Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:42

Əjdər Ol "Rafiq Tağı ki Rafiq Tağı" (Portret hekayə)


Əjdər Ol
Əjdər Ol
Necə deyə bilərəm ki, Rafiq Tağı ilə mənimki tutmur?! Zarafat deyil, yalançılar sözü olmasın, bu günəcən onunla bir ton çörək kəsmişik, xeyirdə-şərdə yanaşı oturmuşuq, yol yoldaşı olmuşuq, ərklə bir-birimizin yazdıqlarını eninə-uzununa isladıb çırpmışıq, kalan mübahisələr eləmişik…

Bəzən bir-iki saatlıq, bəzən bir-iki günlük aramız sərniyib, bir-birimizə yanpörtü baxmışıq. Sonra təzədən isinişmişik, necə deyərlər, çəkişib bərkişmişik. Amma, bütün bunlar o demək deyil ki, onun qələmindən tam sığortalanmışam. Rafiq bəydir, bir də gördün beyni qızdı, siyasətçidən tutmuş ədəbiyyat adamlarına qədər neçələri kimi mənim də pişiyimi ağaca dırmaşdırdı.

Rafiq Tağıdan qoruna bilməkdən ötrü gərək işi yaş olan hər bir kəs onu yaxşı tanısın və bu «naüzibillah» adamdan min ağac uzaq olmağın fənnini öyrənsin. Mənim canıma cəfa basıb bu sicilləməni yazmaqda bir məqsədim də gələcək «zərərdidə»ləri bəzi incə mətləblərdən duyuq salmaqdır.

Rafiq Tağının bağladığı vedrələrin (adam dolamaqda, yetənə yetib, yetmədiyinə vedrə, özü də əməlli səs çıxartsın deyə, kauçuk yox ha, alüminium vedrə bağlamaqda dəf mütəxəssis olan güləş Murad Köhnəqala yada düşür) danqıltısını çox eşitmişik. O, yaxasından yapışdığının leşini sürüməmiş əl çəkən deyil. Əndrəbadi bənzətmə olsa da, necə ki, killer aradan götürmək istədiyinin cəmdəyinə üç-dörd güllə boşaltdıqdan sonra onun gicgahına bir «kontrolnu» sıxır, Rafiq bəy də qəzetdə-məzetdə qabağına qatıb qovduğunun nəfəsini qaraltmayınca köpü yatmaz. O, axıracan gedənlərdəndir.

Yetmişinci-səksəninci illərdə ədəbi mühitdə çoxları həcvgu şair Şamxal Rüstəmin biədəb qələmindən tük salardı. Şamxal balaca dara-bara eləyən qələm dostlarından girinə keçənin məzələnə-məzələnə abrını ətəyinə büküb, xoruzunu qoltuğuna verərdi. Amma, indi Şamxal Rüstəm koroğluluğunu yerə qoyub, dişləri tökülmüş qoca yalquzağa oxşayır, daha heç kəs ondan qorxmur.

Bir an Şamxal Rüstəmi xatırlatsa da, Rafiq Tağı şəbədə qoşmaq sənətində bambaşqa qələm sahibidir.

Baş aparıb Rafiq Tağıdan yazıramsa, gərək lap başdan başlayam. Yəni, onun özünə görə olmayan arıq-uruq canının təsvirindən. Bu da halva deyil. Əvvəla, ona görə ki, Rafiq Tağının orda-burda (qəzetdə, jurnalda, kitabda) şəklini görənlər həyatda onunla min dəfə üz-üzə gəlsələr, nişan verən olmasa, qətiyyən bu əzvay yazıçını tanımazlar. Rafiq bəy böyüklü-kiçikli ədib bacı-qardaşlarından çox-çox fərqli olaraq, məsələn, Nizami, Məhsəti, Nəsimi, Füzuli, Vaqif, Saib Təbrizi (bunların portretini rəssam təxəyyülü yaratsa da), canım sizə desin, Axundov, Bakıxanov, Üzeyir bəy, Mirzə Cəlil, Sabir, Hadi kimi bircə şəklilə tanınır. Sanki, onun ayrı şəkli-zadı yoxdur. O, qismət olsa, ədəbiyyat müntəxabatlarında yer tutacaq «qəşəng şəkil» məsələsini həll eləyib.

Rafiq (qızışdım, «bəy» əlavəsi yaddan çıxdı) bu məşhur şəklində cılız, ordubatıq olsa da, xeyli cavandır, hətta bazburutdu görünür. Dəstgaha baxın: qara kostyum, ağ koynək, ciddi qalstuk, münasib sağanaqlı eynək, ədibanə fors, geniş alın, hələ yerində möhkəm qərar tutmuş gur şəvə saçlar, nikbinliyə meylli dodaqlar, sanballı bığ və bütün bunları özündə cəmləşdirən onun «ilham vəziyyəti»ndəki anı.

Rafiq bəy bu şəkli redaksiyalara, nəşriyyatlara, mətbəələrə verib-almaqdan yorulmur. Bu şəkil artıq ona qanı qaynayan və onu burunlayan bütün qəzet redaksiyalarının kompüterlərində həkk olunub. Onun heç bir oxşarı olmayan yek şəkli bütün çap olunan yazılarının parovozudur. (Təzəlikcə Rafiq Tağı ilə oturan yerdə, köhnələrin dililə desək, «şiklimi atdırmışam». Gələcəkdə onun tutmacası tutub mənə ilişib-eləsə, həmin «şikli» uzun şəkilaltı sözlə qəzetlərin birində yapdırıb, onu təkşəkilli klassiklərin cərgəsindən aşırdacağam, bunu bilsin.)

Bu tək şəkil Rafiq bəyin pozitiv şəklidir. O, indiki görünüşünü yəqin özünün neqativi sayır. Necə ki, «Pozitiv. Neqativ» kitabının üz qabığında bu şəkillə yanaşı, indisinə işarə ilə həmən şəklin neqativini də verib. Hətta, eyni adlı bir hekayə də yazıb.

