Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:54

İradə Musayeva - Kamal Abdullanın romanını tənqid edir


İradə Musayeva
İradə Musayeva
Tənqidçi İradə Musayeva bu yazısı ilə yazıçı Kamal Abdullanın "Unutmağa kimsə yox" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur. Roman müzakirələri (Arxiv)


İradə Musayeva


ÇİÇƏKLİ YAZI - NAĞILLI ROMAN - YUXULU MİLLƏT...

XXI əsr. Azərbaycan. Xaricdən, daxildən bölük-bölük bölünmüş, paylanmış, param-param parçalanmış Azərbaycan… «Bütöv, böyük Azərbaycan» - iddia və mücadiləsindən imtina olunub.

Millət «salamat baş», «dolu qarın» əmin-amanlığı ilə mürgüləyir. Cisim və canın, bədən və ruhun bütün fəaliyyəti məişətə hesablanıb.

Bu durumda milləti oyatmaqmı lazımdır, yoxsa nağıl içində nağıl sandıqçalarından məharətlə quraşdırılmış sirli, sehirli nağıllar çıxardıb «yat, yat, yat» - intonasiyası ilə layla çalmaq?

Cəngi , marş, top-tüfəngin oyatmayacağı bir xalqı, əlbəttə, düşündürücü, cəsarətli, mövcud durumu bütün ictimai-siyasi, sosial-iqtisadi, mədəni-intellektual mənzərəsi ilə əks etdirə bilən mənalı və təsirli, nüfuzedici söz oyada bilər…

***

K.Abdulla məşğul olduğu elm sahəsinin dil, tarix, mifologiya problemlərini bədii

Əsərdə surətlər və hadisələrlə tanışlığa xeyli həcm ayrılıb. Yeni və fərqli, xarakter ola biləcək obraza rast gəlmədik.

təxəyyülündə oynadıb poetikləşdirir, elmdə reallaşmayacaq «kəşf»lərinə bədii azadlıqda meydan açır. O öz romanlarında sərhədsiz təxəyyül atını istədiyi kimi çapır və xüsusilə roman yazmaq texnikasını «mifolojilik» və faktsız, real olmayan «tarixilik», oyunları üzərində qurur.

Hələ 7-8 il öncə «Yarımçıq Əlyazma» qəhrəmanlarından biri – Beyrək deyirdi: «Mən hər kəsi unutdum. Hər kəsi. Unutmağa da bir kimsə yox idi» (s.76). «Unutmağa kimsə yox…» romanının bir çox qəhrəmanları ilə də həmin düşüncə, həmin ovqatla rastlaşdıq. Bu romanda «Yarımçıq Əlyazma»dan fərqli olaraq ictimai-siyasi mahiyyətli mətnaltı mənalar azdır. Çiçəkli yazı, mağara sirliliyindən başqa hər şey birbaşa, nəqletmədə, təhkiyədə olduğu kimidir.

Əsərin I fəslində F.Q. adlı gənc tədqiqatçının Vəng dağındakı mağarada tapılmış yazını oxumaq üçün göndərilməsi, kənd sovetinin sədri Mübariz və çoban Bəhram ilə tanışlığı, sevgilisi Afaqdan ayrılması, «Dil və təfəkkür», «Tarix və Arxeologiya» institutlarında gedən müzakirə, iclas və s-dən söhbət açılır. F.Q. yazını oxumağa gələn üçüncü adamdır.

Vəng dağındakı mağaranı, mağaradakı yazını əslində Bəhram kişi tapır (Bəhram kişi isə bunu iti Bozlara aid edir).

Yazıya da «Çiçəkli yazı» adını elə Bəhram kişi qoyur. (Ancaq sonrakı fəsillərin birində məlum olur ki, bu yazıya əsrlər öncə də «çiçəkli yazı» deyənlər olub). Akademiyadakı iclasda isə bu adqoymanı professora şamil edirlər.

Həmin professor da F.Q.-nin bu lütfünün üstünü vurmadan saxtakarlığı qəbul edir. I fəsildə oxucunun diqqətini Bəhram kişi ilə mağara arasındakı sirli əlaqə cəlb edir. O, mağaranın iniltisini eşidir, mağaranın ruhu olduğunu israr və qətiyyətlə sübut etməyə çalışır.

