Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:43

İsa Qəmbər: «Bugünkü «Müsavat» liderlərinin elə varlı ataları da yoxdur…»


İsa Qəmbər
İsa Qəmbər
AzadlıqRadiosunun «Can Bakı» proqramının «Müsavatsız Azərbaycan nə itirərdi?» mövzusunda başladığı müzakirəyə Müsavat başqanı İsa Qəmbər də qoşulub.

--İsa bəy, xoş gördük! Proqramımıza qoşulmaqla bizə Müsavat Partiyasının 100 illik yubileyini sizinlə paylaşmaq imkanı qazandırdınız. AzadlıqRadiosunun təbriklərini qəbul edin.

--Təşəkkür edirəm, Sevda xanım. Sağ olun. Verilişin qonaqlarına da dəyərli fikirlərinə görə təşəkkür edirəm.

HƏR KİM YÜZ İL YAŞAMASA?!

--Yubileyi necə qarşılayırsınız? Üzümüzə gələn günlərdə hansı tədbirlər gerçəkləşdiriləcək? Kimlər qonaq olacaq?

--Əslində, Müsavat Partiyasının 100 illik yubileyi dövlət, ümumxalq səviyyəsində qeyd olunmalı bayramdır. Çünki Müsavat ümumxalq dəyəridir. Azərbaycan xalqının çoxminillik tarixində ən şərəfli siyasi hadisədir. Təsəvvür edin, bir siyasi partiya 100 il ərzində fəaliyyət göstərir! 100 il Azərbaycan xalqının inkişaf yolunu müəyyənləşdirir. Elə şəkildə müəyyənləşdirir ki, heç kim o yola zidd çıxa bilmir. Zidd çıxanlar əvvəl-axır tarixin arxivinə göndərilirlər. Çünki yol düzgün, dəqiq qiymətləndirilib. Hədəflər də həmçinin. Ancaq təəssüf ki, Azərbaycanda bu gün avtoritar bir rejim hökm sürdüyü üçün, öz siyasi rəqiblərinə düşmən gözü ilə baxıldığı üçün, Azərbaycanın dəyərlərini öz dəyərləri kimi qəbul etmədikləri üçün, bu partiyanı korrupsiya fəaliyyətlərinə maneə kimi gördükləri üçün bu bayram dövlət səviyyəsində qeyd olunmur. Ümumxalq səviyyəsində isə ancaq nəzəri cəhətdən qeyd olunur. Amma bütün bunlara baxmayaraq, partiyamızın 100 illiyi ilə bağlı biz keçən il qərar qəbul etmişik. 2011-ci ili Müsavat ili elan etmişik. İlboyu bir çox tədbirlər həyata keçirilib. Bu günlərdə isə bir neçə tədbirimiz planlaşdırılır. Ayın 8-də Müsavat Partiyasının qərargahında saat 11-də bayram tədbiri keçiriləcək. Biz şəhər rəhbərliyinə müraciət edib normal bir zal ayrılmasını xahiş etdik. Amma təəssüf ki, onlar öz xislətlərinə uyğun mənfi, uydurma cavab verdilər. Ayın 7-də isə avropalı müttəfiqlərimizin təşəbbüsü ilə Bakıda böyük bir forum keçiriləcək—«Müsavat 100 il Azadlıq və İstiqlal uğrunda mübarizədə» adı ilə. Avropadan, Türkiyədən və b. ölkələrdən qonaqlarımız olacaq. Hesab edirəm ki, maraqlı və yüksək səviyyəli tədbir olacaq.

KİMDİR GÜNAHKAR?

--İsa bəy, dinləyicilərimizdən biri Müsavatın yubileyi olduğunu ilk dəfə bizim verilişdən eşitdiyini yazır. Sizi təmtəraqlı yubiley düzənləməməkdə, təbliğat aparmamaqda günahlandırır...


Məhəmməd Əmin Rəsulzadə
​-- Mən dinləyicilərin bütün tənqidlərini qəbul etməyə hazıram. İl ərzində tədbirlər keçiririksə, «Yeni Müsavat» qəzeti bu barədə yazırsa, sosial şəbəkələrdə kifayət qədər məlumatlar yayılırsa və dinləyicimiz 100 illikdən xəbərdar deyilsə, ona deyiləsi əlavə sözüm yoxdur... Sadəcə, dinləyicimizi yox, hakimiyyəti də günahlandıra bilərəm ki, imkan versəydi, televiziyalarda bu məsələdən danışılsaydı, heç kimin «xəbərim yoxdur» bəhanəsi olmazdı.

KİMDİR MÜSAVATÇI?

-- «Can Bakı»nın qonağı Ədalət Tahirzadənin də bir iradı var. Dövlət Arxivində Müsavat dövrü ilə bağlı saysız sənədlərin olduğunu, amma arxivdə çalışmalı olanların yoxluğuna diqqət çəkir... Deyir ki, niyə Müsavat Partiyasının ziyalıları arxivlərə gəlmir? Hətta arzu edənlərə öz məsləhətlərini verməyə hazır olduğunu bəyan edir.