Çoxbilmişlərdən biri mənə dirsək göstərib deyə bilər: «Rafiq Tağının «Düşmənimin xatirinə» kitabındakı şəkli başqadır». Mən də onun sözünü ağzında qoyub deyərəm: «Həmən şəkil Rafiq bəyin məşhur şəklindən çox-çox qabaq çəkilib, onda dostum hardan bilərdi, vaxt gələcək gözəl-göyçək bir şəkli meydana çıxacaq, əlinin içini iyləməmişdi ki…»

İndi də Rafiq bəyin mənim onunla tanışlığımın yaşıdı, bəlkə də böyüyü olan qara, köhnə vaxtların kiçik çamadanına oxşayan yumşaq dərili «diplomat» çantası haqda bir neçə kəlmə. Bu qara «diplomat»dan nələr çıxmır?! Əlyazması, kitablar, qələm, uşaqlara «snikers», tonometr, yanında fonendoskop, birdəfəlik şprislər, cürbəcür «medikament»lər (axı, o, həkimdir), buzlu toyuq, mandarin torbası, bir cüt banan və sair və ilaxır. Son on-on beş ildə iri bir qarışıq mallar mağazasının malı girib-çıxıb bu «diplomat»a. Bu «diplomat» Rafiq bəyin yük yeridir, yəni heç vaxt maşını olmadığından «baqajnik»idir. Mistik duyğular oyadan, ilin dörd fəslində aramızda dolaşan bu dördkünc maddi kölgəni (qara sevdalı mistika aşiqi Adil Mirseyidin Rafiq bəyin «diplomat»ına bir düzüm şer həsr etməməsi məni təəccübləndirir) bir neçə dəfə əlimə alıb, gözəyarı çəkisini yoxlamışam, dolu vaxtı 5-7 kilo ağırlığında olur. Adı çəkilən çantanın uzaqbaşı 8 kiloqram yük tutumu var.

Bu «baqajnik»lə bağlı bizim…

Paho… Qapımızın zəngi çalındı. Qələmi vərəqə çırpıb yerimdən dik qalxıram və dodaqaltı deyinə-deyinə candərdi qapıya sarı gedirəm. Görəsən, hansı mərdümazardır əlimin üstünə gələn?

…Hə, gəldim. «On üçüncü qabırğa»nı, qohumbalanı birtəhər (41 dəqiqəyə) başdan elədim.

İlan-qurbağa yazıma baxıram: «Bu «baqajnik»lə bizim… (kələfin ucunu tapdım) ailənin də xüsusi bir xatirəsi var.

Səhv etmirəmsə, ötən əsrin doxsan dördüncü ilinin axırına yaxın aylardan biri idi. Bakıda ərzaq qıtlığı hökm sürürdü. Xalqı xoşbəxt eləməyə girişən «Vahidbank» əmanətçilərə verdiyi aylıq bank faizini otuza qaldırmışdı. Tüğyan edən inflyasiyadan yaxşı pul qıran «Vahidbank» mağazalar şəbəkəsində aylıq faizlər əvəzinə əmanətçilərə talonla verdiyi ərzağı od qiymətinə fırıldadırdı.

Rafiq Tağı da «Vahidbank»a pul qoyubmuş. Nə qədər? Bunu bilmirəm. Hər halda Rafiq bəy kimi lütün birinin bankda sanballı əmanəti ola bilməzdi. Qərəz, günlərin bir günü o, axşamüstü bizə zəng çaldı və bildirdi ki, yarım saata sizdə olacağam. Düz yarım saatdan sonra Rafiq bəy özünü yetirdi və bizə qardaş köməyi gətirdiyini deyib bayaqdan haqqında naqqallıq elədiyim qara «diplomat»ını şəstlə açdı.

«Diplomat»a səliqə ilə yerləşdirdiyi makaron, pesok (şəkər tozu), qreçka (qarabaşaq yarması) torbalarını, sıx-sıx kağıza bükülmüş yarımkiloluq (çox olmazdı) kərə yağı, «squşonka»nı (qatılaşdırılmış südü), xırda doğranmış «rafinad» qənd qutusunu, buzlu «Doux» toyuğunu ərklə stolun üstünə düzdü.

Həmin anda Rafiq bəyin işıqlı üzü projektor kimi göz qamaşdırırdı. O, böyük bir işi başa çatdırmış adam kimi rahat və xoşbəxt görünürdü.
Rafiq bəyin qara dərili (Rədd olsun irqçilik!) «diplomat»ı milli iqtisadiyyatımız, səhiyyəmiz və ədəbiyyatımız qarşısında özünə görə xidmətləri olan hörmətə layiq bir zaddır. (Sitatın sonu.)

İlin dörd fəslində Rafiq Tağını «diplomat»sız görməzsən.
Yayın cırhacırı… Qısaqol ağ köynəkdə Rafiq bəy küçəni keçir. Əlindəki də əlində. Yəqin, iki işin (O, iki yerdə həkimlik edir.) birindən qayıdır.
İkinci görünüş: Payızın mısmırığını sallayan vaxtı… Əyninə yaxası düyməli bozarmış qara jaket geymiş qələmə (yəni içi içindən keçən) və qələm dostum dayanacaqda 10 nömrəli trolleybusu gözləyir.

«Trolleybus» dedim, yadıma bir əhvalat düşdü. Rafiq bəy («bəy» sözü sizi qıcıqlandırmasın, o, bu sözü bütün tanış-bilişinə yaraşdıra bilir) ekstremal yazıları ilə iqtidarla çiling-ağac oynayan vaxtlarda şair Əlisəmid Kür onun qarşısını kəsib həm əllə, həm də dillə deyir:

– Rafiq, (soruşacaqsınız, bəs Əlisəmidin «bəy»i harda qaldı? Mən də sizə deyəcəyəm, Əlisəmidə olar), yığışdır o cəncəl yazıları, trolleybusla-tramvayla gedib-gələn adamsan, cangüdənin zadın da yox, sənin qanını şoruldatmağa nə var…

Rafiq bəyin cavabına fikir verin:

– Yamyamlar (adamyeyənlər) ölkəsində yaşayırıq?!

