Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:40

«Sovetski»də köhnə məhlə qaydaları daha işləmir?


Keçmiş «Sovetski»nin görüntüsü
Keçmiş «Sovetski»nin görüntüsü
Yaşayış evlərinin tarixi 100 ili ötən keçmiş «Sovetski» məhəlləsini də bir müddət sonra Füzuli küçəsinin taleyi gözləyir: bu məhəllə də sökülüb tarixin arxivinə göndəriləcək.

«SOVETSKİ»NİN «SOVETSKİ» VAXTI

Bir azdan yalnız sakinlərinin xatirələrində mövcud olacaq məşhur «Sovetski»dən nə qalıb? Bu suala söhbətləşdiyimiz «köhnə kişilər» başını yelləyə-yelləyə giley-güzarla cavab verdilər: «heç nə».

««Sovetski»də böyük-kiçik qalmayıb» – məhəllədə hamının bir ağızdan dediyi budur. Sakinlər deyir ki, «Sovetski»nin «Sovetski» vaxtı 80-ci illərdə itməyə başlanıb.

ABIR-HƏYA DÖVRÜ

«Sovetski» məhəllələri adətən öz «qayda-qanunları» ilə assosiasiya olunur. «Narkomanlar», «xuliqanlar» bu məhəllə ilə bağlı stereotiplərdir. 1944-cü il təvəllüdlü Adil Hüseynov deyir ki, «eşidin, inanmayın, bu məhəllə xuliqan yetişdirmir»:

«Çox vaxt deyirlər ki, burda xuliqanlıq çox olub, nə bilim, kiməsə sataşıblar, rayondan gələnlərə sataşıblar. Yalan şeydi. Tutulanlar olurdu. Tüfeyli həyat sürən adam az deyildi ki? Amma məhəllənin elə adı çıxıb. Burda qanun-qayda elədi ki, qadın yolu gedəndə mən görməmişdim ki, qucaqlasın birini. İndi görürsən ki, hətta öpüşə-öpüşə gedirlər. Nə deyəsən onlara? Durub vurasan?»

Müsahibə verən Adil Hüseynov
- Sizin vaxtınızda belə şey olsaydı, nə olardı?

- Heç zad. İt kimi döyərdik. Heç «milis» də gəlib söz deməyəcəkdi. Allahımız haqqı...

Adil Hüseynovun adaş qonşusu söhbətə qatılır:

- O vaxtı vardı abır-həya, qabiliyyət-qanacaq, xətir-hörmət, böyük-kiçik. İndi o şeylər hamısı itib.

QAYDALARI KİM POZUB?

«Sovetski»nin köhnə sakinlərinə rast gəlmək bir qədər müşkül idi. Xeyli adam ya köçüb Bakı kəndlərinə gedib, ya da xaricə. 78 yaşlı Tofiq Əliyev deyir ki, məhəllə «qaydaları»nı bura sonradan gələnlər pozub:

«Bu məhəlləni korlayan gəlmələr oldu. Kimin ağzı var idi ki, mən – yaşlı adam dayanıb qapıda biri gəlsin keçsin ordan? Bizim vaxtımızda yaşlı adamların yanında əlimizdə siqaret olmazdı, lovğa-lovğa danışıb keçməzdik yanlarından. Bunlar heç atasını-anasını tanımır, söyüşlə-zadla gedib gəlirlər. O tərbiyə ki, var idi, yoxdur».

75 yaşlı Güləli Orucov deyir ki, indi məhəlləyə çıxıb hal-əhval tutmağa tanış adam qalmayıb. Onun fikrincə, hökumət insanlara, insanlar da bir-birinə laqeydləşib:

«Deyəsən acam, bir dənə adam baxmayacaq. O vaxt bir qonşu naxoşlasaydı, alardılar başının üstünü. İndi 20 gün naxoş olmuşam, baxan yoxdur. Kasıba əl tutan həmişə olub. İndi nə hökumət əl tutur, nə camaat».

AYIN 17-DƏK 5 MANATA

75 yaşlı Güləli Orucov
Güləli Orucov 150 manat təqaüd hesabına dolandığını deyir. Təqaüdçü cibindən 5 manat çıxarıb göstərir ki, oktyabr ayının 17-nə qədər bu pulla gününü keçirməyə məcburdur:

«5 manat pulum qalıb. Bax, bu da mənim pulum. Bunu bir manat-bir manat xərcləmişəm. Bir də ayın 15-i, 17-si alacağam. Nə eləyəcəyəm mən? Kənddə yer götürmüşəm, qəbir götürmüşəm, ora getsəm ondan yaxşıdır. Bu binamusluğu görməsəm, yaxşıdır. Bezmişəm. Bizim üçün deyil bu dövr. Biz nə qədər tez ölsək, prezidentə də yaxşı olar. Nöşün ki, bir dənə qocanı sayan yoxdur...»

«BU MƏHƏLLƏNİ DƏYİŞMƏRƏM»

Məhəllənin sökülməsinə sakinlərin münasibəti müxtəlifdir: kiminin ürəyincədir ki, pulunu alıb gedəcək, kimi də deyir ki, bu məhəlləni heç bir yaraşıqlı binaya dəyişməz:

«Mənə lap milyon versin, mənə lazım deyil o pul. Mənə lazımdır ki, bu uşaqlar var ha, bu köhnə qayda-qanunda yaşasın».

«Vallah, buranın sökülməyini mən 41-ci ildən eşidirəm – bu gün sökürlər, sabah sökürlər».
XS
SM
MD
LG