Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:39

Əkrəm Əylisli: «Rafiq Tağıya dəyən o bıçaqlar ki var...»


Yazıçı Əkrəm Əylisli
Yazıçı Əkrəm Əylisli
Xalq yazıçısı Əkrəm Əylisli publisist-yazar Rafiq Tağının ölümündən bərk sarsılıb. Özü belə deyir. Bunu həm də onun danışığından, qırılan cümlələrindən, fikrinin dağınıqlığından, ovqatından sezirsən.

«İNANMAQ İSTƏYİRƏM Kİ, QATİL TAPILACAQ, MƏNİM BUNA ƏŞHƏDÜ EHTİYACIM VAR»

- Bu, çox dəhşətli hadisədir. Birinci Azərbaycan yazıçısıdır ki, bıçaqlanıb öldürülüb. Məsələn, XIX əsrdə Mirzə Fətəliyə qarşı təqiblər də olub, hədə-qorxu da olub, amma iş bu yerə gəlib çıxmayıb. XX əsrdə Mirzə Cəlili xeyli vaxt hədələyiblər ki, adam tutarıq, səni öldürərik... Rafiq Tağı ilk Azərbaycan yazıçısıdır ki, bizim dövrdə - XXI əsrdə qətlə yetirilib. Demək, indiki zaman yazıçı üçün çox təhlükəlidir. Bundan təhlükəlisini mən yadıma sala bilmirəm. Nəsiminin dərisinin soyulması ilə bağlı mifik söhbətlər var. Bu mifdir, Nəsiminin dərisinin soyulması ilə bağlı dəqiq tarixi məlumat yoxdur. Amma dəqiq budur ki, XXI əsrdə, dünyanın demokratiyadan danışdığı, demokratiya ilə öyündüyü bir vaxtda yazıçı bıçaqlanır. Bu, mənim üçün heç cür bağışlanmaz, ağır cinayətdir. Elə bilirəm ki, qələm sahiblərinin hər birini ağrıda biləcək, hər birinin içində müdhiş yara qoyub gedən hadisədir. Mən güman edirəm ki, Rafiq Tağının qatili tapılacaq. Mən buna inanmaq istəyirəm, buna əşhədü ehtiyacım var.

«BU TERROR KƏNARDAN GƏLİRSƏ, BİR SİQNALDIR»

- Dediniz ki, XIX əsrdə Axundovu, XX əsrdə Mirzə Cəlili öldürə bilmədilər, amma XXI əsrdə Rafiq Tağını öldürdülər. Səbəb nədir?

- Niyə görəsini düşünmək lazımdır. Bunu bütövlükdə cəmiyyət də düşünməlidir. Bizim realist ədəbiyyatımızın banisi Mirzə Fətəlinin dövründə cəhalət daha güclüydü, hökmlüydü, amma o kişi sağ qala bildi. Bizim dövrdə görünür, insan həyatı ucuzlaşıb. O cümlədən yazıçı həyatı. Rafiq Tağının bu dərəcə faciəli, özü də günün günorta çağı bıçaqlanması məndə qorxunc düşüncələr yaradır. Böyük sıxıntı yaradır, Şahnaz, sıxıntı yaradır...

- Qorxunc düşüncələr deyəndə nəyi nəzərdə tutursuz?

- Yəni zaman niyə bu şəklə düşdü? İnsan niyə belə ucuzlaşdı? Bəlkə əlaqəsi yoxdur, amma deyəcəm, İraqda insan həyatı qara qəpiyə dəymir. Orda gündə yüzlərlə insan qətlə yetirilir. O da qətldir, terrordur. Rafiq Tağının ölümü də terror hadisəsidir. Əgər bu bizə kənardan gəlmiş terrordursa, bu bizim hüquq-mühafizə orqanlarına və hakimiyyətə siqnal olmalıdır ki, terror Azərbaycanın içinə girə bilir. Faktiki terror iyi gəlir burdan. Amma qabaqcadan nəsə demək çətindir. Burda hadisəni siyasiləşdirmək meyli də hiss olunur. Amma mən inanıram, qətlin üstü açılacaq. Əgər açılmasa, bundan sonra başlanan söhbət ayrı mövzuda olacaq.

«YAZIÇI BUNDAN ƏLBƏTTƏ DƏRS ALMALIDIR»

Rafiq Tağı
Rafiq Tağı
- Sizcə, bu qətl qələm adamlarının yazılarında hansısa formada izini qoyacaqmı?

