Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:21

Pulsuz verilməli olan onkoloji dərmanlar «qara bazar»a necə çıxır?


Arxiv foto
Arxiv foto
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2008-ci il araşdırmasına görə, Azərbaycanda hər il 450-dən çox qadına servical (uşaqlıq boynu) xərçəng diaqnozu qoyulur. Bu xəstələrin 230-dan çoxu ölür. Həmin göstəriciyə görə, Azərbaycan Qərbi Asiya regionunda Ermənistandan sonra (2-ci) gəlir.

Amma bu, Azərbaycanın onkoloji xəstələrin ölüm dinamikasına görə dünya reytinqində yerinə təsir edən yeganə xərçəng növü deyil. Azərbaycan mədə xərçənginə görə dünyada 19-cu yeri tutur. ÜST-ün son hesabatına görə, Ermənistan bu xəstəlik üzrə 28-ci, Gürcüstan isə 49-cu yerdədir.

Bütün xərçəng tipləri üzrə xəstəliklərdən ölənlərin sayına görə, Azərbaycan Cənubi Qafqazda Ermənistandan sonra ikincidir.

AZƏRBAYCANDA ÖLÜMƏ İKİNCİ ƏSAS SƏBƏB XƏRÇƏNGDİR

Azərbaycan Dövlət Statistika Komitəsindən AzadlıqRadiosuna verilən məlumata görə, 2010-cu ildə 6500-dən çox adamın ölümünə yenitörəmələr (şiş - S.A.) səbəb olub. Statistikaya görə, Azərbaycanda əhali arasında ölümün əsas səbəbi qan dövranı sistemi xəstəlikləridir, ondan sonra isə yenitörəmələr gəlir.

Ölkədə 2006-2010-cu illər üçün “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” təsdiqlənib. O cümlədən, onkoloji xəstələrin pulsuz dərmanla təminatı haqqında ayrıca qanun qəbul edilib. Bu qanunla onkoloji xəstələrin cərrahiyyə əməliyyatından tutmuş polikimyəvi terapiyasına qədər müalicəsi dövlət hesabınadır. Bura şüa müalicəsi almaq, o cümlədən ağrıkəsici vasitə kimi narkotik vasitələrdən pulsuz istifadə də daxildir.

2009-cu ildən indiyə kimi dövlət büdcəsindən onkoloji xəstələrin dərmanı üçün 35 milyon manat ayrılıb. Əgər 2009-cu ildə bu məqsədlə 10 milyon manat ayrılıbsa, 2011-ci ildə bu vəsait 14 milyon manatı ötüb. Rəqəmlərin dili ilə desək, hər bir onkoloji xəstəyə orta hesabla ildə 500 manatlıq dava-dərman düşür. Rəsmi məlumata görə, 2010-cu ildə ölkədə 28 min xəstə qeydiyyatdadır.

Bəs yenitörəmə diaqnozu ilə üzləşən xəstənin cərrahiyyə əməliyyatı və dərmanları büdcə hesabına hər onkoloji xəstəyə düşən 500 manatlıq məbləği ödəyirmi? AzadlıqRadiosu və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun “İctimai Vəsaitlərlə bağlı regional Araşdırıcı Jurnalistika Məktəbi” layihəsi çərçivəsində bu suallara cavab axtardıq.

DÖVLƏTİN PULUNA VERİLƏN DƏRMAN TƏSİRSİZ OLUB?

... Evinə qonaq getdiyim xəstənin qapısını ev xalatında, başı çalmalı (sonradan bildim ki, xəstəlikdən saçı tökülüb) Sevda Əliyeva açdı. 48 yaşlı Sevda Əliyeva süd vəzinin xərçəngi diaqnozu ilə iki il əvvəl əməliyyat olunub. Deyir ki, ona 1500 manata başa gələn əməliyyatdan bir müddət sonra kimya terapiyasına ehtiyac yaranıb. Tibb Universitetinin Onkologiya Klinikasında ona iki kimyəvi dərman vurulub:

- Bunu pulsuz verdilər, amma ona qatılan digər dərmanları aptekdən özümüz aldıq. Elə də baha deyildi. Amma həmin müalicə mənə təsir eləmədi.