-- Ədalət bəyin köməyini məmnuniyyətlə gözləyirik. Onun Azərbaycan tarixinin öyrənilməsi sahəsindəki xidmətlərini yüksək qiymətləndiririk. Bu gün Müsavat Partiyasında Nəsiman Yaqublu, Nəsib Nəsibli, Məryəm Oruclu, Aydın Balayev və digər tədqiqatçılar bu sahədə işlərini davam etdirirlər və arxivlərdə çalışırlar. Mən Şirməmməd müəllim başda olmaqla sizin hamınızı (Ədalət bəyə müraciətlə--S.İ.) müsavatçı hesab edirəm. Müstəqilliyin, Cümhuriyyətin, Müsavatın, demokratiyanın dəyərini bilən hər bir ziyalı müsavatçıdır. Əslində Cümhuriyyət irsini öyrənmək üçün böyük bir institut yaradılmalıdır. Dəyərli alimlərimizə orada hər cür şərait olmalıdır. Onlara həm Bakıda, həm də dünya arxivlərində çalışmaq imkanı
verilməlidir. Bunlar bizim planımızdadır və imkan olan kimi həyata keçirəcəyik. Qətiyyən şübhəniz olmasın.

RƏSULZADƏ İLƏ HEÇ KİM MÜQAYİSƏ OLUNMAZ!

-- Bir az tarixə ekskurs edək. Aradan 100 il keçib. Bu 100 ildə nələr dəyişib? 1911-ci il Bakısında partiya qurmaq, yaşatmaq asan idi, yoxsa indi?

—Mən bir az əvvəl hörmətli Eldar müəllimin, Ədalət bəyin fikirlərini eşitdim ( Eldar müəllim bildirmişdi ki, əski «Müsavat»la indikinin arasında böyük fərq var. Ovaxtkı liderlər böyük nəzəriyyəçi idi. İndikilər isə nəinki nəzəriyyəçi, hətta nəzarətçi deyillər - S.İ.). Müqayisə etmək düzgün deyil. Biz böyük Məhəmməd Əmin Rəsulzadə ilə nəinki özümüzü, hətta Azərbaycan tarixində heç kimi müqayisə etmirik. Yalnız Elçibəy bu siyasi zirvəyə yüksələ bilib. Biz Müsavatın digər liderlərini də həddindən artıq yüksək qiymətləndiririk və özümüzü onlarla müqayisə etmirik. Eyni zamanda şərtlərə diqqət etmək lazımdır. O dövrdə çox ağır şərtlər olub. M.Ə. Rəsulzadə həyatının 1918-ci ilə qədərki böyük bir hissəsini siyasi mühacirətdə keçirib. Bir neçə il İranda, bir neçə il Türkiyədə olub. Yalnız 1917-ci ildə Müsavat Partiyası fəaliyyətini gücləndirə bilib və bir ildən sonra hakimiyyətə gəlib müstəqil dövlət qurub. 1920-ci ildə növbəti rus işğalından sonra yenə ölkəni tərk edib və mühacirətə gedib. 1991-ci ilə qədər bu fəaliyyət mühacirətdə davam edib. 1992-ci ilin əvvəlində bu şərəf bizə qismət olub. Müsavatın xaricdəki liderləri onu bərpa etmək zərurəti məsələsində razılığa gəlib—biz də o fikirdə olmuşuq.
Azərbaycan parlamenti, 1918
Bu müqəddəs missiyanı bizə etimad ediblər. Fəxr edirik ki, 20 ildir bu şərəfli missiyanı daşıyırıq. 20 ildir ki, Müsavat Azərbaycanda ardıcıl fəaliyyət göstərir. Bu yüzillik tarixin heç bir hissəsində belə fenomen olmayıb. Biz Müsavatı yenidən Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevirə bilmişik. Müsavata xalqın hər zamankı məhəbbətini, hörmətini, inamını bərpa edə bilmişik. Hər halda bütün seçkilərdə Müsavatın nümayəndələrinin göstərdiyi nəticələr bunu sübut edir. Əvvəlki dövrdəki liderləri ideallaşdırmaq düzgündür—bunun həm də tərbiyəvi əhəmiyyəti var. Amma tutaq ki, Arif Hacılı—müstəqilliyə imza atmış şəxs hər şeydən keçərək mübarizəsini davam etdirir və müstəqilliyin 20-ci ildönümü, Müsavatın 100 illik yubileyini həbsxanada keçirir. Gənc müsavatçılar da həmçinin. Bu fədakarlıq qiymətləndirilməməlidirmi?

BUGÜNKÜ «MÜSAVAT» LİDERLƏRİNİN ELƏ VARLI ATALARI DA YOXDUR…

Nəsib bəy Yusifbəylinin o tarixi məktubu hər zaman dilimizdədir—Neçə il Azərbaycanın Baş naziri olmuş şəxs atasına məktub yazır ki, mənə pul göndər, maliyyə problemlərimi həll edim… Amma bugünkü «Müsavat» liderlərinin elə varlı ataları da yoxdur… Eldar müəllimə məsləhət görərdim ki, 1995-97-ci illərdə Müsavat Partiyasının başlatdığı yeni proqram layihəsi ilə bağlı diskussiyaların materiallarını bir daha nəzərdən keçirsin və müqayisə etsin. İnşallah, yəqin bu söhbətə sonra yenə dönmək imkanımız olacaq.

--Müsavat ikinci yüzilliyini qarşılamağa hazırlaşır. Necə bilirsiniz, bu yüzilə «möhtəşəm yüzil» demək olacaqmı?

--Bu yüzilin cəmisi üç ilini Müsavat hakimiyyətdə ola bilib. Mən inanıram ki, növbəti yüzilin əksər hissəsini Müsavat Partiyası, ən azı Müsavat ideyası hakimiyyətdə olacaq. Müsavat ideyası Azərbaycan xalqının qəlbində özünə taxt qurubdur. Reallıqda da hakimiyyətdə olacaq və Azərbaycanımızı daha yüksək səviyyələrə yüksəldəcək.
XS
SM
MD
LG