N.Cəncəvinin «Yeddi gözəl» poemasındakı Bəhram şah və mağara sirliliyi (poemanın sonunda mağara gur ovuna çıxan Bəhramı necə udur, necə gizlədirsə, bu qeybolmadan hamı, bütün ordu heyrətlənir) bu romanda çoban Bəhram və mağara müstəvisində meydana çıxır.

Vaxtilə (40-50 il öncə) Gülsümün də «Vəng dağından gecələr qorxulu – qorxulu səslər gəlir, düzdürmü?» - sualına Bəhram: «Gəlir, Vəng dağından gecələr elə qorxulu səslər gəlir ki, Uuu… mən vahimədən yata bilmirəm.

Deyirlər dağda cadugər gizlənib, o cadugər ovsun oxuyub böyük bir devi yuxuya verib. Bu dev hərdən yuxuda öz-özünə danışır, səs çıxarır. Bir də deyirlər, bu dağ istəyəndə adamlara görükür, istəyəndə görükmür…» - cavabını verir.

Vəng dağına məhrəm, munis olan iki gənc – Bəhram və Gülsüm öz ruhlarındakı doğmalıqları, yaxınlıqları ilə dağ haqqında məhz eyni şeyləri düşünür, hiss edirlər.

Bəhram kişi mağaranı tapandan bir həftə sonra Mübarizin yanına gedib: «Mağaranın həqiqətən ruhu var» mən mağaraya girəndə, bu gün səhər getmişdim yenə, qəflətən qulağıma bir boguq, qorxulu səs gəldi.

Əslində səs qulağıma girməmişdi. Səs başımın içində, amma mənimlə danışırdı. Dedi
ki, mən buranın ruhuyam. Bir sənin bura girmək haqqın var, bir də səninlə gələnin. O da mənə işıqlı dünyanı yenidən açdın göstərdin, onunçun. Amma … bir başqası – dedi – bura tək girə bilməz. Hələ yazıya – dedi, - əl dəymək heç olmaz. Hətta sənə də olmaz»: - demişdi.

Qulamhüseyn müəllim, Cəfər müəllim yazıya toxunduqları üçün hərəsi bir əcəllə («Qulamhüseyn müəllim yatdığı yerdə ölür, Cəfər müəllimi isə evinin qabağında maşın vurur) dünyasını dəyişir. Bəd, zalım ruh dediyinin üstündə durur…
Çiçək ləçəklərini xatırladan yazını görən əlini toxundurmaq, sığallamaq istəyir. Yazı hər kəsi çəkib aparır, labrint bir burulğana salır.

Ümumiyyətlə, K.Abdullada tarixi yazıya, əlyazmalara xüsusi, sirli, müəmmalı, mübhəm bir dil tədqiqatçısı yanaşması var. Lakin bu yanaşmada dil və tarix faktı görünmür. Söhbət bədii əsərdən getdiyi üçün bunu tələb edən də yoxdur.

Fəqət, quru-quru quraşdırmalar da çox vaxt əsərin ideya-estetik dəyərini azaldır, cəfəng fərziyyəbazlıq assosiyası yaradır. «Yarımçıq Əlyazma» əsərindəki əlyazmanı da obrazlaşdırıb, sanki, simasını, ruhunu, portretini canlandırmaq və əsərin canlı qəhrəmanlarından birinə çevirmək istəyirdi. Bu əsərdə də həmin münasibət davam edir.

Yazının başlanğıcını, açar sözü tapmaq inadı və həvəsi F.Q.-ni səbrsizləşdirir. Qədim Misir yazılarının oxunuşu, qədim Pəhləvi, Bisitun yazılarına gətirən bir açar söz yanğısı onu üzür. Bəhram kişinin özünü qurban verməsi hesabına əldə olunacaq yalançı açar söz, görəsən, F.Q.-ni xoşbəxt edəcəkmi?... Yazını görəndən sonra içinə dolmuş enerji, ruh yüksəkliyi yazını oxumaq qətiyyətini daha da artırır, qaranlıq mağarada özünü «Möhtəşəm Ahəngin bir həlqəsi» kimi hiss edir.