Orda başqa həkimin yanına getdim. Mənə dedi ki, müalicə edərəm, amma gərək dərmanı özün alasan, bizə bunu vermirlər. Dərmanın adı “Taksol” idi, 6 seans aldım. Hər dəfə də 300 manata. Dövlətin verdiyi dərman mənə təsir eləmədi, amma “taksol”un xeyrini gördüm.

Sevda xanım bu dərmanı “qara bazar”dan aldığını deyir.

25 “ŞÜA”YA 1000 MANAT?

Sevda Əliyeva deyir ki, sonra onu Milli Onkologiya Mərkəzinə göndəriblər. Burda şüa almalı imiş:

- 25 seans şüa üçün məndən 1000 manat istədilər. Sonradan 600 manata razılaşdıq. Şüadan sonra məni yoxlanmaq üçün kompüter tomoqrafiyasına göndərdilər. Bu da bahalı müayinə prosesidir, düzdür, mənə çek vermədilər, eləcə dedilər ki, 150 manat ödəməlisən.

Sevda Əliyeva
Sevda Əliyeva
Sevda Əliyeva deyir ki, sonralar kimyəvi terapiya üçün lazım olan əsas dərman üçün yenə də “Qara bazar”a üz tutmalı olub. Onlar iki ilə yaxındır ki, bu xərcləri ödəmək üçün borca düşməyə məcbur olublar:

- Bu xəstəlik elədir ki, pulun varsa, sağ qalacaqsan, yoxdursa...

PULSUZ VERİLMƏLİ DƏRMANLARIN SİYAHISINDAKI DƏRMANIN AXTARIŞI

Tibb Universitetinin Onkologiya Klinikasında kimyəvi terapiya zamanı Sevda xanıma alması məsləhət görülən “Taksol” dərmanı Səhiyyə Nazirliyinin xəstələrə pulsuz verilməli olan dərmanlar siyahısında “Paclitaxel” adı altında göstərilir.

Amma ümumiyyətlə xərçəng xəstələrinin müalicəsində istifadə olunan dərmanların tam əksəriyyəti yalnız hansısa həkimin resepti ilə satılır. Belə resept olmadan heç “qara bazar” deyilən yerlərdə də həmin dərmanı satmırlar.

Biz də həkimlərdən birinin yazdığı reseptlə “Paclitaxel” dərmanını axtardıq. Əvvəlcə Onkologiya Klinikasına müraciət elədik. Dərmanların yığıldığı otaqda bir xanım reseptə baxıb “Paclitaxel”, “Docetaxel”in onlarda olmadığını, dövlət tərəfindən onlara verilmədiyini söylədi. Amma dedi ki, xəstəmizi burda qeydiyyata salsaq, o digər dərmanlarla pulsuz təmin olunacaq.

ONKOLOJİ XƏSTƏLƏRİN DƏRMANI NİYƏ “ƏL ALTINDAN” SATILIR?

Bakı sakini Samirə Abbasova (ad şərtidir) deyir ki, onkoloji xəstələrin pulsuz dərman təminatı haqqında o da eşidib. Bunun üçün İranda onkoloji xəstəlikdən əməliyyat olunmuş bacısını Tibb Universitetinin Onkoloji Klinikasına gətirib.

- Bacım 20 gündən bir müalicə götürməlidir. Hər dəfəsi bizə 1000 manata başa gəlir. İlk iki kimyanı pulsuz elədilər, amma sonra dedilər ki, dərmanı özün al gətir. Həm də bu müalicə ciddi təsir eləmirdi, zəif dərmanlar idi.

Məsələn, kursun sxemində üç dərman nəzərdə tutulur, həkim də deyir ki, bunun ikisi var, biri yoxdur. Ya gözlə, nə vaxt olanda terapiya alarsan, ya da özün tap. Gözləyəndə də kurslar arasındakı zəruri müddət uzanır. Bu vaxt ərzində metastaz verə bilər, ona görə də hər kəs çalışır ki, haradan olursa-olsun dərman tapsın.