«Yamyamlar» sözündən qaşınma tutub üz-gözü əyilən Əlisəmid Kür siqaretinə od vurub sarı Tula samovarı kimi pıqqıldaya-pıqqıldaya ondan aralanır.

Doğrudan da, trolleybus-tramvay Rafiq Tağının sevimli və əlverişli nəqliyyat vasitələridir. Bakımızın meri Abutalıbovun Rafiq bəygilin evinin yanından keçən tramvay xəttini sökdürdüyünü görəndə tramvaycıl dostumu düşünə-düşünə ürəyimdən qara qanlar axırdı.

Qapıları şaraq-şuraq açılıb-örtülən, trolleybusdan fərqli buynuzlarının tokdan çıxması ilə mənzil başına çatmaqda adamı dəngül-düngül «podvadit» eləyən, özü demişkən, «içi azadlıq havalı», babuşkalarla zəngin Bakı tramvayları Rafiq bəyə illərlə çaşqa-loşqa olduğu moskvalı dost-tanışlarını xatırlamaqda araçılıq eləyirdi. Eh… Dalağım sancıb, deyəsən, Bakıda tramvay xətlərinin bir ucdan sökülməsinə məhz Rafiq Tağı baisdir. Axı, Bakıda ondan çox tramvaydan istifadə edən yoxdur. (Elə yaxşı eləyirlər, iqtidara az sataşsın.) Hayıf o xətlərdən! Necə də bir başıpozuq sərnişinin diliuzunluğunun güdazına getdi…

Üçüncü mənzərə: Başında qara kepka, əynində təzəcə aldığı qəhvəyi gödəkçə (keçən qış nimdaş paltosunun dalından dəyib) Axundov kitabxanasının pilləkənləri ilə yuxarı qalxır, ağır «baqajnik»i də özü ilə. Rafiq Tağının bütün əlyazmaları «diplomat»ında dəm alıb çıxıb, ən azı Axundov kitabxanasından evlərinə qədər olan məsafə boyu. Çünki, o, Moskvadan Bakıya köçəndən sonra iş otağı kimi məhz bu kitabxananın iri oxu zallarını seçib və yazdıqlarının hamısını burda yazıb. (Moskvada yazdıqları «Leninka»nın yadigarıdır.) Elə buna görə də bu möhtəşəm bilik sarayına ən çox ayaq döyən oxucu və yazıçı kimi gələcəkdə heykəli olmasa da, Axundov kitabxanası kimi mötəbər bir binanın harasındasa onun balaca, ucuzvari büstünün qoyulmasına indidən razıyam.

Dördüncü qarşılaşma: Xeyrə-şərə və qalan bütün tədbirlərə ütülü-mütülü geyib getdiyi qara kostyumu əynində olan Rafiq bəy, tutalım, Bakı İncəsənət Mərkəzinin sərgi salonundan çıxır. Mərkəzdə rəssam Yusif Mirzənin norveçli səyyah Tur Heyerdalın xatirəsinə həsr etdiyi sərgisi açılıb. Deməli, Rafiq bəy dostumuz Yusifin ona bağışladığı bahalı kağızda çap olunmuş «buklet»i indicə «diplomat»ına qoyub, işlənməkdən köhnələn və yaxşı bağlanmayan qapağını yerinə oturtduqdan sonra onun yeyilmiş cəftəsini güclə yerinə dürtüb.

Bir gün eşitsəniz ki, qələm dostumun «diplomat»ından odlu silah, məsələn, pistolet, Kalaşnikov avtomatı (Sökülməsə, çətin yerləşər), qumbara çıxıb, matınız-qutunuz qurumasın. Özümdən heç nə uydurmuram, Rafiq bəy bu barədə ağzından «utka» buraxıb.

Onun «İki Tağıyev İlqar» hekayəsi çap olunandan sonra mətbuatda və «klassik» AXCP-çilərin yığıncaqlarında böyük səs-küy, vur-çatdasın başladı. (Rəhmətlik Əbülfəz Elçibəy barədə yazılan nataraz cümlələrə görə.) «Klassiklər»lə möhkəm dartışan vaxtlarda bir gecə Rafiq bəygilə zəng edən gənc səsinin cır və qəzəbli yerinə salıb ev yiyəsinə bəyanat verir: «AXCP «klassiklər» qanadının gənclər təşkilatı səni («sizi» yox ha) qətlə yetirmək barədə yekdil qərar qəbul edib».

Rafiq bəy cin atına minmir?! Və dərhal əks hücuma keçir: «Get, öz qanaddaşlarına de ki, çox o yan-bu yan eləməsinlər, tüpürərəm hər şeyə, evimi satıb verərəm partladıcı maddələrə (Vurhavurda bunun danışığının səliqəsinə baxın!), gətirib sizin bütün cəbhəçilərinizi binaqarışıq partladıb yerlə-yeksan edərəm!»

Mən Rafiq bəyin tünd xasiyyətinə bələdəm, eləyər, eləyər.
Xırdalasaq, görün bu bircə cümlədə onun kimliyini göstərən nə qədər incə məqamlar gizlənib.

«Evimi sataram» – yəni, silah –sursata pulum yoxdur, yəni, bərk ayaqda borc pula, onun-bunun hesabına iş görüb özümü abırdan salmaram, yəni, öz külüm də AXCP əhlilə göyə sovrulandan sonra oğul-uşaq miras borclarımın xəcalətini çəkməz və nəhayət, yenə də yəni, mən də mənəm.

Hə, yeri düşmüşkən, onu da deyim ki, Rafiq bəy haqq-hesabda düzlüyə son dərəcə qail adamdır. Borc pul alıb dalına keçən qələm sahiblərindən və başqalarından deyil.

Rafiq Tağı, doğrudan da, haçansa şərəf naminə terrorçuluğa əl atmaq üçün evini satsa, aldığı «limonka»ları mütləq «diplomat»ına yığacaq. Onun «baqajnik»inə üç sıra, beş-beş düzsək, düz on beş «limonka» yerləşər.

Yaxşı ki, cəbhəçilərin «klassik» qanadı çox dirənmədi. Yoxsa, Rafiq bəyin əlindən xata çıxacaqdı.

