZƏRBAYCANDAKI "SARAY TELEVİZİYALARI"...

Obalının adını çəkdiyi qəzet və informasiya agentlikləri isə bu tənqidlərdən elə də inciməyib. Məsələn, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid deyib ki, “çıxış bir az emosional olub, amma haqlı məqamlar da var. Bu məsələyə doğrudan dad aha çox diqqət yetirmək lazımdır. Ancaq Azərbaycan mətbuatını qınamaq lazım deyil. Ola bilsin ki, media iki ölkə arasında münasibətlərə xələl dəyməsin deyə bu məsələyə diqqətlə yanaşır”.


GÜNAZ TV-YƏ QARŞI OLANLAR

Günaz TV-nin təsisçisi müraciətində çoxlarını tənqid eləsə də, internetdə onun özünü də ittiham edənlər var. Məsələn Cənubi Azərbaycanla bağlı Baybak və başqa bir sıra resurslarda azərbaycanlıları Əhməd Obalının çıxışlarına uymamağa, sakitliyi qorumağa və təxribata aldanmamağa çağırırlar. Bu cür forumlarda Obalının özünü İranlı federalistlərə işləməkdə, milli məsələdən şəxsi mənfəət əldə eləmək üçün istifadə eləməkdə ittiham edirlər.


Günaz TV 2005-ci ildə yaradılıb, ABŞ-dan, Çikaqo Şəhərindən yayımlanır. Televiziyanı Telıestar 12 və Eutelsat 3A peyklərindən və internet üzərindən izləmək mümkündür. Kanal Hotbird peyki vasitəsi ilə də yayımlanmağa çalışıb, amma 2009-cu ildə Obalı siqnala müdaxilələr olduğunu bildirib və yayım dayandırılıb.


GÜNAZ TV VƏ DİASPOR

Yaradılandan sonra ilk illər ərzində Günaz TV əsasən mədəni layihələri ilə və Azərbaycan Respublikasının diaspor qurumları ilə yaxşı əlaqələri ilə yadda qalıb. Əhməd Obalı televiziyanın 5 illiyini qeyd eləmək üçün Bakıya gələndə bildirmişdi ki, “GünAz TV”-ni bəlkə televiziya kimi deyil, maarifləndirmə mərkəzi kimi görmək istəyirik”. Amma bu ilin yayında Cənubi Azərbaycandan olan bəzi fəalların dünya azərbaycanlılarının Bakı qurultayına dəvət edilməməsindən sonra Diasporla İş üzrə Dövlət Komitəsindən də şikayət edib. Deyib ki, “bu qurumun Azərbaycana və azərbaycançılığa xeyri yoxdur."
XS
SM
MD
LG