Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:43

Jurnalistlərlə bağlı «açılmayan cinayətlər»in uzun siyahısı




Yazıçı-jurnalist Rafiq Tağının bıçaqlanıb öldürülməsindən sonra Azərbaycanda müstəqil və müxalifət mediası bu hadisənin də istintaqının bir nəticəsinin olmayacağı haqda bədbin fikirlər səsləndirirlər.

“Yeni nəsil” Jurnalistlər Birliyi isə bəyanat verərək qeyd edir ki, son illər çoxsaylı fiziki təzyiqlərə və sui-qəsdlərə məruz qalmış jurnalistlərə qarşı hücumların tam əksəriyyəti üzrə cinayətkarlar cəzasız qalıblar. Rafiq Tağının qətlini bunun məntiqi nəticəsi kimi qəbul edirlər və cəzasızlıq mühiti söz düşmənlərini yeni cinayətlərə həvəsləndirir.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə “Media forum” saytına müsahibəsində deyir ki, hakimiyyət kimliyindən, tutduğu vəzifə və mövqedən asılı olmayaraq istənilən vətəndaşa qarşı qəsdin, terrorun, xuliqanlığın açılmasında maraqlı olub və bunu təmin edib. Hökumət Rafiq Tağıyla bağlı işi də fərqləndirmir.



Bu fikirlər yaxın keçmişin tarixinə bir göz atıb jurnalistlərə qarşı zorakılıqlarla bağlı nələrin baş verdiyinə təzədən nəzər salmaq həvəsi yaratdı. Son bir neçə ildə media mənsublarına qarşı törədilən səs-küylü cinayətlər və onların araşdırılması üçün yaradılan istintaq qruplarının işinin yekunu təqdim edirik:

Aydın Quliyev
Aydın Quliyev

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev - 2004-cü il iyulun 3-də oğurlanaraq NZS qəsəbəsinə aparılıb. Orada naməlum şəxslər Aydın Quliyevi döyərək xəsarət yetiriblər. Aydın Quliyev hüquq-mühafizə orqanlarına müraciət edib. Amma istintaq nəticəsiz qalıb.





Eynulla Fətullayev
Eynulla Fətullayev
Həmin ayın 27-də isə jurnalist Eynulla Fətullayev Daxili İşlər Nazirliyinin təqribən 100 metrliyində naməlum adamların basqınına məruz qalmışdı. Jurnalistə bir neçə armatur zərbələri endirilmişdi. Bu faktla bağlı elə həmin gün Səbail Polis İdarəsinə müraciət edilib. Lakin 3 ay sonra bu faktla bağlı cinayət işinə xitam verilib.


Alim Kazimli
Alim Kazimli

“Yeni Musavat” qəzetinin fotomüxbiri Alim Kazımlı – həmkarları onun 28 dekabr 2004 tarixində Nərimanov rayon polis şöbəsinə şəxsiyyət vəsiqəsi üçün müraciət edərkən döyüldüyünü bildirirlər. O, hadisədən bir neçə gün sonra xəstəxanaya aparılıb və 19 iyun 2005-ci il tarixində beyinə qan sızma nəticəsində vəfat edib. Daxili İşlər Nazirliyi fotomüxbirin ölümünə polis şöbəsində baş verənlərin səbəb olmasını inkar edir.

Nazirlik sadəcə, vətəndaşların qəbuluna lazımi şərait yarada bilmədiyinə və Alim Kazımlıyla nəzakətsiz rəftarına görə pasport şöbəsinin rəisi Abil Məmmədova töhmət verib.

Elmar Hüseynov
Elmar Hüseynov

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov - 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib.


İdrak Abbasov xəstəxanada, 23 fevral 2009
İdrak Abbasov xəstəxanada, 23 fevral 2009




“Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov – 2005-ci il oktyabrın 9-da müxalifətin keçirdiyi aksiya zamanı Sahil metrosunun yaxınlığında polislər tərəfindən döyülüb. Səbail Rayon Prokurorluğu 163-cü maddə ilə (jurnalistin peşə fəaliyyətinə əngəl törətmə) cinayət işi açsa da, cinayət işi üzrə sübutlar olmadığına görə iş bağlayıb.


Fikrət Hüseynli
Fikrət Hüseynli

«Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynli - 2006-cı ilin mart ayının 6-da axşam saatlarında paytaxtın mərkəzi küçələrində kimliyi bilinməyən şəxslər onu döyüb, boğazını kəsib, barmağını sındırıblar. Faktla bağlı cinayət işi qaldırılsa da cinayətin üstü hələ də açılmayıb.


Bahəddin Həziyev
Bahəddin Həziyev


“Bizim yol” qəzetinin təsisçisi və baş redaktoru Bahəddin Həziyev – 2006-cı ildə gecə naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb. Bir neçə saat sonra Masazırda «Duzlu göl»ün kənarında hüşsüz halda tapılaraq ağır vəziyyətində xəstəxanaya gətirilib.