- Bəs həkimlər deyən dərmanı haradan aldınız?

- Həkim yazdı, nişan verdi, biz də getdik tapdıq. Nəsimi bazarının yanında. Yasamalda da apteklər var, onlara yaxınlaşırsan. Elə dərman var ki, heç onlarda da həmin saat olmur, gərək sifariş eləsinlər. Ya qabaqcadan həkim zəng edib tapşırır, ya da həkiminin adını, haradan göndərildiyini deyirsən, onlar da dərmanı tapıb verirlər, sonra da resepti həkimə qaytarırsan.

Onkoloji xəstələrin kimyəvi terapiyası üçün zəruri olan dərmanları apteklərdə soraqlasaq da, bizə bu dərmanları satışda tapmayacağımızı söylədilər. Səbəbini də onunla izah etdilər ki, onkoloji xəstələr üçün Dövlət Proqramı var və bu dərmanları apteklərdə satmağa icazə yoxdur.

“Carborlatino 150 mg” preparatı
“Carborlatino 150 mg” preparatı
Amma onkoloji xəstələrdən biri bizə bu yaxınlarda “əl altından” aldığı iki dərmanın qutusunu təqdim etdi. Bunlardan biri Səhiyyə Nazirliyinin pulsuz dərman siyahısında olan “Carborlatino” (150 mg) preparatı idi. Deyilənə görə, “Qara bazar”da onun 150 mq-nın qiyməti 50 manatadır.

DƏRMAN AL-VERÇİSİ

Bəzi onkoloji xəstələrin dərman üçün müraciət etdikləri Cavid adlı adamla biz də əlaqə yaratdıq. Ona xəstəmiz üçün bahalı dərmanlardan sayılan “Paclitakcel” adlı dərmanı axtardığımızı söylədik. Əslində Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıya görə həmin dərman dövlət büdcəsi hesabına xəstələrə pulsuz verilməlidir. Amma xəstələr onu pulsuz ala bilmədiklərini deyirlər. “Qara bazar”ın təmsilçisi kimi təqdim edilən Cavidlə söhbətimiz isə bu şəkildə oldu:

- Neçə milliqram? 200, 300 milliqram?..
- 200. Siz bunu nə vaxta təşkil edə bilərsiniz?
- Sabaha.
- Qiyməti necəyə olacaq?
- 260 manata.
- Bu son qiymətdir? Aşağı yeri var?
- Yox, mən sizə ən son qiyməti deyirəm. Bizə heç nə qalmır. Firmalardan barter eləyirəm. Onlara mal verirəm, pulun əvəzinə bu dərmanları verirlər. Özü də bunu reseptlə satıram. Sizin reseptiniz var?
- Var.
- Həkiminiz kimdi?
- Həkimi tanımıram, yaxın adamdı, xahiş ediblər.
- Həkimin adını desəydiniz..., çünki mən bir həkimin xəstələri üçün tapıram bu dərmanı. Az miqdarda olur.
- Niyə az olur? İndi biz çətinliklə tapacağıq bu dərmanı?
- Əslində bu dərmanı pulsuz verməlidirlər. İndi biz də çətinliklə tapırıq, ordan-burdan xahiş edirik, "əl altdan" tapırıq.

ONKOLOJİ DƏRMANLARIN QARA BAZARI NİYƏ YARANIB?

Bu günlərdə Milli Onkologiya Mərkəzi anbarında olan şiş əleyhinə və başqa dərman preparatlarının yeni siyahısını açıqlayıb. İctimaiyyət üçün açıq olan və 230-a yaxın dərman və preparatı əhatə edən siyahıda həm ucuz, həm də bahalı dərmanların adı var. Milli Onkologiyanın rəsmiləri bildirirlər ki, yetərincə dərman alınır və xəstəyə verilir. Belə olan halda onkoloji dərmanların qara bazarı niyə yaranıb?

