Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:34

Rafiq Tağı - Sabirə müharibə elan etdi


Rafiq Tağı
Rafiq Tağı
Polemika

Rafiq Tağı

MİRZƏ ƏLƏKBƏR SABİR HAQQINDA GECİKMİŞ SÖZLƏR

Klassiklərdən müasirlərimizəcən, Sabirdən üzü bəri - milləti təhqir edənlərlə yoxam.

Özü də millət onu təhqir edənləri səhvən klassik hesab edir və ictimai həyatda yerdombalanı kimi çıxıb sancıcı nəzm quraşdıra bilənlərə qətiyyən borclu deyil. Üstəlik, nəzm hələ mədəniyyət deyil.

Millətə qarşı satira düşmənçilik mövqeyi kimi dəyərləndirilməlidir. Özümüzə tuşlanan “kalaşnikov”lar qanunsuz sayılıb yığışdırılmalıdır.

Müşküllərimizin həllində həyatından narazı tiplərin millətə qarşı fikirləri əldə əsas tutula bilməz.

Qəmim ki, var mənim, ancaq budur: qiyamətdə
Ki, bir də görməliyəm işbu millətin üzünü.



"Ümumtürk kontekstini anlamaması, Şamaxı lotularını millət kimi görməsi onun korafəhmliyinin göstəricisi idi. Poeziya qoxusu duyulmayan misralarında dünyagörüş – sıfır həddində".
Biz bu misraları oxuyub da mazoxistcəsinə qəşş edirik. Bu sözlərindən sonra mitilini yoxluğa tullamalı ikən, millət Sabirə heykəl ucaltdı.

Millətimizin yeganə qüsuru onun ifrat nəcibliyidir.

Burda mən obyektiv idealist və həm də bir az materialist kimi deməyə bilmərəm: ya Sabir, rahat yat, “qiyamət” dediyin şey olası deyil – bir də nə sən bu millətin üzünü görəcəksən, nə də adına “qeyrətsiz” dediyin millət sənin üzünü.

Sabirin satirası ondakı ağıl zəifliyini üzə çıxarır.

Ümumtürk kontekstini anlamaması, Şamaxı lotularını millət kimi görməsi onun korafəhmliyinin göstəricisi idi. Poeziya qoxusu duyulmayan misralarında dünyagörüş – sıfır həddində. Milli təssübkeşlikdən bixəbərlik.

Onun nəzmi yalnız sosial ədalətsizliklər haqqındadır – bu, çox azdır. Məncə, onu başqa dillərə tərcümə edib milləti təhrif olunmuş tərzdə təqdim etməyə ehtiyac yoxdur.

Həm də axı, başqa millətlər ondan nə götürəsidir; olsa-olsa bu yerdəki insanların yaşamağa haqqı olmaması qənaətinə gələr. Əlbəttə, bunu özümüz etiraf etmişik: “Guya ki, biyabanda bitən bir ələfiz biz!”

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan-daşımızdan:
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
Əclafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəl-kələfiz biz!



Niyə, balam?

Millətə qarşı tamam şər-böhtandır bu. İstənilən birimiz minlərlə sübut gətirər ki, hər şey tərsinədir: heç nə də yox, bir milyona yaxın qaçqını-köçkünü olan bir ölkədə sosial partlayışların olmaması bunun bariz nümunəsidir.

Siyasi savadsız Sabir uğursuz sabun alış-verişinə görə ancaq millətini günahkar bilib və yalnız onu hədəf seçib.

Pota dişli yağıların əhatəsində onun öz millətindən savayı düşməni olmayıb: bircə onu tapdaq altına qoyur.

“Bir bölük boşboğazıq, heyvərəlik adətimiz”, “Kim nə deyər bizdə olan qeyrətə...”, “Dindirir əsr bizi – dinməyiriz” – bu şeirlərin hələ tək adları çox şey deyir.

Burda mən istənilən şeiri yüngül tənqidlərə belə tab gətirməyəsi Sabirə bir az insafla yanaşıb, yəni “Hophopnamə” “heyvərəliyi”ndən yan ötüb, mız-mızı ziyalı mığmığalarımızı əzməyə möhlət götürürəm. Savaş qarşıdadır.

3-13 sentyabr 2011-ci il

Məqalədəki fikirlər yazarın şəxsi mülahizələridir. Əks mövqeyi əks etdirən yazıları da dərc etməyə hazırıq.
XS
SM
MD
LG