Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:27

Vladimir Putin «İzvestiya»ya yazır


Rusiya baş naziri Vladimir Putin
Rusiya baş naziri Vladimir Putin
Rusiya baş naziri Vladimir Putin «İzvestiya» qəzeti üçün məqalə yazıb. Putin məqalədə MDB ölkələrinin gələcək planlarından, postsovet ölkələrinin inteqrasiyasından bəhs edib. Yazıda deyilir:

POSTSOVET MƏKANININ BÜTÜN DÖVLƏTLƏRİ ÜÇÜN TARİXİ HADİSƏ

2012-ci il yanvarın 1-dən çox vacib bir inteqrasiya layihəsi – Rusiya- Belarus- Qazaxıstan Vahid İqtisadi Məkanı fəaliyyətə başlayacaq. Bu layihə təkcə bu üç ölkənin yox, bütövlükdə postsovet məkanının bütün dövlətləri üçün mübaliğəsiz tarixi hadisədir.

Buna qədərki yol çox keşməkeşli olub. Bu yol 20 il əvvəl Sovet İttifaqı dağılıb yerində Müstəqil Dövlətlər Birliyi (MDB) yaranandan başlayıb. MDB-nin səmərəliliyini müxtəlif cür qiymətləndirmək, onun daxili problemləri və özünü doğrultmayan ümidləri haqqında çox danışmaq olar. Ancaq bir şey şəksizdir ki, MDB bizim regionumuzun əsas problemlərinə dair tərəflərin mövqelərini yaxınlaşdırmaq və vahid mövqe işləyib hazırlamaq üçün əvəzolunmaz bir mexanizmdir.

Bundan başqa məhz MDB təcrübəsi bizə postsovet məkanında çoxsəviyyəli və müxtəlif sürətli inteqrasiyalara başlamaq, Rusiya-Belarus ittifaq dövləti, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və nəhayət, Vahid İqtisadi Məkan kimi formatları hazırlamaq imkanları yaratdı.

PUTİN AVROPA İTTİFAQININ GÜCLÜ VƏ ZƏİF TƏRƏFLƏRİNİ GÖRÜR

Söhbət inteqrasiyanı vətəndaşlar və biznes üçün aydın və cəlbedici, davamlı və uzunmüddətli bir layihəyə çevirməkdən gedir. Elə bir layihəyə ki, o, cari siyasi və hər hansı digər konyuktur dəyişikliklərdən asılı olmasın. Qeyd edim ki, 2000-ci ildə Avrasiya İqtisadi Məkanı yaradılanda məhz bu vəzifə qarşıya qoyulmuşdu. Nəticə etibarı ilə məhz strateji milli maraqların ümumi olduğunu anlamağın hesabına Rusiya, Belarus və Qazaxıstan gömrük ittifaqı formalaşdırdılar.

Avropalılar Avropa Kömür və Polad Birliyindən Avropa İttifaqına 40 ilə gəlib çatıblar. Gömrük İttifaqı, Avrasiya İqtisadi Məkanı layihəsi daha dinamik həyata keçirilir. Çünki Avropa İttifaqının və digər regional birliklərin regional təcrübəsi öyrənilir. Biz onların güclü və zəif tərəflərini görürük. Bizim üstünlüyümüz də bundadır.

2012-ci il yanvarın 1-də Parisdə Avrasiya İqtisadi Şurası Məhkəməsi fəaliyyətə başlayacaq. Bu məhkəməyə biznesdə ayrı-seçkilik, rəqabət qaydalarının pozulması, biznes üçün bərabər şərait və başqa məsələlərlə bağlı təkcə dövlətlər yox, iqtisadi fəaliyyətin iştirakçıları da müraciət edə bilərlər.

«BİZ BUNUNLA KİFAYƏTLƏNMİRİK, FÖVQƏLMİLLİ BİRLİK MODELİ TƏKLİF EDİRİK»

Gömrük İttifaqının və Avrasiya İqtisadi Məkanının əsas xüsusiyyəti onların fövqəlmilli struktur olmasıdır. Bu iki layihə gələcəkdə Avrasiya İqtisadi İttifaqının formalaşması üçün zəmin yaradır. Eyni zamanda, Gömrük İttifaqının və Avrasiya İqtisadi Məkanının tərkibi tədricən Qırğızıstan və Tacikistanın hesabına genişləndiriləcək.

Biz bununla da kifayətlənmirik. Qarşımıza daha iddialı məqsəd qoyuruq. Daha yüksək səviyyədə inteqrasiya – Avrasiya İttifaqına nail olmaq. Bəs, bu layihənin perspektivlərini necə görürük? Birincisi, söhbət SSRİ-ni bu və digər şəkildə bərpa etməkdən getmir. Artıq keçmişdə qalmış bir şeyi bərpa etmək sadəlövhlük olardı. Ancaq yeni dəyərlər, siyasi və iqtisadi əsaslar üzərində sıx inteqrasiya zamanın tələbidir.

Biz güclü fövqəlmilli birlik modeli təklif edirik. Avrasiya İttifaqı açıq bir layihə olacaq. Biz ora digər ölkələrin, ilk növbədə MDB ölkələrinin üzv olmasını alqışlayacağıq. Eyni zamanda kimisə ora zorla cəlb etmək fikrində deyilik.

İndi bu yerdə bir çox vacib məsələyə toxunmaq istəyirəm. Bizim bəzi qonşularımız postsovet məkanındakı inteqrasiya layihələrində iştirak etmək istəməmələrini onunla izah edirlər ki, guya bu layihələr onların Avropa seçiminə ziddir. Hesab edirəm ki, bu çox yanlış təsəvvürdür. Biz kiməsə qarşı durmaq və ya kimdənsə özümüzü təcrid etmək fikrində deyilik. Avrasiya İttifaqı Böyük Avropanın ayrılmaz hissəsi olaraq universal inteqrasiya prinsipləri üzərində qurulacaq.
XS
SM
MD
LG