Növbəti fəsillərdə məlum olur ki, hələ 400 il öncə də bu yazını oxumaq, araşdırmaq, onun altındakı sərvəti əldə etmək cəhdi, ehtiraslı və israrlı bir səylə işə girişmək təşəbbüsü olmuşdur. «Sirlərin sərgüzəşti» əsərinin müəllifi, məşhur yuxuyozan və hətta yuxuları idarə edən bilici, yazı ustası, çox elmlərdən və işlərdən hali olan Mirzə Pirqulunun yanına boranlı-qarlı bir gündə təşrif gətirən Əliqumral yüzbaşı və onun səfər yoldaşı mağaranın rəsmini çəkən gənc də vaxtilə rəsmlər və işarətlər, şəkillər şəklində olan (professorun dediyi kimi, oxunması olduqca çətin və ağır olan bu yazı Heroqlif kimi Heroqlif deyil, mixi kimi mixi) bu yazını çözmək marağında və iddiasında olublar. O zaman mağaranı canavarın izi ilə tapmışdılar. İndi isə canavardan dönmə Bozlar adlı itin məharəti ilə.

Paylo Kuelyonun «Kimyagər» əsərindəki Misir ehramları yanındakı xəzinə axtarışına çıxan Santyaqonu xatırladan gənclərin (Əlqumral yüzbaşının səfər yoldaşı və 400 il sonra F.Q.) maraqlarında fərq görürük. Birincidə xəzinə, sərvət ehtirası güclüdürsə, («adı dillərdə gəzən, özü isə çoxdan itib-batmış, harda gizlədilməsi vəvayət dalınca rəvayət yaradan belə bir xəzinə həqiqətənmi var idi (bəlkə də yox idi?») Xəzinənin yerini bilən sonuncu qoca sehrbaz da dünyadan köçmüşdü. Sirri heç kəsə açmadan…) F.Q.-də daha çox yazının dilini, sirrini açmaq, institutda çoxlarının bacarmadığı bir işin öhdəsindən gəlib uğur qzanmaq, özünü təsdiq etmək, ona etimad göstərənlərin zəndini doğrultmaq, «ölkə dostlarını sevindirmək, düşmənlərini mağmın etmək» və s. marağı qabarıqdır.

Əsrlər öncə Mirzə Pirqulu bütün ruhu ilə yazını, yazıda təsvir olunan mağaranı oxumaq istəyəndə ilk kəşfi, araşdırıb tapdığı ilk nəticə bu olmuşdu: «- Oxuya bildiyim… yox, yox hiss etdiyim, yalnız bu oldu: «yadıma salmağa bir kimsə qalmadı dəxi…»

400 il əvvəl - XX əsrin 50-60-cı illəri - günümüz… Günortaca kəndi, Vəng dağı, Akademiya mühiti, «İnstitutun intellektual zirvəsi» hesab olunan Ayxanın «savadsızlığın məhvi» dərnəyində gənc piranilər elmdə bütün stereotipləri dağıtmaq, məhv etmək, saxta, geydirmə ziyalılığın, alimliyin pərdəsini yırtmaq, ölü kağızçılıq mühitində – Akademiyada inqilab etmək istəyirdilər.

Başqaları haqqında hökm oxuyan, biri digərinə dərəcə, titul, mövqe verən institutda «Biz özümüz, gəlin görək, elmin hansı zirvəsində dayanmışıq» - sualını gündəmə gətirdilər, beyinlərə yeritdilər. Ancaq Akademiya məvacibli bir dəstə gənc fanatik alimi yerbəyer etməyə nə vardı ki? Kimini ixtisara saldılar, kimini elə qızışıb tənqid etdiyi dissertasiyanı pulla yenidən yazmağa sövq etdilər.