Düzdür, uzun çək-çevirdən sonra «ANS»-də onun dilindən «Üzr istəyirəm!» qopartdılar. Ancaq, gözünə döndüyüm günahkar, «klassiklər»dən deyil, üzrü Elçibəyin ruhundan dilədiyini bildirdi.

Rafiq Tağı
Rafiq Tağı
Onun vur-tut ikicə yolu vardı: ya qarşı tərəfdən üzr istəmək, ya da terrorist olmaq. (ABŞ-ın qulağına qurğuşun!) Yaxşı ki, o, terrorist olmadı, elə bircə bin Laden yazıçımız çatışmırdı.

Yazıçı Anarın bu mövzuda Rafiq bəyə atmacasını da yada salaq. Qulağımla eşitdim, Anar müəllim Yazıçılar Birliyinin «Natəvan» klubundakı yığıncağında Birliyin bu ərköyün üzvünə üz tutub dedi:

«Elçibəyin şərəfini qoruyan təşkilat vardı, ona görə mərhumun ruhundan üzr istədin, amma Mirzə Cəlilin arxasında duran dılğır bir qurum olmadığı üçün onun incik ruhundan (Rafiq Tağı bir yazısında xərifləyib Mirzə Cəlili «ədəbi kollaborasionist» adlandırmışdı) üzr istəmək yadına düşmədi».

Aradan xeyli müddət keçib, hələ də Rafiq bəy Anarın bu sərrast ittihamına yönlü və yaxud yönsüz bir cavab verməyib.

Qələmi yerə qoyuram, köhnə vaxtlarda dediyimiz kimi, burda bir «perekur».

Əşşi, postmodernizm yançısı Həmid Herisçilə hardan bizə ürcah oldu? Modernizmi keçdik ki?! Hayıf deyildi, fikirlərimizi qələmimizin iynəyə bənzəyən ucu ilə sapa muncuq kimi düzə-düzə gedirdik. İndi dəbdə olmaq üçün gərək oxucuya xəbərdarlıq-zad eləmədən qəfil gedişlər edəsən, gözbağlaycıfason fokslar göstərəsən.

Daha iş işdən keçib. Həmid də özümüzünküdür, onun postmodernist qıdıqlamaları Rafiq Tağının «ilham atlarının mehtəri» adlandırdığı (Nə qansız adamdır bu R.Tağı?!) Vaqif Yusifli haqqında yazdıqlarının yanında toya-bayrama getməlidir.

Qərəz, postmodernizm kirvənin də könlünü aldıq.
Valı çevirib, havanı dəyişək.

Deyəsən, Allah Rafiq Tağını yaxşısını-pisini saf-çürük eləyənlərindən biri kimi yaradıb. Rafiq bəy gücsüz, yazıq, imkansız, bədbəxt, mağmın və bu seriyadan olan adamların həm dostu, həm də sözçüsüdür. Onun üçün, məsələn, il boyu səhərdən axşamacan «Azərbaycan» nəşriyyatının yan-yörəsində gicəllənən İlyas Ərnəfəs hər hansı ətli-canlı kişi, incə-mincə, xanım-xatın qadın millət vəkilindən çox-çox maraqlı tip və bədii obyektdir. O, bir ayağı o dünyada olan, huşu getmiş, haqqı tapdanan qocaya görə istənilən yekə adamı güdaza verməyə hazırdır. Onun demokratiyasında zərrəcə güzəşt yoxdur.

Cəmiyyətdə problemlər yaradan obyektiv səbəbləri sadalayanda Rafiq bəy döyükə-döyükə sənə baxsa da, danışdıqlarının axırda beş qəpiklik qiyməti olmur.

Ay nə bilim, təzəcə qazandığımız dövlət müstəqilliyi, keçid dövrünün əngəlləri, Qarabağ müharibəsi, qaçqınlar, superdövlətlərin siyasi məngənəsində sıxılmağımız, iqtisadi gerilik – Rafiq bəyin demokratiya şüuru bunları nəzərə almır. Onun nəzərində demokratiya demokratiyadır, vəssalam!

Bayaq təxminən belə dedim ki, Rafiq Tağının tənqidi yırtıcı tənqiddir. Tənqidçi Vaqif Yusiflidən sitat gətirək: «Yazıçılar, özünüzü Rafiq Tağıdan qoruyun!» Zırıltı kəlamdır. Bu sözü elə-belə adam desəydi, fikir verməzdik, ancaq, avtoritetin sözündən sonra, indi Rafiq Tağını görəndə şəkkə düşürsən. Hətta, hərdən onun kamikadze kimi şübhəli davranışından ürəyin düşür. Allah, özün saxla!

Bilirsiniz ki, dozasına görə tənqidlər müxtəlif cür olur. Rafiq bəy bu məsələdə zəhər tuluğudur və onun saçmaları tənqidin sonuncu, öldürücü stadiyasıdır. Qabaqlar elektrik dirəklərində xəbərdarlıq lövhəsi asılardı və onun ruscadan tərcüməsi beləydi: «Əl vurma, öldürər!» Bax, Rafiq bəy də hərdən həmin elektrik dirəklərindən birinə dönür.

Onun yaşıdları gözlərini açıb ədəbiyyatda (elə siyasətdə də) ötəri, miyana, elə-belə, «xala xətrin qalmasın» tənqidlər görüblər. Uzun-uzadı tərifdən sonra cüzi, nəsihətvari iradlar eşidiblər. Məsələn, rəhmətlik Mirzə İbrahimov tanınmış dövlət adamını bacardığı qədər geninə-boluna öyəndən sonra deyir: Əziz yoldaş… icazə verin, bir az da sizi tənqid edim… Pauza. Rəyasət Heyətinin tən ortasında oturmuş həmən əziz yoldaş arif olduğu üçün ona məlum, lakin başqalarına naməlum üslubda tərifin qabağında xeyli təmkinli və toxdaq görünür. İclas iştirakçılarının isə gözləri bərəlir. Necə? Tənqid? Baho, deyəsən, hörmətli Mirzə müəllim çaşıb.

