Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:38

Azərbaycan: Türkiyə yoxsa İsrail?


Türkiyə və İsrael bayraqları
Türkiyə və İsrael bayraqları
Türkiyə-İsrail münasibətlərinin pisləşməsi Azərbaycandan da yan ötmür. Ən azı siyasi rəsmilərin leksikonunda «strateji müttəfiqliyi» dönə-dönə vurğulanan Türkiyənin Azərbaycandan özünə dəstək umması sonuncunu seçim qarşısında qoyub.

Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bir neçə gün əvvəl bildirib ki, Azərbaycanın İsraillə münasibətlərinə yenidən baxmasını gözləyirlər. O deyib ki, Türkiyə tarix boyunca Azərbaycanın yanında olub və Azərbaycana görə Ermənistanla sərhədləri 18 ildir bağlı saxlayır: «Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır».

Səfir eyni zamanda İsrailin Azərbaycan neftini Ceyhan limanı vasitəsilə daşıdığını xatırladıb, deyib ki, İsrail bu haqda fikirləşməli, burada bir problem olacağını nəzərə almalıdır:

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç
«Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Biz Azərbaycana tam güvənirik».

ÜÇÜNCÜ TƏRƏFİN MARAQLARININ PREDMETİ ROLUNDA

Bu çağırışdan sonra İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemdən açıqlama gəlib. O, yerli mətbuata müsahibəsində bildirib ki, İsrail-Azərbaycan əlaqələri üçüncü tərəfin maraqlarının predmeti ola bilməz, çünki hər iki ölkə arasındakı münasibətlər məxsusi və möhkəm bünövrəyə əsaslanan strateji maraq və hədəflərə söykənir. Onun sözlərinə görə, İsrail hər ölkə ilə ayrı-ayrılıqda münasibətlər qurur, Azərbaycanla da eləcə: «Ölkə rəhbərlikləri arasında sıx və birbaşa təmaslar təsadüfi rəy müxtəlifliyini dəf etməyə imkan verir».

HƏSSAS MƏSƏLƏ

İndi Azərbaycan hansı mövqeyi tutacaq və ya tutmalıdır?

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev sualımızın cavabında Azərbaycanın Türkiyə ilə qardaş ölkə olduğunu və Türkiyə ilə bağlı məsələlərə həssas yanaşdığını söylədi. «Bəs bu məsələdə həssaslığını hansı addımı ilə büruzə verəcək?» soruşanda isə Elman Abdullayev yalnız onu dedi ki, Türkiyə ilə İsrail arasındakı hər hansı bir məsələnin tezliklə öz həlini tapacağını hesab edirlər.

«AZƏRBAYCAN NÜFUZUNDAN İSTİFADƏ EDİB...»

Millət vəkili Yevda Abramov
«Hesab etmirəm ki, Azərbaycan hökuməti Türkiyənin belə bir çağırış etməsini müsbət qarşılayacaq». Bunu deputat, Azərbaycan-İsrail Parlamentlərarası qrupun rəhbəri Yevda Abramov deyir. Millət vəkilinin sözlərinə görə, Türkiyənin neft «kozırından» istifadə etməsi heç onun özünün də xeyrinə deyil, ən azı neft daşınmasından vəsait əldə edir. Yevda Abramovun fikrincə, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılması üçün Azərbaycan öz dəstək əlinin uzada bilər:
«Azərbaycan regionda nüfuzu olan ölkədir, bundan istifadə edib hər iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün addımlar ata bilər. İsraildə Azərbaycan prezidentini sevirlər, orda güclü diasporumuz var».

«RƏSMİ BAKI TÜRKİYƏNİ TƏK QOYMAMALIDIR»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Azərbaycan Türkiyəni bu məsələdə tək qoymamalı və bu ölkənin strateji maraqlarını öz siyasətində gözləməlidir:

«Türkiyə Ermənistanla sərhədləri həm də Azərbaycan üzündən açmır. Bir neçə il əvvəl sərhədlərin açılması məsələsi gündəmdə olanda Türkiyə rəsmi Bakının sərt təpkisini nəzərə aldı. İndi növbə Azərbaycanındır».

Elxan Şahinoğlu deyir ki, Azərbaycan İsraillə geniş ticarət və hərbi əməkdaşlığa sahibdir, bu ölkədən silah alır, bu ölkəyə neft satır və İsrailə təsir etmək imkanları var. Ekspert hesab edir ki, rəsmi Bakı bu nüfuzundan istifadə edib ən azı «İsrail Türkiyədən üzr istəməlidir» mesajını verməlidir. Müsahibimiz onu da əlavə edir ki, onsuz da Azərbaycan indiyə kimi İsrailin iki istəyini yerinə yetirməyib; bu ölkədə səfirliyinin açılmasını yaxud ora rəsmi nümayəndə heyətinin göndərilməsini: «Deməli, Azərbaycan öz maraqları çərçivəsində davrana bilirsə, Türkiyə kimi strateji müttəfiqinin də maraqlarını gözləyə bilər».

STATİSTİKA DEYİR Kİ...

Rəsmi statistikaya görə, Azərbaycanın İsraillə əmtəə dövriyyəsi ötən il 2 milyard dollara yaxın olub. Türkiyə ilə əmtəə dövriyyəsi isə 1 milyard dollara da çatmayıb. 2009-cu ildə Azərbaycan İsrailə daha çox mal ixracı edib, Türkiyədən isə idxal üstünlük təşkil edib.

Wikileaks
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə bu ilin avqustunda deyib ki, ötən il Türkiyə ilə Azərbaycanda ticarət əlaqələrinin illik dövriyyəsi 2,5 milyard dollar olub. Bu ilin sonunadək isə bu rəqəmin 3 milyard dollar olacağına ümid edirlər.

BAKL TƏL-ƏVİV MÜNASİBƏTLƏRİ «WİKİLEAKS»DA

«Wikileaks» saytının bu yaxınlarda Azərbaycanla bağlı açıqladığı teleqramlarda da İsrailin Azərbaycanla xüsusilə hərbi məsələlərdə əməkdaşlıq etdiyi bildirilir. O da vurğulanır ki, Azərbaycan İranın və bir neçə yerli icmanın təzyiqlərinə görə, diplomatik əlaqələrini yüksək səviyyəyə qaldıra, bu ölkədə səfirliyini aça bilmir.
Məlumatlara görə, İsrail istifadə etdiyi neftin 20-25 faizini Azərbaycandan alır.
XS
SM
MD
LG