Adının çəkilməsini istəməyən və Milli Onkologiya Mərkəzində çalışan bir həkim bizimlə söhbətdə bildirdi ki, əməkhaqqının aşağı olması onları xəstələrlə sövdələşməyə məcbur edir:

- Əməliyyatdan sonra xəstəyə kimyəvi terapiya edilir, amma bəzən xəstə özü bizim dərmanların keyfiyyətindən razı qalmır, onda daha keyfiyyətlisini nişan veririk. Əgər həkimin maaşı yüksək olsa, o xəstənin cibinə baxarmı?

Bir də ki, dövlətin dərman təchizatı onkoloji yardım alan xəstənin ehtiyaclarını tam ödəmir. Kimyəvi terapiya pulsuz olanda əsasən ucuz dərmanlar işlədilir, bahalı dərmanlar isə "əl altdan" satışdadır.

QEYDİYYATA DÜŞMƏYƏNLƏR DƏ OLUR

Azərbaycanda rəsmi statistikaya görə, 2010-cu ildə təxminən 28 min onkoloji xəstə qeydiyyatda var, 2009-cu ildə bu rəqəm 26 min 500-dən çox olub.

5 il və 5 ildən yuxarı yaşayanların sayı 2009-cu ildə 11 minə yaxın, 2010-cu ildə isə 11 mindən artıq olub.

Milli Onkologiya Mərkəzinin AzadlıqRadiosuna təqdim etdiyi məlumata görə, son 2 ildə əvvəlki dövrlə müqayisədə xəstəliyin I-II mərhələsində aşkar olunma 3 mindən çox olub. Xəstəliyin ağır forması, III-IV mərhələdə müraciət edənlərin sayı isə 2009-cu ilə nisbətən artıb. Ötən il bu mərhələlərdə qeydiyyata düşənlərin sayı 4 mindən çox olub.

Xəstəliyin mərhələsi Aşkar olunan xəstələrin sayı
2009 2010
I-II 3274 3116
III 2277 2452
IV 1984 2058

"Son illərdə onkoloji xəstələr arasında 5 il və 5 ildən yuxarı yaşayanların sayı getdikcə artır".

Bunu Respublikanın baş onkoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Azad Kərimli deyir. O, etiraf edir ki, heç də onkoloji xəstələrin hamısı qeydiyyata düşmür, bu üzdən onların sayı 28 mindən çox ola bilər. Amma Azad Kərimli son illərlə müqayisədə onkoloji xəstələrin sayının artmasını xərçəngin daha erkən mərhələdə aşkar olması ilə izah edir:

- Xəstəliyin birinci, ikinci mərhələdə aşkarlanmasında vəziyyət xeyli yaxşılaşıb. İndi dünyada əsas problem xəstəliyin erkən mərhələdə aşkar edilməsidir. Adam özü də gərək səhhətinə laqeyd yanaşmasın. Poliklinikalara, ailə həkimlərinə müraciət etsin. Bu yaxınlarda “Süd vəzi xəstəliklərinə qarşı mübarizə aksiyası” keçirildi. Bir gün keçirdik, amma müraciətlərin sayı xeyli artdı. Əksər müraciətdə xərçəng önü xəstəliklər aşkar elədik. Xərçəng riskinin azaldılmasında xərçəng önü xəstəliklərin vaxtında aşkarlanmasının rolu az deyil.

Azad Kərimli deyir ki, Milli Onkologiya Mərkəzi yeddi regional onkoloji dispanseri də dərmanla təmin edir. Eyni zamanda poliklinikalara onkoloji xəstələr üçün lazım olan və reseptlə satılan ağrıkəsicilər göndərilir. O, Mərkəzin dərman və preparatlarla, o cümlədən ən müasir tibbi avadanlıqla təmin olunduğunu deyir.

HƏKİMLƏR REGİONLARA DİAQNOZ QOYMAĞA GEDİRLƏR...