Bu dəm Mirzə müəllimin yastı səsi yenidən eşidilir:
– Əziz yoldaş… Siz çox işləyirsiniz, özünüzü yorursunuz, səhhətinizlə lazımi qədər məşğul olmursunuz. Xahiş edirəm, hərdən istirahət edin, sağlamlığınızın qeydinə qalın, siz xalqa çox lazımsınız.
Və salondakılar, elə Mirzə müəllimin özü də zəif, seçmə tütün doldurulmuş qəlyanın saçaq-saçaq tüstüsünə oxşayan rahathülqum bir nəfəs alır… Əla! Fantan! Neynədi əəə Mirzə müəllim!

İndi adamlar qazdan ayıqdır, belə tənqidlər yerimir. Obyektiv, bütöv tənqidlər olmasa da, fısqırıq öcəşmələr, «Dartma, yaxam cırıldı!» notları üstə boğuşmalar baş alıb gedir. Ancaq, motivindən və keyfiyyətindən asılı olmayaraq, finişə çatan tənqid lap azdır.
Niyə ədəbi, ictimai-siyasi tənqidlərdə müəyyən hədd gözlənilir?! Hə, bax, indi sarı simə toxunmalı olacağam.

Deyək ki, bir məşhur müxalifət nümayəndəsi başqa bir tanınmış iqtidar yetkilisini, əski və sürtük ifadə ilə desək, tənqid atəşinə tutur. Deyir, deyir, deyir… gəlib bir sərhəd ki var, ora çatanda dayanıb dəvə kimi xıxır. Yaxşı bilir ki, daha həddi aşmaq olmaz. Axı bundan o yana ikisi də eyni cür qələt qarışdırırlar. Bir az da aydınlaşdırıram; yığıb altını doldurmaq ehtirası, araçı, işdüzəldən kimi gecələr səlahiyyətli adamların qəbul otaqlarında üz-üzə gəlmələri, dəbdəbəli yaşam tərzini qazanmaqdan ötrü nəyə desən razı olmaları, kef, bazlıq məsələləri onları bir-birinin yanında boğaz eləyir. Belə məqamda onlar, dəllallar kimi razılaşma yolu ilə susurlar.

Rafiq bəyin yeyib-içdiyini zəhərə döndərən, şəkildən-şəklə düşən belələridir.

Son on ildə Rafiq Tağıdan çoxlarının ağzı yanıb.
Vaxt vardı o, bütün müxalifət qəzetlərinin ən dəbdə olan yazarı-yazıçısı idi. «Rafiq bəy, orda oturma, burda otur!» Bir oyun durğuzurdular, gəl görəsən. Ambisiyalılar hamısı rəqibinin əleyhinə ondan bəhrələnmək istəyirdi. Ancaq, qoltuğuna qarpız verdiklərini sonradan peşman eləmək Rafiq Tağının köhnə ibnəsidir. Rafiq bəy «Qırmızı dastan» kimi yazıları yazanda müxalifət camaatının əziz-bircəsinə çevrilmişdi. Onu «bəh-bəh»lə, xahiş-minnətlə partiyaya qəbul eləmişdilər, hətta əlüstü, sorğu-sualsız Siyasi Şuranın üzvü seçmişdilər. Elə ki, «Göy dastan» ortaya çıxdı, ondan soyudular, o, öz həmfikirlərini tənqid edəndə isə «əqidə» dostlarının əlləri yanlarına düşdü. Daha sonra yazdıqlarının bəhrəsi bu oldu ki, bütün müxalifətdə duran partiyalı qəzetlər ona əyri-əyri baxmağa başladılar və müxalifət Rafiq bəyin pisini vurdu. Axırda Rafiq bəyin gözündə müxalifət, müxalifətin gözündə Rafiq Tağı çürük çıxdı.

Artıq Rafiq Tağı müxalifətçilər üçün arzuolunmaz şəxsdir. Daha hər hansı bir müxalifət rəhbərinin nəyinə lazımdır «boşboğaz»ın birisini özünə yaxın buraxıb, olsun pis kişi. İndi həmin adamların onun haqda fikri məlumdur: «Rafiq Tağı vızqırdacaq!»

Daha Rafiq Tağı bütün siyasi təşkilatlardan gen gəzir, bitərəfdir. Ancaq o, bitərəf kimi yenə də şərəşür, ipə-sapa yatmazdır.

Bu yazıçı siyasətçilərin başına gətirdiyi oyunu indi də yazıçıların başına gətirir. O heç vaxt oxu atıb, yayını gizlətmir. Ümumi giley-güzar edib «Ad çəkmək istəmirəm» ifadəsini qətiyyən işlətmir, düznəquludur.
Bayaq başqa cür demişdim, indi də bakılılar demişkən, alayı cür deyirəm: dili şirin, qələmi acı olan Rafiq Tağıdan çoxlarının xoşu gəlmir, nəinki xoşu gəlmir, hətta zəndeyi-zəhləsi gedir. Bunlar adi adamlar olsaydı, dərd yarı idi. İllət burasındadır ki, həmən adamların əksəri bərkgedən tanınmışlar, Telman Orucovun sözü olmasın (lap olsun!), «qoliaf»lardır. Amma, insaf da yaxşı şeydir, gərək onu da deyək ki, meydangirliyindən və «lotuluğ»undan qalmayan bu «yaramaz»ın Zəlimxan Yaqub kimi bir məzhəbə qulluq eləyənlərdən heç vaxt solaxay yazısı olmayıb, olmayacaq da. Onun işi nala-muxa vuranlarladır.

Rafiq bəy qayğıkeş və «kəllə» həkimliyinə, adam içində ipək xasiyyətinə (dostumuz Paşa Qəlbinur kimi), yumşaq, lirik-psixoloji hekayələrinə görə böyük hörmət sahibi ola bilərdi, amma…

Amma, hayıf ki, onun buynuzu da var. Bir də gördün qəfildən kimisə götürdü buynuzuna.