Hadisə ilə bağlı qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Jurnalisti döyənlərin kimliyi hələ də müəyyən edilməyib.

Nicat Dağlar
Nicat Dağlar

«Azadlıq» qəzetinin əməkdaşı Nicat Dağlar - 2006-cı ilin dekabr ayının 25-də “Azadlıq” qəzetinin jurnalisti Nicat Hüseynov (Dağlar) Bakıdakı evinin yaxınlığında naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. O, yerə yıxılandan sonra döyülüb və bədəninə bıçaqla xəsarət yetirilib. Bundan sonra daxili zədələr və beyin travması ilə xəstəxənaya çatdırılıb. Faktla bağlı cinayət işi açılsa da jurnalistə basqın edənlər tapılmayıb.

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

“Gündəlik Azərbaycan” qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov – 2007-ci il aprelin 20-də kimliyi bəlli olmayan iki şəxs tərəfindən döyülüb, ona metal əşya ilə öldürücü zərbələr vurulub. Yasamal rayon Prokurorluğu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 132-ci maddəsi (döyülmə) ilə cinayət işi açıb. Hələ də kimsə tapılıb məsuliyyətə cəlb edilməyib.


Aqil Xəlil
Aqil Xəlil
«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil - 2008-ci ildə Bakıda “Zeytun bağı” deyilən ərazidə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edilən iki nəfər onu döyüb. Bu hadisədən sonra isə jurnalist ürək nahiyəsindən bıçaqlanıb.

Baş Prokurorluq istintaqın nəticəsində jurnalistin “Zeytun bağı”nda döyülməsinin sübuta yetirilmədiyini bildirib. Respublika Prokurorluğu Aqil Xəlilin homoseksuallar tərəfindən bıçaqlandığını iddia edib və bu fakt üzrə təqsirləndirilən bir seksual azlıq nümayəndəsi həbs olunub.
Emin Bədəlov (solda) və Anar Gəraylı
Emin Bədəlov (solda) və Anar Gəraylı

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlov və “Milli yol” qəzetinin Anar Gəraylı – 2010-cu il iyunun 28-də Şüvəlan qəsəbəsində dəniz sahilində yerləşən imarətlərin şəklini çəkərkən döyülüblər. Xəzər Rayon Polis İdarəsi faktla bağlı Cinayət işinin başlanmasını rədd edib. Jurnalistlər bundan rayon məhkəməsinə şikayət ediblər. Yerli məhkəmələr şikayəti təmin etmədiyindən jurnalistlər işi Avropa Məhkəməsinə göndəriblər.
Seymur Həziyev
Seymur Həziyev

“Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyev – 2011-ci il martın 25-indən 26-na keçən gecə yaşadığı Ceyranbatan qəsəbəsinin girişində 6 nəfər naməlum şəxs tərəfindən döyülüb. Seymur Həziyevin dediyinə görə, 2005-ci ildə də oğurlanıb, 2 saat bir zirzəmidə ayağımdan asılı saxlanıb. 2010-cu ilin mayında isə saxlanıb, təcridxanada döyülüb. Jurnalistin son döyülməsi ilə bağlı cinayət işi başlanıb. Hələ ki heç kəs saxlanmayıb.
Ramin Deko
Ramin Deko

«Azadlıq» qəzetinin əməkdaşı Ramin Deko – 2011-ci il aprelin4-də metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında hücuma məruz qalıb. Bir gün öncə isə naməlum şəxslər tərəfindən saxlanılaraq bir neçə saat sorğu-sual olunub. Dekonun dediyinə görə ondan əsasən sosial şəbəkələrdə fəallığının, prezidenti tənqid edən məqalələr yazmasının səbəbləri soruşulub, tələb olunub ki, buna son qoysun.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin döymə maddəsi ilə cinayət işi açılıb. Jurnalisti döyənlərin kimliyi hələ də məlum deyil.

Rafiq Tağı
Rafiq Tağı

Yazıçı-jurnalist Rafiq Tağı – 2011-ci il noyabrın 19-u axşam saatlarında bıçaqlanıb - sinəsindən və boynundan 7 yara alıb. Noyabrın 23-ü 1 saylı Bakı Klinik xəstəxanadında vəfat edib. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hələ istintaq gedir.


Əlbəttə, bunlar tam siyahı deyil, bir neçə saatlıq axtarışdan yaranan nəticədir. Yəqin ki, zorakılığa məruz qalıb, ədalət axtaran, amma bizim yadımızda qalmayan şəxslər də az deyil. Belələrindən kimlərsə Sizlərin yaddaşında varsa, şərhlərinizlə siyahını Siz tamamlayın.

XS
SM
MD
LG