Baş onkoloqun sözlərinə görə, onlar 5 ilə yaxındır ki, “Mobil Diaqnostika Kompleksi” ilə və mammoqrafiya ilə təchiz olunmuş iki maşınla vaxtaşırı regionlara gedirlər. Hər şəhər və rayonda təxminən iki gün qalırlar:

Azad Kərimli
Azad Kərimli
- Məsələn, bu il Şəki şəhərində 495 nəfəri müayinə etdik, 10 nəfərdə xərçəng aşkarlandı. 40-dan çox adamda isə xərçəngönü xəstəliklər, bir nəfərdə isə vərəm tapıldı. Mingəçevirdə isə 850 yaxın xəstənin 21-də xərçəng, 3-də vərəm aşkarladıq.

Azad Kərimli deyir ki, regional dispanserlərdə müasir diaqnostik tibbi avadanlıq olmadığından onların belə səfərləri zəruridir. Amma baş onkoloq deyir ki, Mərkəz imkan düşdükcə, regional onkoloji dispanserlərin də təchizatını yaxşılaşdırmağa çalışır:

- Gəncədəki dispanserə şüa terapiyası üçün ən müasir avadanlıq göndərildi. İndi Gəncəbasardakı xəstələrin şüa üçün Bakıya gəlməsinə ehtiyac yoxdur.

Azad Kərimli həmçinin deyir ki, Mərkəzə, regional dispanserlərə müraciət edən hər bir xəstə zəruri müayinə və müalicə ilə pulsuz təmin olunur:

- Hər həftə dispanserlərdəki həkimlər Mərkəzə hesabat verirlər ki, xəstəni hansı sxemlə kimya-terapiya elədilər. Biz onların da işinə nəzarət eləyirik.

Azərbaycanda xəstəliklə mübarizə məqsədi ilə əksər sahələrdə müasir tibbi xidməti almağı təmin edən klinik protokollar tətbiq olunsa da, onkoloji sahədə buna rast gəlmədik. Baş onkoloq deyir ki, onlar da klinik protokolun tətbiqini nəzərdə tuturlar.

CAVABSIZ SUALLAR

Regional onkoloji dispanserlərə nə qədər dərman preparatı göndərilir? Milli Onkologiya Mərkəz hər il nə qədər dərman alır, hansı ölkələrdən gətirir? Nə qədər dərman istifadə olunur? Bu suallara Mərkəzdən cavab ala bilmədik.

Baş həkim Azad Əbdürrəhimov yalnız onu dedi ki, onlar qeydiyyatda olan xəstələrin sayına müvafiq növbəti ilin dərman ehtiyacları üçün proqnoz verirlər. Bu proqnoza uyğun da büdcə tərtib edirlər. Büdcə təsdiqlənəndən sonra isə tender yolu ilə dərmanlar alınır.

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin direktoru Fərhad Əliyarzadə AzadlıqRadiosuna müsahibəsində onkoloji dərmanların Milli Onkologiya Mərkəzinin xətti ilə alındığını dedi. Onkoloji dərmanları dövlət sifarişi ilə hansı firmanın gətirməsi ilə bağlı suala isə Milli Onkologiya Mərkəzindən cavab ala bilmədik. İnnovasiya və Təchizat Mərkəzinin tenderlərində qalib olan ən böyük dərman firmalarından “Avromed”“Farm-qrup” da bizə onkoloji dərmanları ölkəyə gətirmədiklərini söylədi.

BƏS “QARA BAZAR”I DƏRMANLA KİM TƏCHİZ EDİR?

Əlaqə saxladığımız digər dərman firmaları da onkoloji xəstələr üçün xaricdən dərman gətirmədiklərini bildirdilər. Bəs “Qara bazar”ı dərmanla kim təchiz edir?

Adının çəkilməsini istəməyən həkimi deyir ki, onlar xəstəyə kimya terapiya təyin edəndə pulsuz dərman siyahısındakı ən ucuz preparatları seçirlər:

- Dərman siyahısında bahalı dərmanlar da var, amma biz onları yazmırıq, çünki bu dərmanlar az miqdarda gətirilir və əsasən vasitəçilərə verilir. Xəstə deyəndə ki, bu terapiyanın xeyrini görmür, onda bu bahalı dərmanları məsləhət görürük. Onlar da gedib alırlar.