Bir neçə müddət bundan əvvəl yenə onun beyninin qurdu tərpəndi.
Hər il uzunmüddətli Əylis səfərinə çıxıb oradan «dərs gətirməyə» (Əbdürrəhim bəyi də yad edək!) gedən şirin-şəkər Əkrəm Əylisli bu il də döş oğlan kimi Bakıya qayıdanda Rafiq bəy onu burunlayıb qəzetdə haylı-haraylı qələm dostuna papaq atdı: «Əkrəm Əylisli ictimai rəylə gizlənpaç oynayır». Yəni o, nahaq yerə Əylisə gedib-gəlməyini dilə-dişə salıb fors eləyir. Kiminsə öz kəndində lövbər salmağı nə matah şeymiş?

Əkrəm Əylisli Rafiq Tağının bu atmacasını eyninə almadı. Çünki Rafiq bəy haqqında mötəbər sözünü o, bildir, ya inişil deyib: «…Dostum Rafiq Tağı da orijinal görünməyin köhnə bazıdır, ixtisaslı həvəskarıdır». (Yəni Rafiqin dediklərinə bir qoz).

Rafiq Tağının çoxlarında olmayan bir yaxşı xüsusiyyəti var. O, haqlı oldu-olmadı, qaraladığı adamdan vur-tut bircə dəfə, amma karlı yazır. Məsələn, mən inanmıram ki, bu zəqqumçu «kişünas» (rəvayətə görə, elmi işi «ki» bağlayıcısından olduğu üçün mərhum dostu Vidadi Məmmədov bir zaman Kamil Vəliyevə zarafatla «kişünas» deyirmiş. Bu xəbər Rafiq bəyə indi çatıbmış kimi o, «kişünas»ı mənfur mənada ortaya ataraq, Kamil Vəli Nərimanoğlunu «Dədə Qorqud» kannibalı (düdəmə sözləri hardan tapır ey bu?!) adlandırıb və əlbəttə, kişinin xətrinə dəyib) Kamil Vəli Nərimanoğludan haçansa dübarə nəsə yazacaq. Hətta gələcəkdə Kamil müəllim yazılarında və teleçıxışlarında onu sancsa da… necə ki, indi belə eləyir.

(Bir-biri haqda yorulmadan, usanmadan «çevir tatı-vur tatı» döyənək, horra yazılar yazan qələm düşmənlərini heç cür anlaya bilmirəm. Deyək ki, cavanların beyni qandır, anlamırlar, bəs, bu ağsaqqallara nə xəbərdir?!)

Rafiq Tağı ilə mübahisələrim barədə…

Onun Qərblə Şərqi müqayisə edən və ikincini ayağa verən yarıfəlsəfi, yarıbədii yazısını (Qərəz janr deyil!) qəzetdə oxuyaraq dostumun xeyli subyektiv fikirlərindən incik düşüb ona zəng edirəm və iradlarımı bildirərək moizə oxuyuram:

– Ay Rafiq bəy, Şərq barədə belə qəzəbli, ümumi yazılar yazma, axı, Şərq geniş anlayışdır, sənin dediyin kimi, «şər mənbəyi» deyil. Uzaq Şərqdən tutmuş Orta, Yaxın Şərqə qədər bir məsafə birləşir bu adda. Sən bütöv Şərqin incəliklərini harda və nə zaman öyrənmisən? Bu mövzuda konkret faktların yoxdur, axı?! Elə Qərbi də qavramaq, onun nədə üstün olduğunu fəhm etmək hələm-hələm asan deyil.

Yaxud ona deyirəm: Ay qardaş, sənin nə işin var Mirzə Cəlillə?!
M.F.Axundov Füzuliyə «zəif şair» deyib nə qazandı, sən o boyda kişiyə atmaca atıb nə irəli düşəsən? Niyə həlləm-qəlləm işlərimizin, korafəhm əməllərimizin acığını o rəhmətliklərdən çıxırsan? Onlar yazdıqlarını geri götürəsi deyil ki…

Kimə deyirsən?! Rafiq Tağı nəinki bircə cümləsindən, heç nöqtə-vergülündən keçməz. Heç kəs bilmir, mən bilirəm, yaddan çıxıb mətnə düşməmiş bir nöqtəli vergülə görə qəzetin məsul katibinə evindən zəng vurub düzəliş olunmasını xahiş edən bu vasvası qələm adamı sonradan ürəyi durmayıb iki marşrut dəyişərək, «Rezonans» qəzetinin redaksiyasına gəlib və nöqtəli vergülü mətndə yerinə qoyaraq rahat nəfəs alıb.

Bir tərəfdən baxanda düz eləyib. Yaddan çıxan nöqtəli vergül məsul katibin çox vecinədir? Bir də bizdə belə xırda-mırda şeyləri qıdan kimdir?

Rafiq bəydən başqa kimdir səhər qəzetdə şerini oxuyarkən «uzaq yerin prozektorlarından qorxuram» misrasında çoxbilmiş kimi prozektor (patoloq-anatom, çölləmə desək-meyityaran) sözünü guya düzəldib «projektor» şəklinə salan korrektorla çənə-boğaz edən?! Yenə Rafiq bəy!

Başqa bir telefon söhbətimiz:

Mən: Rafiq bəy, sən dünənki qəzetdə olan yazında nahaq yerə «Tanrı türkü qorusun!» deyiminə qulp qoyursan.
Onun köndələn cavabı: Bəs Tanrı başqa xalqların başına daş salsın?

Mən: Əvvəla, türkün Tanrısının səlahiyyətlərini ərəblər doqquzuncu əsrdə alıb veriblər Allaha. Biz indi Allahın «yurisdiksiya»sındayıq. Noolar, Tanrı qeyri-qanuni şəkildə türkü qoruya bilir, qorusun. Qoy Allah bizqarışıq cəmi müsəlmanları hifz etsin, Boq özününküləri oxranyat eləsin, büt bütpərəstlərə yiyə dursun, Krişna hinduların «Rama, Rama…» dualarını əlindən almasın, ingiliscə qart-qurt danışanlardan tutmuş köklü-köməcli ingilislərə qədər hamısı bir-birinə «God bless you!» (Allah səni qorusun!) desin və sair.
O: Sən məsələni ora-bura yozma, «Tanrı türkü qorusun!» şovinist ifadədəir.