- Yazıçı bundan əlbəttə dərs almalıdır. Yəni yazıçı artıq həyatının təhlükəsiz olduğuna çox da arxayın olmamalıdır... Bu gün bir dəstə haray-həşirlə, özü də Rafiq Tağının meyiti soyumamış, hətta bir azca da özlərinə xal yığma qədərində oynadır bu hadisəni. Bir dəstə də ağzına su alıb susur. Heç elə bil bunlara dəxli yoxdur. Anormallıq budur.

- Əkrəm müəllim, dediniz ki, yazıçı bundan sonra təhlükəsizliyinə çox da arxayın olmamalıdır. O zaman neyləməlidir yazıçı? Qələmi yerə qoymalıdır, yoxsa mübarizəsini davam etdirməlidir?

- Əgər bir xox gələn kimi, ya da sarsıntı keçirən kimi qələmi yerə qoyursa, yazıçı olmadı ki. Məsələn, Almaniyada faşizmin qanlı, quduz vaxtında neçə-neçə yazıçı şəxsiyyətini də saxlayıb, əsərini də yazıb.

- Əkrəm müəllim, sizin «bir tərəf ağzına su alıb susur» dedikləriniz kimdir? Burda yəqin həm Yazıçılar Birliyini nəzərdə tutursuz, həm də...

- Yox, Yazıçılar Birliyinin adını çəkmək istəmirəm. 20 ildən çoxdur ki, onları tanımıram. Elə bu cür şeylərə görə tanımıram. Cəmiyyətə hiss etdirməlidirlər ki, bunlar da həmin ağrını hiss edirlər. Böyük ağrıdır, hədsiz böyük ağrıdır. Günün-günorta çağı, mətbuat azadlığından bu qədər söhbət gedən vaxtda, insanların asudə yaşaması haqda bu qədər söhbət getdiyi vaxtda belə hadisə baş verir. Bu da ictimai mühitdə yalnız bir tərəfdə - müxalifət tərəfdə özünü göstərir. Bu yerdə müxalifət, iqtidar söhbəti ola bilməz. Qətl olunan yazıçıdır. Özü də elə-belə, əldəqayırma yazıçı deyil.

«BİLSƏM Kİ, BURDA HAKİMİYYƏTİN ƏLİ VAR, ƏLİMDƏ BALACA FAKT OLA...»

- Bəs hakimiyyətin reaksiyasını necə qiymətləndirirsiz?

- Hakimiyyətin borcu odur ki, istintaq diqqətlə, ciddi aparılsın və qatil tapılsın. Qatil tapılmayınca hakimiyyət haqda söz deyə bilmərəm. Bəlkə bunu tapacaqlar, ifşa edəcəklər və bəyan edəcəklər ki, biz yazıçıların dalında da durmuşuq, biz azad sözün tərəfdarıyıq, belə yerdə də ayrı-seçkiliyə yol vermirik. Onların özünə əşhədü ehtiyacdır ki, bu fikri cəmiyyətə çatdırsınlar. Yəni ki, insanları siyasi mənsubiyyətinə görə tanımırıq. Əslində Rafiq heç bir partiyanın üzvü deyildi. Hakimiyyət siqnal verməlidir ki, yazıçıları qorumağa hazırdı, qətlin üstünü də açacaq. Açılmasa, başqa söhbət olacaq.

- Belə versiyalar da səslənir ki, azad sözü sıxışdıran hakimiyyət də qətlin arxasından çıxa bilər.

- Mən dəqiq bilmədiyim şeyi danışmıram. Mən bilsəm ki, burda hakimiyyətin əli var, əlimdə balaca fakt ola, başqa cür danışaram. Mənə lazımdır ki, bizim yazıçılarımız qorxu-hədə hiss etməsinlər. Qorxu düşüncənin düşmənidir.

«RAFİQ TAĞIYA DƏYƏN O BIÇAQLAR Kİ VAR...»

- Təmsil olduğunuz Ziyalılar Forumunun mövqeyi nədir bu qətllə bağlı?

Ziyalılar Forumu da bəyanat verib. Onlar da elə mənimlə eyni mövqedədirlər. Amma qətlin üstü açılmamış Ziyalılar Forumu da ola bilər ikinci səhifəni açmır. Rafiq Tağıya dəyən o bıçaqlar ki var çox gözlənilmədən... Heç adam inanmaq da istəmir. Sıxıntı keçirirəm çox... Amma yenə də təskinlik var, bu adam özünü realizə elədi. Tələsə-tələsə də olsa. Allah rəhmət eləsin.
XS
SM
MD
LG