Müsahibimiz iddia edir ki, dərman üçün ayrılan vəsaitin bir qismi "virtual" xərclənir, bir qisminə isə ucuz dərmanlar alınır. Qalan vəsaitə alınan bahalı dərmanlar isə vasitəçilərə ötürülür. O, həmçinin “qara bazar”a qeyri-rəsmi yollarla da dərmanların daxil olduğunu iddia edir.

Müsahibimin fikrincə, xəstəliklə mübarizədə xəstənin ömrünü uzatmaq üçün mütləq keyfiyyətli, qiyməti baha dərmanlardan istifadə edilməlidir: “Hətta dövlət büdcəsindən ayrılan vəsait qəpiyinə kimi xəstəyə xərclənsə belə, keyfiyyətli kimya-terapiya üçün yetərli olmaz. Deməli, çatışmayan hissə xəstənin hesabına ödənilməlidir. Hər xəstənin xarici ölkədən dərman gətirmək imkanı yoxdur, görünür, bu “qayğını” bölüşənlər var”.

HEÇ KİM MÜALİCƏSİZ GERİ QAYITMIR

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Əbdürrəhimov isə onkoloji xəstələrin müayinəsi, əməliyyatı, kimya terapiyası üçün pul istənilməsi, dərman çatışmazlığı ilə bağlı iddiaları rədd edir. Deyir ki, “bu qapıdan içəri girənlərin heç biri müalicəsiz geri qayıtmır”.

Amma bəzi mütəxəssislər hesab edir ki, 2006-cı ildə onkoloji xəstələrin pulsuz dərman təminatı ilə bağlı Dövlət Proqramının qəbulundan sonra da bu sahədə vəziyyət yaxşılaşmayıb. Statistikaya görə, əgər 2006-cı ildə xərçəngdən təxminən 6500 adam ölmüşdüsə, 2010-cu ildə bu xəstəlikdən ölənlərin sayı 6600-ü ötüb. Hətta 2009-cu ildə xərçəngdən vəfat edənlərin sayı 7 minə çatıb.

ONKOLOJİ XƏSTƏNİN XƏRCİ QAT-QAT ÇOXDUR

Tibb elmləri doktoru, ixtisasca onkoloq olan professor Adil Qeybulla hesab edir ki, onkoloji xəstələrin müalicə-müayinəsi dövlətin nəzərdə tutduğu vəsaitdən baha başa gəlir. Onun fikrincə, onkoloji xəstələrin pulsuz dərmana əlçatımlılığını təmin etmək və bu sahədə şəffaflığı qorumaq üçün ölkədə məcburi tibbi sığorta sistemi işləməlidir:

- Bir onkoloji xəstənin xəstəliyi yalnız cərrahiyyə əməliyyatla yekunlaşmır. Sonradan o, polikimyəvi, radio terapiyalar alır, bunları da nəzərə alsaq, bir xəstənin illik xərci 500 manatdan qat-qat çox edir. Xaricdə sığorta sistemi olduğundan orda xəstələr bu yükü hiss etmirlər. Məsələn, İsraildə özəl klinikada kimya-terapiyanın dəyəri 100 min dollarla ölçülür.

Ancaq Adil Qeybulla onu da deyir ki, kimya-terapiya üçün ucuz dərmanlar da var və onun qiyməti 500 manatı əhatə edə bilər. Amma müsahibimiz ucuz dərmanların elə də effekt vermədiyini də əlavə edir.

Professor deyir ki, onkoloji sahədə klinik protokolların tətbiqi bu xəstəliklə mübarizədə keyfiyyət dəyişikliyi yarada bilər. Amma Adil Qeybulla əlavə edir ki, protokolların tətbiqi heç də dövlət xəstəxanalarında pulsuz müayinə ilə bağlı neqativ halları aradan qaldırmayacaq:

- Bunun üçün icbari sığorta tətbiq olunmalıdır ki, onkoloji və digər xəstələrlə bağlı qanunlar işləsin. Əgər bu sistem işə salınmasa, həkimlərin maaşı onları qane edəcək səviyyədə olmasa, onda bu, əyriliyə yol açan bir məsələ kimi də qalacaq.