Mən: Nə şovinizm, bu, bir türk alqışıdır.
O: Biz belə şüarla cılızlaşırıq!

Mən: Sən bu ifadəyə etirazınla ağzıgöyçəklərə dil verirsən, öz milli mənsubiyyətinə şübhə yaradırsan.
O: Onlar Azərbaycanın xəritəsini və kimin harada məskunlaşmasını bilməyən yelbeyinlərdir.

Mən: Sən qaşınmayan yerdən qan çıxardansan.
O, doğulduğu Masallıdakı Xoççobanlı kəndinin ləhcəsilə son akkordu vurur:
– Sən düz demersən!

Dediyindən ürəyi soyumur, öz üslubunda kürəyimdən zol çıxardır: «Bizim iqtidar nümayəndəsindən bundan artıq nə gözləyəsən?!» Hə, aldım payımı… Nə yaxşı ki, şifahi… Şifahi xəbərdarlıqla yazılı töhmət arasında nə fərq olduğunu yaxşı bilirsiniz. Rafiq Tağının qələm kəsəri şifahi danışığının kəsərindən xeyli artıqdır. Ümumiyyətlə, o, adi vaxtlarda dinləməyə daha artıq üstünlük verir. Düz də eləyir, deyəcəkləri onsuz da ona bəllidir, amma, eşidəcəklərini isə bilməyə bilər.

Bir dəfə də o, kiminsə barəsində xoş sözlər deyəndə dilim dinc durmadı, söz atdım:

– Rafiq bəy, sənin şifahi nitqinə etibar yoxdur, sən adam haqda sözünün «məmmədqulu»sunu qələm-kağızla deyirsən.
Dostum qımışdı:
– Bu fikri Baba Vəziroğlu da mənə deyib.

Rafiq bəy naqolay yazısı ilə hər hansı qəzetin bağlanmasının, fəaliyyətinin dayandırılmasının, çapının zəbt olunmasının və yaxud redaktorunun istefasının səbəbkarı ola bilər.

Uzağa niyə gedirəm, 1994-cü ilin yayında baş redaktoru olduğum «Quruluş» qəzetinin ilk sayında Rafiq Tağının hekayəsini çap etdiyim üçün təsisçinin məndən üzü döndü. Onunla düz gəlməməyimə başqa səbəblər olsa da, təsisçi «gic-gici» hekayəni əlində bayraq (soyuq silah mənasında) eləyib üstümə düşdü və mən ixtiyar sahibinə «əleykim» deyib, həmin qəzetdən o gedən getdim.

«Vətəndaş həmrəyliyi» qəzetinin işinin xeyli dayanması Rafiq Tağının hekayəsinin ucbatından olmayıbmı?!

Axır zamanlarda qəzet redaktorları onun çapa gedəcək yazılarını bittə-bittə oxuyurlar. Başqa əlac yoxdur, bu xatalı adamdan gərək özünü gözləyəsən.

«Ədalət»in baş yazarı Aqil Abbas kompüterin qabağında kəmali-ədəblə oturub sabahkı nömrədə çap olunası hekayəsinin korrektura səhvlərini düzəldən Rafiq Tağıya deyir:

– Rafiq bəy, işim çoxdur, bu yazını diqqətlə oxuya bilməmişəm, sənə etibar edib (kimə, kimə, Rafiq Tağıya?!) çapa verirəm, bax, mənimçün «əmma» çıxartma ha.

Rafiq Tağı dillənir:
– Aqil bəy, narahat olmayın, (o, hamı ilə «siz»lə danışır, hətta hərdən qəsdən «sən»ə keçsə də, tez özünü düzəldib «siz»i bərpa edir. O, bir dəfə ikimizin də dostu, telejurnalist Qorxmaz Şıxalıoğluna deyirmiş: Əjdərlə söhbətə əvvəlcə «siz»lə başlayıram. Elə ki, ara qızışır, «sən»ləri yağdırıram onun cəmdəyinə və «sən» deyə bilmədiyim bütün rəsmi adamların acığını çıxıram ondan.) bu, hekayədir, o biri (yəni vayqanlı) yazılardan deyil.

Yazıçılar arasında ən söyüşcül, ağzının qaytanı olmayan Aqil Abbas coşur:
– Sən elə hekayədə də adamın anasını sssss…
Bəlkə də ömrü boyu dilinə söyüş gətirməyən Rafiq bəyin bu anda Mahatma Qandinin sifətinə oxşayan, çöhrəsini və hədəqədən çıxmış gözlərini görən Aqil Abbasın dili paravoz kimi tormoz verib sürütdənir və o, biədəb söz əvəzinə başqa kəlmə işlətməyə məcbur olur:
– … ağladırsan!

Vaxt olub ki, Rafiq bəyin bəzi hərəkətlərindən baş açmamışam.
Bir neçə il bundan qabaq Aşura günü Rafiq bəy iş yerimə gəlib dedi: «Bu gün niyyətlərin qəbul olan günüdür, gəl Təzəpir məscidinə gedib nəzir paylayaq!». Onun qaraniyyət adam olmadığını bildiyimə görə, qoşalaşıb məscidə getdik. Dilənçilərə bir qədər nəzir paylayandan sonra rəfiqim Rafiqin təkidilə basırıqda İmam Hüseyn müsibəti çəkə-çəkə məscidin həyətinə təpildik. Bir neçə yerdə halaylanmış saqqallı cavanlar haray-həşirlə zəncir vururdular. Bir dövrəyə girdik. Mən həm saqqallı cavanların yeknəsəq hərəkətlərindən tez usandığımdan, həm də işə tələsdiyimdən Rafiq bəyin qulağına pıçıldadım ki, bəsdir, gedək.

O, sıxıla-sıxıla dedi:
– Sən işdəsən, get, mən hələ bir az burada qalmaq istəyirəm.
Mən ondan ayrılıb yenə də tünlüyü yara-yara məscidin həyət darvazasına doğru hərəkət etdim. Darvazaya çatanda geri qanrılıb Rafiq bəy tərəfə boylandım və gözlərimə inanmadım: Rafiq bəy bayaq durduğu yerdə «Şah Hüseyn! Vay Hüseyn!» deyənlərə dəm tutub şıdırğı sinəzənlik edirdi.