Pərən-pərən salınmış drnək üzvləri tez bir zamanda «ağıllandı»…

Əsərdə surətlər və hadisələrlə tanışlığa xeyli həcm ayrılıb. Yeni və fərqli, xarakter ola biləcək obraza rast gəlmədik. Bəhram kişi ədəbiyyatımızın onlarla pirani, rəhmdil qocalarından (məsələn, «Qaraca qız»da Piri baba), Mübariz kişi sovet sədri, kolxoz sədri tiplərindən (məsələn, «Tütək səsi» filmində Qılınc Qurban) Akademiyadakı gənclər haqq, ədalət, vicdan meyarlarını Donkixotsayağı sübut etməyə çalışanlardan, daima gülmək özəlliyi ilə seçilən Gülsüm yüzlərlə qırmızıyanaq kənd qızlarından birini xatırlatdı F.Q ilə Patriarxın iclasdan sonrakı söhbətini oxumaq isə sadəcə əzabdır…

Akademiyadakı iclasların uzun-uzadı təsviri və bu təsvirlərin təkrarı, Bəhram kişinin F.Q.-yə verdiyi samavar çayı, süd və pendir dürməklərinin sayı-hesabı usandırıcıdır. Üstəlik də müəllifin güclü təxəyyülü, obrazlı, ifadəli əksetdirmə istedadı müqabilində dili, söz ehtiyatı primitiv və aciz durumdadır.

Romanın çox məqamında iddialı fikir sahibinin səsini, sözünü eşitmək əvəzinə düşüncə və həyəcanlarını çatdırmaq üçün əl-qol atan lal adamın çırpıntılarını ifadə edən jest və mimikasını hiss edirik. «Yarımçıq Əlyazma» əsərinin dilindən danışanda da («Əzabları bitməyən Gəncə zəlzələsi…») «kabinet romanları» ifadəsini təsadüfən işlətməmişdim.

Süjet, kompozisiya, mövzu - ideya zənginliyinə, orijinallığına can atan, tarixin müxtəlif zamanları, paralel dünyalar , şəhər-kənd, şəhərli-kəndli, əsatirlər, nağıllar, reallıqlar, hətta Jül Vern sayağı kəşflər (məsələn, övsundan çıxma kodeksi haqqında s.370) və s. müxtəliflikləri bir araya gətirib fundamental bir iş görmək, 400-500 səhifəlik roman yazmaq təşəbbüsü qarşılığında dil-üslub sənətkarlığı zəifdir. Cilalanmamış, dağınıq, yerli-yersiz ortalıqdan çıxmayan, çox işlənmiş, belə demək mümkünsə, « üzünün suyu tökülmüş sözlər»lə və leksik, qrammatik cəhətdən düzgün qurulmayan cümlələrlə dolu olan romanda dilçi yazıçıya bununla bağlı xeyli iradlar tutası olduq:

— «Lənət şeytana, iblisə və onların hamısı köməkçilərinə» (s.45)

— «Çoban papağı kimi yastılanıb həyətin çəpərsiz divarına — Vəng dağına qısılmış bu
Kamal Abdulla
Kamal Abdulla
evə yaxın düşmək istəyən bir kimsə bu cəngəllik çəpəri keçə bilməzdi, gərək o, evin düz başı üstünə dağın canından qopud bir sivri qaya quzğun dimdiüi kimi uzanmışdı, eynən quzğun kimi qanad açıb evin sanki günlüyü idi, evi qoruyurdu, o kimsə gərək bu qaya parçasından özünü aşağı tullayaydı» (s.48-49).

— «Mübriz kişi möhürün bir qədər də ora-burasına gizli həsəd hissi ilə tamaşa etdi, çalışdı dairənin ətrafındakı qarmaqarışıq sözləri (möhürdə sözlər dairənin ətrafında yox, içərisində olur — İ.M.) oxusun, alınmadı…» (s.57).

— «F.Q.nin bu cür dikbaşlığı (gizli də olsa), bu cür lovğalığı, bu cür təkəbbürü (daha dəqiq söz tapmaq çətin idi, əlbəttə — təkəbbür!) niyə onun kefini başlamışdı pozmağa?» (s.59).

— «İlk kəndə gəlib yazı naxışlarının şəklini çıxaranda üç gün onun evində qonaq qalmış o yaşlı, qaraqabaq müəllim var idi, ona (Cəfər müəllimə) səhər-səhər çay içdikləri zaman birdən-birə nə mənə, nə sənə, dedi ki, bu naxışlar, elə bil çiçəkdi…» (s.69).

— «…gənc mütəxəssis böyük bir həvəslə başladı Vəng dağının ətəyindəki kəndə yola düşməyə hazırlaşdı» (s.72).