TÜRKİYƏDƏ ONKOLOJİ XƏSTƏNİN HİMAYƏÇİSİ

Qonşu Türkiyə xüsusən dövlət idarələrində sığorta sistemini işə saldığı üçün bu sektorda çalışanların tibbi xərcləri maneəsiz qarşılanır. Bunu Türkiyə vətəndaşı Feridun Erduranlı AzadlıqRadiosuna müsahibəsində deyir. Onun sözlərinə görə, yaxın qohumu 5 ilə yaxındır ki, süd vəzinin xərçəngindən əməliyyat olunub:

- Sığortası vardı deyə bütün xərclərini dövlət qarşıladı. Əgər burda sığortan varsa, demək, narahat olmağına dəyməz. Əks halda, çox bahalı əməliyyatdır, əməliyyatdan sonrakı müalicələr çox para tələb edər”.

Ankara Onkoloji Xəstəxanasının adının çəkilməsini istəməyən bir onkoloqu isə deyir ki, Türkiyədə əhalinin əksəriyyətinin ya sığortası, ya da yoxsullara verilən “yaşıl kartı” olduğundan bütün tibbi xərcləri dövlət özü qarşılayır: “Hər bir xəstənin xəstəliyinin mərhələsinə görə öz xərci var. Ona görə də konkret bir məbləğ söyləmək çətindir. Məsələn, xəstə var ki, kimyəvi terapiyası min lirəyə (500 manat), eləsi də var 10 min lirəyə (5 min manat) başa gəlir. Amma Avropaya nisbətən Türkiyədə bu müalicə daha ucuzdur”.

Müsahibimizdən onu da öyrənirik ki, Azərbaycanda “qara bazar”da 260-300 manata satılan “Paclıtakcel” Türkiyədə təxminən 100-150 manat civarındadır.

AZƏRBAYCANDA ADAMBAŞINA 56 MANATLIQ TİBBİ XƏRC DÜŞÜR

Əslində Azərbaycanda da vətəndaşların tibbi ehtiyaclarının qarşılanması üçün dövlət büdcəsindən vəsait ayrılıb. Son 5 ildə səhiyyənin büdcədəki payı təxminən 1 milyard 600 milyon manat təşkil edib. Məsələn, ötən il dövlət büdcəsində səhiyyənin payı 459 milyon manatdan çox olub. Bu isə adambaşına ildə 51 manat deməkdir.

2006-2010-cu illərdə səhiyyə xərcləri arasında dərman və preparatların alınmasına 361 milyondan manatdan artıq vəsait xərclənib. Əgər rəqəmlərin dili ilə danışsaq, ötən il adam başına (2010-cu ildə büdcədən təxminən 104 milyon manat ayrılıb) ilə 12 manatlıq pulsuz dərman düşüb.

Ölkədə tibbi sığorta təklif edən şirkətlərin paketinin dəyəri isə xidmətlərdən asılı olaraq 3 min manatdan yuxarıdır. Sığorta şirkətlərinin birindən dedilər ki, 3 min manatlıq paket üçün şəxs ildə 250 manat ödəməlidir. Başqa bir sığorta şirkəti isə ildə 500 manat sığorta haqqı ödəyən şəxsi 15 min manatlıq tibbi sığorta edir. Hətta ənənəvi tibbi xidmətlərlə yanaşı hepatit, xərçəng, diabetin müalicəsinin, xaricdə müayinənin də daxil olduğu, dəyəri 100 min dollar olan paket də var.

Ölkədə dövlət büdcəsindən dərman preparatlarına ayrılan vəsaitlə başqa sahələrə ayrılan məbləği müqayisə etmək də maraqlı olar. Məsələn 2007-ci ildə dövlət müəssisələrinə maşınların alınmasına 86 milyon, dərman preparatları üçün isə 59 milyon manat vəsait ayrılıb.