Mən yerimdə quruyub onun nə qədər novruzəlicəsinə və ürəkdən sinə vurduğuna heyrətlə baxırdım. Bu görkəzmə adamın səmimi müsəlmanlığı da varmış. Birdən onun gözü mənə sataşdı, dərhal çaşdı və enib-qalxan əli sinəsində quruyub asta-asta aşağı düşdü.

Mən bir andaca qeybə çəkilmək istədim və ildırım sürətilə dönüb məscidin həyətindən çıxan axına qoşuldum. Daha geri baxmadım və onun «oğurluğ»unu tutduğuma görə it kimi peşman oldum.
Rafiq Tağının «oğurluğ»unu heç vaxt üzünə vurmasam da, indi onun xarakter cizgilərini zənginləşdirmək istəyim mənə güc gəldi. Həmişə sivilizasiya haqda alabəzək ibarələr fırladan, Kirxada Amerika saksafonçusu Con Ferqussonun konsertini ötürməyən, ancaq plovu hələ də beş barmağının beşilə də yeyən qələm dostumu hərtərəfli tanıtmağa çalışmağım kimləri yorursa, zəhmət çəkib bu yazının gerisini oxumasın, incimərəm.

Rafiq bəyin məşhur şəklinə baxıram, yenə yadıma onunla bağlı başqa bir əhvalat düşür.

Yanılmıramsa, 2000-ci ilin 20 Yanvar günü Rafiq bəylə Şəhidlər Xiyabanını ziyarət edib çıxanda o, dedi: «Bəxtiyar Vahabzadə (B.Vahabzadə onun haqqında hansısa qəzetdə təzəcə isti sözlər yazmışdı.) «Kaspar»da yatır, gedək ona baş çəkək!».

Biz xəstəxanaya getdik, şairin yatdığı palatanı asanlıqla tapıb qapını döydük. İçəridən səs gəldi:
– Buyurun!

Qapını açıb içəri keçdik, «Buyurun!» deyən şairin köhnə dostu həkim Nurəddin Rzayev imiş.

Bizi görən Bəxtiyar Vahabzadə çarpayıdan dikəlib oturdu. Onların təkidilə Rafiq bəy tək boş stulda əyləşdi. Mən də yanımı çarpayının qırağına qoydum. Şairlə yüngülcə hal-əhval tutduq. O, zorla «Yaxşıyam!» desə də, canını dişinə tutub oturmuşdu, danışmağa heyi qalmamışdı.

İki həkim (Nurəddin doxturla Rafiq doxtur) Bəxtiyar müəllimin prostat vəzisində olan xəstəliklə bağlı pıçıldaşmağa başladılar. Köhnə kişilərə məxsus böyük-kiçik yanında ədəb göstərmək ustadı şair ağrıdan qıvrılsa da, özünü saxlayıb çarpayıya uzanmırdı. Rafiq bəyin başı söhbətə bərk qarışdığından onu görmürdü.

Bu dəqiqə Bəxtiyar müəllimə ən böyük hörmətin onu rahat buraxmaq olduğunu duydum və gözlənilmədən yerimdən qalxıb dedim:
– Bəxtiyar müəllim, yastığınız yüngül olsun! Biz gedək!

Rafiq bəy üzə düşüb ayağa qalxdı. Şair bizə ürəkdən «Çox sağ olun, zəhmət çəkmisiniz!» dedi.

Nədənsə, mənə elə gəldi ki, o, bizim gəlişimizdən çox gedişimizə sevindi. Neynəsin, can ağrıyanda heç kim adamın gözündə olmur.
Rafiq bəy yanıma düşüb mənimlə qapıdan çıxdı. Ona görə belə deyirəm ki, qapıdan çıxanda dostumun qırımı xoşuma gəlmədi. Binadan on-on beş addım aralanan kimi Rafiq bəy qoparağımı götürdü:

– Sən çox sərtsən. Sözümü ağzımda qoydun. Nurəddin Rzayevə bir-iki söz deyəcəkdim.

O, gülümsədiyimi görüb susdu. Yəqin düşündü ki, bu gülümsəməkdə bir hikmət var. Həm də, deyəsən, verəcəyim cavabdan çəkinib, dərinə getmədi.

Rafiq bəyin hər il bir günü iluzunu yerdə qalan bütün günlərindən, özü demişkən, səmərəli və mənalı olur. O gün dostum inzivaya çəkilib daha çox düşünməyə, daha çox yazmağa və oxumağa çalışır. Heç bir dəvət onun saqqızını oğurlaya bilməz. İlin mənalı və səmərəli gününə çevrilən həmin gün Rafiq bəyin ad günüdür – 5 avqust.

Yeniyetmə çağlarında gələcəyin bu «şipitilni» yazıçısı özünə söz verib ki, ömrünün axırına qədər ad günlərini bütün başqa günlərindən daha səmərəli və mənalı keçirəcək. Deməli, o, hələ də sözünün ağasıdır.
Rafiq Tağının 1991-ci ildə çap olunmuş «Düşmənimin xatirinə» kitabına ön söz yazan yazıçı Elçin təxminən belə deyib ki, on beş ildir Rafiqlə dostluq edirəm, onun dostluğunda konyunktura görməmişəm. Elçin müəllimin 91-dən bəri Rafiq bəydən yana fikrinin dəyişib-dəyişmədiyini bilmirəm. Ancaq işin üst-üstə düşməyinə baxın, mən də həmən 91-ci ildən Rafiq bəylə tez-tez oturub-dururam, bu günəcən onun dostluğunda konyunktura əlamətlərinin görünmədiyi barədə bütün konyunkturşiklərə arayış verə bilərəm.

Qabaqlar yazdıqlarına görə hərdən Rafiq bəyə acığım tutardı. İndisə, onun yazılı saçmalarını görəndə başımı bulayıb, qımışa-qımışa onun heç vaxt düzəlməyəcəyini gözümün altına alıb, öz-özümə deyirəm:
– Rafiq Tağı ki Rafiq Tağı…
XS
SM
MD
LG