— «Bəhram kişi isə F.Q.-ya çaydaen ləzzətlə dada-dada öz (?-İ.M.) mavi gülər gözlərini qıyıb bu sualı vermişdi» (s.73).
«Afaq kənarda, pəncərəyə yaxın yerdə stula keçib əyləşdi» (s.456)

— «…atası çoban olsa da savadsız, amma ağıllı adam idi». (s.86) və s.
Mötərizədə verilən tərcümə və izahlar da qəribə göründü. «Bəhram kişi əlində padnos (sini), podnosda (sinidə) çay stəkanları evdən çıxdı» (s.67) «Bəhrama kişi özünü hövlnak (təngnəfəs) idarəyə, Mübarizin yanına çatdırdı» (s.92). «Bəzən material ləngiyəndə ustalar qısa, ya uzun müddətli «perekura» (fasiləyə) çıxır, papirosu papirosa calayıb, tikinti meydançasında orda-burda oturub içdikcə çaydan içə-içə üzü daim qaş-qabaqlı ustabası Zərbəlinin dediyi kimi tikinti «sursatını» gözləyirdilər. Bu zaman xüsusi həvəslə Mübariz ağlına nə gəlirdisə bu ustalara sual dalınca sual yağdırır». (s.109). «Baş gicəllənməsi artıq uçub gedən F.Q.-nin isə səsi xeyli «prozaik» (adi) idi» (s.180). «F.Q.-nin «mısmırığı» (qaşqabağı) heç olmasa indi barı açılsın, üzü, gözü həyətdəki axmaq payız havasını andırmasın». (s.414).
«Bəhram kişi dümağ mələfənin altında tam görünməz oldu (yox oldu)» (s.450). «F.Q. arxalarıyca evin qapısını bərk-bərk örtdü. Sonra isə… sonra isə qaldı tək (tək-tənha)» (s.453) «Bəhram kişinin canı bədənindən (cismindən) ayrılandan bir az sonra F.Q. evdə işığı bir neçə dəfə yandırıb söndürdü» (s.481).

Təsvir olunan hadisələrin sistemləşməsindəki qeyri-profesionallıq, nizamsızlıq mövzu və ideyanı normal təfəkkür, ədəbi-estetik idrak intellekti ilə qavramağa hər addımda mane olur. Mola Güləlinin Zevs, Poseydon, Hera və başqaları haqqındakı rəvayəti, dəvə və şir yağışı, güllütuman qızlarla bağlı təsvir, Patriarxla söhbətlər, baba və nəvə əhvalatı, F.Q.-nin fəlsəfi düşüncələri və əvvəlki hadisələrin təkrarı olan gündəlikdəki qeydləri, Afaqın «ifritə anası» ilə bağlı söhbətlər, mağaranın «qapqara təkər boyda şara bənzər» ruhu, Əliqumral yüzbaşı nağılı və s. bu kimi onlarla süjetqarışdıran, oxucu ilə müəllif arasında tikanlı məftilə çevrilən xaotiklik nə ənənəyə, nə də novatorluq (postmodernlik) adına yozulması halətdə deyil.

Məhz bu əlaqəsiz və mənasız çoxsüjetlilikdəndir ki, əlinə qələm alıb əsər haqqında söz demək istəyən kəs «çar-naçar qalır, hardan və necə başlamağın yolunu tapa bilmir. Əsəri təhlil etmək üçün «açar söz» axtarışı elə hey düşüncəni tənzimləyən kompozisiyaya yox, kobud şəkildə dağıdan məntiqsizliyə dirənir.

İstər elmi-fantastik, istər sufi-panteist, istərsə də nağıl, rəvayət, əfsanə təfəkkür və təxəyyülümüzə hesablanan mifolojilik sərhəddini aşan süni, qurama, patoloji məcazilik həddində qələmə alınan təsvirlər (aşağıdan yuxarı yağan yağış, dəvə və şir yağışı və s.) çox hallarda oxucu qavramasının məntiqindən çıxır (düzdür, biz yazıçı-oxucu — tənqidçi qarşıdurmalarında adətən oxucunu «hərifləyib» günahı, anlamsızlıq və savadsızlığı onun üstünə yıxırıq.) Dünya yazıçılarını başa düşən oxucu öz milli qələmkeşlərini anlamadığı üçün xəcalət çəkir…

«Paralel dünyalar», «Möhtəşəm ahəng», «Hadisələrin üfüqi», müxtəlif zaman-məkan paralellərindəki eyniyyətlərin əksi və s. bu kimi fəlsəfi düşüncə və qənaətlərini demək olar ki, müəllif ortaya qoyduğu «Unutmağa kimsə yox…» adlı mətnə təbii, mətnin tərkib hissəsi kimi yerləşdirə bilməyib.

Yerə-göyə, Aya – ulduza sığmayan, kosmoqonik yozumlara belə uyğunlaşmayan çoxvariantlı, çaş-baş ideyalar kainatın, görəsən, hansı məxluqatı üçün nəzərdə tutulur ki, o ideyalar mürəkkəb və qarışıq dünyalar haqqındakı tərəddüdlü təsəvvürləri bir az da burulğana salır. Yazıçı oxucunun kainat və bəşəriyyət haqqındakı düşüncələrinə öz ziyalı, aydın intellektual — analitik təfəkkürün məhsulu olan ədəbi-bədii sözü ilə işıq tutmaq, xaos içində harmoniya, nizam yaratmaqdansa «siz məni anlamazsınız» ironik iddiası, yadplanetli manerası ilə anlaşılmaz situasiyalar yaradır. Paralel, əks, çarpaz, hadisələr və təsvirlər oxucuda öz formasına, mahiyyətinə uyğun reaksiyalar doğurur və V.Sorakinin təbiri ilə desək «oxucunun sinir damarlarını sıxır».

E.Hemenquey «Əlvida silah» əsərinin son səhifəsini cilalayana qədər düz 39 dəfə yazıb, K.Abdulla oxucuya sanki, «mən nə gəldi yazacam, sən necə istəyirsənsə yozarsan» — mesajını göndərir. Oxucu da «Ovad» oxuyan çoban, adı N saylı hərbi hissə kimi məchul saxlanılan. F.Q, qoca Kentavr, mağara, yazı, ruh, «Loboçevski paralleli». Mola Güləlinin, Bəhramın, F.Q.-nin yuxuları və s. onlarla müəmmaları boş-boşuna o qədər o yan, bu yana çəkir ki, axırda başını itirir…

Biz baş çıxara bilmədiyimiz dünyadan çıxış yolu axtarırıq, K.Abdulla olmayan dünyadan, olmayan nağıllar danışır. Onun fantastik təxəyyülünün konturları cəmiyyət və zaman kontekstindən çıxır, mifoloji yuxulara yönəlir.

Yazarlara nəsihət müəllifləri, həyat dərsi verən müəllimlər kimi baxmırıq, ancaq müəllif özü üçün qurub yaratdığı bədii dünyada (mətndə) Yer adlı planetdə yaşayan və onun kitabını alıb oxuyacaq oxucusunu da unutmamalıdır.

Deməli güllə hədəfə dəyməyib. Belə çıxır ki, 500 səhifəlik əziyyətdə tanış olduğumuz Bəhram, Mübariz, F.Q., Gülsüm, Afaq, Patriarx, Ayxan, Əyrən kişi, Mirzə Pirqulu, Əliqumral Yüzbaşı, Aslanzadə, Vahid, Zabitə, Tükəz qarı, falçı Pəri, şofer Həsən, Şiraz həkim, Seyid əmi, sədr Allahverdi, Qaçaq Sultan, Mola Güləli, Paris, Hera, Zevs və onlarla digərləri ədəbi-bədii zövqünü zənginləşdirmək, ictimai-siyasi şüurunda cəmiyyətin, mühitin və bu cəmiyyətdə obyektiv və subyektiv səbəblərdən doğan sıxıntı və problemlərin haqqında müəyyən qənaətlər əldə etmək istəyən oxucunu ona lazım olan həqiqətə yaxınlaşdırmır. Əksinə, ondan uzaqlaşdırır…

Həmçinin oxu
Rövşən Qəmbərov. Kamal Abdullanı xorla tərifləmək
Tehran Əlişanoğlu. Xorda oxumağı sevmirəm
Kamal Abdulla: "Bizdə çox vaxt qarayaxma ilə tənqidi qarışdırırlar"
XS
SM
MD
LG