2006-cı ildə səhiyyə xərcləri dövlət büdcəsinin 4 faizini təşkil edirdisə, son illərdə bu rəqəm 3 faizə enib. Ümumdaxil məhsulda isə səhiyyə xərclərinin payı son illərdə cüzi artıb. 5 il əvvəl ÜDM-da səhiyyə xərci 0,9 faiz, 2010-cu ildə isə 1 faizə çatıb.
Müqayisə üçün deyək ki (İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Təşkilatın – OECD-in məlumatına görə), inkişaf etmiş ölkələrdə bu göstərici 8-11 faiz civarındadır.

“SƏHİYYƏ SİSTEMİ SOVET MEXANİZMİ İLƏ İDARƏ OLUNUR”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin sədri Azər Mehtiyev hesab edir ki, Azərbaycanda səhiyyə sahəsinin maliyyələşdirilməsi hələ də sovet qaydalarına uyğun aparılır. Yəni, mövcud səhiyyə obyektlərinin maliyyələşməsindən qırağa çıxmır:

- Hələ də nə icbari tibbi sığortanın tətbiqi, nə də xəstəxanalarda adambaşına maliyyələşdirməyə keçidi ilə bağlı ciddi addımların şahidi oluruq. Bunun da nəticəsidir ki, səhiyyənin büdcə xərclərinin 80 faizi tibbi personalın əmək haqqına gedir.

Müsahibimiz xatırladır ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, hər hansı ölkədə normal səhiyyənin təşkili üçün onun Ümumdaxil Məhsuldakı payı ən azı 5 faiz civarında olmalıdır: “Amma statistikadan da görünür ki, Azərbaycanda bu, 1 faizdir və 5 dəfə geri qalır.

Adambaşına səhiyyə xərcləri təxminən 80-85 dollar təşkil edir, bunun özü də Ümumdünya Səhiyyə Təşkilatının inkişaf etmiş ölkələr üçün nəzərdə tutulan (adambaşına 150-200 dollar) normadan da aşağıdır”. Azər Mehtiyevin fikrincə, elə bunun özü ölkədə normal tibbi xidmətin təşkil edilmədiyini göstərir.

“MİLLİ STRATEGİYAYA EHTİYAC VAR”

Ümumdünya Səhiyyə Təşkilatının qeyri-yoluxucu xəstəliklər üzrə eksperti Sevil Əliyeva deyir ki, onlar indiyə kimi Azərbaycanda onkoloji xəstələrlə bağlı vəziyyəti araşdırmayıblar: “Amma ölkədə bu xəstəlik artıq ölümün əsas səbəblərdən biri kimi özünü göstərir. Gələn il planlaşdırmışıq ki, onkoloji xəstəliklərə tutulmanın qarşısının alınması üçün Milli Strategiya hazırlanmasını təklif edək. Daha doğrusu, bu strategiyanın hazırlanması üçün Azərbaycan hökumətinə dəstək verəcəyik. Təbii ki, burda risklərin azaldılması ilə yanaşı ilkin tibbi xidmətə əlçatımlılıq ilk yeri tutacaq”.

XƏSTƏ YAXINLARININ ÇƏKDİKLƏRİ ZÜLM...

Bakı sakini Samirə Abbasova deyir ki, Türkiyədə həkimlər bacısına 2 il, burda isə 6 ay ömür qoyublar: “Bacım 5-6 ay əvvəl əməliyyat olunub. Bacı-qardaş bir yerə yığışıb əməliyyatın pulunu ödədik. Amma kimya terapiyası bizi yıxıb-sürüyür. Əlimizdə son olanımızı, varımızı yoxumuzu qoyuruq. İkili hiss arasında yaşayırsan, həm artıq borcun altında əzilirsən, fikirləşirsən ki, onun bir ay artıq yaşamasından ötrü sən çörəyə möhtac olacaqsan. Həm də istəyirsən, əlindən gələni edəsən ki, əzizin iki gün də artıq yaşasın. Çox ağır hissdir...
XS
SM
MD
LG