Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:48

Mini NABUCCO-nun böyüklüyü


Türkiyənin Baş naziri Recep nTayyib Erdoğan (solda) və Azərbaycan prezidenti İlham Əliyev (sağda imzalayan) Türkiyədə neftayırma zavodunun təməlqoyma mərasimində, 25 oktyabr 2011
Türkiyənin Baş naziri Recep nTayyib Erdoğan (solda) və Azərbaycan prezidenti İlham Əliyev (sağda imzalayan) Türkiyədə neftayırma zavodunun təməlqoyma mərasimində, 25 oktyabr 2011

Azərbaycanla Türkiyə arasında oktyabrın 25-də imzalanmış sənədlərin təfərrüatı yavaş-yavaş ictimaiyyətə açıqlandıqca, iki ölkənin bundan sonra bir-birinə nə qədər möhkəm bağlanacağını dərk etməyə başlayıram.

Düzdür, yenə də bu ölkələri bir-birinə boru infrastrukturu layihələri bağlayacaq, ancaq neyləmək olar, görünür, enerji daşıyıcılarının üzərində köklənən strateji əməkdaşlıq daha çox qlobal məsələlərin həllinə yönəlib.

Ona görə də bu hadisəni hər iki ölkənin iqtisadi həyatında oktyabr inqilabı da adlandırmaq olar. Əgər onun nəticələri planlaşdırıldığı kimi alınsa, həqiqətən regionun enerji siyasətindən daha böyük çərçivədə əhəmiyyət kəsb edəcək məsələlərə təsir imkanları qazanmış olarıq. Elə isə baxaq, görək nə baş verir.

YENİ QAZ KƏMƏRİ

Bu, imzalanan Paket qaz sazişi çərçivəsində tərəflərin razılığa gəldiyi ən mühüm və heç kəsin gözləmədiyi son dərəcə maraqlı bir layihədir. Ona görə gözlənilməz deyirəm ki, indiyə qədər Azərbaycanla Türkiyə arasında keçirilən 30-dan çox qaz danışıqları zamanı ictimaiyyətə bircə dəfə olsun bu ölkə ərazisində yeni qaz kəmərinin çəkilməsinə dair məlumat sızdırılmamışdı.

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti – red.) və BP-nin nümayəndələri qeyri-rəsmi açıqlamaları zamanı bildirirlər ki, belə bir layihə gündəmə son anda gəlib. Ancaq mənim buna sadəcə inanmağım gəlmir. Çünki layihənin miqyası böyükdür.

Onların fikrincə, aparılan monitorinq onu göstərib ki, BOTAŞ-ın paylayıcı sistemi Türkiyənin şərqindən qərbinə “Şah-dəniz” yatağının “Mərhələ-2” layihəsi çərçivəsində 16 mlrd. kubmetrədək qazı BP-nin təyin etdiyi texniki şərtlər çərçivəsində (nasos stansiyaların dayanıqlı iş rejimində işləməsi, boru kəmərlərindəki döngələrdə vibrasiya normaları, qurğuların stabil elektrik qida mənbələri ilə təchizatı, boruda təzyiqə kənardan nəzarət və sair) ötürmək imkanına malik deyil.

İşi çətinləşdirən bir məqam isə o zaman üzə çıxdı ki, monitorinq daxili şəbəkənin müəyyən hissələrdə buraxıcılıq gücünün də yetərli olmadığını müəyyənləşdirdi. Bu zaman məsələnin yeganə çıxış yolu Türkiyə boyunca müasir tələblərə cavab verən yeni bir infrastrukturun yaradılması idi.

NABUCCO-NUN TƏKRAR TƏFTİŞİ

Təbii ki, ilk həll variantı kimi NABUCCO nəzərdən keçirilməyə başlanıldı. Çünki Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün təklif edilən marşrutlar içərisində yalnız NABUCCO Türkiyə ərazisində boru xətti çəkməyi planlaşdırırdı, digər iki marşrut isə (TAP və İTGİ) qazın Türkiyə sərhədlərində qəbuluna yönəlmişdi.

SOCAR və BP bir tərəfdən, BOTAŞ isə NABUCCONUN bir həmtəsisçisi kimi digər tərəfdən əvvəlcədən Avropa Birliyinin dəstəklədiyi bu layihənin detallarını bütün incəliklərinədək birgə öyrənməyə başlamışlar. Özü də bu çoxdan başlayıb, ola bilsin təqribən ötən ilin sonlarından.

Mənim müşahidələrimə görə, alınan nəticələrlə BOTAŞ heç də razı olmayıb və uzun müddət Azərbaycan tərəfi nəhayət onu inandıra bilib ki, NABUCCO kommersiya baxımından yalnız “Şah-dəniz” qazı hesabına özünün məsrəflərini ödəmək qabiliyyətində deyil.

