Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:50

Orxan Orxanov. Bədənimin minalanmış sahələrində


bədənimin minalanmış sahələrində

sən gedincə şəkillər qaldı bədənimin uzaqlarında minalanmış sahələrə çevrilən
və öz zamanını gözləyirmiş kimi dənizdən piraniya balıqlarını çıxarıb uşaqların üstünə tullayan.
mən necə tutacam küçə pişiklərinin uzaqlara baxan gözlərini
indi bütün qapılar üzlərinə bağlanacaq bütün don kixotların.
tut ağaclarının gecəyə boyadığı yolların yuxusuz döngələrində
əlləri cibində quldur kiçik radiosundan sevimli mahnımızı dinləyir
yolu keçib sənə baxıram mənə başqa adamları xatırladırsan
oxumağa mahnıları qalmamış, qanadları olmayan
sən də getdinsə…
məni səhərlər səsinin göy qurşağı rəngində oyadan olmayacaq
məni kim oyadacaq addım-addım uzaqlaşdığım yuxularımdan?
zəngimi gözləyən bir telefon qalmadı bu şəhərdə.
sən… məni… atıb gedən gün… uşaqlığından yadigar o köhnə dəftərdə
yan-yana yazılmış müğənni adlarına çevrilməyi arzulayırdım.
külək dünyanın bütün zibilini havaya qaldırıb insanların başına tökürsə,
yağış gəldiyi yolla da tanrıya qayıtmağı öyrənməyibsə hələ
səhərin gəlişini səsinlə təyin edən birini atmaq cinayətdi.
XS
SM
MD
LG