Yəqin diqqətli oxucuların yadındadır: 2011-ci ilin aprelin ortasında Bakıda ənənəvi Beynəlxalq neft və qaz nəqli konfransı keçirilirdi. Bu konfransda ən yadda qalan iki məqam idi:

- birincisi, BOTAŞ-ın inkişaf üzrə baş menecerinin “Azərbaycanla Türkiyə arasında qaz danışıqları yekunlaşmaq üzrədir, bu ayın sonuna kimi imzalanma ola bilər” deməsi;

- ikincisi, BP şirkəti ekspertlərinin NABUCCO boru kəməri marşrutu üzrə (Ərzurumdan Avstriyaya qədər) müstəqil qiymətləndirmə apararaq gəldikləri nəticə - kəməri hazırkı qiymətlərlə heç vaxt 7,9 mırd avroya tikmək mümkün deyil, onun dəyəri 14,5-15 mlrd avro dəyərində ola bilər.

TÜRKİYƏNİN EHTİYATKARLIĞI

Bundan sonrakı aylarda verilən məlumatlardan bəlli oldu ki, Türkiyə qaz nəqli ilə bağlı beynəlxalq qanunvericiliyin tətbiqi ilə bağlı müəyyən qədər ehtiyat edir. SOCAR rəsmiləri bunu belə izah etməyə çalışırdılar ki, bəs, indiyə qədər Türkiyənin qaz tranziti ilə əlaqədar heç bir təcrübəsi olmadığından bir qədər gələcəkdə ortaya çıxacaq problemlərdən narahatdır.

Məncə, hər bir tərəf üçün belə bir narahatlıq mövcud olmalıdır. Belə götürsək, heç Azərbaycanın da təcrübəsi yoxdur və BP də indiyə kimi öz 100 illik fəaliyyət təcrübəsində bu cür situasiya ilə üzləşməyib.

Və sentyabrın 21-də Bakıda keçirilən Beynəlxalq qaz konfransında BP şirkəti rəsmisinin ilk dəfə olaraq “Şah-dəniz-2” qazının icraçının 4-cü variant marşrutunu elan etməsi əslində əvvəlcədən ciddi şəkildə çək-çevir edilmiş, böyük, mürəkkəb bir layihənin təqdimatının yekunu idi.

MİNİ NABUCCO VƏ DƏYİŞƏN SAHİBLƏR

Hazırda Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin real buraxıcılıq gücü ildə cəmi 7,2 mlrd kubmetrdir. Ancaq o elə tikilib ki, oradakı nasos stansiyaların gücünü artırmaqla onun buraxıcılıq qabiliyyətini 20 mırd kubmetrədək artırmaq olar. İş burasındadır ki, “Şah-dəniz” layihəsinin 1-ci və 2-ci mərhələləri tam gücü ilə işlədikdə minimum 22 mlrd kubmetr qazın ötürülməsinə ehtiyac yaranacaq.

Digər tərəfdən, Azərbaycanın digər yataqlarından olan həcmlərin də ötürülməsi gündəmə gəldiyindən Bakıdan Ərzuruma qədər yeni bir boru kəmərinin inşası ortaya çıxır. Artıq bu layihəyə “Abşeron” iştirakçıları da qoşula bilər və SOCAR burada “Baki-Tbilisi-Ərzurum”da olduğu kimi 10%-lik payla kifayətlənməyib, 25-30% paya iddia edə bilər.

4-CÜ VARİANT...

Türkiyə ərazisindəki yeni boru kəmərində elan edilib ki, SOCAR və BOTAŞ bərabərhüquqlu tərəfdaş kimi çıxış edəcəklər və xarici şirkətlər üçün də açıqdır. Əslində məncə, burada “yaşıl işıq” hələ ki, BP üçündür. Çünki BP-nin təklif etdiyi 4-cü variant deyilənə görə kommersiya baxımından ən cəlbedici bir marşrutdur ki, orada da onun ortağı elə SOCAR və BOTAŞ ola bilər.

4-cü variant isə Türkiyə sərhədindən Azərbaycan qazının Bolqarıstana, Rumıniyaya, Macarıstana və nəhayət Xorvatiya ötürülməsi deməkdir. Buna nəzər yetirsək, əslində bu infrastruktur NABUCCONUN kiçildilmiş bir variantıdır, sonradan böyümək imkanları olacaq.

Dəyişən isə sadəcə onun sahibləridir, fəlsəfəsi elə həmənkidir: Xəzər qazı Avropa bazarlarına daşınır, Avropa qaz ixracını diversifikasiya edir (müxtəlifləşdirir) və yeni infrastrukturun yaradılmasında hasilatçı şirkətlər də iştirak edirlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG